Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 29

Şənbə günündə görülən savab iş

Şənbə günündə görülən savab iş

YƏHYA 5:1—16

  • İSA PEYĞƏMBƏR YƏHUDİYYƏDƏ TƏBLİĞ EDİR

  • PEYĞƏMBƏR HOVUZUN YANINDAKI XƏSTƏNİ SAĞALDIR

İsa Məsih Cəlilədəki fəaliyyəti zamanı çoxlu işlər görüb. Lakin: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam», — deyərkən İsa sadəcə Cəliləni nəzərdə tutmur. Buna görə də o gedib Yəhudiyyədəki sinaqoqlarda təbliğ edir (Luka 4:43, 44). Bunda qeyri-adi heç nə yoxdur, çünki artıq yazdır və Yerusəlimdə bayram yaxınlaşır.

İncildə İsa peyğəmbərin Cəlilədəki xidməti ilə müqayisədə Yəhudiyyədəki xidməti barədə az məlumat var. Yəhudiyyədə ümumilikdə İsanın təbliğinə laqeyd yanaşılsa da, bu onu hər yerdə təbliğ etməkdən və xeyirxah işlər görməkdən çəkindirmir.

Çox keçməmiş İsa peyğəmbər 31-ci ilin Pasxa bayramını qeyd etmək üçün Yəhudiyyənin baş şəhəri olan Yerusəlimə yollanır. Qoyun darvazası yaxınlığındakı gediş-gəlişli ərazidə böyük sütunlu Beytzata adlanan bir hovuz var. Buraya çoxlu xəstə, kor, şikəst adam gəlir. İnsanlarda belə inanc var ki, hovuzun suyu çalxalananda hovuza girsələr, sağalacaqlar.

Şənbə günüdür. İsa peyğəmbər həmin hovuzun yanında otuz səkkiz ildir ki, xəstə olan bir adam görür. Peyğəmbər ona müraciət edir: «Sağalmaq istəyirsən?» Həmin adam cavab verir: «Ağa, bir adamım yoxdur ki, su çalxalananda məni hovuza salsın. Mən çatanacan başqası məndən əvvəl suya girir» (Yəhya 5:6, 7).

İsa həmin adamı da, onun sözlərini eşidən digər insanları da təəccübləndirəcək sözlər söyləyir: «Dur, xərəyini də götür, get» (Yəhya 5:8). O, belə də edir. Elə o andaca sağalan kişi döşəyini götürüb gəzməyə başlayır!

Yəhudilər baş vermiş möhtəşəm möcüzəyə görə sevinməkdənsə, bu kişini mühakimə edirlər: «Bu gün şənbə günüdür, xərək daşımaq olmaz». Sağalmış adam cavab verir: «Məni sağaldan belə dedi: “Xərəyini götür, get”» (Yəhya 5:10, 11). Həmin yəhudilər şənbə günündə xəstəni sağaldan adamı mühakimə edirlər.

Fərisilər soruşurlar: «Bu sözü sənə kim dedi?» Nəyə görə onlar bunu kişidən soruşurlar? Çünki İsa Məsih camaatın arasında gözdən itib. Bu kişi isə onu sağaldan adamın adını bilmir (Yəhya 5:12, 13). Amma bir qədər sonra onunla məbəddə yenə qarşılaşanda onun kim olduğunu öyrənir.

Sonra o, həmin yəhudiləri axtarıb tapır və İsa Məsihin onu sağaltdığını deyir. Yəhudilər cəld Məsihin yanına gedirlər. Nə üçün? Bəlkə, onlar onun necə möcüzə göstərdiyini bilmək istəyirlər? Xeyr, onlar İsa Məsihi şənbə günü gördüyü xeyirxah işlərə görə günahlandırmaq istəyirlər. Onlar hətta onu təqib etməyə başlayırlar.

Əlavə məlumat

Məsihilər Şənbəni qeyd etməlidirlər?

Əgər qeyd etmək tələb olunmursa, onda nəyə görə Müqəddəs Kitabda deyilir ki, şənbə əbədi əhddir?