Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 17

İsa Məsih və Nikodem

İsa Məsih və Nikodem

YƏHYA 2:23—3:21

  • İSA MƏSİH NİKODEMLƏ SÖHBƏT EDİR

  • YENİDƏN DOĞULMAQ NƏ DEMƏKDİR?

Eramızın 30-cu ilinin Pasxa bayramı ərzində İsa Məsih çoxlu möcüzələr göstərir. Bunun nəticəsində xeyli adam ona iman gətirir. Nikodem adlı bir yəhudi bu işlərdən heyrətə gəlir. O, Yəhudilərin ali məhkəməsi olan Sinedrionun üzvüdür. Nikodem daha çox şey öyrənmək üçün şər qarışanda İsanın yanına gəlir. Gecə gəlməyinin səbəbi odur ki, o, yəhudi rəhbərlərinin gözündən düşəcəyindən qorxur.

Nikodem sözə başlayır: «Rabbi, biz bilirik ki, sən Allahın bizə yolladığı müəllimsən, çünki Allah güc verməsə, heç kəs bu möcüzələri göstərə bilməz». İsa cavabında Nikodemə deyir ki, «insan yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz» (Yəhya 3:2, 3).

Bəs insan yenidən necə doğula bilər? «Məgər o, anasının bətninə girib ikinci dəfə doğula bilər?» — deyə Nikodem ondan soruşur (Yəhya 3:4).

Xeyr, yenidən doğulmaq tamam başqa məna daşıyır. İsa izah edir: «Sudan və ruhdan doğulmayan Allahın Padşahlığına girə bilməz» (Yəhya 3:5). İsa özü də vəftiz ediləndə belə olmuşdu. Müqəddəs ruh onun üzərinə enmiş və o, «sudan və ruhdan» doğulmuşdu. O zaman Allah göydən: «Bu, Mənim sevimli Oğlumdur, Mən ondan çox razıyam», — deməklə onun səmavi Padşahlığa girəcək ruhani oğlu olduğunu bəyan etmişdi (Mətta 3:16, 17). Sonralar, 33-cü ilin Əllinci gün bayramında vəftiz olunmuş digər adamlar da müqəddəs ruhu alacaq və Allahın yenidən doğulmuş ruhani övladları olacaqdılar (Həvarilərin işləri 2:1—4).

Nikodem İsanın Padşahlıq haqda dediklərini başa düşmür. Buna görə də İsa ona öz xüsusi rolu barədə əlavə məlumat verir. İsa Nikodemə deyir: «Musa səhrada ilanı yuxarı qaldırdığı kimi, insan Oğlu da yuxarı qaldırılmalıdır ki, ona iman edən hər adamın əbədi həyatı olsun» (Yəhya 3:14, 15).

Qədimdə israilliləri ilan çalan zaman onlar sağ qalmaq üçün misdən düzəldilmiş ilana baxmalı idi (Saylar 21:9). Eynilə də, ölümdən yaxa qurtarmaq üçün və əbədi həyata qovuşmaq üçün insanlar gərək Allahın Oğluna iman gətirsinlər. İsa bu xilas işində sevən Allahın rolunu vurğulayaraq Nikodemə belə deyir: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). Beləliklə, xidmətə başlamasından təxminən altı ay sonra İsa Yerusəlimdə aydın göstərir ki, Yehova Allah məhz onun vasitəsilə bəşəriyyəti xilas edəcək.

İsa sözünə davam edib deyir ki, «Allah Öz Oğlunu bəşəriyyəti mühakimə etmək üçün», yəni bəşər nəslini məhvə məhkum etmək üçün göndərməyib. Əksinə, Allah «bəşəriyyəti onun vasitəsilə xilas etmək üçün dünyaya göndərmişdir» (Yəhya 3:17).

Nikodem gecə vaxtı gəldiyi üçün İsanın söhbətin sonunda dediyi sözlər lap yerinə düşür: «Hökm üçün əsas budur: nur [İsanın özü və təlimləri timsalında] dünyaya gəldi, insanlar isə nuru yox, qaranlığı sevdilər, çünki əməlləri pis idi. Şər iş görən nura nifrət edir və əməlləri ifşa olunmasın deyə, nura tərəf getmir. Doğru iş görən adam isə nura tərəf gedir ki, əməllərinin Allahın iradəsinə müvafiq olduğu görünsün» (Yəhya 3:19—21).

İndi isə fərisi və İsrailin müəllimi olan Nikodemə İsanın Allahın niyyətindəki rolu haqda düşünmək qalır.