Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 14

Peyğəmbər özünə şagird toplayır

Peyğəmbər özünə şagird toplayır

YƏHYA 1:29—51

  • PEYĞƏMBƏRİN İLK ŞAGİRDLƏRİ

Qırx gün çöllükdə qalandan sonra İsa peyğəmbər onu vəftiz edən Yəhyanın yanına qayıdır. Yəhya İsanın gəldiyini görüb ona işarə edərək nida edir: «Budur bəşəriyyətin günahını yuyan Allahın Quzusu! “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”, — deyə haqqında danışdığım adam budur» (Yəhya 1:29, 30). Düzdür, Yəhya İsadan yaşca bir az böyükdür, amma o bilir ki, o, dünyaya gəlməzdən öncə İsa artıq göydə ruhani varlıq kimi mövcud idi.

Bir neçə həftə əvvəl İsa vəftiz olmağa gələndə, görünür, Yəhya hələ dəqiq bilmirdi ki, İsa vəd edilmiş Məsih olacaq. O özü də etiraf edir: «Mən özüm də onu tanımırdım, lakin mən suda vəftiz edirəm ki, İsrail onu tanısın» (Yəhya 1:31).

Yəhya İsanı vəftiz edən zaman baş verənləri yanındakı adamlara danışır: «Müqəddəs ruhun göydən göyərçin kimi enib onun üzərində qaldığını gördüm. Mən özüm də onu tanımırdım. Ancaq məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”. Mən də bunu gördüm və təsdiq etdim ki, o, Allahın Oğludur» (Yəhya 1:32—34).

Ertəsi gün Yəhya iki şagirdi ilə bir yerdə olanda İsanın onlara tərəf gəldiyini görüb şagirdlərinə deyir: «Budur Allahın Quzusu!» (Yəhya 1:36). Bu sözləri eşidən həmin iki şagird İsanın ardınca gedirlər. Onlardan birinin adı Andreas, digərininki isə Yəhyadır. Bu hadisəni Müqəddəs Kitabda qələmə alan məhz bu Yəhyadır. O, Məryəmin bacısı Səlimənin və Zəbədinin oğlu olduğu üçün İsanın xalası oğlu sayılır.

İsa geriyə baxıb Andreasla Yəhyanın arxadan gəldiyini görür. Onlardan soruşur:

— Nə istəyirsiniz?

— Rabbi, sən harada qalırsan? — onlar soruşurlar.

— Gəlin özünüz görün (Yəhya 1:37—39).

Həmin vaxt günorta saat dörd olardı. Andreasla Yəhya günün axırına kimi İsa ilə qalırlar. Hər şey Andreasa elə təsir bağışlayır ki, o, qardaşı Şimon Butrusun yanına gedib deyir: «Biz Məsihi tapmışıq» (Yəhya 1:41). Sonra Butrusu İsanın yanına aparır. Növbəti hadisələrdən məlum olur ki, Yəhya da qardaşı Yaqubu tapıb İsanın yanına gətirir. Amma Yəhya özünün yazdığı «Xoş xəbər»də şəxsən ona aid olan bu məlumatı daxil etməyib.

Sabahısı gün İsa beytsəydalı Filipi tapıb deyir: «Ardımca gəl» (Yəhya 1:43). Beytsəyda Cəlilə dənizinin şimal sahilində yerləşir. Bura Andreasla Butrusun məmləkətidir.

Filip də gedib Natanaili (o, Bartolmay adı ilə də tanınır) tapıb deyir: «Biz Tövratda Musanın yazdığı və Peyğəmbərlərin kitabında bəhs edilən adamı, Yusifin oğlu nəsrani İsanı tapmışıq». Natanailin heç inanmağı gəlmir. Ona görə də Filipə deyir: «Heç Nasirədən də fərli bir şey çıxar?»

Onda Filip təklif edir: «Gəl özün bax». Onlar İsaya yaxınlaşanda İsa Natanaili göstərib deyir: «Budur, zərrə qədər də bicliyi olmayan əsil israilli!»

Natanail təəccüblə soruşur:

— Sən məni haradan tanıyırsan?

— Filip səni çağırmazdan əvvəl mən səni görmüşdüm. Sən əncir ağacının altında idin, — deyə İsa cavab verir.

Natanail heyrətini gizlədə bilməyib deyir:

— Rabbi, sən Allahın Oğlusan, sən İsrailin Padşahısan.

— Səni əncir ağacının altında gördüyümü dediyim üçün mənə inandın? Sən bunlardan da böyük işlər görəcəksən. Sizi əmin edirəm ki, siz səmanın açıldığını və Allahın mələklərinin insan Oğlunun [İsa Məsihin] yanına enib-qalxdığını görəcəksiniz (Yəhya 1:45—51).

Bundan bir qədər sonra İsa Məsih bu yeni şagirdləri ilə birgə İordan vadisindən Cəliləyə yollanır.