Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 5

İsa peyğəmbər harada və nə vaxt doğulub?

İsa peyğəmbər harada və nə vaxt doğulub?

LUKA 2:1—20

  • İSA MƏSİH BEYTLƏHMDƏ ANADAN OLUR

  • ÇOBANLAR KÖRPƏNİ GÖRMƏYƏ GƏLİR

Roma imperatoru Sezar Avqust əhalinin siyahıya alınması üçün fərman çıxarır. Buna görə də Yusiflə Məryəm doğulduqları şəhərə, Yerusəlimin cənubunda yerləşən Beytləhm şəhərinə getməli olur.

Siyahıya alınmaq üçün Beytləhmə xeyli adam gəlib. Adam o qədər çoxdur ki, Yusiflə Məryəm qalmağa yer tapmır və məcbur olub bir tövlədə, mal-qara saxlandığı yerdə qalırlar. İsa həmin tövlədə doğulur. Məryəm körpəsini bələyib axura — heyvanlara yem tökülən qaba qoyur.

Çox ehtimal ki, bu fərmanın çıxarılmasında Allahın rəhbərliyi var. Çünki bunun sayəsində İsa Beytləhmdə, onun əcdadı Davud padşahın şəhərində anadan olur. Axı Müqəddəs Yazılarda yazılmışdı ki, vəd edilmiş hökmdar Beytləhmdə anadan olacaq (Mikə 5:2).

Bu, əlamətdar gecədir! Yehova Allahın calalı otlaqda olan çobanların ətrafına gur işıq saçır! Yehovanın bir mələyi çobanlara deyir: «Qorxmayın! Mən sizə bütün insanlara bəxtiyarlıq bəxş edəcək müjdəni çatdırmağa gəlmişəm. Bu gün Davudun şəhərində sizin üçün xilaskar, Ağa Məsih doğulub. Sizə nişan verirəm: axurun içində, bələkdə bir körpə tapacaqsınız». Qəflətən bu mələyin yanında saysız-hesabsız mələklər peyda olub deyirlər: «Göylərdəki Allahımıza alqış olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!» (Luka 2:10—14).

Mələklər qeyb olandan sonra çobanlar bir-birinə deyirlər: «Gəlin elə bu saat durub Beytləhmə gedək və Yehovanın bizə bildirdiyi bu hadisəni gözümüzlə görək» (Luka 2:15). Onlar dərhal yola düşürlər və mələyin dediyi yerə gedib körpə İsanı tapırlar. Çobanlar mələyin dediklərini danışanda eşidənlər mat-məəttəl qalır. Məryəm isə bütün bu sözləri ürəyində saxlayır və onların mənası üzərində düşünür.

Bu gün çoxları İsanın dekabrın 25-də anadan olduğunu düşünür. Ancaq dekabr ayında Beytləhmdə hava yağmurlu və soyuq olur. Çox vaxt hətta qar yağır. Çətin ki, çobanlar ilin bu vaxtı sürülərini gecə çöldə, açıq havada saxlayardılar. Bundan əlavə, Roma Sezarı da ona qarşı üsyan qaldırmağa meyilli olan xalqdan qışın oğlan çağında siyahıya alınmaq üçün yola çıxmağı tələb etməzdi. Belə qənaətə gəlmək olar ki, İsa oktyabr ayında anadan olmuşdu.

Əlavə məlumat

Məryəm eşitdiklərinin mənası üzərində düşünürdü

Beytləhmdə baş verənlər Məryəmin Yehova Allahın vədlərinə imanını möhkəmləndirir.