Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 1

Allahdan nazil olan iki xəbər

Allahdan nazil olan iki xəbər

LUKA 1:5—33

  • CƏBRAYIL MƏLƏK VƏFTİZÇİ YƏHYANIN DOĞULACAĞI BARƏDƏ QABAQCADAN XƏBƏR VERİR

  • CƏBRAYIL MƏLƏK MƏRYƏMƏ İSA PEYĞƏMBƏRİN DOĞULACAĞINI BİLDİRİR

Müqəddəs Kitab Allahdan nazil olub və onun vasitəsilə Allah-Taala bizə rəhbərlik verir. Gəlin təxminən 2000 il bundan əvvəl göndərilmiş iki xüsusi xəbərə diqqət yetirək. Bu xəbərləri «Allahın hüzurunda duran» Cəbrayıl mələk çatdırır (Luka 1:19). Bəs mələk bu vacib xəbərləri kimlərə çatdırır?

Bizim eradan əvvəl 3-cü ildir. Allah Cəbrayıl mələyi ilk öncə kimin yanına göndərir? Yəhudiyyənin dağlıq bölgəsində, ehtimal ki, Yerusəlimin yaxınlığında Zəkəriyyə adlı bir kişi yaşayır. Zəkəriyyə və arvadı İlsəba ahıl yaşlarındadır, ancaq bu yaşa kimi onların uşağı olmayıb. Zəkəriyyə Yerusəlimdə Yehova Allaha kahin kimi xidmət edir. Günlərin bir günü Allahın məbədində xidmət etmək növbəsi Zəkəriyyəyə gəlib çatır. O, məbəddə olarkən qəflətən Cəbrayıl mələk buxur qurbangahının yanında peyda olur.

Təbii ki, Zəkəriyyə bərk qorxur. Amma Cəbrayıl mələk onu sakitləşdirib deyir: «Zəkəriyyə, qorxma, çünki Allah sənin yalvarışını eşitdi. Arvadın İlsəba sənə bir oğul doğacaq. Adını Yəhya qoyarsan». Cəbrayıl mələk sonra əlavə edib deyir ki, «o, Yehovanın gözündə böyük olacaq» və xalqı Yehova üçün hazırlayacaq (Luka 1:13—17).

Lakin Zəkəriyyənin buna inanmağı gəlmir. Çünki yaşları o yaş deyil. Onda mələk ona deyir: «Bunlar baş verənə qədər dilin tutulacaq, danışa bilməyəcəksən, ona görə ki... sözlərimə inanmadın» (Luka 1:20).

Bu vaxt çöldəki camaat Zəkəriyyənin məbəddə bu qədər ləngidiyinə təəccüblənir. Nəhayət, o, məbəddən çıxır, ancaq danışa bilmir. Fikirlərini əl-qol hərəkətləri ilə başa salır. Aydın olur ki, o, məbəddə qeyri-adi bir şey görüb.

Zəkəriyyə məbəddə xidməti başa vurub evinə qayıdır. Bir qədər sonra İlsəba hamilə qalır. Hamiləliyinin son beş ayı o, evdən çölə çıxmır.

Cəbrayıl ikinci dəfə peyda olur. Bəs bu səfər o, kimin yanına gəlir? Bu dəfə o, Məryəm adlı subay bir qızın yanına gəlir. Bu qız Yerusəlimin şimalında, Cəlilə bölgəsinin Nasirə şəhərində yaşayır. Görəsən, Cəbrayıl Məryəmə hansı xəbəri gətirib? O deyir: «Sən Allahın gözündə lütf tapmısan. Sən hamilə qalıb oğul doğacaqsan. Onun adını İsa qoyarsan». Cəbrayıl sözünə davam edir: «O, böyük olacaq, Haqq-Taalanın Oğlu adlanacaq... O, Yaqubun evi üzərində əbədiyyən hökmranlıq edəcək, onun Padşahlığının sonu olmayacaq» (Luka 1:30—33).

Sözsüz ki, Cəbrayıl bu iki xəbəri çatdırmağı özünə böyük şərəf bilir. Yəhya peyğəmbər və İsa Məsih haqqında daha çox öyrəndikcə Allahdan gələn bu iki xəbərin nə qədər vacib olduğunu dərk edəcəyik.