Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 88

Varlı adamla İlazər yerlərini dəyişir

Varlı adamla İlazər yerlərini dəyişir

LUKA 16:14—31

  • VARLI ADAM VƏ İLAZƏR MƏSƏLİ

İsa Məsih şagirdlərinə dünya malından düzgün istifadə etmək barədə danışır. Amma ona yalnız şagirdləri qulaq asmır. Bu söhbəti fərisilər də eşidir və onlar Məsihin məsləhətini qulaqlarında sırğa etməlidirlər. Çünki onlar pulgirdirlər. İsa peyğəmbərin dediklərini eşidəndə onlar istehza etməyə başlayırlar (Luka 15:2; 16:13, 14).

Lakin bu, peyğəmbəri qorxutmur. O deyir: «Siz insanların qarşısında özünüzü saleh göstərirsiniz, lakin Allah ürəyinizi bilir. İnsanların gözündə uca sayılan şey Allahın gözündə iyrəncdir» (Luka 16:15).

Fərisilər çoxdandır ki, insanların gözündə uca sayılırlar. Daha yetər, vəziyyəti dəyişməyin vaxtıdır. Varlı-hallı, siyasətdə və dində nüfuzlu adamlar alçaldılacaqlar. Allaha ehtiyacı olduğunu dərk edən sadə xalq isə yüksəldiləcək. İsa peyğəmbər növbəti sözlərlə belə bir köklü dəyişikliyin olacağını göstərir:

«Tövrat və Peyğəmbərlərin kitabı Yəhyaya qədər idi. Ondan başlayaraq Allahın Padşahlığı haqqında müjdə təbliğ edilir və hər cür adam var gücü ilə ora girməyə can atır. Yerlə göy yox olsa belə, Tövratdan bir hərfin nöqtəsi də boşa çıxmaz» (Luka 3:18; 16:16, 17). Bu sözlər dəyişikliyin olacağını necə göstərir?

Yəhudi din xadimləri Musa peyğəmbərin Qanununa riayət etmələri ilə fəxr edirlər. İsa Məsih Yerusəlimdə bir korun gözlərini açarkən fərisilərin necə öyündükləri, yəqin, yadınızdadır: «Biz Musanın şagirdiyik. Biz bilirik ki, Musa ilə Allah danışıb» (Yəhya 9:13, 28, 29). Musa peyğəmbərin Qanunu həlim insanları Məsihin, yəni İsanın gəlişinə hazırlamaq üçün göndərilmişdi. Vəftizçi Yəhya İsa Məsihin Allahın Quzusu olduğunu bildirmişdi (Yəhya 1:29—34). Beləcə, Yəhyanın xidmətə başlaması ilə səmimi yəhudilər, xüsusilə də, kasıblar Allahın Padşahlığı barədə eşidirlər. Bəli, bu xoş xəbər Allahın Padşahlığının təbəəsi olub onun xeyir-dualarını dadmaq istəyən hər kəs üçündür.

Tövratda yazılanlar boşa çıxmayıb. Bu Qanun xalqı Məsihin gəlişinə hazırlayıb. Üstəlik, ona riayət etmək tələbi də qüvvədən düşür. Misal üçün, Qanun müxtəlif səbəblərə görə kişiyə arvadını boşamağa icazə verirdi. Amma İsa Məsih belə deyir: «Arvadını boşayıb başqası ilə evlənən zina edir, boşanmış qadınla evlənən də zina edir» (Luka 16:18). Yəqin ki, bu açıqlamalar fərisiləri yandırıb-yaxır. Axı onlar hər şeyə görə qanunlar qoymağı xoşlayırlar.

İsa Məsih baş verən köklü dəyişikliyi vurğulamaq üçün bir məsəl danışır. Məsəl iki şəxs haqdadır. Amma bir gün onların ikisinin də mövqeyi və ya vəziyyəti yerli-dibli dəyişir. Bu məsəli araşdırarkən nəzərə alın ki, İsa peyğəmbərin məsəlini dinləyənlərin arasında pulgir və adlı-sanlı fərisilər də var.

İsa Məsih məsəlinə başlayır: «Bir varlı adam var idi. O, kətan və bənövşəyi libas geyinir, ömrünü təmtəraq içində, kefdə-damaqda keçirirdi. Bir də İlazər adlı bir dilənçi vardı. Onun bədəni büsbütün yara içində idi. Adətən onu varlının qapısına qoyardılar. O, varlının süfrəsindən düşən şeylərlə qarnını doydurmağı arzulayardı. İtlər gəlib onun yaralarını yalayardı» (Luka 16:19—21).

Fərisilərin pulgir olduğunu nəzərə alsaq, bu məsəldə varlı adamın kimi təmsil etdiyini təxmin edə bilərik. Yəhudi din xadimləri də bahalı, dəbdəbəli paltar geyinməyi xoşlayırlar. Öz var-dövlətləri qalsın bir yana, onlar vəzifələr və imtiyazlar sahəsində də zəngindirlər. Beləcə, bənövşəyi şah libas onların sevimli mövqelərindən, ağ kətan isə onların öz gözlərində saleh olduqlarından xəbər verir (Dənyal 5:7).

Bu varlı, özündənrazı din xadimləri adi, kasıb insanlara necə yanaşırlar? Onlar bu adamlara Qanunu bilməyən və onu öyrənməyə layiq olmayan amhaarets, yəni torpaq adamları kimi baxırlar (Yəhya 7:49). Bu, lap İlazər adlı bir dilənçinin vəziyyətinə bənzəyir. O, varlının süfrəsindən düşən şeylərlə qarnını doydurmağı  arzulayardı. İlazərin bədəni büsbütün yara içində olub iyrənc göründüyü kimi, din xadimlərinin də gözündə bu adi xalq ruhani cəhətdən belə xəstə idi.

Bu acınacaqlı vəziyyət bir müddət mövcud olmuşdur, amma İsa peyğəmbər bilir ki, varlı adamı və İlazəri təmsil edən adamların vəziyyətini  dəyişmək vaxtı çatıb.

VARLI ADAM VƏ İLAZƏRİN VƏZİYYƏTİ DƏYİŞİR

İsa peyğəmbər baş verən bu köklü dəyişikliyi belə təsvir edir: «Bir gün dilənçi öldü və mələklər onu İbrahimin yanına apardılar. Varlı adam da öldü və dəfn edildi. O, Məzarda əzab çəkən vaxt başını qaldırıb uzaqda İbrahimi və yanındakı İlazəri gördü» (Luka 16:22, 23).

Dinləyicilər İbrahim peyğəmbərin çoxdan öldüyünü və məzarda olduğunu bilirlər. Üstəlik, Müqəddəs Yazılarda da deyilir ki, ölən adam nə görə, nə də danışa bilir. Bu, İbrahim peyğəmbərə də aiddir (Vaiz 9:5, 10). Bəs, görəsən, din xadimlərinin fikrincə İsa peyğəmbər bu məsəli nəyə görə çəkir? Peyğəmbər bu məsəllə adi insanlar və pulgir din xadimləri haqda nə demək istəyir?

O: «Tövrat və Peyğəmbərlərin kitabı Yəhyaya qədər idi. Ondan başlayaraq Allahın Padşahlığı haqqında müjdə təbliğ edilir», — sözlərini deməklə dəyişikliyə işarə etdi. Beləcə, Vəftizçi Yəhyanın və İsa Məsihin təbliği sayəsində İlazərlə varlı adam köhnə şəraitləri və ya mövqeləri üçün ölür və Allahla münasibətlərində yeni mövqeləri yaranır.

Xüsusilə, təvazökar və kasıb insanlar uzun müddət ruhani nemətlərdən məhrum idilər. Amma onlara yardım göstərildi. Onlar isə öz növbəsində ilk öncə Vəftizçi Yəhyanın, sonra da İsa Məsihin Padşahlıq barədə çatdırdığı xəbərə hay verdilər. Əvvəllər onlar din xadimlərinin süfrəsindən düşən qırıntılara möhtac idilər. İndi isə onlar vacib ruhani həqiqətlərlə, Məsihin izah etdiyi gözəl sözlərlə qidalanırlar. İndi onlar Yehova Allahın gözündə yuxarı mövqedədirlər.

Varlı və nüfuzlu sinfə mənsub olan din xadimləri isə Allahın Padşahlığı haqqında Vəftizçi Yəhyanın bəyan etdiyi, İsa peyğəmbərin hər yerdə təbliğ etdiyi xoş xəbəri rədd edirlər (Mətta 3:1, 2; 4:17). Allahın alovlu hökmlərinin yaxınlaşdığına işarə edən bu xəbər onları qızışdırıb özündən çıxarırdı (Mətta 3:7—12). Məsəldəki varlı adam kimi, onlar deyir: «İbrahim ata! Mənə rəhm et. İlazəri göndər, barmağının ucunu suya batırıb dilimi sərinlətsin, alovun içində əzab çəkirəm» (Luka 16:24). Bəli, bu pulgir din xadimləri istəyirlər ki, İsa Məsihlə şagirdləri  ilahi müjdəni bəyan etməsinlər və onların vəziyyəti yüngülləşsin.

Amma bu, baş verməyəcək! Din xadimlərinin çoxu dəyişilməyəcək. Onlar Musa və digər peyğəmbərlərə qulaq asmadılar. Halbuki bu yazılar onları İsanın Məsih və Padşah kimi qəbul etməyə yönəldirdi (Luka 16:29, 31; Qalatiyalılara 3:24). Üstəlik, din xadimləri qürurlarını sındırmırlar və imkan vermirlər ki, İsa Məsihi qəbul edən və Allahın rəğbətini qazanan kasıb adamlar onlara müəyyən şeyləri inandırsınlar. Peyğəmbərin şagirdləri isə öz növbəsində din xadimlərini razı salmaq və ya onlara rahatlıq vermək xatirinə nə güzəştə gedə, nə də həqiqəti təhrif edə bilərlər. Bunu İsa peyğəmbərin çəkdiyi məsəldə «İbrahim ata»nın varlı adama dediyi sözlərdən görmək olar:

«Bala, unutma ki, sən bütün ömrün boyu firavan yaşamısan, İlazər isə bir xoş gün görməyib. İndi o, burada təsəlli tapır, sən isə əzab çəkirsən. Üstəlik, aramızda dərin uçurum qoyulub ki, kimsə bizdən sizə ya sizdən bizə keçmək istəsə, keçə bilməsin» (Luka 16:25, 26).

Belə köklü dəyişikliyin baş verməsi necə də ədalətli və yerindədir! Bu, təkəbbürlü din xadimləri ilə İsa peyğəmbərin boyunduruğunu götürən və nəticədə təravət alıb ruhani qida alan həlim insanların yerlərini dəyişməsi deməkdir (Mətta 11:28—30). Bir neçə aydan sonra Qanun əhdi yeni əhdlə əvəz olunanda bu dəyişiklik daha aydın görünəcək (Ərəmya 31:31—33; Koloslulara 2:14; İbranilərə 8:7—13). Eramızın 33-cü ilinin Əllinci gün bayramında Allah müqəddəs ruhunu tökəndə açıq-aşkar bəlli olacaq ki, fərisilərlə din xadimləri yox, İsa Məsihin şagirdləri Allahın lütfünü qazanıblar.