Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 100

On mina barədə məsəl

On mina barədə məsəl

LUKA 19:11—28

  • İSA MƏSİH ON MİNA BARƏDƏ MƏSƏL ÇƏKİR

Görünür, İsa Məsih və şagirdləri hələ də Zəkkayın evindədir. Onlar Yerusəlimə gedərkən orada gecələyiblər. Şagirdlərə elə gəlir ki, Allahın Padşahlığı tezliklə qurulacaq və İsa Məsih Padşah olacaq (Luka 19:11). Amma onlar İsa Məsihin öləcəyini başa düşmədikləri kimi, bunu da başa düşmürlər. Buna görə də Məsih Allahın Padşahlığının hələ çox uzaqda olduğunu göstərmək üçün bir məsəl çəkir.

O deyir: «Kübar ailədən olan bir adam padşahlıq hakimiyyətini alıb geri qayıtmaq üçün uzaq bir ölkəyə yollanırdı» (Luka 19:12). Belə bir səfər üçün çoxlu vaxt lazımdır. Aydındır ki, «kübar ailədən olan bir adam» İsa Məsihdir, «uzaq bir ölkə» isə göylərdir. O, göyə qalxanda Allah ona padşahlıq hakimiyyətini verəcək.

Lakin bu kübar adam yola düşməzdən öncə on nökərini çağırır və hər birinə bir mina dəyərində gümüş pul verib deyir: «Mən gələnə kimi bu pulu dövriyyəyə buraxın» (Luka 19:13). Gümüş mina dəyərli puldur. Bu, əkin-biçinlə məşğul olan adamın təxminən üçaylıq qazancıdır.

Ola bilsin, şagirdlər məsəldəki həmin on nökərin onlara aid olduğunu bilir. Çünki İsa peyğəmbər onları artıq bir dəfə biçinçiyə bənzədib (Mətta 9:35—38). Əlbəttə ki, peyğəmbər onlara həqiqi biçin işində iştirak etməyi tapşırmayıb. Onlar Allahın Padşahlığında yer tutacaq başqa şagirdlər yetişdirməlidirlər. Beləcə, şagirdlər Padşahlığa daha çox həmvaris yetişdirmək üçün əllərində olan hər şeydən istifadə edirlər.

İsa peyğəmbər bu məsəldə daha nəyi açıqlayır? O deyir ki, «ölkəsinin sakinləri ona [kübar ailədən olan adama] nifrət edirdilər». Onlar onun ardınca bir neçə elçi göndərib deyirlər: «Biz bu adamın üzərimizdə hökmranlıq etməsini istəmirik» (Luka 19:14). Şagirdlər bilirlər ki, yəhudilər Məsihi qəbul etmirlər və bəziləri hətta onu öldürmək istəyir. O öləndən və göyə qaldırılandan sonra yəhudilər ona olan münasibətlərini şagirdlərini təqib etməklə göstərəcəklər. Bu təqibçilər açıq-aydın öz əməllərində göstərirlər ki, İsa Məsihin padşah olmasını istəmirlər (Yəhya 19:15, 16; Həvarilərin işləri 4:13—18; 5:40).

Bəs kübar ailədən olan adam «Padşahlıq hakimiyyətini» alıb geri qayıdanadək on nökər minalardan necə istifadə edir? Məsih məsəlinə davam edir: «Padşahlıq hakimiyyətini alıb geri qayıdandan sonra o, nökərləri yanına çağırtdırdı ki, görsün onlara verdiyi pulu dövriyyəyə buraxıb nə qədər gəlir əldə ediblər. Birinci nökər gəlib dedi: “Ağa, verdiyin mina on mina gətirdi”. Ağası ona dedi: “Afərin, qoçaq nökər! Xırda işdə etibarlı olduğun üçün sənə on şəhər üzərində hakimiyyət verirəm”. Sonra ikinci nökər gəlib dedi: “Ağa, verdiyin mina beş mina gətirdi”. Ağası bu nökərə də dedi: “Sənə də beş şəhər üzərində hakimiyyət verirəm”» (Luka 19:15—19).

Əgər şagirdlər bu nökərlər kimi öz imkanlarından tam şəkildə istifadə edib daha çox şagird hazırlamaq işində fəal olsalar, onda rahat nəfəs ala bilərlər, çünki İsa Məsih onlardan razı qalacaq. Həm də əmin ola bilərlər ki, çəkdikləri zəhmətin min əvəzini alacaqlar. Əlbəttə ki, şagirdlərin hamısının vəziyyəti, imkanı və qabiliyyəti müxtəlifdir. Amma buna baxmayaraq, padşahlıq hakimiyyətini alan Məsih onların vəziyyətini anlayacaq və şagird hazırlamaq işində sədaqətlə göstərdikləri zəhmətin əvəzini verəcək (Mətta 28:19, 20).

Amma görün İsa peyğəmbər məsəlini bitirərkən nə deyir: «Lakin başqa birisi [nökər] gəlib belə dedi: “Ağa, al, bu da sənin pulun. Onu yaylığa büküb gizlətmişdim. Səndən qorxdum, çünki sən sərt adamsan, qoymadığını götürürsən, əkmədiyini biçirsən”. Ağası ona dedi: “Yaramaz nökər! Sən öz dilinlə özünü məhkum etdin. Axı sən mənim qoymadığını götürən, əkmədiyini biçən sərt adam olduğumu bilirdin! Belə isə, nə üçün pulumu dövriyyəyə buraxmadın ki, qayıdanda onu faizlə geri alım?” Onda ağa yanındakılara dedi: “Pulu bundan alıb on minası olana verin”» (Luka 19:20—24).

Ağasının padşahlığının var-dövlətini artırmaq üçün əlini ağdan-qaraya vurmayan bu nökər öz üstünlüyünü itirir. Həvarilər İsa Məsihi Allahın Padşahlığında hakimlik edəcəyini səbirsizliklə gözləyirlər. Beləcə, onun sözündən onlar başa düşürlər ki, əgər axırıncı nökər kimi canla-başla çalışmasalar, Padşahlıqda onlara yer olmayacaq.

İsa peyğəmbərin sözləri sadiq davamçılarını daha çox çalışmağa təşviq etməlidir. O sözlərinə belə yekun vurur: «Bunu bilin ki, kimdə varsa, ona daha çox veriləcək, kimdə yoxdursa, əlindəki də alınacaq». Peyğəmbər əlavə edir ki, üzərlərində padşahlıq etməyini istəməyən düşmənləri ölüm gözləyir. O, bunları deyəndən sonra yoluna davam edib Yerusəlimə gedir (Luka 19:26—28).

Əlavə məlumat

Talant məsəlindən nə öyrənirik?

Bu məqalə talant məsəlinin izahına aydınlıq gətirilir.