Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 92

On cüzamlıdan yalnız biri qayıdır

On cüzamlıdan yalnız biri qayıdır

LUKA 17:11—19

  • İSA PEYĞƏMBƏR ON CÜZAMLIYA ŞƏFA VERİR

Sinedrionun İsa Məsihi öldürmək cəhdi baş tutmur, çünki Məsih Yerusəlimdən çıxıb Əfraim şəhərinə gedir. Bu şəhər Yerusəlimdən şimal-şərq istiqamətində yerləşir. O, şagirdləri ilə birgə burada, düşmənlərindən kənarda qalır (Yəhya 11:54). Amma eramızın 33-cü ilinin Pasxa bayramı yaxınlaşdığı üçün İsa peyğəmbər tezliklə yenə yola çıxır. O, Səməriyyədən keçib şimala tərəf, Cəliləyə gedir. Bu, Məsihin Cəliləyə ölümündən qabaq sonuncu səfəridir.

İsa peyğəmbər yolun başlanğıcında kəndbəkənd səyahət edəndə o, on cüzamlıya rast gəlir. Xəstəliyin bəzi formaları elədi ki, o tədricən insan bədəninin müxtəlif üzvlərini — əl və ayaq barmaqlarını və ya qulağını çürüdüb tökür (Saylar 12:10—12). Allahın Qanununa görə cüzamlı «murdaram, murdaram» deyə qışqırmalı və insanlardan təcrid olunmalıdır (Lavililər 13:45, 46).

Buna görə də bu on cüzamlı İsa Məsihə yaxınlaşmır, uzaqda durub qışqırır: «İsa, Müəllim, bizə rəhm et!» Məsih onları görəndə deyir: «Gedin özünüzü kahinlərə göstərin» (Luka 17:13, 14). O, bununla Allahın Qanununa hörmət etdiyini göstərir, çünki, Qanuna əsasən, cüzamlının sağaldığını məhz kahinlər xalqa elan etməli idilər. Yalnız bu təqdirdə onlar yenidən sağlam adamların arasında yaşaya bilərdilər (Lavililər 13:9—17).

Bu on cüzamlı, İsa peyğəmbərin xariqüladə gücünə inandıqlarından hələ sağalmamış, kahinlərin yanına gedirlər. Yolda ikən onlar hiss edirlər ki, sağalırlar. Bununla onlar Məsihə iman gətirməyin bəhrəsini görürlər.

Cüzamdan təmizlənənlərdən doqquzu öz yollarına davam edir, biri isə İsa Məsihi tapmaq üçün geri qayıdır. Bu adam səməriyyəlidir. İsa peyğəmbər onu sağaltdığı üçün bu adam ona çox minnətdardır. O, bunun Allahın möcüzəsi olduğunu dərk edir və buna görə də Allaha ucadan şükür edir (Luka 17:15). Sonra da peyğəmbəri tapanda onun ayaqlarına düşüb təşəkkür edir.

İsa peyğəmbər ətrafdakı adamlara deyir: «Məgər on nəfər təmizlənmədi? Bəs qalan doqquz nəfər hanı? Başqa xalqdan olan bu adamdan savayı Allahı mədh etmək üçün geri qayıdan olmadı?» Sonra isə peyğəmbər səməriyyəli adama deyir: «Dur get, imanın səni sağaltdı» (Luka 17:17—19).

İsa peyğəmbər on cüzamlını sağaltmaqla Allahın ona dəstək olduğunu göstərir. Bu adam həm onun əli ilə şəfa tapır, həm də ehtimal ki, həyat yoluna qədəm qoyur. Düzdür, biz Allahın İsa Məsihin vasitəsi ilə möcüzə göstərdiyi zamanda yaşamırıq. Amma Məsihə iman gətirməklə biz əbədi həyata aparan yola qədəm qoya bilərik. Bəs biz səməriyyəli kişi kimi minnətdarlığımızı göstəririk?