Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 99

Məsih koru sağaldır və Zəkkaya kömək edir

Məsih koru sağaldır və Zəkkaya kömək edir

MƏTTA 20:29—34 MARK 10:46—52 LUKA 18:35—19:10

  • İSA PEYĞƏMBƏR ƏRİHADA KOR ADAMI SAĞALDIR

  • VERGİYIĞAN ZƏKKAY TÖVBƏ EDİR

İsa peyğəmbər və onunla gedən camaat tezliklə Əriha şəhərinə çatır. Yerusəlimdən bu şəhərə təxminən birgünlük yoldur. Əriha iki hissədən ibarətdir. Şəhərin qədim hissəsi romalıların dövründə tikilən hissədən təxminən bir kilometr yarım aralıda yerləşir. Onlar bu şəhərlərin birindən çıxıb o birisinə girəndə iki kor dilənçi yaxınlaşan izdihamın səsini eşidir. Onlardan birinin adı Bartimaydır.

Bartimay İsa peyğəmbərin oradan keçdiyini eşidəndə yanındakı kor adamla qışqırmağa başlayır: «Ağa, Davud Oğlu, bizə rəhm et!» (Mətta 20:30). İzdihamdan bəziləri onları susdurmağa çalışır, amma onlar daha da ucadan qışqırırlar. Peyğəmbər səs-küyü eşidəndə ayaq saxlayır və onların yanına adamlar göndərir. Onlar korlardan birinə deyir: «Qorxma, dur, səni çağırır» (Mark 10:49). O, həyəcan içində əbasını tullayıb yerindən sıçrayır və İsa peyğəmbərə doğru gedir.

«Nə istəyirsiniz? Sizin üçün nə edim?» — deyə peyğəmbər soruşur. Korların ikisi də yalvarır: «Ağa, gözlərimizi aç» (Mətta 20:32, 33). İsa Məsihin onlara yazığı gəlir və onların gözlərinə toxunur. O, xüsusilə də onlardan birinə: «Get, imanın səni sağaltdı», — deyir (Mark 10:52). Bu kor dilənçilərin dərhal gözləri açılır və onlar Allaha şükür etməyə başlayırlar. Hadisənin şahidi olan camaat da Allaha şükür edir. Onların ikisi də Məsihin ardınca gedir.

İsa peyğəmbər Ərihadan keçdikcə izdiham böyüyür. Hamı korları sağaldan adamı görmək istəyir. Camaat hər tərəfdən peyğəmbəri sıxışdırmağa başlayır, bu səbəbdən də bəziləri onu görə bilmir, onlardan biri də Əriha və ətrafyanı ərazilərdə vergiyığanların rəisi olan Zəkkaydır. Balacaboy olduğundan baş verənləri görə bilmir. O, qabağa qaçır və İsa peyğəmbərin getdiyi yolun üstündəki bir əncir ağacına dırmaşır: buradan o, hər şeyi görə bilir. İsa peyğəmbər o yerə çatanda Zəkkayı ağacın başında görür və deyir: «Zəkkay, tez aşağı düş. Mən bu gün sənin evində qalmalıyam» (Luka 19:5). O, sevincək ağacdan düşür və tez evinə gedib bu mötəbər qonağı qarşılamaq üçün hazırlıq görür.

Camaat isə bunu görəndə deyinməyə başlayır. Onlar hesab edirlər ki, peyğəmbərin bu günahkarın evinə qonaq getməsi düzgün deyil. Çünki Zəkkay vergiyığandır, o xalqı soyaraq əyri yolla varlanıb.

İsa peyğəmbər Zəkkayın evinə ayaq basanda camaat: «Siz bir buna baxın, günahlının evinə qonaq gedir», — deyə deyinməyə başlayırlar. Amma peyğəmbər görür ki, bu kişi tövbə edə bilər. Belə də olur. İsa peyğəmbərin ümidi puça çıxmır. Zəkkay ayağa qalxıb deyir: «Ağa, malımın yarısını yoxsullara verəcəyəm, kimin əlindən nəyini almışamsa, ona dördqat qaytaracağam» (Luka 19:7, 8).

Zəkkay səmimi-qəlbdən tövbə etdiyini əməldə sübut edir. Yəqin, onda yığdığı vergilərin siyahısı var və onun əsasında kimə nə qədər pul qaytarmalı olduğunu bilir. Zəkkay hər şeyi dördqat qaytaracağına and içir. O, Allahın Qanunundakı tələbdən də artığını edir (Çıxış 22:1; Lavililər 6:2—5). Bundan əlavə, o, malının yarısını yoxsullara verəcəyinə söz verir.

İsa peyğəmbər Zəkkayın tövbəsindən razı qalır və ona deyir: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. İnsan Oğlu itkinləri tapıb xilas etməyə gəlib» (Luka 19:9, 10).

Bir qədər bundan əvvəl peyğəmbər «itmiş oğul» məsəlini danışaraq «itmiş insanların» vəziyyətini təsvir etmişdi (Luka 15:11—24). İndi isə bu, real həyatda baş verir, itən şəxs tapılır. Din xadimləri və onların ardıcılları İsa Məsihin Zəkkay kimi insanlara diqqət göstərdiyinə görə deyinib tənqid etsələr də, Məsih İbrahim peyğəmbərin itmiş oğullarını tapıb düz yola yönəltməyə davam edir.