Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 87

Gələcəyini hikmətlə qur

Gələcəyini hikmətlə qur

LUKA 16:1—13

  • NADÜRÜST NÖKƏRBAŞI HAQDA MƏSƏL

  • «DÜNYANIN SƏRVƏTİLƏ DOSTLAR QAZANIN»

İsa peyğəmbərin itmiş oğul haqda məsəlini vergiyığanlar, mirzələr və fərisilər də eşidir. Yəqin Allahın tövbə etmiş günahkarı bağışlamağa hazır olması onlara böyük təsir bağışlayır (Luka 15:1—7, 11). İndi o, üzünü şagirdlərinə tutub onlara başqa bir məsəl söyləyir. Bu dəfə o, varlı adam haqda danışır. Onun evində işləyən nökərbaşının nadürüstlüyü üzə çıxır.

İsa Məsih danışır ki, bu nökərbaşı ağasının malını israf etməkdə ittiham olunur. Ağa nökərbaşının işdən qovulacağını bildirir. Nökərbaşı öz-özünə deyir: «Ağam vəzifəmi əlimdən alır, bəs mən nə edəcəyəm? Torpaq qazmağa qüvvəm yox, dilənməyə də utanıram». Gələcəyinə gün ağlayan nökər belə nəticəyə gəlir: «Aha! Bilirəm nə etmək lazımdır ki, işdən qovulandan sonra camaat məni öz evində qəbul etsin». O, ağasına borcu olanları bir-bir yanına çağırır. Birincisindən soruşur: «Ağama nə qədər borclusan?» (Luka 16:3—5).

O cavab verir: «Yüz bat zeytun yağı». Bu da haradasa 2200 litr edir. Bu adamın hər halda ya böyük zeytun sahəsi var, ya da o, yağ alqı-satqısı ilə məşğuldur. Nökərbaşı ona deyir: «Borc sənədini götür, otur, cəld əlli bat [1100 litr] yaz» (Luka 16:6).

Nökərbaşı sonra o birisindən soruşur: «Bəs sənin borcun nə qədərdir?» O cavab verir: «Yüz kor buğda». Bu, təqribən 22 000 litrlik qabın tutumuna bərabərdir. Nökərbaşı bu adama deyir: «Borc sənədini götür, səksən kor yaz». Beləcə, onun borcunu 20 faiz azaldır (Luka 16:7).

Nökərbaşı hələ də ağasının maliyyə işlərinə baxdığı üçün müəyyən mənada başqalarının borcunu azaltmağa onun ixtiyarı çatır. Borcları azaltmaqla o, özünə dostlar qazanır ki, işini itirdiyi təqdirdə onlara ağız aça bilsin.

Bir gün ağa bundan xəbər tutur. Bu, onun ziyanına olsa da, nökərbaşının bu hərəkəti ağanın xoşuna gəlir və nökərbaşının nadürüst olduğuna baxmayaraq, ağılla tərpəndiyi üçün onu tərifləyir. İsa peyğəmbər sözünə əlavə edir: «Bu dövrün oğulları nurun oğullarına nisbətən öz dövrünün adamları ilə daha ağılla davranırlar» (Luka 16:8).

İsa peyğəmbər bu nökərbaşının hərəkətinə nə haqq qazandırır, nə də başqalarını iş məsələlərində fırıldağa əl atmağa təşviq edir. Bəs o, bu hekayə ilə nə demək istəyir? «Özünüzə bu şər dünyanın sərvətilə dostlar qazanın ki, bu sərvət qurtaranda onlar sizi əbədi məskənlərə qəbul etsinlər», — deyə o şagirdlərini təşviq edir (Luka 16:9). Bəli, bu məsəl fərasətli olmağa və ağıllı tərpənməyə təşviq edir. Allahın xidmətçiləri, nurun oğulları öz mallarını ağılla xərcləməli və gələcəkdə gözlədikləri əbədi həyatı unutmamalıdırlar.

Səmavi Padşahlığa və ya yerüzü Cənnətə bizi yalnız Yehova Allah və İsa Məsih qəbul edə bilər. Buna görə də dünya malını Padşahlıq işinin irəliləməsi üçün sərf edərək onlarla dostluğumuzu möhkəmləndirməyə çalışmalıyıq. Var-dövlətimiz tükənəndə, qızıl-gümüşümüz dəyərini itirəndə əbədi həyata təminatımız əlimizdən çıxmayacaq.

İsa Məsih həmçinin deyir ki, əllərində olan maddi şeylərlə və ya əmlakla bağlı məsələlərdə sadiq olanlar mühüm işlərdə də sadiq olacaqlar. Məsih deyir: «Beləliklə, əgər siz bu şər dünyanın sərvəti ilə münasibətdə sadiq olmasanız, kim sizə həqiqi sərvəti [Padşahlıqla bağlı işləri] etibar edər?» (Luka 16:11).

«Əbədi məskənlərə» daxil olanlardan daha çox şey gözləniləcək. Biz eyni zamanda həm Allahın həqiqi xidmətçisi, həm də şər dünyanın sərvətinin qulu ola bilmərik. İsa peyğəmbər sözünə belə yekun vurur: «Heç bir nökər iki ağaya qulluq edə bilməz, çünki ya birinə nifrət edib, o birini sevəcək, ya da birinə sadiq qalıb digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz» (Luka 16:9, 13).