Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 86

İtmiş oğul qayıdır

İtmiş oğul qayıdır

LUKA 15:11—32

  • İTMİŞ OĞUL BARƏDƏ MƏSƏL

Görünür, İsa Məsih hələ də Pereyada, İordan çayının şərqindədir. Burada o, itmiş qoyun və dirhəm barədə məsəl çəkib. Hər iki məsəl bizə tövbə edib Allaha qayıdan günahkara görə sevinməyi öyrədir. Peyğəmbər bu cür insanları xoş qarşıladığı üçün fərisilərlə mirzələr onu tənqid edirlər. Bəs görəsən, onlar İsa peyğəmbərin bu məsəllərindən nəsə öyrəndilər? Onlar Allahın tövbə edən günahkarlara necə yanaşdığını başa düşdülər? İsa peyğəmbər bunun vacibliyini vurğulamaq üçün daha bir təsirli məsəl çəkir.

Məsəl ata və iki oğul barədədir. Məsəlin baş qəhrəmanı kiçik oğuldur. Həm fərisilər, həm mirzələr, həm də peyğəmbəri dinləyən digər adamlar bu kiçik oğuldan ibrət dərsi götürməlidirlər. Amma İsa peyğəmbərin ata və böyük oğul barədə dediklərini də heç kim qulaq ardına vurmamalıdır, onların göstərdikləri münasibət ibrətamizdir. Buna görə də İsa peyğəmbər məsəli danışan vaxt qəhrəmanların üçünə də diqqət yetirin:

«Bir adamın iki oğlu vardı. Kiçik oğul atasına dedi: “Ata, əmlakından mənə düşən payı ver”. Onda ata öz malını iki oğulun arasında böldü» (Luka 15:11, 12). Fikir verin ki, kiçik oğul atası öldüyü üçün miras istəmir, çünki onun atası hələ sağdır. Lakin o, mirasını indi tələb edir. O, sərbəst yaşayıb mirasını istədiyi kimi xərcləmək istəyir. Bəs bunun axırı necə olur?

İsa peyğəmbər izah edir: «Çox keçmədi ki, kiçik oğul hər şeyini yığıb uzaq ölkəyə yollandı. Orada eyş-işrətə qurşanıb bütün malını puç etdi» (Luka 15:13). Övladlarının qayğısına qalan, onları hər şeylə təmin edən ata ilə rahatca evində qalmaq əvəzinə, o, başqa ölkəyə yola düşür. Orada o bütün pullarını fahişələrə xərcləyir. Bunun ardınca çətin günlər gəlir. Peyğəmbər danışır:

«Hər şeyini xərcləyib qurtarmışdı ki, o ölkədə möhkəm aclıq oldu və oğlan korluq çəkməyə başladı. O, həmin ölkənin sakinlərindən birinin yanına gedib ətəyindən yapışdı. O da oğlanı otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu ağacının meyvəsi ilə qarnını doydurmağa şad olardı, amma heç kim ona heç nə vermirdi» (Luka 15:14—16).

O, Musa peyğəmbərin qanununa görə, murdar sayılan heyvanları — donuzları otarmağa məcbur qalır. Lakin aclıq onu elə hala salır ki, o hətta donuzlara verilən yemi yeməyə hazır olur. Belə acınacaqlı hala düşdükdə bu oğulun ağlı başına gəlir. O, öz-özünə deyir: «Atamın evində muzdla işləyən neçə-neçə adamın doyunca yeməyə çörəyi var, mən isə burada acından ölürəm! Atamın yanına qayıdıb deyəcəyəm: “Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm. Artıq sənin oğlun adlanmağa layiq deyiləm. İcazə ver, muzdla işləyən adamlarına qoşulum”». O durub atasının yanına gedir (Luka 15:17—20).

Ata oğulu necə qarşılayacaq? O, oğluna qəzəblənəcək? Danlayacaq? Evdən çıxıb getməklə ağılsızlıq etdiyini deyəcək? Bəlkə, onu soyuq qarşılayacaq? Atanın yerinə siz olsaydınız, necə davranardınız? Bəs əgər bunu sizin oğlunuz və ya qızınız etsəydi, onda necə?

 İTMİŞ OĞUL TAPILIR

İsa peyğəmbər atanın hisslərini və hərəkətlərini belə təsvir edir: «Hələ uzaqda ikən atası oğlunu görüb ona ürəyi yandı, qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü» (Luka 15:20). Atası oğlunun min hoqqadan çıxdığını eşitmiş olsa belə, o yenə oğlunu xoş qarşılayır. Bəs görəsən, Yehova Allahı tanıdıqlarını və Ona ibadət etdiklərini iddia edən yəhudi din xadimləri bu məsəldən sonra Allahın tövbə edən günahkara necə münasibət göstərdiyini görəcəklər? Bəs onlar başa düşəcəklərmi ki, İsa Məsih də tövbə edən günahkarlara eyni münasibət bəsləyir?

Bu ata geri qayıtmış oğlunu boynubükük və kədərli halda görəndə dərhal onun peşman olduğunu başa düşür. Oğul atasının ona mehribancasına yanaşdığını görəndə çəkinmədən bütün günahlarını boynuna alır: «Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm. Artıq sənin oğlun adlanmağa layiq deyiləm» (Luka 15:21).

Atası isə nökərlərinə əmr edir: «Tez olun! Ən gözəl xələti gətirib oğluma geyindirin. Barmağına üzük taxın, ayaqlarına səndəl geyindirin. Bəslənmiş dananı gətirib kəsin, yeyək-içək şadlanaq. Çünki mənim bu oğlum ölmüşdü dirildi, itmişdi tapıldı». Onlar şənliyə başlayırlar (Luka 15:22—24).

Bu zaman böyük oğul tarlada idi. İsa peyğəmbər onun haqqında deyir: «Geri qayıdarkən evə yaxınlaşanda musiqi və rəqs sədaları eşitdi, nökərlərdən birini yanına çağırıb ondan nə baş verdiyini soruşdu. Nökər dedi: “Qardaşın qayıdıb, atan da onun sağ-salamat qayıtdığına görə bəslənmiş dana kəsib”. Böyük oğul qəzəbləndi və evə girmək istəmədi. Onda atası çıxıb ona yalvarmağa başladı. O, cavabında atasına dedi: “Neçə ildir sənə nökərçilik edirəm, heç vaxt sənin sözündən çıxmamışam. Sən isə mənə dostlarımla şənlik etmək üçün bir çəpiş də verməmisən. Amma sənin malını  fahişələrə xərcləyib puç edən bu oğlun gələn kimi onun üçün bəslənmiş dana kəsdin”» (Luka 15:25—30).

Kimlər, bu böyük oğul kimi, İsa Məsihin adi insanlara, günahkarlara göstərdiyi mərhəmətə və yaxşılığa həqarətlə baxır? Mirzələr və fərisilər! Onlar İsa peyğəmbərin günahkarlara xoş münasibət bəsləməsinə pis yanaşdıqları üçün o, bu məsəli danışır. Əlbəttə, Allahın göstərdiyi mərhəmətə tənqidi yanaşan hər kəs bu məsəldən dərs götürməlidir.

İsa peyğəmbər bu hekayəti atanın böyük oğluna dediyi sözlərlə bitirir: «Oğlum, sən həmişə yanımdasan, nəyim varsa, sənindir. Amma biz ona görə sevinib-şadlanırıq ki, qardaşın ölmüşdü dirildi, itmişdi tapıldı» (Luka 15:31, 32).

İsa peyğəmbər böyük oğlun bu sözlərin müqabilində necə hərəkət etdiyi barədə heç nə demir. Bu məlumdur ki, İsa Məsih ölüb diriləndən sonra çoxlu sayda kahin də iman yoluna qoşuldu (Həvarilərin işləri 6:7). Ola bilsin, onların arasında Məsihin bu təsirli hekayətini eşidənlər də var. Bəli, Allah hətta onlara da imkan verir ki, ağılları başına gəlsin, tövbə edib Ona sarı dönsünlər.

O vaxtdan başlayaraq İsa Məsihin davamçıları bu məsəldəki əsas fikirləri həmişəlik ürəklərinə həkk etməli idilər. İlk növbədə, bu məsəl öyrədir ki, kef çəkmək üçün «uzaq ölkəyə» getmək əvəzinə, Allahın xalqı arasında təhlükəsizlikdə olmaq, sevən və qayğıkeş Atamızın qanadları altına sığınmaq daha yaxşı olardı.

İkincisi, əgər bizlərdən kimsə Allah yolundan azarsa, təvazökarlıqla məhəbbətli Yaradanımıza tərəf dönməli və Onun lütfünü yenidən dadmalıyıq.

Ata ilə böyük oğul arasındakı fərqdən başqa bir dərs də götürə bilərik. Ata oğlunu əfv edib xoş qarşıladığı halda, böyük oğul kin saxlayıb soyuq münasibət göstərir. Əlbəttə ki, Allahın sadiq bəndələri tövbə edib Allahın evinə qayıdan adamı bağışlayıb xoş qarşılamaq istəyirlər. Gəlin iman qardaşımızın dirildiyi və tapıldığı üçün ürəkdən sevinək!

Əlavə məlumat

Mənasını anlayın

İsanın yatan əkinçi, tor və avara oğul məsəlinin mənası nədir?