Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 91

İlazər dirilir

İlazər dirilir

YƏHYA 11:38—54

  • İLAZƏRİN DİRİLMƏSİ

  • SİNEDRİON İSA MƏSİHİ ÖLDÜRMƏYİ PLANLAŞDIRIR

İsa Məsih Beytaniyyə yaxınlığında Marta və Məryəmlə görüşəndən sonra onlar İlazərin sərdabəsinə gəlirlər. Sərdabə ağzı daşla örtülmüş bir mağaradır. İsa peyğəmbər buyurur:

— Daşı kənara çəkin.

Onun nə etmək istədiyini başa düşməyən Marta deyir:

— Ağa, o, dörd gündür ki, buradadır, indiyə yəqin iylənər.

— Məgər sənə demədim ki, inansan, Allahın əzəmətini görəcəksən? (Yəhya 11:39, 40).

Daşı götürürlər. İsa Məsih gözlərini göyə qaldırıb ucadan dua edir: «Şükürlər olsun sənə, Ata, məni eşitdin. Bilirəm, Sən məni həmişə eşidirsən. Ancaq bunu burada durmuş camaatdan ötrü dedim ki, məni Sənin göndərdiyinə inansınlar». Məsih hamının qarşısında dua etməklə oradakılara göstərir ki, o, möcüzəni Allahın gücü ilə edəcək. Sonra o, ucadan səsləyir: «İlazər, çölə çıx!» İlazər sərdabədən çıxır. O, sarğılarla kəfənlənmişdi, üzünü isə dəsmalla örtmüşdülər. İsa peyğəmbər deyir: «Kəfənini açın, azad olsun» (Yəhya 11:41—44).

Marta ilə Məryəmə başsağlığı verməyə gələn yəhudilərin çoxu bu möcüzəni görəndə İsa Məsihə iman edirlər. Digərləri isə onun etdiklərini gedib fərisilərə danışırlar. Fərisilərlə böyük kahinlər dərhal yəhudilərin ali məhkəməsi olan Sinedrionu çağırırlar. Sinedrionun şurasına baş kahin Qayafa da daxildir. Onlardan bəziləri deyirlər: «Biz nə edək? Bu adam çoxlu möcüzə göstərir. Onu özbaşına qoysaq, hamı ona inanacaq, onda romalılar gəlib həm məbədimizi, həm də xalqımızı ələ keçirəcəklər» (Yəhya 11:47, 48). Şahidlər İsa peyğəmbərin çoxlu möcüzə göstərdiyini desələr də, Allahın onun vasitəsilə etdiyi işlərə görə sevinmirlər. Çünki onların fikri-zikri öz mövqeləri və vəzifələrindədir.

İlazərin dirilməsi saddukilər üçün əsil məğlubiyyətdir, çünki onlar dirilməyə inanmırlar. Sadduki Qayafa belə sözlər deyir: «Siz heç nə bilmirsiniz, başa düşmürsünüz ki, bütün xalqın məhvindənsə, bir adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır» (Yəhya 11:49, 50; Həvarilərin işləri 5:17; 23:8).

Qayafa müqəddəs vəzifəni icra etdiyi üçün Allah onun dilinə bu sözləri qoyur, yəni o, bu sözləri özündən demir. Qayafa demək istəyir ki, yəhudi din xadimlərinin nüfuzu və hakimiyyəti sarsılmasın deyə, İsa Məsih ölməlidir. Bununla belə, Qayafanın İsa Məsihin ölümü ilə bağlı dediyi peyğəmbərlik sözləri onun yalnız yəhudilər uğrunda yox, Allahın pərən-pərən düşmüş bütün övladları uğrunda fidyə ödəyəcəyinə işarə edir (Yəhya 11:51, 52).

Sinedrion İsa peyğəmbərin ölümünə qərar verir və beləcə, Qayafa istəyinə nail olur. Peyğəmbərə dost münasibəti bəsləyən Sinedrion üzvü Nikodem bu haqda İsa Məsihi xəbərdar edirmi? Hər necə olursa olsun, İsa peyğəmbər dərhal Yerusəlim ərazisini tərk edir və beləcə, Allahın təyin etdiyi vaxtdan qabaq ölmür.

Əlavə məlumat

Dirilmə nədir?

Kimlərin diriləcəyini bilmək sizi təəccübləndirə bilər.

Ölümə çarə varmı?

Nəyə görə İsa Məsih ölümü yuxu ilə müqayisə etdi. Allahın Kəlamında qələmə alınan dirilmə hadisələrində nə öyrənə bilərik?