Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İsa peyğəmbər. Yol, həqiqət, həyat

 FƏSİL 97

Üzüm bağındakı işçilər barədə məsəl

Üzüm bağındakı işçilər barədə məsəl

MƏTTA 20:1—16

  • AXIRINCI İŞÇİLƏR BİRİNCİ OLACAQLAR

İsa Məsih elə indicə Pereyadakılara danışıb ki, «birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq» (Mətta 19:30). O, bunu vurğulamaq üçün üzüm bağındakı işçilər haqda məsəl çəkir:

«Səmavi Padşahlıq səhər tezdən durub üzümlüyündə işləmək üçün adam tutmağa çıxan bir torpaq sahibinə bənzəyir. O, işçilərlə gününü bir dinara danışıb onları üzümlüyünə göndərdi. Səhər saat doqquz radələrində yenidən çıxdı və bazar meydanında bikar durmuş bir neçə adam görüb onlara dedi: “Siz də üzümlüyə gedin. Haqqınızı verəcəyəm”. Onlar getdilər. Torpaq sahibi həm günorta saat on iki, həm üç radələrində çıxıb eyni şeyi etdi. O, axşamüstü saat beş radələrində də çıxıb işsiz duran adamları gördü və onlara dedi: “Niyə bütün günü boş-bikar durmusunuz?” Onlar cavab verdilər: “Heç kəs bizə iş verməyib”. Torpaq sahibi onlara dedi: “Siz də üzümlüyümə gedin”» (Mətta 20:1—7).

Bu hekayəni dinləyənlər «səmavi Padşahlıq» və «üzümlüyün sahibi» sözlərinin eşidəndə söhbətin Yehova Allahdan getdiyini yəqin edirlər. Çünki Müqəddəs Kitabda Yehova üzümlüyün, yəni İsrail xalqının sahibi kimi təqdim olunur (Zəbur 80:8, 9; Əşiya 5:3, 4). Üzümlükdə işləyən işçilər isə Qanun əhdinə tabe olanları təmsil edir. İsa peyğəmbər keçmişin yox, yaşadığı vaxtın vəziyyətini təsvir edir.

İsa peyğəmbəri bu yaxınlarda boşanma məsələsində yoxlayan fərisilər də, digər din xadimləri də üzdən Allaha xidmət etməyə davam edirlər. Onlar tam maaş (birgünlük əmək haqqı bir dinardır) alacaqlarını gözləyən bütün günü işləyən işçilərə bənzəyirlər.

Kahinlər və digər din xadimləri adi yəhudilərə Allah yolunda az çalışan, yəni Allahın üzümlüyündə yarım gün işləyən işçilər kimi baxırlar. Bu adamlar İsa peyğəmbərin məsəlində doqquz radələrində və ya sonradan — günorta saat on ikidə, üçdə və axşamüstü saat beşdə işə başlayan işçilərdir.

İsa Məsihin davamçısı olan qadınlar və kişilər lənətə gəlmişlər sayılırdı (Yəhya 7:49). Onlar uzun illər boyu balıqçılıqla, yaxud digər peşələrlə məşğul olmuşlar. Sonra eramızın 29-cu ilinin axırında «üzümlüyün Sahibi» İsanı bu adi xalqın yanına göndərdi ki, onlar Məsihin şagirdləri olub Allaha xidmət etsinlər. Beləcə, onlar «axırıncı», başqa sözlə, axşamüstü saat beş radələrində gələn işçilər olurlar.

Məsəlin sonunda İsa peyğəmbər şagirdlərinə işin sonunda nə baş verdiyini danışır: «Axşam düşəndə üzümlüyün sahibi nökərbaşıya dedi: “İşçiləri çağır və sonuncudan başlayıb birinciyə qədər hər kəsə zəhmət haqqını ver”. Saat beşdən işləyənlər gəldilər və hərəsi bir dinar aldı. İşə birinci başlayanlar isə elə düşünürdülər ki, daha çox alacaqlar. Amma onlara da bir dinar verildi. Onlar pulu alanda torpaq sahibinə narazılıq etdilər: “Bu axırıncılar cəmi bir saat işləyiblər. Biz isə bütün günü bu istidə əlləşib-vuruşmuşuq. Amma sən bizi onlara tay elədin”. Torpaq sahibi onlardan birinə dedi: “Qardaş, mən sənə haqsızlıq etmirəm. Səninlə bir dinara danışmamışıq? Haqqını al, çıx get. Mən axırıncılara da bu qədər vermək istəyirəm. Özüm bilərəm, öz pulumla nə edirəm. Yoxsa əliaçıq olduğumu görüb paxıllığın tutur?” Beləcə, axırıncılar birinci, birincilər də axırıncı olacaq» (Mətta 20:8—16).

Ola bilsin, şagirdlər üçün bu məsəlin sonunun necə olacağı maraqlıdır. «Birinci» sayılan yəhudi din xadimləri necə «axırıncı» olacaqlar? Bəs İsa peyğəmbərin şagirdləri necə «birinci» sayılacaqlar?

Fərisilərin və başqa adamların «axırıncı» saydıqları şagirdlər birinci olub tam əmək haqqı alacaqlar. İsa Məsihin ölümü ilə Yerusəlimin üstündən xətt çəkiləcək və Allah Özü üçün «Allahın İsraili» adlanan yeni bir xalq seçəcək (Qalatiyalılara 6:16; Mətta 23:38). Bu xalq barədə Vəftizçi Yəhya müqəddəs ruhla vəftiz olunmaq barədə danışanda vurğulamışdı. «Axırıncı» olanlar müqəddəs ruhla «birinci» vəftiz olunacaqlar və onlara yerin ucqarlarınadək İsa Məsihin şahidi olmaq şərəfi veriləcək (Həvarilərin işləri 1:5, 8; Mətta 3:11). İsa peyğəmbərin dediyi kimi, şagirdlərin vəziyyəti kökündən dəyişiləcək. Yəqin ki, şagirdlər «axırıncı» olacaq din xadimlərinin qəzəbinə tuş gələcəklərini təxmin edirlər.