Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 8

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

Nə üçün Allah pisliyə və zülmə son qoymur?

1. Pislik haradan başlayıb?

Allahın insan hakimiyyətinə ayırdığı vaxt göstərdi ki, insan dünyanın problemlərini həll etməkdə acizdir

Dünyada pislik Şeytanın söylədiyi ilk yalandan başladı. Qeyd edək ki, Şeytan başlanğıcda Allahın qulluğunda duran kamil bir mələk idi, lakin o, «həqiqətə bağlı qalmadı» (Yəhya 8:44). O, yalnız Allaha məxsus olan ibadəti mənimsəmək sevdasına düşdü. Şeytan ilk qadın olan Həvvanı tovlayıb aldatdı ki, Allaha yox, ona qulaq assın. Adəm də Həvvanın dalınca Allahın sözündən çıxdı. Adəmin seçimi dünyaya əzab-əziyyət və ölüm gətirdi. Yaradılış 3:1—6, 19 ayələrini oxuyun.

Şeytan Allahın sözündən çıxmaq fikrini Həvvanın ürəyinə salmaqla Uca Allahın ali hökmranlığına qarşı qiyama başladı. İnsanların əksəriyyəti Allahı Hökmdar kimi qəbul etməyib Şeytanın yolu ilə gedir. Beləliklə, Şeytan bu dünyaya ağalıq edir. Yəhya 14:30; 1 Yəhya 5:19 ayələrini oxuyun.

2. Allahın yaratdıqlarında qüsur var idimi?

Allahın bütün işləri mükəmməldir. O, mələkləri və insanları Ona kamil surətdə itaət göstərmək bacarığı ilə yaratmışdı (Qanunun təkrarı 32:4, 5). Bununla yanaşı, Allah insanlara seçim ixtiyarı verib. Belə ki, insan yaxşılıq və ya pislik yolunu seçməkdə sərbəstdir. Bu azadlıq bizə Allahı sevdiyimizi nümayiş etdirmək imkanını verir. Yaqub 1:13—15; 1 Yəhya 5:3 ayələrini oxuyun.

3. Nə üçün Allah bu vaxtadək əzablara son qoymayıb?

Yehova Allah Onun hökmranlığına qarşı qalxmış qiyamın davam etməsinə bir müddət vaxt verdi. Bununla O göstərdi ki, Onun rəhbərliyi olmadan insanlar əsil xoşbəxtliyə nail ola bilməzlər (Vaiz 7:29; 8:9). Bəşər tarixinin altı min ili geridə qalıb və budur: müharibələr,  zorakılıq, haqsızlıq, xəstəliklər baş alıb gedir. İnsan rəhbərləri bunların qarşısında acizdir. Ərəmya 10:23; 2 Butrus 3:7—9 ayələrini oxuyun.

İnsan rəhbərliyindən fərqli olaraq, Allahın rəhbərliyi onun tərəfini tutanlara fayda gətirir (Əşiya 48:17, 18). Tezliklə Allah bütün insan hökumətlərini aradan götürəcək. Yer kürəsi yalnız Allahın hakimiyyətini seçənlərin evi olacaq (Əşiya 11:9). Dənyal 2:44 ayəsini oxuyun.

4. Allahın səbri qarşımızda hansı imkanları açdı?

Şeytan iddia edir ki, heç kəs təmənnasız Allaha xidmət etməyəcək. Biz bu iddianın yalan olduğunu sübut edə bilərik. Allahın səbri hər birimizə imkan yaradır ki, seçim edək: ya Onun, ya da insan hakimiyyətinin tərəfini tutaq. Biz gündəlik həyatımızla hansı seçimi etdiyimizi göstəririk. Əyyub 1:8—12; Məsəllər 27:11 ayələrini oxuyun.

5. Allahın hakimiyyətinin tərəfini tutduğumuzu necə göstərə bilərik?

Verdiyimiz qərarlar kimi Hökmdar seçdiyimizi göstərir

Allahın Kəlamı olan Müqəddəs Kitabdan düzgün ibadət barədə öyrənib onu icra ediriksə, Allahı Hökmdar seçdiyimizi göstərmiş oluruq (Yəhya 4:23). Bundan əlavə, siyasətə və müharibələrə qarışmırıqsa, Şeytanın hakimiyyətini rədd etmiş oluruq. Yəhya 17:14 ayəsini oxuyun.

Şeytan əlindəki ixtiyardan istifadə edərək dünyanı pis-pis işlərə sövq edir. Biz Allahın tərəfini tutub Onun yolu ilə getmək istəyəndə, ola bilsin, kimlərsə buna lağ edəcək, hətta mane olmağa çalışacaq (1 Butrus 4:3, 4). Amma seçim sizindir. İstəsəniz, Allahı sevənlərə qoşulub Onun gözəl qanunlarına tabe ola bilərsiniz. Onda siz Şeytanın yalançı olduğunu təsdiq edəcəksiniz. Axı o iddia edir ki, heç bir insan çətinliklə üzləşəndə Allahın sözünə qulaq asmayacaq. 1 Korinflilərə 6:9, 10; 15:33 ayələrini oxuyun.

Allahın bəşəriyyətə sevgisi zəmanət verir ki, O, pisliyi və əzabları yox edəcək. Allahın bu vədinə iman gətirənlər yer üzündə əbədi yaşayacaqlar. Yəhya 3:16 ayəsini oxuyun.