Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İlahi müjdə

 DƏRS 6

Ölülər üçün ümid

Ölülər üçün ümid

1. Ölülər üçün hansı ümid var?

İsa peyğəmbərin İlazər adında dostu var idi. Bir gün onun bu dostu vəfat edir. Peyğəmbər dostunun yaşadığı kəndə gəlib çatanda o artıq dörd gün idi ki, ölmüşdü. İsa peyğəmbər mərhumun bacıları Marta və Məryəmlə cəsədin qoyulduğu yerə gedir. Oraya xeyli adam toplaşıb. Peyğəmbər hamının gözü qabağında İlazəri dirildir. Təsəvvür edin, həmin an Marta ilə Məryəm necə sevindilər! Yəhya 11:21—24, 38—44 ayələrini oxuyun.

Marta ölülərin diriləcəyini bilirdi. O bilirdi ki, bir gün Yehova Allah ölüləri həyata qaytaracaq. Əşiya 26:19 ayəsini oxuyun.

2. Allahın Kəlamı ölülər haqda nə deyir?

Allah Adəmə demişdi: «Torpaqsan, torpağa da qayıdacaqsan» (YARADILIŞ 3:19).

İnsan torpaqdan yaranıb (Yaradılış 2:7; 3:19). O, cismani varlıqdır və öləndə ondan heç bir ruh ayrılıb yaşamağa davam etmir. Onun beyninin fəaliyyəti dayanır, düşüncələri və hissləri yox olur. Ölülər heç nə dərk etmirlər. Dirilmiş İlazər də ölü olduğu vaxtdan heç nə danışmadı. Vaiz 9:5, 6, 10 ayələrini oxuyun.

Bəs Allahın pis insanları cəhənnəmdə əzab verib yandıracağı doğrudurmu? Əslində, bu təlim Müqəddəs Kitaba əsaslanmır. Axı biz oradan öyrəndik ki, ölülər hissiz-duyğusuz vəziyyətdədir. Üstəlik, bu təlim Allahın müqəddəs adına  ləkə gətirir, çünki insanlara odla əzab vermək fikrinin özü mərhəmətli Allahın gözündə iyrəncdir. Ərəmya 7:31 ayəsini oxuyun.

3. Ölülər bizimlə danışa bilərmi?

Ölülər nə eşidə, nə də danışa bilir (Zəbur 115:17). Qeyd edək ki, bəzi mələklər pislik yolunu seçmişlər və onlar ölən adamın cildinə girib dirilərlə danışa bilirlər (Yəhuda 6). Yehova Allah sehrbazlıq vasitəsilə ölülərə müraciət etməyi qadağan edir. Qanunun təkrarı 18:10, 11 ayələrini oxuyun.

4. Kimlər diriləcək?

Qəbirlərdə yatan milyonlarla insan yer üzündə həyata qaytarılacaq. Hətta Allahı tanımayıb cahillik yolu ilə getmiş insanlar da diriləcək. Zəbur 37:29; Həvarilərin işləri 24:15 ayələrini oxuyun.

Dirilən insanların qarşısında Allahı tanımaq imkanı açılacaq. Həmçinin onlar İsa Məsihə tabe olaraq ona iman gətirdiklərini göstərə biləcəklər (Vəhy 20:11—13). Diriləndən sonra Allahın tərəfini tutanlar yer üzündə əbədi həyata qovuşacaqlar. Yəhya 5:28, 29 ayələrini oxuyun.

5. Dirilmə ümidi Yehova Allah barədə bizə nə deyir?

Allah Öz Oğlunu bizim uğrumuzda ölümə göndərdi ki, ölülərin dirilməsi mümkün olsun. Yehovanın ölüləri həyata qaytarmaq arzusu Onun hədsiz məhəbbətini və böyük lütfünü nümayiş etdirir. Bəli, həsrətini çəkdiyimiz insanlar diriləndə sevincimiz yerə-göyə sığmayacaq! Yəhya 3:16; Romalılara 6:23 ayələrini oxuyun.