Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin 10 sualına cavab

 4-CÜ SUAL

Səhvimi necə düzəldim?

Səhvimi necə düzəldim?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Səhvlərini boynuna alsan, hamı səni məsuliyyətli və etibarlı insan kimi tanıyacaq.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Teymur dostları ilə oynayanda topla qonşunun şüşəsini sındırır.

Teymurun yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

SƏNİN ÜÇ SEÇİMİN VAR:

  1. Qaçardın.

  2. Günahı başqasının üstünə atardın.

  3. Hər şeyi qonşuya danışıb, vurduğun zərəri ödəməyi təklif edərdin.

Ola bilsin, A variantını seçərdin. Amma istər şüşə sınsın, istərsə də başqa bir şey baş versin, səhvini boynuna almağın sənin xeyrinə olacaq.

 SƏHVİNİ BOYNUNA ALMAĞIN ÜÇÜN ÜÇ SƏBƏB VAR

  1. Bu, düzgün hərəkətdir.

    Müqəddəs Kitabda deyilir: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

  2. İnsan səhvini boynuna alanda onu bağışlamaq daha asan olur.

    Müqəddəs Kitabda deyilir: «Günahlarını ört-basdır edən xeyir tapmaz, günahını boynuna alıb ondan əl çəkənə rəhm edilər» (Məsəllər 28:13).

  3. Ən əsası, Allahı razı salırsan.

    Müqəddəs Kitabda deyilir: «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər» (Məsəllər 3:32).

20 yaşı olan Könül adlı bir qız cərimə talonunu aldığını atasından gizlətməyə çalışırdı. Təbii ki, bunu ömrünün axırına kimi gizlədə bilməzdi. Könül deyir: «Təxminən bir il sonra atam cərimə talonunu gördü. Öz başıma iş açdım!»

Dərs. Könül deyir: «Səhvləri gizlətmək vəziyyəti daha da çətinləşdirir. Onsuz da gec-tez səhvlərinə görə cavab verməli olacaqsan!»

SƏHVLƏRİNDƏN NECƏ DƏRS GÖTÜRƏ BİLƏRSƏN?

Müqəddəs Kitabda deyilir: «Hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2). Səhvi etiraf etmək, özü də ki dərhal, təvazökarlığın və yetkinliyin göstəricisidir.

Növbəti addım səhvlərdən dərs götürməkdir. Vüsalə deyir: «Hər səhvimdən nə isə öyrənməyə çalışıram. Bu isə mənə xasiyyətimi dəyişməyə və növbəti dəfə başqa cür davranmağa kömək edir». Gəl görək sən bunu necə edə bilərsən.

Təsəvvür et ki, atanın velosipedini sürəndə onu zədələmisən. Sən nə edəcəksən?

  • Atanın bunu görməyəcəyinə ümid edərək heç nə deməyəcəksən.

  • Hər şeyi olduğu kimi danışacaqsan.

  • Olanları danışıb günahı başqasının üstünə atacaqsan.

Testlərdən pis qiymət almısan, çünki yaxşı hazırlaşmamışdın. Sən nə edəcəksən?

  • Günahı testlərin üstünə atacaqsan.

  • Səhvin səndə olduğunu boynuna alacaqsan.

  • Müəllimin səni gözümçıxdıya saldığını deyəcəksən.

Keçmişdəki səhvlərlə yaşamaq arxa görüntü güzgüsünə baxaraq maşın sürməyə bənzəyir

 İndi isə bu vəziyyətlərə yenidən bax və özünü 1) atanın və 2) müəllimin yerinə qoy. Əgər səhvini boynuna alsan, atan və müəllimin sənin haqqında hansı fikirdə olacaq? Bəs səhvini ört-basdır etsən, sənin barəndə nə fikirləşəcəklər?

Ötən il etdiyin səhvlərdən birini nəzərində saxlayaraq növbəti suallara cavab ver.

Hansı səhvi etmişdin? Məsələni necə yoluna qoydun?

  • Ört-basdır etdin.

  • Başqalarını günahlandırdın.

  • Boynuna aldın.

Əgər səhvini boynuna almamışdınsa, nə hiss keçirirdin?

  • Sevinirdin ki, canını qurtardın.

  • Özünü günahkar hiss edirdin.

Vəziyyəti necə həll etsən, yaxşı olardı?

Səhvindən hansı nəticəni çıxartdın?

NECƏ DÜŞÜNÜRSƏN?

Nəyə görə bəzi insanlar səhvlərini boyunlarına almırlar?

Əgər hər dəfə səhvini gizlədirsənsə, insanlar sənin barəndə nə fikirləşəcəklər? Bəs səhvlərini boynuna alsan, onlar sənin barəndə hansı fikirdə olacaqlar? (Luka 16:10).