Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gənclərin 10 sualına cavab

 8-Cİ SUAL

Cinsi təcavüzlə bağlı nəyi bilməliyəm?

Cinsi təcavüzlə bağlı nəyi bilməliyəm?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Hər il milyonlarla insan zorlanmaya məruz qalır. Araşdırmalar göstərir ki, zərərçəkənlərin əksəriyyəti gənclərdir.

SƏN NƏ EDƏRDİN?

Bir kişi qəfildən Afəti yerə yıxır, o, nə baş verdiyini başa düşmür. Afət deyir: «Müqavimət göstərmək üçün əlimdən gələni etdim. Qışqırmağa çalışdım, səsim çıxmadı. İtələdim, yumruqladım, təpiklədim, cırmaqladım — bir sözlə, hər şeyə əl atdım. Birdən bədənimə bıçağın batdığını hiss etdim, artıq mübarizə aparmağa gücüm qalmadı».

Bəs sən oxşar vəziyyətlə üzləşsəydin, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Ola bilər, axşam çölə çıxanda çox ehtiyatlı olmağa çalışırsan, amma nə qədər ehtiyatlı olsan da, belə hallar baş verə bilər. Müqəddəs Kitabda deyilir: «Qaçışı həmişə bərk qaçanlar udmur,.. uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11).

Afət kimi, bəzi gənclər tanımadıqları insanlar, digərləri isə tanışları, hətta ailə üzvləri tərəfindən təcavüzünə məruz qalır. Məsələn, Nailə adlı bir qız deyir ki, 10 yaşı olanda qonşuluqda yaşayan yeniyetmə bir oğlan onu zorlamışdı. Nailə deyir: «Mən çox qorxmuşdum və utandığımdan əvvəlcə heç kimə heç nə deyə bilmirdim».

 SƏN GÜNAHKAR DEYİLSƏN

Afət bu günə kimi özünü qınayır. O deyir: «O gecə baş verənlər gözümün önündən getmir. Gərək daha çox mübarizə aparaydım. Ancaq o, məni bıçaqlayandan sonra qorxudan donub qaldım, artıq heç nə edə bilmədim, amma etməliydim».

Nailə də eyni hisslərlə mübarizə aparır. O deyir: «Bu qədər sadəlövh olub ona inanmamalıydım. Valideynlərim bacımla mənə tapşırmışdı ki, həyətdə həmişə bir yerdə oynayaq, amma mən onlara qulaq asmadım. Özüm öz başıma bəla açdım. Baş verənlər ailəm üçün zərbə oldu, buna görə heç cür özümü bağışlaya bilmirəm. Ən çox bu hiss mənə əzab verir».

Əgər sən də, Afət və Nailə kimi, özünü günahlandırırsansa, bir şeyi yadından çıxartma — sən günahkar deyilsən, bu hadisə sənin istəyinlə olmayıb. Bu məsələyə əhəmiyyətsiz yanaşan bəziləri təcavüzkara bəraət qazandıraraq «qız özü buna şərait yaradıb» kimi ifadələr işlədirlər. Ancaq heç kim bu cür rəftara layiq deyil. Əgər sən də belə dəhşətli hadisənin qurbanı olmusansa, əmin ol, sən günahkar deyilsən!

Əlbəttə, «sən günahkar deyilsən» ifadəsini oxumaq asandır, amma özünü buna inandırmaq çox çətin ola bilər. Bəziləri hər şeyi içinə salır, özlərini qınayır və bədbinliyə qapılırlar. Nəzərə al ki, susmağın sənə heç bir xeyri olmayacaq, əksinə, təcavüzkarın işinə yarayacaq. Vəziyyətdən başqa cür çıxmağa çalış.

BAŞ VERƏNLƏRİ DANIŞ

Müqəddəs Kitabda deyilir ki, dəhşətli faciə ilə üzləşən Əyyub peyğəmbər belə demişdi: «Dərdimi açıb-tökəcəyəm» (Əyyub 10:1). Sən də ürəyini boşaltsan, xeyrini görəcəksən. Etibar etdiyin bir insanla dərdini bölüş, vaxt keçdikcə baş verənlərlə barışacaq və qəlb rahatlığı tapacaqsan.

Bu ağır yükü tək daşıma, hisslərini kiminləsə bölüş

Bunun faydasını görən Afət deyir: «Yaxın rəfiqəmlə söhbət edəndən sonra o, məni hər şeyi yığıncağın ağsaqqallarına danışmağa təşviq etdi. Nə yaxşı ki, onun məsləhətinə qulaq asdım. Onlar bir neçə dəfə oturub mənimlə söhbət etdilər və mənə məhz ehtiyacım olan sözləri — bu hadisənin mənim üzümdən baş vermədiyini, mənim heç bir günahım olmadığını dedilər».

Nailə isə başına gələnləri valideynlərinə danışdı. O deyir: «Onlar mənə çox dəstək oldular. Dedilər ki, çəkinmədən hər şeyi onlara danışa bilərəm. Bu, mənə içimdəki qəzəbi azaltmağa və kədərə qapılmamağa kömək etdi».

Duanın da Nailəyə böyük köməyi oldu. O deyir: «Dərdimi Allaha danışmaqla rahatlıq tapırdım, xüsusilə də, ürəyimi başqalarına aça bilməyəndə. Allaha hər şeyi açıb danışa bilirəm. Bu, mənə qəlb rahatlığı və sakitlik verir».

Sən özün də görəcəksən ki, vaxt keçdikcə yara sağalır (Vaiz 3:3). Fiziki və emosional sağlamlığının qayğısına qal. Kifayət qədər istirahət et. Ən başlıcası isə, hər cür təsəlli Allahı olan Yehovaya bel bağla (2 Korinflilərə 1:3, 4).

 GÖRÜŞMƏK ÜÇÜN KİFAYƏT QƏDƏR YETKİNSƏNSƏ

Əgər görüşdüyün insan səni cinsi yaxınlıq etməyə təhrik edirsə, qəti şəkildə: «Eləmə!» və ya «Əlini çək!» — deməkdən çəkinmə. Sevgilini itirməkdən qorxma. Əgər buna görə səni atacaqsa, deməli, o, sənə layiq deyil! Sən daha yaxşısına — şəxsən sənə və prinsiplərinə hörmətlə yanaşan bir insana layiqsən.

SATAŞMAQ NƏDİR?

«Orta məktəbdə oğlanlar arxadan büsthalterimdən dartıb deyirdilər ki, onlarla cinsi əlaqədə olsam, əsl həzz duyacağam» (Aydan).

Səncə, həmin oğlanların hərəkətinə nə ad vermək olar?

  1. Şıltaqlıq

  2. Flirt

  3. Sataşmaq

«Avtobusda bir oğlan mənə iyrənc sözlər deməyə və əl-qol atmağa başladı. Mən onun əlindən vurub dedim ki, yanımdan çəkilsin. Oğlan mənə elə baxdı ki, elə bil, dəliyəm» (Mehriban).

Səncə, həmin oğlanların hərəkətinə nə ad vermək olar?

  1. Şıltaqlıq

  2. Flirt

  3. Sataşmaq

«Keçən il bir oğlan ona “yox” deməyimə baxmayaraq, məndən əl çəkmədi, məndən xoşu gəldiyini və görüşmək istədiyini dedi. Hərdən qoluma toxunurdu. Mən ona deyirdim, özünü yığışdırsın, amma o, məhəl qoymurdu. Bir gün əyilib ayaqqabımı bağlayanda o, yanımdan vurdu» (Banu).

Səncə, həmin oğlanın hərəkətlərinə nə ad vermək olar?

  1. Şıltaqlıq

  2. Flirt

  3. Sataşmaq

Bu sualların hamısının düzgün cavabı C variantıdır.

Sataşmaq flirt və şıltaqlıqdan nə ilə fərqlənir?

Sataşmaq birtərəfli olur və sən o adama «yox» desən də, davam edir.

Sataşmaq ciddi məsələdir, hətta zorlanmaya gətirib çıxara bilər.

Əlavə məlumat

Mənə sataşanda...

Sataşmağın nə olduğunu və əgər onun qurbanı olarsansa, nə etməli olduğunu öyrən.