Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 37

Yehovanı və Onun oğlunu heç vaxt yaddan çıxarma!

Yehovanı və Onun oğlunu heç vaxt yaddan çıxarma!

TUTAQ Kİ, kimsə sənə çox gözəl bir hədiyyə verir. Sən nə edəcəksən? ~ Sadəcə «çox sağ ol» deyib, sonra isə onu verən adamı tamamilə yaddan çıxaracaqsan? Yoxsa onu və verdiyi hədiyyəni həmişə xatırlayacaqsan? ~

Yehova Allah bizə gözəl hədiyyə verib. O, Öz Oğlunu yer üzünə bizim uğrumuzda ölməyə göndərib. Bilirsən, İsa nə üçün bizim uğrumuzda ölməli idi? ~ Bunu bilmək çox vacibdir.

23-cü fəsildən öyrəndiyimiz kimi, Adəm Allahın mükəmməl qanununu pozaraq günah işlətdi. Biz də hamımızın Atası olan Adəmdən günahı miras aldıq. Deməli, səncə, bizə nə lazımdır? ~ Məcazi mənada desək, bütün həyatı boyu kamilliyini qoruyan yeni ata lazımdır. Səncə, kim bizim üçün belə ata ola bilər? ~ İsa.

Yehova İsanı yer üzünə göndərdi ki, Adəmin əvəzinə bizim üçün ata olsun. Müqəddəs Kitabda deyilir: «“İlk insan olan Adəm yaşayan can oldu”; sonuncu Adəm isə həyat verən ruh oldu». İlk Adəm kim olmuşdu? ~ Bəli, Allahın torpaqdan yaratdığı insan. Bəs ikinci Adəm kimdir? ~ İsa. Müqəddəs Kitab bunu belə göstərir: ‘İlk adam [Adəm] yerdən, torpaqdan törənmişdir; ikinci Adam [İsa] isə göydən gəlmişdir’ (1 Korinflilərə 15:45, 47; Yaradılış 2:7).

Allah İsanın həyatını göydən Məryəmin bətninə köçürdüyü üçün İsa Adəmdən günahı miras almadı. Bu səbəbdən İsa kamil  insan oldu (Luka 1:30—35). Elə buna görə İsa dünyaya gələndə mələk çobanlara dedi: «Sizə Xilaskar doğuldu» (Luka 2:11). Bəs bizim Xilaskarımız olmaq üçün körpə İsa əvvəlcə nə etməli idi? ~ O böyüməli və Adəm kimi yetkin insan olmalı idi. Yalnız bundan sonra İsa ‘ikinci Adəm’ ola bilərdi.

Xilaskarımız olan İsa həm də bizim ‘Əbədi Atamız’ olacaq. Müqəddəs Kitabda o, bu cür adlanır (Yeşaya 9:6, 7). Bəli, günah işlətdiyi üçün qeyri-kamil olan Adəmin əvəzinə kamil İsa bizim atamız ola bilər. Beləliklə, biz ‘ikinci Adəmi’ özümüzə ata seçə bilərik. Əlbəttə, İsanın özü də Yehova Allahın Oğludur.

Adəmlə İsa bir-birinə nədə bənzəyirdilər və nə üçün bu, çox vacib idi?

İsanı Xilaskarımız kimi qəbul etmək üçün biz onun haqqında öyrənməliyik. Yadında qalıb, bizə nədən xilas olmaq lazımdır? ~ Bəli, Adəmdən miras aldığımız günah və ölümdən. Yetkin insan olan İsanın bizim üçün qurban verdiyi kamil həyat fidyə adlanır. Yehova fidyəni verdi ki, biz günahdan azad olaq (Matta 20:28; Romalılara 5:8; 6:23).

Sözsüz ki, biz Allahın və Onun Oğlunun bizim üçün nə etdiyini unutmaq istəmirik, elə deyil? ~ İsanın etdiklərini yada salmağa bizə kömək edən xüsusi bir üsul var. Bu üsulu o, öz şagirdlərinə göstərmişdi. Gəl görək bu hansı üsuldur.

 Təsəvvür elə ki, Yerusəlimdə yuxarı otaqdasan. Gecədir. İsa həvariləri ilə birlikdə süfrə arxasında oturub şam edir. Süfrədə qızardılmış quzu əti, çörəklər və qırmızı şərab var. Bu yemək xüsusidir. Bilirsən, niyə? ~

Bu yemək yüz illər əvvəl Yehovanın israillilər üçün etdiyi vacib bir şeyi onların yadına salırdı. Həmin vaxt Yehova Misirdə kölə olan xalqına demişdi: ‘Hər ev bir quzu kəssin və qanını evin qapısının hər iki yan taxtasına sürtsün’. Sonra əlavə etmişdi: ‘Evə girib quzunu yeyin’.

Quzunun qanı İsrail xalqını necə qorumuşdu?

 İsraillilər belə də etmişdilər. Həmin gecə Allahın mələyi Misir torpağından keçib bir çox evlərdə ilk doğulan uşaqları öldürmüşdü. Amma hansı qapıda ki qan var idi, mələk onlardan yan keçmişdi. Həmin evlərdə uşaqlara heç nə olmamışdı. Yehovanın mələyinin nə etdiyini görən Misir padşahı firon qorxuya düşmüşdü. Buna görə də o, israillilərə demişdi: ‘Sizi buraxıram. Çıxın gedin Misirdən!’ Onlar da bunu eşidən kimi, hər şeylərini dəvələrə və eşşəklərə yükləyib getmişdilər.

Yehova istəyirdi ki, xalqı bu hadisəni heç vaxt unutmasın. Axı Yehova onları azadlığa çıxarmışdı. Buna görə də onlara dedi: ‘İldə bir dəfə bu gecə yediyiniz yeməkdən yeyin’. Onlar bu xüsusi yeməyi Pasxa adlandırdılar. «Pasxa» sözü ibranicə «yan keçmək» mənasını verən sözdən əmələ gəlib. Həmin gecə Allahın mələyi qanla işarələnən evlərdən yan keçmişdi (Çıxış 12:1—13, 24—27, 31).

İsa və onun həvariləri Pasxa yeməyini yeyəndə bu haqda fikirləşirdilər. Yeyib qurtarandan sonra İsa çox mühüm bir iş gördü. Amma bunu etməzdən əvvəl satqın çıxan həvari Yəhudanı göndərdi. Sonra o, qalan çörəklərdən birini götürüb dua etdi, bölüb şagirdlərinə ötürdü. ‘Götürün, yeyin’, — dedi və əlavə etdi: ‘Bu çörək mənim ölərkən sizin uğrunuzda verəcəyim bədənimdir’.

Sonra İsa bir kasa qırmızı şərab götürdü. Şükür edib onu hamıya ötürdü və dedi: «Bundan hamınız için!» O, şagirdlərinə izah etdi: ‘Bu şərab mənim qanımdır. Sizi günahlarınızdan azad etmək üçün mən tezliklə qanımı tökəcəyəm. Bunu məni anmaq üçün edin’ (Matta 26:26—28; 1 Korinflilərə 11:23—26).

İsanın şərabla müqayisə etdiyi qanı sayəsində biz nə əldə edə bilərik?

Fikir verdin, İsa dedi ki, şagirdləri onu yada salmaq üçün bunu həmişə etməli idilər? ~ Onlar artıq Pasxa yeməyi  yeməyəcəkdilər. Əksinə, İsanı və onun ölümünü xatırlamaq üçün ildə bir dəfə bu xüsusi yeməyi yeməli idilər. Bu yemək Rəbbin axşam yeməyi adlanır. Bu gün biz onu çox vaxt Xatirə Gecəsi adlandırırıq. Səncə, nəyə görə? ~ Ona görə ki, o, İsanın və onun Atası Yehova Allahın bizim üçün etdiklərini yadımıza salır.

Çörək bizi İsanın bədəni haqqında düşündürməlidir. Bizim əbədi həyatımız olsun deyə o, öz bədənini könüllü olaraq qurban verdi. Bəs qırmızı şərab haqqında nə demək olar? ~ O isə İsanın qanının nə qədər dəyərli olduğunu bizim yadımıza salmalıdır. Onun qanı Misirdəki Pasxa quzusunun qanından daha dəyərlidir. Bilirsən, niyə? ~ Müqəddəs Kitabda deyilir ki, İsanın qanı sayəsində bizim günahlarımız bağışlana bilər. Günahlarımızdan azad olanda isə biz daha xəstələnməyəcək və qocalıb ölməyəcəyik. Biz Xatirə Gecəsinə gedəndə bu haqda fikirləşməliyik.

Hamı Xatirə Gecəsindəki çörəkdən yeməli və şərabdan içməlidir? ~ Onlardan yeyən və içən adamlara İsa demişdi: ‘Siz mənim padşahlığımda olacaq və mənimlə birlikdə göydə taxtlarda oturacaqsınız’ (Luka 22:19, 20, 30). Bu o deməkdir ki, onlar İsa ilə padşahlıq etmək üçün göylərə getməli idilər. Deməli, yalnız İsa ilə göydə hökmranlıq etmək ümidi olanlar çörəkdən yeməli və şərabdan içməlidir.

Buna baxmayaraq, çörəkdən yeməyənlər və şərabdan içməyənlər də Xatirə Gecəsinə getməlidirlər. Bilirsən, niyə? ~ Çünki İsa öz həyatını onlar üçün də qurban verib. Xatirə Gecəsinə gedəndə göstəririk ki, biz bunu unutmamışıq. Allahın gözəl hədiyyəsi bizim həmişə yadımızdadır.

İsanın fidyə qurbanlığının vacibliyini göstərən ayələrdən bəziləri bunlardır: 1 Korinflilərə 5:7; Efeslilərə 1:8; 1 Timoteyə 2:5, 6 və 1 Peter 1:18, 19.