Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 26

Yaxşı iş görmək nəyə görə çətindir?

Yaxşı iş görmək nəyə görə çətindir?

ŞAUL pis işlər görəndə kim sevinirdi? ~ Şeytan İblis. Amma sevinən təkcə o deyildi. Bu, yəhudilərin din rəhbərlərinin də xoşuna gəlirdi. Şaul sonralar Böyük Müəllimin şagirdi olanda həmin din rəhbərləri ona nifrət etməyə başladılar. İndi başa düşdün, nəyə görə İsanın şagirdlərinə düzgün davranmaq çətindir? ~

Bulus yaxşı işlər görməyə başlayanda başı nələr çəkdi?

Hananya adlı baş kahin bir dəfə Pavelin üzünə şillə vurmağı əmr etdi. O, hətta Paveli zindana atdırmağa cəhd göstərdi. Pavel İsanın şagirdi olandan sonra başı çox bəlalar çəkdi. Məsələn, pis adamlar Paveli döymüş və böyük daşlarla onu öldürməyə çalışmışdılar (Həvarilərin işləri 23:1, 2; 2 Korinflilərə 11:24, 25).

Çoxları bizi Allahın gözündə pis olan işləri görməyə məcbur etmək istəyəcək. Ancaq bu sualların üzərində bir az düşün: sən yaxşılığı nə dərəcədə çox sevirsən? Onu o qədər çox sevirsən  ki, başqalarının nifrətinə səbəb olsa da, yaxşı iş görməkdən əl çəkməyəsən? Bunun üçün cəsarət lazımdır, elə deyil? ~

Səndə sual yarana bilər ki, axı niyə yaxşılıq etdiyimizə görə insanlar bizə nifrət edirlər. Məgər onlar sevinməli deyillər? Əslində, bu, belə olmalıdır. İsa yaxşı işlər gördüyünə görə çox vaxt adamların ondan xoşu gəlirdi. Bir dəfə şəhərin bütün camaatı onun qaldığı evin qapısının ağzına yığışmışdı. İsa xəstələri sağaltdığı üçün onlar ora gəlmişdilər (Mark 1:33).

Amma hərdən İsanın öyrətdiyi şeylər insanların xoşuna gəlmirdi. Onun öyrətdikləri həqiqət olsa da, camaatın ürəyincə deyildi.  Əslində, elə həqiqəti söylədiyi üçün bəzi adamlar ona nifrət edirdilər. Bu, İsanın böyüdüyü Nazaret şəhərində baş verən hadisədən aydın görünür. Bir dəfə İsa sinaqoqa, yəhudilərin Allaha birgə ibadət etdikləri yerə getdi.

İsa orada Müqəddəs Yazılara əsaslanaraq çox gözəl nitqlə çıxış etdi. Əvvəlcə bu, adamların xoşuna gəldi. Onun ağzından çıxan sözlər hamını heyrətə salırdı. İnana bilmirdilər ki, bu cavan onların şəhərində böyüyüb boya-başa çatan adamdır.

Amma sonra İsa başqa bir şey haqqında danışmağa başladı. O, Allahın yəhudi olmayanlara xüsusi lütf göstərdiyi vaxtlardan danışdı. İsa bunları söyləyəndə sinaqoqdakılar qəzəbləndilər. Bilirsən, nə üçün? ~ Onlar düşünürdülər ki, Allah xüsusi lütfünü yalnız onlara göstərir. Onların fikrincə, onlar başqa adamlardan yaxşı idilər. Buna görə də onlarda İsaya qarşı nifrət oyandı. Bilirsən, onlar İsaya nə etmək istədilər? ~

Müqəddəs Kitabda deyilir: ‘Onlar İsanı tutub şəhərdən çıxardılar. Onu dağın başına aparıb, sıldırımdan ataraq öldürmək istədilər! Amma İsa onların əlindən çıxıb getdi’ (Luka 4:16—30).

Bu adamlar nə üçün İsanı öldürmək istəyirlər?

Əgər bu, səninlə baş versəydi, həmin adamlara Allah haqda danışmaq üçün bir də geri qayıdardın? ~ Bunun üçün cəsarət lazımdır, elə deyil? ~ Amma İsa təxminən bir il sonra yenidən Nazaret şəhərinə qayıtdı. Müqəddəs Kitabda deyilir: ‘O, sinaqoqda xalqı öyrətməyə başladı’. İsa ürəyində Allah sevgisi olmayan insanlardan qorxub həqiqət haqqında danışmağa son qoymadı (Matta 13:54).

Başqa bir halda, şənbə günü İsanın yanında əli qurumuş, yəni şikəst adam var idi. İsa Allahın verdiyi güclə həmin adamı sağalda bilərdi. Amma oradakı adamların bəziləri İsanı günahlandırmağa çalışırdılar. Bəs görəsən, Böyük Müəllim nə edəcəkdi? ~ Əvvəlcə  o soruşdu: ‘Əgər sizin qoyununuz şənbə günü dərəyə düşsəydi, onu oradan çıxarmazdınız?’

Bəli, onlar şənbə günü dincəlməli olsalar belə, qoyunu oradan çıxarardılar. Buna görə də İsa dedi: ‘Şənbə günü insana kömək etmək daha yaxşıdır, çünki adam qoyundan daha qiymətlidir!’ İsanın həmin adamı sağaltmalı olduğu indi tamamilə aydın idi!

İsa həmin adama əllərini uzatmağı söylədi. Elə həmin dəqiqə onun əli sağaldı. Bu kişinin sevinci yerə-göyə sığmırdı! Bəs o birilər necə? Onlar da sevinirdilər? ~ Xeyr. Onların İsadan lap çox zəhlələri getdi. Onlar bayıra çıxıb, onu öldürmək üçün yollar axtarmağa başladılar! (Matta 12:9—14).

Bu gün də vəziyyət eynidir. Nə ediriksə-edək, biz heç vaxt hamını razı sala bilməyəcəyik. Buna görə də əslində kimi razı salmaq istədiyimizə qərar verməliyik. Əgər Yehovanı və Onun Oğlu İsa Məsihi razı salmaq istəyiriksə, onda həmişə onlara qulaq asmalıyıq. Bəs bu zaman kim bizə nifrət edəcək? Yaxşı iş görməyimizə kim mane olacaq? ~

Şeytan İblis. Daha kim? ~ Şeytanın aldadaraq yanlış şeylərə inandırdığı adamlar. İsa öz günlərində yaşayan din rəhbərlərinə demişdi: ‘Sizin atanız İblisdir və siz öz atanızın arzularını yerinə yetirmək istəyirsiniz’ (Yəhya 8:44).

Şeytanın xoşu gələn çox adamlar var. İsa onları «dünya» adlandırmışdı. Səncə, İsa «dünya» deyərkən nəyi nəzərdə tuturdu? ~ Gəl «Yəhya» kitabının 15-ci fəslinin 19-cu ayəsinə baxaq. Burada İsanın bu sözləri yazılıb: «Əgər dünyadan olsaydınız, dünya ondan olanı sevərdi. Halbuki dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim; bunun üçün dünya sizə nifrət edir».

Beləliklə, İsanın şagirdlərinə nifrət edən dünya onun davamçısı olmayan adamlardan ibarətdir. Nə üçün dünya İsanın şagirdlərinə  nifrət edir? ~ Bir fikirləş. Dünyanın rəhbəri kimdir? ~ Müqəddəs Kitabda deyilir: ‘Bütün dünya şəririn hakimiyyəti altındadır’. Həmin şərir isə Şeytan İblisdir (1 Yəhya 5:19).

İndi bildin, yaxşı iş görmək nəyə görə bu qədər çətindir? ~ Bunu Şeytan və onun dünyası çətinləşdirir. Amma başqa səbəb də var. Yadındadır, bu, hansı səbəb idi? ~ Bu kitabın 23-cü fəslində öyrəndik ki, hamımız günahlı doğulmuşuq. Şeytan, onun dünyası və günah mövcud olmayanda əla olacaq, yox? ~

Bu dünya keçib gedəndə yaxşı işlər görən adamlarla nə olacaq?

Allah Müqəddəs Kitabda vəd edir: ‘Dünya keçib gedəcək’. Bu o deməkdir ki, Böyük Müəllimin davamçısı olmayan bir nəfər də olsun qalmayacaq. Onlara əbədi yaşamağa icazə verilməyəcək. Bəs bilirsən, kimlər əbədi yaşayacaq? ~ Müqəddəs Kitabda deyilir: ‘Allahın iradəsini yerinə yetirən əbədi yaşayacaq’ (1 Yəhya 2:17). Bəli, yalnız yaxşı işlər görənlər, yəni ‘Allahın iradəsini yerinə yetirənlər’ Allahın yeni dünyasında əbədi yaşayacaqlar. Deməli, hətta çətin olsa belə, yaxşı işlər görməliyik, elə deyil? ~

Gəl yaxşı işlər görməyin nə üçün asan olmadığını göstərən bu ayələri birlikdə oxuyaq: Matta 7:13, 14; Luka 13:23, 24 və Həvarilərin işləri 14:21, 22.

Əlavə məlumat

Əbədi yaşamaq üçün nə etməliyik?

Yehova Allahı və İsa peyğəmbəri tanımaq kifayətdir? Əgər kifayət deyilsə, onda daha nə lazımdır?

Allah bizə kömək etmək istəyir

Bu tapşırıqların köməyilə uşaqlarınıza Yehova Allaha güvənməyi öyrədin.