Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 22

Nə üçün yalan danışmaq olmaz?

Nə üçün yalan danışmaq olmaz?

TƏSƏVVÜR ET ki, qız anasına deyir: «Yaxşı, dərsdən birbaş evə gələcəyəm». Lakin dərsdən sonra qalıb rəfiqələri ilə oynayır, evə qayıdanda isə anasına deyir: «Müəllimim məni dərsdən sonra saxladı». Səncə, belə demək düzgün olardı? ~

Bu oğlan nə pis iş görüb?

Yaxud, tutaq ki, oğlan atasına deyir: «Yox, mən evdə topla oynamamışam». Bəs əgər əslində oynayıbsa? Məgər onun «etməmişəm» deməsi səhv hərəkət deyil? ~

Böyük Müəllim bizə düzgün davranmağı göstərmişdi. O demişdi: ‘Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun. Bundan artığı Şeytandandır’ (Matta 5:37). İsa bununla nə demək istəyirdi? ~ O demək istəyirdi ki, biz sözümüzün üstündə durmalıyıq.

Müqəddəs Kitabda düz danışmağın vacibliyini göstərən bir hadisə nəql edilir. Bu hadisə özünü İsanın şagirdi kimi qələmə verən iki nəfər haqqındadır. Gəl görək nə baş vermişdi.

 İsanın ölümündən iki ay keçməmişdi ki, uzaq ellərdən olan bir çox insan yəhudilərin Pentikost adlandırdığı vacib bir bayramı qeyd etmək üçün Yerusəlimə gəldi. Həmin vaxt həvari Peter Yehovanın diriltdiyi İsa haqqında danışaraq gözəl bir nitq söylədi. İlk dəfə idi ki, Yerusəlimə gələnlərin içindən bu qədər adam İsa haqqında öyrənirdi. İndi onlar daha çox bilmək istəyirdilər. Bunun üçün onlar nə etdilər?

Onlar Yerusəlimdə nəzərdə tutduqlarından çox qalmalı oldular. Amma bir müddətdən sonra bəzilərinin pulu qurtardı və yemək almaq üçün köməyə ehtiyacları yarandı. Bunu görən Yerusəlimdəki şagirdlər qonaqlara kömək etmək qərarına gəldilər. Buna görə də, onların çoxu öz əşyalarını satıb pulunu İsanın həvarilərinə gətirdi. Sonra həvarilər bu pulları ehtiyacı olanlara verdilər.

Yerusəlimdəki məsihçi yığıncağının üzvü olan Hananya və arvadı Şapira öz tarlalarını satdılar. Bunu etməyə onları heç kim məcbur etməmişdi. Bu, onların şəxsi qərarı idi. Amma onlar bu addımı İsanın yeni şagirdlərini  sevdikləri üçün atmamışdılar. Əslində, Hananya və Şapira özlərini olduqlarından yaxşı göstərmək istəyirdilər. Buna görə də onlar qərara gəldilər ki, başqalarına kömək etmək üçün bütün pullarını verdiklərini desinlər. Əslində isə pullarının yalnız bir hissəsini vermək fikrində idilər. Sən bu hərəkətə nə ad verərdin? ~

Hananya həvarilərin yanına gəlib, pulu onlara verdi. Əlbəttə, Allah bilirdi ki, o, pullarının hamısını verməyib. Buna görə də həvari Peterə bildirdi ki, Hananya yalan danışır.

Hananya Peterə yalandan nə deyir?

Onda Peter dedi: ‘Hananya, nəyə görə Şeytana uydun? Tarla sənin özünün idi. Onu satmağa məcbur deyildin. Madam ki, tarlanı satdın, pulunu necə xərcləcəyinə də özün qərar verə bilərdin. Axı nəyə görə pulun yalnız bir hissəsini verdiyin halda, hamısını verdiyini söyləyirsən? Bunu etməklə sən təkcə bizi yox, Allahı da aldadırsan’.

Bu çox ciddi məsələ idi. Hananya yalan danışmışdı! Onun sözü ilə hərəkəti üst-üstə düşmürdü. O, başqalarının gözündən pərdə asmaq istəyirdi. Müqəddəs Kitabda sonra baş verənlər haqqında belə deyilir: ‘Peterin sözlərini eşidər-eşitməz Hananya yıxılıb öldü’. Bu, Allahın cəzası idi! Sonra onun cəsədini çölə çıxartdılar və aparıb basdırdılar.

Yalan danışdığı üçün Hananyaya nə oldu?

 Təxminən üç saatdan sonra Şapira ora gəldi. O, ərinin başına gələnlərdən xəbərsiz idi. Peter ondan da soruşdu: ‘Tarlanı bizə verdiyiniz pula satmısınız?’

Şapira cavab verdi: ‘Bəli, biz tarlanı elə o qiymətə satmışıq’. Amma bu, yalan idi! Axı onlar tarlanın pulunun bir hissəsini özlərinə saxlamışdılar. Bu səbəbdən, Allah Şapiranı da cəzalandırdı və o öldü (Həvarilərin işləri 5:1—11).

Hananya və Şapiranın başına gələnlərdən özümüzə nə dərs götürməliyik? ~ Biz öyrənirik ki, Allahın yalançılardan xoşu gəlmir. O istəyir ki, biz həmişə sözün düzünü danışaq. Amma çoxları deyir ki, yalan danışmaqda pis bir şey yoxdur. Sən necə düşünürsən, bu insanlar haqlıdırlar? ~ Sən bilirdin, bütün xəstəliklər, ağrı-acı və ölüm yalanın ucbatından mövcuddur? ~

İsanın sözlərinə görə, ilk dəfə yalan danışan kim olub və bu, nə ilə nəticələnib?

Yadına sal, İblis ilk qadın Həvvaya yalan danışdı. O, yalandan dedi ki, Allahın sözündən çıxıb qadağan olunmuş ağacın meyvəsindən yesə, ölməyəcək. Həvva İblisə inanıb meyvədən yedi və Adəmi də yeməyə təhrik etdi. Bundan sonra onlar günahlı oldular. Artıq onların uşaqları da günahlı doğulacaqdı. Günahlı olduqları üçün Adəmin bütün övladları əzab-əziyyət içində yaşadı və öldü. Deməli, bütün bu əzab-əziyyətlər nədən başladı? ~ Yalandan.

Təəccüblü deyil ki, İsa Şeytanı ‘yalançı və yalanın atası’ adlandırmışdı! O, yalan danışan ilk şəxsdir. Kimsə yalan danışanda Şeytan kimi hərəkət etmiş olur. Ürəyimizdən yalan danışmaq keçəndə belə, bu haqda düşünməliyik (Yəhya 8:44).

 Necə ola bilər ki, yalan danışmaq istəyəsən? ~ Yəqin nəyisə düz etməyəndə, hə? ~ Ola bilər, istəmədən nə isə sındırasan. Səndən bunu kimin etdiyini soruşsalar, bacının və ya qardaşının üstünə atacaqsan? Yoxsa, özünü bilməməzliyə vuracaqsan? ~

Necə ola bilər ki, yalan danışmaq istəyəsən?

Tutalım, sənə ev tapşırığı verilib, sən isə onu axıra kimi etməmisən. İndi sən deyəcəksən ki, tapşırığın hamısını yerinə yetirmisən? ~ Hananya və Şapiranı yadına sal. Onlar hər şeyi olduğu kimi demədilər. Allah da onları ölümlə cəzalandırmaqla bunun nə qədər pis olduğunu göstərdi.

Hər nə ediriksə-edək, yalan danışmaq işləri daha da korlayacaq. Bundan əlavə, biz heç nəyi gizlətməməliyik. Müqəddəs Kitabda deyilir: ‘Həqiqəti söylə’. Orada həmçinin yazılır: «Bir-birinizə yalan danışmayın». Yehova həmişə həqiqəti söyləyir və istəyir ki, biz də Onun kimi davranaq (Efeslilərə 4:25; Koloslulara 3:9).

Biz həmişə sözün düzünü danışmalıyıq. Çıxış 20:16; Süleymanın məsəlləri 6:16—19; 12:19; 14:5; 16:6 və İbranilərə 4:13 ayələrində bunu etməyin vacibliyi vurğulanır.