Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 24

Heç vaxt oğurluq etmə!

Heç vaxt oğurluq etmə!

HEÇ elə olub ki, kimsə səndən nə isə oğurlasın? ~ Bu vaxt özünü necə hiss etmisən? ~ Oğurlayan kim olursa-olsun, o, oğrudur. Oğrunu isə heç kim sevmir. Səncə, insan necə oğru olur? O, oğru kimi doğulur? ~

Artıq öyrəndik ki, insanlar günahlı doğulurlar. Deməli, hamımız qeyri-kamilik. Buna baxmayaraq, heç kəs oğru doğulmur. Hətta yaxşı ailədən çıxan adam belə oğru ola bilər. Ola bilsin, onun valideynləri, bacı-qardaşları dürüst adamlardır. Lakin o, pulu və pulla alınan şeyləri o qədər sevə bilər ki, oğurluq etməyə başlayar.

Səncə, ilk oğru kim olub? ~ Gəl fikirləşək. Böyük Müəllim göydə olanda həmin şəxsi tanıyırdı. O, mələk idi. Axı Allah bütün mələkləri kamil yaratmışdı, bəs necə oldu ki, o, oğru oldu? ~ Bu kitabın 8-ci fəslindən öyrəndiyimiz kimi, o, özünə məxsus olmayan bir şeyi istəyirdi. Yadındadır, nəyi? ~

Allah ilk kişi və qadını yaradandan sonra həmin mələk istədi ki, onlar ona ibadət etsinlər. Onun buna haqqı çatmırdı. Onlar yalnız Allaha ibadət etməli idilər. Lakin mələk özünə məxsus olmayan bir şeyi Allahdan oğurladı! Adəmlə Həvvanı özünə ibadət etdirməklə bu mələk oğru oldu. Beləliklə, o, Şeytan İblis oldu.

İnsanı oğurluq etməyə nə vadar edir? ~ Ona məxsus olmayan şeyi arzulaması. Bu arzu o qədər güclü ola bilər ki, hətta yaxşı insanları belə pis işlər görməyə vadar edər. Bəzən oğurluq edən adamlar heç vaxt peşman olmur və pis işlərindən əl  çəkmirlər. Belə adamlardan biri İsanın həvarisi idi. Onun adı Yəhuda İskaryot idi.

Yəhuda bilirdi ki, oğurlamaq günahdır, çünki ona uşaqlıqdan Allahın Qanununu öyrətmişdilər. O bilirdi ki, Allah bir dəfə hətta göydən Öz xalqına demişdi: «Oğurluq etmə» (Çıxış 20:15). Yəhuda böyüyəndə Böyük Müəllimlə tanış oldu və onun şagirdlərindən biri oldu. Sonralar İsa onu 12 həvarisindən biri kimi seçdi.

İsa və onun həvariləri hər yerə birlikdə gedirdilər. Onlar birlikdə yeyirdilər, bütün pullarını isə qutuda saxlayırdılar. İsa həmin qutunu Yəhudaya tapşırmışdı. Aydındır ki, oradakı pullar ona məxsus deyildi. Amma bilirsən, bir qədər sonra Yəhuda nə etdi? ~

Nəyə görə Yəhuda oğurluq etdi?

Heç kimin ağlına belə gətirmədiyi halda, o, qutudan pulları götürməyə başladı. O, pulu adətən heç kim görməyəndə götürürdü. Bu azmış kimi, üstəlik, daha çox pul oğurlamaq üçün üsullar axtarırdı. O, gecə-gündüz pul haqqında fikirləşirdi. Gəl görək Böyük Müəllimin öldürülməsindən cəmi bir neçə gün əvvəl düzgün olmayan bu arzu nəyə gətirib çıxardı.

İsanın dostu olan Lazarın bacısı Məryəm bir qədər əla yağ götürüb, İsanın ayaqlarına tökdü. Lakin bunu görən Yəhuda narazılığını bildirdi. Bilirsən, nəyə görə? ~ O dedi ki, yağı satıb, pullarını kasıblara paylamaq olardı. Əslində isə o istəyirdi ki, qutuda çoxlu pul olsun, o da pulları oğurlasın (Yəhya 12:1—6).

İsa Yəhudaya dedi ki, ona bu cür yaxşılıq edən Məryəmlə işi olmasın. İsanın bu sözləri Yəhudanın xoşuna gəlmədi, buna görə də o, İsanın düşməni olan başçı kahinlərin yanına getdi. Onlar İsanı tutmaq niyyətində idilər, amma heç kim görməsin deyə, bunu gecə etmək istəyirdilər.

 Yəhuda kahinlərə dedi: ‘Mənə pul versəniz, İsanı necə tutmağı sizə deyərəm. Desəm, mənə nə qədər pul verərsiniz?’

Kahinlər: ‘Otuz gümüş pul verərik’, — dedilər (Matta 26:14—16).

Yəhuda razılaşdı və pulları götürdü. Bunu etməklə o, sanki Böyük Müəllimi həmin insanlara satdı! Belə pis iş tutan adamı təsəvvür edə bilərsən? ~ Təəssüf ki, oğru olmağın və pul oğurlamağın nəticəsi məhz belə olur. Bu cür hərəkət edən insan pulu hər kəsdən, hətta Allahdan da çox sevir.

Ola bilsin, sən: «Mən heç vaxt heç nəyi Yehova Allahdan çox sevmərəm», — deyəcəksən. Əhsən, nə yaxşı ki, belə fikirləşirsən. İsa Yəhudanı həvari seçəndə, yəqin Yəhuda da məhz belə fikirləşirdi. Sonralar oğru olan başqa adamlar da əvvəllər belə düşünüblər. Gəl onların bəziləri haqqında danışaq.

Akanla Davud hansı pis şey haqda fikirləşirlər?

Onlardan biri Allahın Akan adlı xidmətçisi idi. O, Böyük Müəllimin yer üzünə gəlməsindən çox-çox əvvəl yaşamışdı. Bir gün, Akan gözəl bir libas, qızıl külçəsi və bir neçə gümüş pul gördü. Bu şeylər onun deyildi.  Müqəddəs Kitabda deyilir ki, həmin əşyalar Yehovaya məxsus idi, çünki onları Allahın xalqının düşmənlərindən götürmüşdülər. Lakin onlar Akanın o qədər xoşuna gəldi ki, o, nəfsinə hakim ola bilməyib onları oğurladı (Yeşua 6:19; 7:11, 20—22).

Gəl başqa bir nümunəyə də nəzər salaq. Çox illər əvvəl Yehova Davudu İsrail xalqının üzərinə padşah qoydu. Bir gün Davud Bat-Şeva adlı gözəl bir qadını gördü. O, Bat-Şevadan gözünü çəkmədi və onu evinə gətirib onunla yatmaq istədi. Amma o, Uriyanın arvadı idi. Davud nə etməli idi? ~

Davud Bat-Şeva ilə olmaq fikrini özündən uzaqlaşdırmalı idi. Lakin o, bunu etmədi. Buna görə də Davud onu öz evinə  gətirdi. Sonra elə etdi ki, onun əri Uriyanı öldürsünlər. Nəyə görə Davud belə pis işlər gördü? ~ Çünki o, başqasının arvadını fikrindən çıxarmırdı (2 Şamuel 11:2—27).

Abşalom hansı mənada oğru idi?

Davud peşman olduğu üçün Yehova ona yaşamağa izin verdi. Amma həmin vaxtdan sonra Davudun çoxlu çətinlikləri oldu. Oğlu Avşalom padşahlığı onun əlindən almaq istədi. Buna görə də Davudun yanına kimsə gələndə o, onları qucaqlayıb öpürdü. Müqəddəs Kitabda deyilir: ‘Avşalom israillilərin könlünü bu surətdə ələ alırdı’. Bu da bir növ oğurluq idi. Belə ki, sonda insanlar Davudun əvəzinə onun padşah olmasını istədilər (2 Şamuel 15:1—12).

Heç nə vaxtsa Akan, Davud və Avşalom kimi, sən də nəyisə əldə etməyi çox arzulamısan? ~ Əgər həmin şey başqasına məxsusdursa, onu icazəsiz götürmək oğurluq sayılır. Yadındadır, ilk oğru olan Şeytanın ürəyindən nə keçmişdi? ~ O istəyirdi ki, insanlar Allaha yox, ona ibadət etsinlər. Beləliklə, Şeytan Adəmlə Həvvanı özünə itaət etməyə sövq etməklə oğurluq etmiş oldu.

İnsan özünə məxsus olan əşyanı kimə istəsə verə bilər. Tutaq ki, sən başqa uşaqlarla onların evində oynayırsan. Oradan nə isə götürüb evə gətirməyin düzgün olardı? ~ Nə qədər ki, onların ata-anası sənə icazə verməyiblər, düzgün olmazdı. İcazəsiz nəyisə evə gətirməyin oğurluq olardı.

Nəyisə oğurlamaq istəyi səndə necə yarana bilər? ~ Sənə məxsus olmayan bir şeyi əldə etmək istəyərkən. Sənin götürdüyünü heç kim görməsə də, bunu kim görür? ~ Yehova Allah. Həm də yadda saxlamaq lazımdır ki, Yehova oğurluğa nifrət edir. Beləliklə, Allahı və yaxınını sevsən, heç vaxt oğurluq etməyəcəksən.

Müqəddəs Kitabda aydın deyilir ki, oğurluq etmək olmaz. Zəhmət olmasa, Mark 10:17—19; Romalılara 13:9 və Efeslilərə 4:28 ayələrini oxu.