Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 18

Təşəkkür etməyi unutma

Təşəkkür etməyi unutma

BU GÜN yemək yemisən? ~ Onu kim bişirmişdi? ~ Yəqin anan, ya da başqası. Bəs onda, yeməyə görə nə üçün Allaha təşəkkür etməliyik? ~ Çünki yeməyin hazırlanması üçün lazım olan şeyləri Yehova bitirir. Lakin biz yeməyi hazırlayana və ya süfrəni açana da minnətdarlığımızı bildirməliyik.

Bizə etdikləri yaxşılıqlara görə bəzən insanlara «çox sağ ol» deməyi yaddan çıxarırıq, düz demirəm? Böyük Müəllim yer üzündə olanda bir neçə cüzamlı ona təşəkkür etməyi unutmuşdu.

Bilirsən, kimə cüzamlı deyilir? ~ Cüzamlı cüzam xəstəliyinə tutulan adama deyilir. Bu xəstəliyə tutulan insanın bədəninin bəzi hissələri hətta çürüyüb düşür. İsa yer üzündə yaşayanda cüzamlılar başqa adamlardan ayrı yaşamalı idilər. Həmçinin cüzamlı kiminsə yaxınlaşdığını görəndə ucadan xəbərdarlıq etməli idi ki, həmin adam ona yaxınlaşmasın. Bunu ona görə edirdilər ki, cüzam başqa adamlara da keçməsin.

İsanın cüzamlılara yazığı gəlirdi. Bir gün İsa Yerusəlimə gedəndə yolu kiçik bir kənddən düşdü. Həmin kəndin yaxınlığında onun qabağına on cüzamlı çıxdı. Onlar eşitmişdilər ki, İsa Allahın gücü ilə hər bir xəstəliyi sağalda bilər.

Cüzamlılar İsaya yaxınlaşmadılar. Onlar uzaqda durmuşdular. Ancaq inanırdılar ki, İsa onları cüzamdan sağalda bilər. Buna görə də cüzamlılar Böyük Müəllimi görən kimi ona yalvararaq dedilər: ‘İsa, Müəllim, bizə kömək et’.

Sənin də xəstə adamlara yazığın gəlir? ~ İsa onların halına acıyırdı. O, cüzamın nə qədər pis xəstəlik olduğunu bilirdi. Elə  bu səbəbdən, cüzamlılara dedi: «Gedin, özünüzü kahinlərə göstərin» (Luka 17:11—14).

İsa bu cüzamlılara nə etməyi söyləyir?

Nə üçün İsa onlara bunu etməyi tapşırdı? Ona görə ki, Yehovanın Öz xalqına cüzamlılar haqqında verdiyi qanun bunu tələb edirdi. Qanunda deyilirdi ki, kahin cüzamlının bədəninə baxmalıdır. Cüzamlının tamamilə sağalıb-sağalmadığını kahin deyə bilərdi. O sağaldıqdan sonra yenidən xalqın arasında yaşaya bilərdi (Levililər 13:16, 17).

Ancaq bu cüzamlılar hələ sağalmamışdılar. Bəs onlar İsanın sözünə qulaq asıb kahinin yanına getdilər? ~ Bəli, onlar vaxt itirmədən bunu etdilər. Görünür, bu kişilər İsanın onları sağaldacağına  inanırdılar. Bunun nəticəsi necə oldu?

Hələ yolda ikən onlar sağaldılar. Bədənləri tər-təmiz oldu. Onlar yenidən sağlam oldular! Onların İsanın gücünə olan inamları mükafatlandırıldı. Təsəvvür et, onlar necə sevinirdilər! Bəs onlar minnətdarlıqlarını necə bildirməli idilər? Onların yerinə sən olsaydın, nə edərdin? ~

Şəkildəki cüzamlı nə etməyi yaddan çıxarmadı?

Onlardan biri İsanın yanına qayıtdı. O, Allah haqqında yaxşı sözlər deyərək Onu izzətləndirməyə başladı. Həmin kişi düzgün hərəkət etdi, çünki o, Allahın qüvvəsi ilə sağalmışdı. O, həmçinin Böyük Müəllimin qarşısında diz çökərək ona minnətdarlığını bildirdi. O, yaxşılıq etdiyi üçün İsaya çox minnətdar idi.

Bəs yerdə qalan doqquz kişi haqqında nə demək olar? İsa da elə bunu soruşdu: ‘Sağalanlar on nəfər deyildi? Bəs qalan doqquz nəfər hanı? Allahı izzətləndirmək üçün cəmi bir nəfər geri döndü?’

Bəli, bu, həqiqətən də belə idi. Onlardan yalnız biri Allaha həmd etdi, yəni Onu izzətləndirdi və İsaya minnətdarlığını bildirmək üçün geri  qayıtdı. Özü də ki, bu adam başqa ölkədən, Samariyadan idi. Digər doqquz kişinin isə Allaha və İsaya təşəkkür etmək ağlından belə keçmədi (Luka 17:15—19).

Bəs sən bu adamlardan hansına oxşayırsan? Biz samariyalı kimi olmaq istəyərdik, elə deyil? ~ Buna görə də kimsə bizə yaxşılıq edəndə nəyi yaddan çıxarmamalıyıq? ~ Mütləq təşəkkürümüzü bildirməliyik. İnsanlar çox vaxt bunu yaddan çıxarırlar. Lakin «çox sağ ol» demək düzgün hərəkətdir. Biz belə edəndə Yehova Allah və Onun Oğlu İsa bizdən razı qalır.

Sən İsanın yanına qayıdan cüzamlıya bənzəmək üçün nə edə bilərsən?

Bir az fikirləşsən, görəcəksən ki, başqaları sənə nə qədər yaxşılıq edib. Məsələn, nə vaxtsa xəstələnmisən? ~ Bəlkə də heç vaxt həmin on cüzamlı kimi ağır xəstəliyə tutulmamısan, lakin ola bilsin, sənə soyuq dəyib və ya qarnın ağrıyıb. Bu zaman kimsə sənin qeydinə qalıb? ~ Yəqin onlar sənə dərman veriblər və ya sağalmağın üçün başqa nə isə ediblər. Sağalmağın üçün sənə baxdıqlarına görə sevinirdin? ~

Samariyalı onu sağaltdığı üçün İsaya minnətdarlığını bildirdi və bu, İsanı sevindirdi. Necə düşünürsən, sənin üçün nə isə edəndə anana və ya atana «çox sağ ol» desən, onlar sevinəcəklər? ~ Əlbəttə, sevinəcəklər.

Təşəkkür etməyi unutmamaq nəyə görə vacibdir?

Bəzi insanlar sənin üçün hər gün və ya hər həftə nə isə edirlər. Bəlkə də, bunu etmək onların işidir. Hətta onlar bu işdən sevinc  duyurlar. Amma ola bilər, sən onlara «sağ ol» deməyi unudursan. Müəllimin səni öyrətmək üçün əlindən gələni edə bilər. Bu, onun işidir. Ancaq səni öyrətdiyi üçün minnətdarlığını bildirsən, ona xoş olacaq.

Bəzən insanlar sənin üçün kiçik bir şey edirlər. Olub ki, kimsə sənə yükünü daşımaqda kömək edib, yaxud süfrə arxasında çörəyi ötürüb? Belə kiçik şeylərə görə də «çox sağ ol» demək düzgün olardı.

Əgər insanlara təşəkkür etməyi unutmasaq, çox ehtimal ki, səmavi Atamıza da minnətdarlığımızı bildirməyi unutmayacağıq. Bundan əlavə, Yehovaya təşəkkür etməyə necə də çoxlu səbəblərimiz var! Axı O, bizə həyat verib və ondan həzz almağımız üçün bizi hər şeylə təmin edib. Buna görə də hər gün Allah haqqında xoş sözlər deməklə Onu izzətləndirməyə əsasımız çoxdur.

Təşəkkür etməklə bağlı fikirləri bu ayələrdən oxuya bilərsən: Məzmur 92:1; Efeslilərə 5:20; Koloslulara 3:17 və 1 Saloniklilərə 5:18.