Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 27

Sənin Allahın kimdir?

Sənin Allahın kimdir?

NƏ ÜÇÜN bu, vacib sualdır? ~ Çünki insanlar çoxlu allahlara ibadət edirlər (1 Korinflilərə 8:5). Həvari Pavel Yehovadan güc alıb heç vaxt yeriməyən adamı sağaldanda camaat qışqırdı: «Tanrılar insan surətində yanımıza eniblər!» Onlar Pavelə və onun dostu Barnabaya ibadət etmək istəyirdilər. Paveli Hermes, Barnabanı isə Zevs adlandırdılar. Bunlar yalançı allahların adı idi.

Amma Pavellə Barnaba icazə vermədi ki, həmin adamlar onlara ibadət etsinlər. Onlar izdihamın içinə atılıb dedilər: ‘Bu boş şeylərdən yaşayan Allaha tərəf dönün’ (Həvarilərin işləri 14:8—15). Hər şeyi yaradan ‘yaşayan Allah’ kimdir? ~ Bəli, hər kəsdən uca olan Yehovadır. İsa Yehovanı ‘vahid həqiqi Allah’ adlandırmışdı. Deməli, kimə ibadət etmək lazımdır? ~ Yalnız Yehovaya! (Məzmur 83:18; Yəhya 17:3; Vəhy 4:11).

Nəyə görə Pavel və Barnaba insanların onlara səcdə etməsinə icazə vermədilər?

İnsanların əksəriyyəti ‘vahid həqiqi Allaha’ yox, başqa allahlara qulluq edirlər. Çox vaxt onlar taxtadan, daşdan, yaxud dəmirdən düzəltdikləri şeylərə sitayiş edirlər (Çıxış 32:4—7; Levililər 26:1; Yeşaya 44:14—17). Hətta məşhur kişi və qadınları çox vaxt allah və ya ulduz adlandırırlar. Onlara izzət vermək düzgündür? ~

Şaul həvari Pavel olandan sonra yazmışdı: «Bu əsrin tanrısı imansızların zehinlərini kor etmişdir» (2 Korinflilərə 4:4). Söhbət hansı allahdan gedir? ~ Düzdür, Şeytan İblisdən! Şeytan insanları adamlara və başqa şeylərə ibadət etməyə sövq edə bilir.

 Şeytan İsanı ona baş əyib səcdə qılmağa məcbur etmək istəyəndə İsa ona nə demişdi? ~ «Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et» (Matta 4:10). Bununla, İsa aydın bildirdi ki, yalnız Yehovaya ibadət etmək lazımdır. Gəl bunu yaxşı başa düşən bir neçə gənc haqqında oxuyaq. Onların adı Şadrak, Meşak və Aved-Neqo idi.

Bu gənc ibranilər Allahın xalqından — israillilərdən idilər. Onları Babilə əsir aparmışdılar. Orada Navuxodonosor padşah qızıldan böyük heykəl düzəltdi. Bir gün o əmr etdi ki, musiqi çalınanda hər kəs heykələ baş əysin. ‘Kim baş əyib səcdə etməsə, odla qızmış sobanın içinə atılacaq’, — deyə o xəbərdarlıq etdi. Sən orada olsaydın, nə edərdin? ~

Bu adamlar nə üçün heykələ baş əymirlər?

 Adətən Şadrak, Meşak və Aved-Neqo padşahın bütün əmrlərini yerinə yetirirdilər. Amma bu dəfə onlar padşahın sözündən çıxdılar. Bilirsən, nəyə görə? ~ Çünki Allahın qanununda deyilirdi: ‘Məndən başqa allahların olmasın. Özün üçün heç bir oyma büt düzəldib ona səcdə qılma’ (Çıxış 20:3—5). Buna görə də Şadrak, Meşak və Aved-Neqo padşahın əmrinə yox, Yehovanın qanununa tabe oldular.

Padşah çox qəzəbləndi və əmr etdi ki, dərhal üç yəhudini hüzuruna gətirsinlər. O soruşdu: ‘Bu doğrudur ki, siz mənim allahlarıma qulluq etmirsiniz? Sizə bir dəfə də imkan verirəm. İndi musiqi səsini eşidəndə baş əyib, düzəltdiyim heykələ səcdə qılın. Yoxsa odla qızmış sobaya atılacaqsınız. Onda görüm hansı allah sizi mənim əlimdən qurtaracaq’.

Maraqlıdır, görəsən onlar indi nə edəcəklər? Sən onların yerinə olsaydın, nə edərdin? ~ Onlar padşaha dedilər: ‘Qulluq etdiyimiz Allah bizi xilas etməyə qadirdir. Hətta belə olmasa da, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik’.

 Padşahın qəzəbi daha da alovlandı. O əmr etdi: ‘Sobanı həmişəkindən yeddi dəfə artıq qızdırın!’ Sonra güclü əsgərlərinə tapşırdı ki, Şadrak, Meşak və Aved-Neqonun əl-qolunu bağlayıb sobaya atsınlar. Soba o qədər qızmışdı ki, alovdan padşahın öz adamları öldü! Bəs üç yəhudiyə nə oldu?

Şadrak, Meşak və Aved-Neqo düz alovun içinə düşdülər. Ancaq sonra onlar ayağa durdular! Onlara heç nə olmamışdı. Əl-qolları da artıq bağlı deyildi. Axı bu necə ola bilərdi? ~ Padşah sobaya baxanda canına vəlvələ düşdü. ‘Məgər biz oda üç nəfəri atmamışdıq?’ — deyə o soruşdu. Qulluqçular: ‘Bəli, padşah sağ olsun’, — deyə cavab verdilər.

Yehova Öz xidmətçilərini odla qızmış sobadan necə xilas etdi?

Sonra padşah dedi: ‘Bəs mən orada dörd nəfərin gəzdiyini görürəm, özü də onlara heç nə olmur’. Bilirsən, dördüncüsü kim idi? ~ Yehovanın mələyi. O, üç yəhudini qoruyurdu ki, onlara heç nə olmasın.

Bunu görən padşah sobaya yaxınlaşaraq qışqırdı: «Ey uca Allahın qulları Şadrak, Meşak və Aved-Neqo! Çıxın və buraya gəlin». Çıxanda hamı gördü ki,  onlara heç nə olmayıb. Onlardan heç yanıq iyi də gəlmirdi. Belə olanda padşah dedi: ‘Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükür olsun ki, mələyini göndərib başqa bir allaha səcdə etməyən qullarını xilas etdi’ (Daniel, fəsil 3).

Bu gün insanlar kimləri və nələri ilahiləşdirib, onlara izzət verirlər?

Qədimdə baş vermiş bu hadisədən biz də özümüzə dərs götürə bilərik. Bu gün də insanlar əşyalara, başqa sözlə, bütlərə ibadət edirlər. Bir ensiklopediyada deyilir: «Bayraq da xaç kimi müqəddəsdir» («The Encyclopedia Americana»). Bütləri adətən taxtadan, daşdan, dəmirdən və ya parçadan düzəldirlər. İsanın erkən şagirdləri Roma imperatorlarına səcdə etmirdilər. Tarixçi Daniel Manniksin sözlərinə görə, bunu «bayrağa təzim etməkdən və ya sədaqət andını təkrarlamaqdan imtina etməklə» müqayisə etmək olar.

İndi necə fikirləşirsən, Allah üçün fərqi var büt nədən hazırlanıb: parçadan, taxtadan, yoxsa dəmirdən? ~ Yehovanın xidmətçisinin belə bütlərə səcdə etməsi düzgün olardı? ~ Şadrak, Meşak və Aved-Neqo bunu etmədilər, Yehova da onlardan razı qaldı. Bəs sən onlardan necə nümunə götürə bilərsən? ~

Yehovaya xidmət edən adamlar başqa heç kəsə və heç nəyə ibadət etməməlidirlər. Gör Yeşua 24:14, 15, 19—22; Yeşaya 42:8; 1 Yəhya 5:21 və Vəhy 19:10 ayələrində bu haqda nə yazılıb.

Əlavə məlumat

Yehova sənə necə cəsarət verə bilər?

Yehova cəsarətli israilli qız kimi, sənə də cəsarətli olmağa kömək edəcək.