Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 25

Pislik edənlər dəyişə bilərlər?

Pislik edənlər dəyişə bilərlər?

HAMI yaxşı işlər görsəydi, əla olardı, elə deyil? ~ Lakin elə adam yoxdur ki, həmişə yaxşı işlər görsün. Bilirsən, niyə yaxşı iş görmək istəsək də, hərdən hamımız pis işlər tuturuq? ~ Çünki hər birimiz günahlı doğulmuşuq. Amma bəzi adamlar olduqca çox pis işlər tuturlar. Onlar başqalarına nifrət edir və qəsdən onlara pislik edirlər. Səncə, onlar dəyişib yaxşı adam ola bilərlər? ~

Şəklə bax. Orada Stefanı daşlayan adamların paltarlarını qoruyan bir cavanı görəcəksən. Yəhudilər onu Şaul, romalılar isə Pavel adlandırırlar. Böyük Müəllimin şagirdi Stefanın öldürülməsi onun ürəyincədir. Gəl görək Şaul nəyə görə belə pis iş tutur.

Şaul yəhudilərin fərisey adlanan dini qrupuna aiddir. Fəriseylərin əlində Allahın Kəlamı olsa da, onlar öz din rəhbərlərinin öyrətdiklərinə daha çox üstünlük verirdilər. Buna görə də Şaulun əməlləri pis idi.

Stefan Yerusəlimdə həbs olunanda Şaul da orada idi. Stefanı məhkəmə qarşısına çıxardılar. Orada hakimlərdən bəziləri fəriseylər idi. Onlar Stefan haqqında pis şeylər söyləsələr də, o qorxuya düşmədi. Əksinə, cəsarətlə danışaraq Yehova Allah və İsa Məsih haqqında əsaslı şahidlik verdi.

Amma onun dediyi şeylər həmin hakimlərin xoşuna gəlmədi. Onların İsa haqqında artıq kifayət qədər məlumatı var idi. Əslinə qalsa, bundan bir az əvvəl elə onların özləri İsanı öldürmüşdülər!  Lakin sonra Yehova İsanı göyə qaldırdı. İndi, öz yollarından dönmək əvəzinə, hakimlər İsanın şagirdləri ilə mübarizə aparırdılar.

Hakimlər Stefanı qamarlayıb şəhərdən kənara sürüdülər. Onu elə möhkəm vurdular ki, o, yerə yıxıldı və onu daşlamağa başladılar. Şaul isə, şəkildə gördüyün kimi, qıraqda dayanıb onlara baxırdı. Onun fikrincə, Stefan ölməli idi.

Nəyə görə Şaul Stefanın ölümə layiq olduğunu düşünürdü?

Bilirsən, Şaul nə üçün belə düşünürdü? ~ Şaul bütün həyatı boyu fərisey olmuşdu və inanırdı ki, fəriseylərin öyrətdikləri həqiqətdir. O, həmin adamlara nümunə kimi baxırdı, buna görə də onlar kimi davranırdı (Həvarilərin işləri 7:54—60).

Stefan öldürüldükdən sonra Şaul nə etdi? ~ O, İsanın yerdə qalan şagirdlərini də aradan götürməyə çalışırdı! O, birbaş onların evlərinə girir, kişiləri və qadınları sürüyüb küçəyə çıxarırdı. Sonra onları zindana saldırırdı. Məhz buna görə də şagirdlərdən çoxu Yerusəlimdən çıxıb getməyə məcbur oldu. Lakin onlar İsa haqqında təbliğ etməyi dayandırmırdılar (Həvarilərin işləri 8:1—4).

 Bunu görən Şaulun İsanın şagirdlərinə olan nifrəti daha da artırdı. Buna görə də o, baş kahin Qayafanın yanına gedib, Dəməşq şəhərindəki məsihçiləri həbs etmək üçün ondan icazə aldı. Şaul məsihçiləri Yerusəlimə gətirmək istəyirdi ki, onları cəzalandırsınlar. Amma Dəməşqə gedən yolda onun başına qəribə hadisə gəldi.

Şaulla danışan kimdir və o, Şaulu nə etməyə göndərir?

Qəflətən göydən işıq nur saçdı və bir səs dedi: «Şaul, Şaul! Nə üçün Məni təqib edirsən?» Göydən danışan İsanın özü idi! İşıq elə gur idi ki, Şaulun gözləri tutuldu və onu Dəməşqə yanındakı adamlar apardılar.

Üç gün sonra İsa Dəməşqdə yaşayan Hananya adlı adama görüntüdə göründü. İsa Hananyaya tapşırdı ki, Şaula baş çəksin, gözlərini açıb onunla danışsın. Hananya Şaulla danışanda o, İsa haqqında həqiqəti qəbul etdi. Onun gözləri açıldı. Şaulun həyatı büsbütün dəyişdi və o, Allahın sadiq xidmətçisi oldu (Həvarilərin işləri 9:1—22).

İndi başa düşdün, nəyə görə Şaul pis işlər görürdü? ~ Ona görə ki, ona düzgün olmayan şeylər öyrətmişdilər. O, Allaha sadiq olmayan insanların yolu ilə gedirdi. Həm də elə adamlarla oturub-dururdu ki, onlar insanların fikrini Allahın Kəlamından üstün tuturdu. Bəs nə üçün başqa fəriseylər Allaha qarşı mübarizə aparmağa davam etsələr də, Şaul öz həyatını dəyişib yaxşı işlər görməyə başladı? ~ Çünki Şaul həqiqətə nifrət etmirdi. Buna görə də həqiqəti bilən kimi onu qəbul etdi.

Bilirsən, Şaul sonralar kim oldu? ~ Bəli, o, İsanın həvarisi olan həvari Pavel kimi tanınmağa başladı. Bir şeyi də unutma, Müqəddəs Kitabı yazanların içində ən çox kitab yazan elə Pavel olmuşdur.

Şaula bənzəyən bir çox insanlar da həyatlarını dəyişə bilərlər. Amma bu, asan deyil, çünki elə bir şəxs var ki, insanların pis iş  görməsi üçün hər şeyə əl atır. Bilirsən, o kimdir? ~ Dəməşqə gedən yolda Şaula görünəndə İsa onun haqqında danışmışdı. Orada İsa göydən Şaula demişdi: ‘Səni insanların gözlərini açmağa göndərirəm ki, onlar qaranlıqdan nura, Şeytanın hakimiyyətindən Allaha tərəf dönsünlər’ (Həvarilərin işləri 26:17, 18).

Bəli, bütün insanları pis iş görməyə sövq edən Şeytan İblisdir. Hərdən elə olur ki, düzgün davranmaq sənin üçün çətin olsun? ~ Hamımıza çətin olur. Bunu çətin edən Şeytandır. Amma düzgün davranmağın həmişə asan olmamasının başqa bir səbəbi də var. Bilirsən, hansı səbəbdir? ~ Bu, hamımızın günahlı doğulmasıdır.

Günahlı olduğumuza görə çox vaxt pis iş tutmaq düzgün davranmaqdan asan olur. Belə isə biz nə etməliyik? ~ Bəli, düzgün davranmaq üçün mübarizə aparmalıyıq. Belə etsək, əmin ola bilərik ki, bizi sevən İsa köməyimizə çatacaq.

İsa yer üzündə olanda pis işlər görən, lakin sonra yaxşılığa doğru dəyişən insanları sevdiyini göstərmişdi. Həyatlarını dəyişməyin onlar üçün nə qədər çətin olduğunu o, yaxşı bilirdi.  Məsələn, o zaman çoxlu kişilərlə cinsi əlaqəyə girən qadınlar var idi. Sözsüz ki, bu, düzgün deyildi. Müqəddəs Kitabda belə qadınlar fahişə adlanır.

İsa nə üçün pis işlər görən bu qadını bağışladı?

Bir dəfə, belə qadınlardan biri İsa haqqında eşidib fəriseyin evinə, onun yanına gəldi. O, İsanın ayaqlarını yağladı və saçları ilə onun ayaqlarına tökülən göz yaşlarını sildi. O, etdiyi günahlarına görə çox peşman idi, buna görə də İsa onu bağışladı. Lakin fəriseylərin fikrincə, o, bağışlanmağa layiq deyildi (Luka 7:36—50).

Bilirsən, İsa fəriseylərin bəzilərinə nə dedi? ~ O, onlara dedi: «Fahişələr Allahın Səltənətinə sizdən qabaq girirlər» (Matta 21:31). İsa ona görə belə dedi ki, fahişələr ona inanır və pis yollarından dönürdülər. Fəriseylər isə İsanın şagirdlərinə pislik etməkdən qalmırdılar.

Beləliklə, Müqəddəs Kitab hərəkətimizin pis olduğunu deyəndə biz dəyişməyə hazır olmalıyıq. Həmçinin Yehovanın bizdən nə gözlədiyini biləndə də Onun istəyini həvəslə yerinə yetirməliyik. Belə olan halda, Yehovanın ürəyini sevindirəcəyik, O da bizə əbədi həyat bəxş edəcək.

Pis şeylərdən uzaq dura bilmək üçün gəl birlikdə Məzmur 119:9—11; Süleymanın məsəlləri 3:5—7 və 12:15 ayələrini oxuyaq.