Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 6

Böyük Müəllim insanlara xidmət edirdi

Böyük Müəllim insanlara xidmət edirdi

KİMSƏ sənin üçün yaxşı bir şey edəndə xoşuna gəlir? ~ Başqalarının da xoşuna gəlir. Ümumiyyətlə, bu, hamımıza xoşdur. Böyük Müəllim bunu bilirdi, ona görə də həmişə insanlar üçün nə isə edirdi. O demişdi: ‘Mənə xidmət edilmək üçün deyil, xidmət etməyə gəlmişəm’ (Matta 20:28).

İsanın şagirdləri nə haqda mübahisə edirdilər?

Deməli, əgər biz Böyük Müəllim kimi olmaq istəyiriksə, nə etməliyik? ~ Başqalarına xidmət etməliyik. Onlar üçün nə isə yaxşı bir şey etməliyik. Düzdür, çoxları belə etmir. Əslində, insanların əksəriyyəti istəyir ki, hamı onlara xidmət etsin. Bir ara hətta İsanın şagirdləri də bu fikirdə idilər. Onlardan hər biri digərlərindən üstün olmaq istəyirdi.

Bir gün İsa şagirdləri ilə uzaq yola çıxmışdı. Onlar Qalileya dənizi yaxınlığında yerləşən Kefernahum şəhərinə gələndə bir evə girdilər. Orada İsa onlardan soruşdu: «Yolda aranızda nə danışırdınız?» Onlar səslərini çıxartmadılar, çünki yolda aralarında kimin daha böyük olduğu barədə mübahisə edirdilər (Mark 9:33, 34).

 İsa bilirdi ki, şagirdlərindən kiminsə özünü digərlərindən üstün hesab etməsi düzgün deyil. Buna görə də, bu kitabın birinci fəslində öyrəndiyimiz kimi, İsa onların arasına bir balaca uşaq gətirib dedi ki, hər biri bu balaca uşaq kimi təvazökar olmalıdır. Lakin onlar özlərinə bundan dərs götürməmişdilər. Buna görə də İsa ölümündən bir az əvvəl onlara heç vaxt unuda bilməyəcəkləri bir dərs verdi. Bilirsən, o nə etdi? ~

Onlar birlikdə yemək yeyərkən İsa süfrədən qalxdı, bir dəsmal götürüb belinə bağladı. Sonra ləyən götürüb içinə su tökdü. Yəqin şagirdləri maraqla onun nə edəcəyini gözləyirdilər. Bir təsəvvür et! İsa çömbəlib bir-bir onların ayaqlarını yudu, sonra dəsmalla quruladı. Sən onların arasında olsaydın, özünü necə hiss edərdin? ~

İsa şagirdlərinə hansı dərsi verdi?

Şagirdləri düşünürdülər ki, Böyük Müəllimin onlara bu cür xidmət etməsi düzgün deyil. İsanın bu hərəkəti onları utandırdı. Peter İsanın onun ayaqlarını yumasına razı olmurdu. Lakin İsa dedi ki, o, bunu etməlidir.

Bu gün biz, adətən, bir-birimizin ayağını yumuruq. Lakin İsa yer üzündə yaşayan dövrdə belə etmək adət idi. Bilirsən, niyə? ~ İsanın və şagirdlərinin yaşadığı ərazidə insanlar yalın ayaqlarına səndəl geyinirdilər. Buna görə də onlar tozlu-torpaqlı yollarla gedəndə ayaqları çirklənirdi. Evə gələn adamın ayaqlarını yumaq hörmət əlaməti sayılırdı.

Lakin həmin gün İsanın şagirdlərindən heç biri o birilərinin ayaqlarını yumadı. Buna görə də İsa özü bunu etdi. İsa bununla şagirdlərinə vacib bir dərs verdi. Bu, onlara lazım idi. Biz də bundan özümüzə ibrət dərsi götürə bilərik.

Bilirsən, bu hansı dərsdir? ~ İsa süfrə arxasına qayıdandan sonra izah etdi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? Siz Mənə  “Müəllim” və “Rəbb” deyirsiniz və doğru söyləyirsiniz, ona görə ki, Mən Oyam. Madam ki, Mən Rəbb və Müəllim olduğum halda ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumağa borclusunuz» (Yəhya 13:2—14).

Başqalarına necə kömək edə bilərsən?

Bununla Böyük Müəllim göstərmişdi ki, o, şagirdlərinin bir-birinə xidmət etməsini istəyir. O istəmirdi ki, onlar ancaq özlərini fikirləşsinlər və düşünsünlər ki, çox vacib adamdırlar, ona görə də hamı onlara xidmət etməlidir. Əksinə, İsa istəyirdi ki, şagirdləri başqalarına xidmət etməyə hazır olsunlar.

Bu, həqiqətən də gözəl dərsdir, elə deyilmi? ~ Sən də Böyük Müəllimə oxşamaq və başqalarına xidmət etmək istəyirsən? ~ Hər birimiz başqaları üçün nə isə edə bilərik. Bu, onları sevindirəcək. Ən əsası isə, İsa və onun Atası sevinəcək.

Başqalarına xidmət etmək çətin deyil. Diqqətli olsan, görəcəksən ki, başqaları üçün çox şey edə bilərsən. Məsələn, fikirləş gör anana hansı işdə kömək edə bilərsən? Yaxşı bilirsən ki, o həm sənin, həm də ailənizin digər üzvləri üçün çox şey edir. Ona  kömək edə bilərsən? ~ Nəyə görə hansı köməyin lazım olduğunu ondan soruşmayasan?

Bəlkə, yeməkdən əvvəl süfrəni açasan? Yaxud nəyə görə yeməkdən sonra süfrəni yığıb, çirkli qabları yumayasan? Bəzi uşaqlar hər gün döşəməni süpürüb-silirlər. Hər nə etsən də, İsa kimi, başqalarına xidmət etmiş olacaqsan.

Sənin kiçik bacın və ya qardaşın var? Onlara xidmət edə bilərsən? Yadda saxla ki, Böyük Müəllim olan İsa şagirdlərinə də xidmət edirdi. Kiçik bacına və qardaşına xidmət etsən, İsa kimi davranmış olacaqsan. Onlar üçün nə edə bilərsən? ~ Bəlkə, oynadıqdan sonra onlara oyuncaqlarını yerinə qoymağı öyrədəsən? Yaxud onlara paltarlarını geyinməyə və ya çarpayını yığmağa kömək edə bilərsən.  Fikirləş gör, onlar üçün daha nə etmək olar? ~ Belə etsən, şagirdləri İsanı çox istədikləri kimi, onlar da səni sevəcəklər.

Məktəbdə də başqalarına — sinif yoldaşlarına və ya müəllimlərinə xidmət edə bilərsən. Kiminsə kitabı yerə düşəndə onu götürüb verməklə yaxşılıq etmiş olarsan. Həmçinin müəllim üçün lövhəni silmək və ya başqa şey etmək olar. Hətta lazım olanda uşaqlardan kiməsə qələm və ya karandaş vermək də xeyirxah işdir.

Hərdən görəcəksən ki, xidmət etdiyin adamların hamısı sənə «sağ ol» demir. Bəs buna görə biz daha yaxşı iş görməməliyik? ~ Yox, bu belə deyil! Bir çoxları yaxşı işlərinə görə İsaya təşəkkür etmirdilər. Buna baxmayaraq, İsa yaxşılıq etməyə davam edirdi.

Beləliklə, gəl həmişə insanlara xidmət edək. Gəl Böyük Müəllim olan İsanın necə davrandığını yadda saxlayaq və həmişə onun nümunəsini izləməyə çalışaq.

Başqalarına kömək etmək haqqında növbəti ayələrdən oxumaq olar: Süleymanın məsəlləri 3:27, 28; Romalılara 15:1, 2 və Qalatiyalılara 6:2.