Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 23

İnsanlar nəyə görə xəstələnir?

İnsanlar nəyə görə xəstələnir?

HEÇ xəstə adam tanıyırsan? ~ Yəqin hərdən özün də xəstələnirsən, sənə soyuq dəyir, yaxud qarnın ağrıyır. Bəzi insanlar çox xəstədirlər. Kiminsə köməyi olmadan onlar hətta ayağa da dura bilmirlər. Adətən insanlar qocalanda belə olurlar.

Hamımız hərdənbir xəstələnirik. Sən bilirsən, nəyə görə insanlar xəstələnir, qocalır və ölür? ~ Bir dəfə gəzə bilməyən adamı İsanın yanına gətirdilər. Həmin vaxt İsa insanların nəyə görə xəstələnib öldüklərini göstərdi. Gəl sənə bu haqda danışım.

İsa Qalileya dənizi yaxınlığında yerləşən bir şəhərdə qalırdı. Onun qaldığı evə çoxlu adam gəlmişdi. Adam o qədər idi ki, otaqda ayaq basmağa yer yox idi. Heç qapıya da yaxınlaşmaq olmurdu. Bununla belə, gələnlərin ardı-arası kəsilmirdi. Bir neçə adam hətta yeriməyi belə bacarmayan iflici ora gətirmişdi. Onu balaca çarpayıda və ya xərəkdə dörd nəfər gətirmişdi.

Bilirsən, nəyə görə onlar bu xəstəni İsanın yanına gətirmişdilər? ~ Onlar inanırdılar ki, İsa iflici sağaldıb ayağa qaldıra bilər. Heç bilirsən, onlar bu boyda izdihamı yarıb keçərək xəstəni İsanın yanına necə gətirdilər? ~

Şəkilə baxsan, onların bunu necə etdiklərini görə bilərsən. Əvvəlcə onlar iflici evin damına qaldırdılar. Həmin evin damı yastı idi. Sonra orada böyük bir deşik açdılar, çarpayıda olan iflici  aşağı — otağın içinə endirdilər. Gör onların imanı necə də möhkəm idi!

Baş verənləri görən hər kəs çox təəccübləndi. İflici kəndirlə düz onların arasına salladılar. Onların bu hərəkəti İsanı qəzəbləndirdi? ~ Əsla! Əksinə, onların bu imanını görmək onu sevindirdi. İsa iflicə dedi: «Günahların bağışlandı».

İsa iflic olan adama nə dedi?

Bəzi insanlar fikirləşirdilər ki, İsanın bu sözləri deməsi düzgün deyil və o, günahları bağışlaya bilməz. Bunu bacardığını göstərmək üçün İsa iflicə dedi: ‘Dur, yatağını götür və evinə get’.

İsa bunu deyən kimi iflic sağaldı! Onun xəstəliyindən əsər-əlamət qalmamışdı.  Artıq o, heç kimin köməyi olmadan ayağa durub gəzə bilirdi. Bu möcüzəni görən insanlar heyrətdən donub qaldılar. Onlar hələ belə şey görməmişdilər! Onlar hətta xəstələri belə sağaltmağı bacaran Böyük Müəllimi göndərdiyi üçün Yehovaya izzət verdilər (Mark 2:1—12).

Biz bu möcüzədən nə öyrənirik?

Biz bu möcüzədən nə öyrənirik? ~ Öyrənirik ki, İsanın günahları bağışlamağa və xəstələri sağaltmağa səlahiyyəti var. Amma buradan daha bir vacib şeyi də öyrənirik. İnsanlar günahlı olduqları üçün ölürlər.

Biz hamımız xəstələnirik. Bu o deməkdir ki, hər birimiz günahlıyıq? ~ Bəli, Müqəddəs Kitabda deyilir ki, hər birimiz günahlı doğuluruq. Sən bilirsən, günahlı doğulmaq nə deməkdir? ~ Bu o deməkdir ki, hər birimiz həyata qeyri-kamil insan kimi gəlirik. Hərdən özümüz də istəmədən səhv edirik. Bilirsən, günahlı olmağımıza nə səbəb oldu? ~

İlk insan olan Adəm Allahın sözündən çıxdığı üçün biz günahlı doğuluruq. O, Allahın əmrini pozmaqla günahlı oldu. Biz də günahı ondan miras aldıq. Bilirsən, bu, necə oldu? Gəl sənə bunu nümunə ilə başa salım.

Necə oldu ki, hamımız günahlı olduq?

Ola bilsin, sən kiminsə çörək bişirdiyini görmüsən. Əgər çörək bişirilən qab əzikdirsə, çörəyin forması necə olacaq? Deyə bilərsən? ~ Həmin qabda bişirilən bütün çörəklər əzik alınacaq, razısan? ~

 Adəmi həmin qabla, bizi isə o qabda bişən çörəklə müqayisə etmək olar. Allahın əmrini pozanda o, qeyri-kamil oldu. Onda sanki əzik yarandı, başqa sözlə, ona qeyri-kamillik damğası vuruldu. Deməli, onların necə uşaqları olacaqdı? ~ Bu qeyri-kamillik damğası onların bütün uşaqlarına keçəcəkdi.

Uşaqların çoxu görə biləcəyin ciddi qüsurlarla dünyaya gəlmirlər. Onların əli də olur, ayağı da. Amma miras aldıqları qeyri-kamillik ucbatından onlar xəstələnir, axırda da ölürlər.

Düzdür, bəzi insanlar başqalarına nisbətən tez-tez xəstələnirlər. Nəyə görə belə olur? Bu o deməkdir ki, onlar başqalarından çox günah miras alıblar? ~ Yox, doğulanda hamının günahı bərabər olur. Biz hamımız qeyri-kamil doğuluruq. Buna görə də gec-tez hər birimiz necəsə xəstələnirik. Hətta Allahın bütün əmrlərinə əməl etməyə çalışan və heç bir pis iş görməyən insan da xəstələnə bilər.

Günahdan azad olanda sağlamlığımız necə olacaq?

Bəs onda nəyə görə bəzi insanlar başqalarından çox xəstələnir? ~ Bunun bir çox səbəbi var. Məsələn, ola bilər ki, onların yeməyi azdır. Yaxud düzgün qidalanmırlar. Bəlkə də zərərli şeyləri həddindən artıq çox yeyirlər. Başqa səbəb o ola bilər ki, onlar gecənin yarısına kimi oyaq qaldıqları üçün kifayət qədər yatmırlar. Yaxud soyuq havada bayıra çıxanda qalın geyinmirlər. Bəzi adamlar özlərinə yaxşı baxsalar da, onların orqanizmi zəifdir və xəstəliyə müqavimət göstərə bilmir.

 Bəs elə bir vaxt gələcək ki, heç kim xəstələnməsin? Nə vaxtsa bizim canımız günahdan qurtaracaq? ~ İsa iflic kişi üçün nə etmişdi? ~ İsa onun günahlarını bağışlayıb, özünü də sağaltmışdı. Bununla göstərmişdi ki, vaxt gələcək, o, yaxşı iş görməyə çalışan adamların hamısı üçün bunu edəcək.

Biz günah işlətmək istəmədiyimizi və pis işlərə nifrət etdiyimizi göstərsək, İsa bizi də sağaldacaq. Allahın Padşahlığının Padşahı kimi, o, gələcəkdə bizi indiki qeyri-kamilliyimizdən azad edəcək. Günah bizdən birdən-birə təmizlənməyəcək. Bu, müəyyən müddət ərzində olacaq. Sonra, nəhayət ki, günahdan azad olanda biz daha heç vaxt xəstələnməyəcəyik. Hamımızın mükəmməl sağlamlığı olacaq. Bu, əsil xeyir-duadır!

Günahın insanlara necə təsir etməsi haqda Əyyub 14:4; Məzmur 51:5; Romalılara 3:23; 5:12 və 6:23 ayələrindən oxu.

Əlavə məlumat

İsa xəstələri sağaldır

İsa Məsih bu qədər möcüzə göstərməyin sayəsində nəyə nail olur?

«Günahların bağışlandı»

İsa günahla xəstəliklər arasında hansı əlaqənin olduğunu göstərir?