Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 34

İnsan öləndə nə baş verir?

İnsan öləndə nə baş verir?

BİLDİYİN kimi, bu gün hamı xəstələnir, qocalır və ölür. Hərdən hətta uşaqlar da ölürlər. Ölülərdən və ya ölümdən qorxmaq lazımdır? ~ Bilirsən, adam öləndə onunla nə baş verir? ~

Bu gün yaşayan adamlardan heç biri ölüb dirilərək həmin vaxt onunla nə baş verdiyini bizə danışmayıb. Amma Böyük Müəllim olan İsa yer üzündə yaşayanda belə bir adam olub. Onun haqqında oxusaq, ölən adamla nə baş verdiyini öyrənə bilərik. Həmin adam İsanın dostu idi və Yerusəlimdən çox da uzaq olmayan kiçik Beytanya şəhərində yaşayırdı. Onun adı Lazar idi və onun Marta və Məryəm adında iki bacısı var idi. Gəl görək, Müqəddəs Kitab baş verənləri necə təsvir edir.

Günlərin bir günü Lazar bərk xəstələndi. Həmin vaxt İsa uzaqda idi. Buna görə də Marta ilə Məryəm adam göndərib qardaşları Lazarın xəstələndiyi barədə İsaya xəbər çatdırdılar. Çünki bilirdilər ki, İsa gəlib onların qardaşını sağalda bilər. İsa həkim deyildi, amma Allah ona güc verdiyi üçün o, hər cür xəstəliyi sağalda bilirdi (Matta 15:30, 31).

Amma İsa ora gəlməzdən əvvəl, Lazarın halı pisləşdi və öldü. Lakin İsa şagirdlərinə dedi ki, Lazar yatıb, o da onu oyatmağa gedir. Şagirdləri İsanın nə demək istədiyini başa düşmədilər. Belə olanda İsa açıq-aydın dedi: «Lazar  ölmüşdür». Buradan ölüm haqqında nə öyrənirik? ~ Bəli, öyrənirik ki, ölüm dərin yuxuya bənzəyir. Bu zaman adam elə bərk yatır ki, heç yuxu da görmür.

İsa Marta ilə Məryəmgilə getdi. Artıq onların çoxlu dost-tanışları da orada idi. Onlar bu bacılara təsəlli verməyə gəlmişdilər, axı onların qardaşı ölmüşdü. Marta İsanın gəldiyini eşidəndə onu qarşılamağa çıxdı. Çox keçməmiş Məryəm də İsanı görməyə getdi. O, kədər içində, ağlaya-ağlaya İsanın ayaqlarına düşdü. Məryəmin ardınca gələn dostları da ağlayırdılar.

Böyük Müəllim Lazarı hara qoyduqlarını soruşdu. Camaat onu Lazarın dəfn olunduğu mağaranın yanına gətirdi. Camaatın ağladığını görəndə İsanı da ağlamaq tutdu. Əziz adamın ölümünün necə böyük dərd olduğunu o bilirdi.

Mağaranın ağzında daş olduğu üçün İsa: «Daşı götürün», — dedi. Səncə, bunu etməyə dəyərdi? ~ Martanın fikrincə, dəyməzdi. Buna görə də o dedi: «Ya Rəbb, artıq qoxumuşdur, çünki dörd gündür ki, o ölüb».

Amma İsa ona dedi: «Sənə: “Əgər iman edərsənsə, Allahın izzətini görəcəksən”, — demədimmi?» İsa demək istəyirdi ki, indi Martanın gözü qarşısında Allaha izzət gətirən bir şey baş verəcək. İsa nə etməyə hazırlaşırdı? Daşı qırağa çəkəndə o, ucadan Yehovaya dua etdi. Sonra yüksək səslə dedi: «Lazar, çölə çıx!» Görəsən o çıxacaq? Daha doğrusu, çıxa biləcək? ~

Sən yatan adamı durğuza bilərsən? ~ Bəli, əgər ucadan çağırsan, o ayılacaq. Bəs ölüm yuxusuna gedən adamı necə, oyada bilərsən? ~ Xeyr. Nə qədər qışqırırsan-qışqır, ölü heç  nə eşitməyəcək. Nə sən, nə mən, nə də başqası ölünü oyatmaq üçün heç nə edə bilmərik.

İsa Lazar üçün nə etdi?

Amma İsa bizdən fərqlənir. Allah ona xüsusi güc verib. Buna görə də İsa Lazarı çağıranda qəribə hadisə baş verdi. Dörd gün ərzində ölü olan adam mağaradan çıxdı! O, həyata qayıtdı! O, yenə də nəfəs alır, gəzir və danışırdı! Bəli, İsa Lazarı diriltdi (Yəhya 11:1—44).

İndi gəl fikirləşək: Lazar öləndə onunla nə baş verdi? Onun bədənindən nə isə ayrılıb başqa yerdə yaşamağa davam etdi? Lazarın ruhu göylərə getdi? Bu dörd gün ərzində o, göydə Allahla və müqəddəs mələklərlə bir yerdə yaşayırdı? ~

Xeyr. Unutma, İsa dedi ki, Lazar yatıb. Adam yatanda necə olur? Sən bərk yatanda ətrafında baş verənlərdən  xəbərin olmur, elə deyil? ~ Ayılanda isə saata baxmayınca neçə saat yatdığını bilmirsən.

Ölülər də belə olur. Onlar heç nəyi bilmirlər, hiss etmirlər və heç nə edə bilmirlər. Lazar öləndə məhz belə vəziyyətdə idi. Ölüm dərin yuxuya bənzəyir, bu zaman heç nə adamın yadında qalmır. Müqəddəs Kitabda deyilir: «Ölülər heç nə bilmir» (Vaiz 9:5, 10).

Lazar öləndə onunla nə baş vermişdi?

Üstəlik, əgər Lazar bu dörd gün ərzində göydə olsaydı, diriləndən sonra bu haqda bir şey deməzdi? ~ Həm də o, göydə olsaydı, İsa onu həmin gözəl yerdən qaytarıb yerdə dirildərdi? ~ Əlbəttə, yox!

Amma çoxlarının fikrincə, insanın daxilində elə şey yaşayır ki, adam öləndə o ölmür, sağ qalır. Onlar deyirlər ki, Lazar başqa yerdə yaşamağa davam edirdi. Müqəddəs Kitabda isə belə yazılmayıb. Orada deyilir ki, Allah ilk insanı «canlı bir varlıq» kimi yaratdı. Həmçinin qeyd olunur ki, Adəm günah işlədəndən sonra öldü. O, ölü idi, artıq heç nə bilmirdi. Adəm yaradıldığı torpağa qayıtmışdı.  Bundan başqa, Müqəddəs Kitab bizə öyrədir ki, Adəmin övladları da günah və ölümü valideynlərindən miras aldılar (Yaradılış 2:7; 3:17—19; Romalılara 5:12).

Bəzi adamlar ölülərdən qorxurlar. Onlar heç qəbiristanlığın həndəvərinə belə yaxınlaşmırlar, çünki fikirləşirlər ki, ölülərin bədənindən ayrılmış ruhlar dirilərə zərər vura bilər. Bəs, görəsən, ölü doğrudan diri adama zərər yetirə bilər? ~ Xeyr.

Nə üçün ölülərdən qorxmaq lazım deyil?

Bəzi adamlar hətta inanırlar ki, ölü ruh şəklində dirilərin yanına gələ bilər. Buna görə də onlar ölü üçün yemək qoyurlar. Bu adamlar əslində Allahın ölülər haqda nə dediyinə inanmırlar. Əgər biz Allahın sözlərinə inanırıqsa, ölülərdən qorxmayacağıq. Bundan əlavə, həyatımıza görə Allaha həqiqətən də minnətdarıqsa, bunu Allahın xoşuna gələn işləri görməklə göstərəcəyik.

Amma səndə sual yarana bilər: «Görəsən, Allah ölən uşaqları həyata qaytaracaq? O, bunu etmək istəyir?» Bu haqda növbəti fəsildə danışarıq.

Gəl Müqəddəs Kitabdan ölülərin hansı vəziyyətdə olduğunu göstərən başqa ayələri də oxuyaq: Məzmur 115:17 və 146:3, 4.

Əlavə məlumat

«Dirilmə və həyat mənəm»

Hansı mənada İsa Məsihə iman edənlər heç vaxt ölüm görməyəcəklər?

İlazər dirilir

İki amil sayəsində hətta İsa peyğəmbərin əleyhdarları möcüzəni dana bilməzlər.