Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 31

Haradan təsəlli tapa bilərik?

Haradan təsəlli tapa bilərik?

HEÇ elə olub ki, özünü kədərli və tənha hiss edəsən? ~ Nə vaxtsa sənə elə gəlib ki, heç kim səni sevmir? ~ Bəzi uşaqlarda belə hisslər olur. Amma Allah vəd edir: «Mən səni əsla unutmaram» (Yeşaya 49:15). Bunun üzərində fikirləşəndə adam rahatlıq tapır, elə deyil? ~ Bəli, Yehova Allah həqiqətən də bizi çox sevir!

Səncə, itmiş bu quzu nə hiss edir?

Müqəddəs Kitabı yazanlardan biri demişdi: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər» (Məzmur 27:10). Bunu bilmək, sözün əsil mənasında, bizə təsəlli verir, düz demirəm? ~ Bəli, Yehova bizə deyir: «Qorxma, çünki Mən səninləyəm... sənə kömək edəcəyəm» (Yeşaya 41:10).

Amma hərdən Yehova yol verir ki, Şeytan bizi çətinliyə salsın. Yehova hətta Şeytana xidmətçilərini sınağa çəkməyə də icazə verir. Bir dəfə Şeytanın ucbatından İsa elə əzab çəkirdi ki, Yehovaya fəryad edib dedi: «Allahım, Allahım! Nə üçün Məni tərk etdin?» (Matta 27:46). Əzab çəkməsinə baxmayaraq, İsa əmin idi ki, Yehova onu sevir (Yəhya 10:17). Amma İsa onu da bilirdi ki, Allah Şeytana xidmətçilərini sınağa çəkməyə və onlara əzab verməyə icazə verir. Başqa fəsildə biz Allahın buna nə üçün yol verdiyini öyrənəcəyik.

Adam balaca olanda çox şeydən qorxur. Məsələn, heç elə olub ki, sən itəsən? ~ Həmin vaxt qorxmusan? ~ Uşaqların çoxu qorxur. Böyük Müəllim bir dəfə itməklə bağlı bir hekayə danışmışdı. Amma bu zaman itən uşaq yox, quzu idi.

 Müəyyən mənada sən də quzuya oxşayırsan. Hansı mənada? Quzular balaca və gücsüz olurlar. Gərək onların qayğısına qalan və onları qoruyan adam olsun. Qoyun-quzuya baxan adama çoban deyirlər.

İsanın danışdığı əhvalatda bir çobanın yüz qoyunu vardı. Amma bir gün onların içindən bir quzu itdi. Ola bilsin, quzu təpənin o biri tərəfində nə olduğunu görmək istəmişdi. Amma çox keçməmiş bu quzu o biri qoyunlardan uzaqlaşdı. Təsəvvür edirsən, quzu ətrafa baxıb tək olduğunu görəndə nə hiss edirdi? ~

Bəs çoban bir quzunun itdiyini görəndə nə etdi? Bəlkə, «özü günahkardır» deyib bunu heç vecinə də almadı? Yoxsa 99 qoyunu təhlükəsiz yerdə qoyub, həmin quzunu axtarmağa getdi? Məgər bir quzuya görə bu qədər narahat olmağa dəyərdi? ~ Əgər sən həmin itən quzunun yerində olsaydın, istəməzdin, çoban səni axtarsın? ~

Quzunu xilas edən bu çobana kim bənzəyir?

Çoban bütün qoyunlarını, hətta itən quzunu da çox sevirdi. Buna görə də onu axtarmağa getdi. Bir təsəvvür elə, çobanın gəldiyini görəndə həmin quzu necə də sevinmişdi! İsa dedi ki, çoban da onu tapanda sevinmişdi. O, sağ-salamat olan 99 qoyundan çox bu quzu üçün sevinmişdi. Bəs İsanın  hekayəsindəki çobana kim bənzəyir? Öz quzusunun qayğısına qalan həmin çoban kimi, bizim qayğımıza kim qalır? ~ İsa dedi ki, onun göydə olan Atası. Onun Atası isə Yehovadır.

Yehova Allah Öz xalqının Böyük Çobanıdır. O, Öz xidmətçilərinin hamısını sevir, hətta sənin kimi balacaları da. O, bizlərdən kiməsə nə isə olmasını, yaxud bizim ölməyimizi istəmir. Həqiqətən də Allahın bizim qayğımıza bu qədər qalmasını bilmək çox təsəllivericidir! (Matta 18:12—14).

Atan və ya başqa adamlar sənin üçün real olduğu kimi, Yehova da sənin üçün realdır?

Sən Yehova Allaha inanırsan? ~ O, sənin üçün real şəxsiyyətdir? ~ Düzdür, biz Yehovanı görə bilmərik. Çünki O, Ruhdur. Onun bədəni gözəgörünməzdir. Amma O, real şəxsdir və bizi görə bilir. Bizim köməyə ehtiyacımız olanda, Onun bundan xəbəri olur. Biz başqa adamlarla söhbət edə bildiyimiz kimi, Onunla da duada danışa bilərik. Yehova bizim Onunla danışmağımızı istəyir.

 Beləliklə, özünü kədərli və ya tənha hiss edəndə nə etmək lazımdır? ~ Yehova ilə danış. Ona yaxınlaş. O, sənə təsəlli verəcək və kömək edəcək. Hətta özünü tənha hiss edəndə də yadda saxla ki, Yehova səni sevir. Gəl Müqəddəs Kitabımızı açaq. 23-cü məzmurun 1-ci ayəsini oxuyaq. Orada yazılıb: «Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir».

Gör 4-cü ayədə nə yazılıb: «Qaranlıq dərədə gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir». Yehova Allaha ibadət edən insanlar özlərini bax belə hiss edirlər. Çətinliyə düşəndə Allah onlara təsəlli verir. Bunu sən də hiss edirsən? ~

Məhəbbətli çoban sürüsünün qayğısına qaldığı kimi, Yehova da Öz xalqının qayğısına qalır. O, onlara düz yolu göstərir, onlar da sevinclə Onun arxasınca gedirlər. Hətta ətrafda pis şeylər baş verəndə də Yehovanın xalqı qorxmur. Çoban öz çomağı və ya əl ağacı ilə qoyunları başqa heyvanlardan qoruyur ki, onlara zərər dəyməsin. Məsələn, Müqəddəs Kitabda gənc çoban Davudun öz qoyunlarını aslandan və ayıdan qoruduğu barədə danışılır (1 Şamuel 17:34—36). Bunun kimi, Allahın xalqı da bilir ki,  Yehova onları qoruyacaq. Allah onlarla olduğu üçün onlar arxayın yaşayırlar.

Çətinlikdə olanda, quzularını qoruyan çoban kimi, bizə kim kömək edə bilər?

Yehova Öz quzularını sevir və nəvazişlə onların qayğısına qalır. Müqəddəs Kitabda deyilir: ‘O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, balacaların da qayğısına qalacaq’ (Yeşaya 40:11).

Yehovanın bu cür Allah olduğunu bilmək səni sevindirmir? ~ Sən Onun quzularından biri olmaq istəməzdin? ~ Quzular öz çobanlarının səsinə qulaq asırlar. Onlar ondan uzağa getmirlər. Sən də Yehovaya qulaq asırsan? ~ Həmişə Ona yaxınlaşırsan? ~ Əgər belə edirsənsə, onda heç nədən qorxma. Yehova həmişə səninlə olacaq.

Yehova məhəbbətlə xidmətçilərinin qayğısına qalır. Gəl Məzmur 37:25; 55:22Luka 12:29—31 ayələrindən Müqəddəs Kitabın bu haqda nə dediyini oxuyaq.