Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 3

Hər şeyi yaradan Şəxs

Hər şeyi yaradan Şəxs

Bütün canlıları kim yaradıb?

MƏN maraqlı bir şey bilirəm. İstəyirsən, sənə də danışım? ~ Bir əlinə bax. Barmaqlarını qatla. İndi əlinə nə isə götür. Sən əllərinlə çoxlu yaxşı şeylər edə bilərsən. Bilirsən, onları kim yaradıb? ~

Bəli, onları Yaradan elə ağzımızı, burnumuzu və gözlərimizi Yaradandır. O, Böyük Müəllimin Atası olan Allahdır. Allah bizə göz verdiyi üçün sevinmirikmi? ~ Biz gözlərimizlə çox şey görə bilirik. Güllərə, yaşıl otlara və mavi səmaya baxırıq. Hətta şəkildəkinə bənzər ac quş balalarını da görə bilirik. Həqiqətən də, bu kimi şeyləri görə bilməyimiz heyranedicidir. Sən belə fikirləşmirsən? ~

Bəs bunları kim yaradıb? Bunları hansısa adam yaradıb? Yox. İnsan ev tikə bilər. Ancaq heç kim nə ot, nə quş, nə gül, nə də ki başqa bir canlı yarada bilməz. Sən bunu bilirdin? ~

Bütün bunları yaradan Allahdır. Allah yeri və göyü yaradıb. İnsanları da O yaradıb. O, əvvəlcə ilk kişini və qadını yaratmışdı. Böyük Müəllim İsa bunu öyrədirdi (Matta 19:4—6).

 Bəs İsa Allahın kişi və qadını yaratdığını haradan bilirdi? İsa bunu öz gözləri ilə görmüşdümü? ~ Bəli, görmüşdü. Allah ilk insanları yaradanda İsa Onun yanında idi. Axı, insanlardan əvvəl Allah onu yaratmışdı. İsa mələk idi və Atası ilə birgə göydə yaşayırdı.

Müqəddəs Kitabda yazıldığı kimi, Allah demişdi: ‘Gəl insan düzəldək’ (Yaradılış 1:26). Bilirsən, Allah bu sözləri kimə demişdi? ~ Oğluna. O, sonralar yer üzünə gələn və İsa kimi tanınan şəxslə danışırdı.

Məgər bu, valehedici deyil? Bir düşün! Biz İsaya qulaq asanda yeri və başqa şeyləri yaradan zaman Allahın yanında olan kəsdən öyrənmiş oluruq. İsa göydə Atası ilə işləyəndə Ondan çox şey öyrənmişdi. Buna görə də təəccüblü deyil ki, İsa Böyük Müəllimdir!

 Necə düşünürsən, Allah Oğlunu yaratmazdan öncə tək yaşadığı üçün kədərlənirdimi? ~ Xeyr. Əgər kədərlənmirdisə, onda nəyə görə başqa canlıları da yaratdı? ~ Çünki O, məhəbbətli Allahdır. Allah istəyirdi ki, başqaları da yaşayıb həyatdan zövq alsınlar. Bizə həyat verdiyi üçün Ona minnətdar olmalıyıq.

Yaratdığı hər şeydə Allahın məhəbbəti görünür. O, günəşi yaradıb. Günəş bizə işıq verir və bizi isindirir. Əgər günəş olmasaydı, hər şey donardı və yer üzündə həyat olmazdı. Allah günəşi yaratdığı üçün sevinmirsən? ~

Allah elə edir ki, yağış yağsın. Hərdən, ola bilsin, yağışdan xoşun gəlmir, çünki yağış yağanda həyətə çıxıb oynaya bilmirsən. Amma yağış çiçəklərin böyüməsinə kömək edir. Beləliklə, gözəl güllər görəndə kimə təşəkkür etməliyik? ~ Allaha. Bəs dadlı meyvə-tərəvəz yeyəndə kimə təşəkkür etməliyik? ~ Əlbəttə, Allaha, çünki bunları Onun günəşi və yağışı böyüdür.

Tutaq ki, kimsə səndən soruşur: «İnsanları və heyvanları da Allah yaradıb?» Sən nə cavab verərdin? ~ Bu suala belə cavab vermək düzgün olardı: «Bəli, insanları və heyvanları Allah yaradıb». Bəs əgər kimsə insanları Allahın yaratdığına inanmırsa? O, insanların heyvanlardan əmələ gəldiyini deyirsə, onda necə? Müqəddəs Kitab bunu öyrətmir. Orada deyilir ki, bütün canlıları Allah yaradıb (Yaradılış 1:26—31).

Hər bir evi kimsə tikib, bəs onda gülləri, ağacları və heyvanları kim yaradıb?

Kimsə Allaha inanmadığını deyə bilər. Onda sən nə deyəcəksən? ~ Ona bir evi göstərib soruşa bilərsən: «O evi kim tikib?» Hamı bilir ki, evi tikən adam olmalıdır. Sözsüz ki, o, öz-özünə tikilə bilməz! (İbranilərə 3:4).

 Sonra ona bağdakı gülləri göstər. Ondan soruş: «Bunları kim yaradıb?» Heç bir insan gül yaratmayıb. Həm də ev öz-özünə tikilmədiyi kimi, bu güllər də öz-özünə yaranmayıb. Onu Yaradan var. O da Allahdır.

Həmin adamdan ayaq saxlayıb quşların cəh-cəhinə qulaq asmağı xahiş et. Sonra da soruş: «Quşları kim yaradıb, onlara oxumağı kim öyrədib?» Allah. Göyləri, yeri və bütün canlıları yaradan Allahdır! Hər şeyə həyat verən Odur.

Ancaq kimsə söyləyə bilər ki, o, yalnız gördüyünə inanır. O deyə bilər: «Öz gözümlə görmədiyim şeyə inanmıram». Beləliklə, bəziləri Allahı görmədikləri üçün Ona inanmırlar.

Düzdür, biz Allahı görə bilmərik. Müqəddəs Kitabda deyilir: ‘Heç kəs Allahı görə bilməz’. Elə bir kişi, qadın və ya uşaq yoxdur ki, Allahı görə bilsin. Buna görə də heç kim Allahın şəklini çəkməyə və ya təsvirini yaratmağa çalışmamalıdır. Allah hətta bizə tapşırır ki, Onun təsvirini yaratmayaq. Deməli, evimizdə buna bənzər şeylər olsa, bu, Allahın xoşuna gəlməyəcək (Çıxış 20:4, 5; 33:20; Yəhya 1:18, İ—93).

Bəs əgər biz Allahı görə bilmiriksə, Onun mövcud olduğunu haradan bilirik? Gəl düşünək. Küləyi görə bilirsən? ~ Yox. Küləyi heç kim görə bilməz. Lakin onun nə etdiyini görə bilərsən. Külək əsdikcə ağacın budağındakı yarpaqlar tərpənir. Buna görə də sən küləyin olduğuna inanırsan.

Küləyin olduğunu haradan bilirsən?

Allahın etdiklərini də görmək olar. Məsələn, təbii gül və ya canlı quş Allahın yaratdıqlarından bəziləridir. Onları gördüyümüz üçün biz Allahın mövcudluğuna inanırıq.

Ola bilər, kimsə sənə sual versin: «Günəşi və yeri kim yaradıb?» Müqəddəs Kitabda deyilir: «Allah göyləri və yeri yaratdı»  (Yaradılış 1:1). Bəli, bütün bu gözəl şeyləri Allah yaradıb! Sən bu haqda nə fikirləşirsən? ~

Yaşamaq necə də gözəldir, elə deyil? Biz quşların cəh-cəhini eşidirik. Allahın yaratdığı gülləri və digər şeyləri görə bilirik. Həmçinin Allahın bizə verdiyi yeməklərdən dadırıq.

Bütün bu şeylərə görə, ən əsası isə, bizə həyat verdiyi üçün Allaha təşəkkür etməliyik. Əgər biz Allaha həqiqətən minnətdarıqsa, onda Onun üçün nə isə edəcəyik. Bilirsən, nə? ~ Allaha qulaq asacağıq və Onun Müqəddəs Kitab vasitəsilə dediklərini yerinə yetirəcəyik. Belə etsək, biz hər şeyi yaradan Allahı sevdiyimizi göstərəcəyik.

Bütün etdiklərinə görə Allaha minnətdarlığımızı bildirməliyik. Necə? Məzmur 139:14; Yəhya 4:23, 24; 1 Yəhya 5:21 və Vəhy 4:11 ayələrində nə yazıldığını oxu.