Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 19

Dalaşmaq düzgündür?

Dalaşmaq düzgündür?

HEÇ özündən razı, dava-dava deyən qız və ya oğlan tanıyırsan? ~ Onunla bir yerdə olmaq sənin xoşuna gəlir? Yoxsa sən mehriban, dava-dalaşı sevməyən insanların yanında olmaq istəyərdin? ~ Böyük Müəllim demişdi: «Sülhpərvərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək» (Matta 5:9).

Lakin hərdən başqalarının hərəkətləri bizi əsəbləşdirir. Düz demirəm? ~ Buna görə də bizdə acıq çıxmaq istəyi yarana bilər. Bir dəfə Yerusəlimə gedəndə İsanın şagirdləri də belə etmək istəmişdilər. Gəl bu əhvalatı sənə danışım.

Bir qədər yol getdikdən sonra İsa şagirdlərindən bir neçəsini özündən qabaq samariyalıların kəndinə göndərdi ki, onlar üçün dincəlməyə yer tapsınlar. Lakin camaat onların orada qalmasını istəmədi. Çünki samariyalıların dini başqa idi və buna görə də kiminsə Yerusəlim şəhərinə ibadət etməyə getməsi onların xoşuna gəlmirdi.

Yaqubla Yəhya səməriyyəlilərdən acıq çıxmaq üçün nə etmək istədilər?

 Əgər sənin başına belə hadisə gəlsəydi, nə edərdin? Əsəbiləşərdin? Onlardan bunun əvəzini çıxmaq istəyərdin? ~ İsanın şagirdlərindən olan Yaqub və Yəhya məhz belə etmək istəmişdi. Onlar İsaya demişdilər: ‘İstəyirsən deyək, göydən od yağıb onları məhv etsin’. Buna görə təəccüblü deyil ki, İsa onları «İldırım oğulları» adlandırdı! Həmin vaxt İsa onlara başa saldı ki, insanlarla belə rəftar etmək düzgün deyil (Luka 9:51—56; Mark 3:17).

Düzdür, hərdən başqaları bizimlə kobud davranırlar. Bəzən başqa uşaqlar bizimlə oynamaq istəmirlər. Onlar hətta deyə bilərlər: «Biz səninlə danışmaq istəmirik». Belə şeylər adamın yaman xətrinə dəyir, elə deyil? Bizdə onlardan acıq çıxmaq istəyi yarana bilər. Bəs belə etmək düzgündür? ~

Zəhmət olmasa, Müqəddəs Kitabını götür. Gəl «Süleymanın məsəlləri» kitabının 24-cü fəslinin 29-cu ayəsini açaq. Orada deyilir: «Demə: “Mənə etdiyini mən də ona edəcəyəm, onun əməlinin əvəzini verəcəyəm”».

Bu ayəni necə başa düşürsən? ~ Orada deyilir ki, biz heç kimdən əvəz çıxmağa çalışmamalıyıq. Kimsə bizimlə kobud rəftar edəndə biz də onunla eyni cür rəftar etməməliyik. Bəs əgər kimsə dava salmaq istəyirsə, onda necə? O, səni cürbəcür adlarla çağıraraq özündən çıxarmağa çalışa bilər. O hətta səni ələ salıb deyə bilər ki, sən qorxaqsan. Tutaq ki, kimsə sənə qorxaq deyir. Sən nə edəcəksən? Onunla dava edəcəksən? ~

Gəl bir də baxaq görək Müqəddəs Kitabda nə deyilir. «Matta» kitabının 5-ci fəslinin 39-cu ayəsini aç. Orada İsa deyir: «Pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir» (MK—09). Səncə, İsa bu sözlərlə nə demək istəyirdi? Məgər onun sözündən elə çıxır ki, kimsə bizim bir üzümüzə yumruq vuranda, o biri üzümüzü də çevirməliyik? ~

 Xeyr, İsa bunu nəzərdə tutmurdu. Şillə ilə yumruq eyni şey deyil. Şillə daha çox itələməyə bənzəyir. Dalaşmaq üçün kimsə bizə şillə vura bilər. Bu adamın məqsədi bizi özümüzdən çıxartmaqdır. Bəs biz özümüzdən çıxsaq və onu itələsək, bunun axırı nə olacaq? ~ Yəqin ki, dava başlayacaq.

Lakin İsa davamçılarının dava etməsini istəmirdi. Buna görə də o dedi ki, əgər kimsə bizə şillə vursa, biz ondan əvəzini çıxmamalıyıq. Biz hirslənib onunla dava etməməliyik. Çünki belə etsək, onun tayı olduğumuzu göstərəcəyik.

Vəziyyət gərginləşəndə, səncə, nə etmək lazımdır? ~ Ən yaxşısı oradan uzaqlaşmaqdır. Ola bilər, qarşındakı adam səni bir neçə dəfə də itələsin. Ancaq sən cavab verməsən, yəqin ki, o, daha heç nə etməyəcək.  Çıxıb getməyin sənin gücsüz olduğunu göstərməyəcək. Əksinə, bu göstərəcək ki, sən düzgün davranmaq üçün kifayət qədər güclüsən.

Kimsə bizimlə dalaşmaq istəyəndə nə etməliyik?

Bəs əgər davaya başlasan və onu döysən, onda nə baş verə bilər? ~ Həmin uşaq öz dostları ilə qayıdar və onlar səni dəyənəklə, yaxud bıçaqla vurub yaralaya bilərlər. İndi başa düşdün, İsa nəyə görə dalaşmağımızı istəmirdi? ~

Bəs görsək ki, başqaları dalaşır, onda nə etməliyik? Biz kiminsə tərəfini saxlamalıyıq? ~ Müqəddəs Kitab bu zaman nə etməli olduğumuzu bizə deyir. «Süleymanın məsəlləri» kitabının 26-cı fəslinin 17-ci ayəsini aç. Orada deyilir: «Ona aid olmayan münaqişəyə qarışan elə bil küçədəki iti qulaqlarından tutur».

Başqalarının davasına qarışmaq nə üçün itin qulaqlarından tutmağa bənzəyir? Heç vaxt belə etmə, sənə nə isə ola bilər!

İtin qulaqlarından tutsan, nə baş verər? Bu, iti incidəcək və o, səni tutmaq istəyəcək, düzdür? İt sənin əlindən çıxmağa çalışdıqca, sən onun qulaqlarından bərk-bərk yapışacaqsan, bu isə iti daha da qəzəbləndirəcək. Amma buraxsan, o, səni qapacaq. Bəs sən nə vaxta qədər onun qulaqlarından tutub dayanacaqsan? ~

Bax, əgər biz başqa adamların davasına qarışsaq, belə çətinliyə düşəcəyik. Ola bilsin, biz davaya kimin başladığını və onların nəyin üstündə dalaşdıqlarını bilmirik. Bəlkə, döyülən adam başqasından nə isə oğurlayıb?  Əgər ona kömək etsən, oğruya kömək etmiş olacaqsan. Bu, heç də yaxşı olmazdı, elə deyil?

Deməli, kiminsə dalaşdığını görsən, nə etməlisən? ~ Əgər məktəbdəsənsə, qaçıb müəllimə deyə bilərsən. Yox, əgər başqa yerdəsənsə, valideynini və ya polisi çağıra bilərsən. Bir sözlə, hətta başqaları dalaşmaq istəyəndə də biz sülhpərvər olmalıyıq.

Başqalarının dalaşdığını görəndə nə etmək lazımdır?

İsanın həqiqi davamçıları davadan qaçmaq üçün əllərindən gələni edirlər. Belə etməklə biz göstəririk ki, düzgünlüyün tərəfində möhkəm dayanmışıq. Müqəddəs Kitabda deyilir ki, İsanın şagirdi ‘toqquşmaya baş qoşmamalı, hamı ilə sakit rəftar etməlidir’ (2 Timoteyə 2:24).

Gəl indi dava-dalaşdan uzaq durmaqda bizə kömək edəcək məsləhətləri oxuyaq: Romalılara 12:17—21 və 1 Peter 3:10, 11.

Əlavə məlumat

İbrahim Lut ilə yaxşı münasibətləri qoruyur

Bu şəkildə nəyin çatışmadığını tap, şəkli tamamla və rənglə.