Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 2

Sevən Allahdan gələn məktub

Sevən Allahdan gələn məktub

DE GÖRÜM, ən çox hansı kitabı xoşlayırsan? ~ Bəzi uşaqlara heyvanlar haqda olan kitab maraqlı gəlir. Digərləri isə şəkilli kitabları xoşlayırlar. Bu cür kitabları oxumaq maraqlı olur.

Lakin dünyada ən yaxşı kitablar bizə Allah haqqında həqiqəti öyrədən kitablardır. Həmin kitablardan biri başqalarından daha dəyərlidir. Heç bilirsən, bu hansı kitabdır? ~ Bu, Müqəddəs Kitabdır.

Nəyə görə Müqəddəs Kitab bu qədər qiymətlidir? ~ Çünki o, Allahdan gəlib. O, bizə Allah və Onun bizim üçün edəcəyi yaxşı şeylər haqqında danışır. Həm də göstərir ki, Onu razı salmaq üçün nə etməliyik. O, Allahdan gələn məktuba bənzəyir.

Allah istəsəydi, Müqəddəs Kitabı əvvəldən axıra kimi göydə yazıb, sonra insanlara göndərə bilərdi. Lakin O, belə etmədi. Müqəddəs Kitabdakı fikirlər Allahdan gəlsə də, O, kitabın böyük hissəsini yer üzündəki xidmətçilərinə yazdırdı.

Allah bunu necə etdi? ~ Bunu başa düşmək üçün gəl bir az düşünək. Radiodan səsini eşitdiyimiz adam bizdən çox uzaqda ola bilər. Televizora baxanda isə hətta başqa ölkələrdə yaşayan insanları görür və onların dediklərini eşidirik.

İnsanlar kosmik gəmi ilə hətta aya uçur və yerə məlumat göndərə bilirlər. Sən bunu bilirdin? ~ İnsanlar bunu edə bilirsə, Allah göydən məlumat göndərə bilməz? ~ Əlbəttə ki, bilər! Özü də O, bunu radio və televizor yaranmamışdan çox-çox əvvəl etmişdir.

Haradan bilirik ki, Allah bizimlə uzaqdan danışa bilər?

 Musa Allahla danışan adamlardan biri idi. O, Allahı görmürdü, amma səsini eşidirdi. Həmin vaxt orada milyonlarla insan var idi. O gün Allah dağı dibindən tərpətdi, göy guruldadı, şimşək çaxdı. Hamı bilirdi ki, danışan Allahdır, ancaq yenə də çox qorxurdular. Buna görə də onlar Musaya yalvardılar: «Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». Sonralar Musa Allahın bütün dediklərini yazıya aldı. Onun yazdıqlarını indi Müqəddəs Kitabdan oxuya bilərik (Çıxış 20:18—21).

Musa Müqəddəs Kitabın ilk beş kitabını yazıb. Lakin o, bu kitabı yazan yeganə şəxs deyil. Müqəddəs Kitabın ayrı-ayrı hissələrini yazmaq üçün Allah təxminən 40 nəfər kişidən istifadə etmişdi.  Onlar çox-çox əvvəllər yaşamışdılar. Müqəddəs Kitabın yazılmasına da çox illər — təxminən 1 600 il sərf olunmuşdu. Maraqlısı odur ki, bu insanların bəziləri hətta bir-birinin üzünü belə görməsə də, onların yazdıqları hər şey bir-birinə tamamilə uyğun gəlir.

Müqəddəs Kitabı yazan bu adamların adları nədir?

Allahın Müqəddəs Kitabı yazmağı həvalə etdiyi insanlardan bəziləri məşhur insanlar idilər. Musa çoban olsa da, sonralar İsrail xalqının rəhbəri oldu. Süleyman dünyanın ən müdrik və ən varlı padşahı idi. Lakin digər yazıçılar elə də tanınmış deyildilər. Misal üçün, Amos əncir ağaclarına qulluq edirdi.

Bundan əlavə, Müqəddəs Kitabı yazanlardan biri həkim idi. Sən heç onun adını bilirsən? ~ Onun adı Luka idi. Digər yazıçı isə vergiyığan olub. Onun adı isə Matta idi. Bir başqası qanunşünas, yəhudi dininin qanunlarının bilicisi olmuşdu. Müqəddəs Kitabı yazanların içində ən çox kitab yazan odur. Onu tanıyırsan? ~ O, Paveldir. İsanın şagirdləri olan, həmçinin Müqəddəs Kitabın yazılmasında iştirak edən Peterlə Yəhya isə balıqçı idi.

Bu adamlardan bir çoxu Allahın gələcəkdə edəcəyi şeylər haqqında yazmışdır. Onlar gələcəkdə nəyin baş verəcəyini haradan bilirdilər? ~ Bu haqda onlara Allah xəbər vermişdi.

Böyük Müəllim İsa yer üzündə olanda artıq Müqəddəs Kitabın əksər hissəsi yazılıb qurtarmışdı. Yadına sal ki, İsa göydə yaşamışdı. O, Allahın əvvəllər etdiyi hər şeyi bilirdi. O, Müqəddəs Kitabın Allahdan olduğuna inanırdı? ~ Əlbəttə.

İsa insanlara Allahın işləri haqda danışırdı. Hərdən birbaşa Müqəddəs Kitabdan oxuyur, hərdən isə orada yazılanları əzbərdən söyləyirdi. O həmçinin bizə Allahdan çoxlu xəbər çatdırıb. O demişdi: «Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm» (Yəhya 8:26). İsa Allahdan çox şey eşitmişdi, çünki göydə Onunla birgə yaşamışdı. Bəs İsanın dediyi sözləri biz haradan oxuya bilərik? ~  Müqəddəs Kitabdan. İsanın bütün sözləri qələmə alınıb ki, biz onları oxuyaq.

Əlbəttə, Müqəddəs Kitabı yazan adamlar gündəlik danışdıqları dildə yazırdılar. Beləliklə, Müqəddəs Kitabın əksər hissəsi ibrani, bir qədəri arami, qalan hissəsi isə yunan dilində yazılmışdı. Bu gün insanların əksəriyyəti həmin dillərdə oxuya bilmədikləri üçün Müqəddəs Kitab başqa dillərə tərcümə olunub. Bir təsəvvür et: indi Müqəddəs Kitabın ayrı-ayrı hissələrini 2 260-dan çox dildə oxumaq olar! Müqəddəs Kitab Allahın dünyanın hər yerində yaşayan insanlara olan məktubudur. Ancaq neçə-neçə dillərə tərcümə olunmasından asılı olmayaraq, o, yenə də Allahdan gələn xəbər olaraq qalır.

Müqəddəs Kitabda bizim üçün vacib fikirlər var. O, çox-çox illər əvvəl yazılıb. Buna baxmayaraq, orada bizim günlərdə baş verənlər haqda danışılır. Həmçinin kitabda  Allahın yaxın gələcəkdə nələr edəcəyindən də bəhs edilir. Bu xəbərlər valehedicidir! Onlar bizə gözəl ümid verir.

Müqəddəs Kitabı oxuyanda nələri öyrənəcəksən?

Müqəddəs Kitabdan həm də Allahın bizim necə yaşamağımızı istədiyini öyrənirik. O, bizə nəyin düz, nəyin səhv olduğunu deyir. Bunları bilmək həm sənə lazımdır, həm də mənə. Orada pis iş tutan insanlar və onlarla nə baş verdiyi haqda danışılır ki, biz də eyni səhvləri təkrar etməyək. Həmçinin düzgün davranan adamlardan və düzgün davranmağın onlara gətirdiyi faydalardan da bəhs edilir. Bütün bunlar bizim yaxşılığımız üçün yazılıb.

Lakin Müqəddəs Kitabda yazılanların bizə tam fayda gətirməsi üçün bir suala cavab tapmaq lazımdır: Müqəddəs Kitabı bizə kim verib? Bu suala sən necə cavab verərdin? ~ Düzdür, Müqəddəs Kitabda yazılanların hamısı Allahın sözləridir. Bəs necə göstərə bilərik ki, biz doğrudan da müdrik adamlarıq? ~ Allaha qulaq asmaqla və Onun dediklərini etməklə.

Buna görə də bizə Müqəddəs Kitabı bir yerdə oxumaq üçün vaxt ayırmaq lazımdır. Çox sevdiyimiz adamdan məktub alanda onu dönə-dönə oxuyuruq. Çünki bu məktub bizim üçün çox dəyərli olur. Eynilə, Müqəddəs Kitab da bizə əziz olmalıdır, axı o, bizi dünyalar qədər sevən bir Kəsin məktubudur! O, sevən Allahdan gələn məktubdur.

Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna və bizim yaxşılığımız üçün yazıldığına əmin olasan deyə bir neçə dəqiqə vaxt ayırıb bu ayələri oxu: Romalılara 15:4; 2 Timoteyə 3:16, 17 və 2 Peter 1:20, 21.

Əlavə məlumat

MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ

Allahdan nazil olan kitab

Problemlərinizin həllində Müqəddəs Kitab sizə necə kömək edə bilər? Oradakı peyğəmbərliklərə nəyə görə etibar etmək olar?

ÖVLADLARIMIZI ÖYRƏDƏK

Onlar İsa Məsih haqda yazıblar

İsa Məsihlə eyni dövrdə yaşamış və onun haqqında yazan səkkiz yazıçı barədə öyrən.