Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 40

Allahı necə sevindirə bilərik?

Allahı necə sevindirə bilərik?

ALLAHI sevindirmək üçün biz nə edə bilərik? Biz Ona nə isə verə bilərik? ~ Yehova deyir: ‘Bütün meşələrdə olan heyvanlar Mənimdir’. O həm də bildirir: «Bütün qızıl-gümüş Mənimdir» (Məzmur 24:1; 50:10; Haqqay 2:8). Bununla belə, biz Allah üçün nə isə edə bilərik. O nədir? ~

Yehova icazə verir ki, Ona xidmət edib-etməyəcəyimizi özümüz seçək. O, bizi Öz istəklərini yerinə yetirməyə məcbur etmir. Gəl görək, nəyə görə Allah bizi elə yaradıb ki, Ona xidmət edib-etməyəcəyimizi özümüz seçə bilək.

Yəqin robotun nə olduğunu bilirsən. Bu, cihazdır. Robotu elə düzəldirlər ki, onu düzəldən nə istəyirsə, o da onu edir. Başqa sözlə, nə edəcəyinə robotun özü qərar vermir. Yehova istəsəydi, bizi robot kimi yarada bilərdi. O elə edə bilərdi ki, biz ancaq Onun istədiklərini yerinə yetirək. Amma Allah belə etmədi. Bilirsən, nə üçün? ~ Bəzi oyuncaqlar robota oxşayırlar. Düyməni basanda, onlara hansı funksiyanı qoyublarsa, onu da edirlər. Sən heç belə oyuncaq görmüsən? ~ Çox vaxt belə oyuncaqla oynamaq adamı bezdirir. Allah istəmir  ki, biz proqramlaşdırılmış robot kimi Ona qulaq asaq. Əksinə, Yehova istəyir ki, biz Onu sevdiyimiz və əmrlərinə tabe olmaq istədiyimiz üçün Ona xidmət edək.

Nəyə görə Allah bizi bu robot kimi yaratmayıb?

Necə fikirləşirsən, biz səmavi Atamızı sevdiyimiz üçün Ona qulaq asanda O, hansı hissləri keçirir? ~ De görüm, sənin davranışın valideynlərinə necə təsir edir? ~ Müqəddəs Kitabda deyilir ki, ağıllı oğul «atasını sevindirər», axmaq oğul isə «anasına dərd gətirər» (Süleymanın məsəlləri 10:1). Fikir vermisən, atanın və ananın dediyini edəndə onlar necə sevinirlər? ~ Bəs onların sözündən çıxanda hansı hissləri keçirirlər? ~

Həm Yehovanı, həm də valideynlərini sevindirmək üçün sən nə edə bilərsən?

İndi gəl səmavi Atamız Yehova haqda fikirləşək. Onu necə sevindirə biləcəyimizi O, bizə deyir. Zəhmət olmasa, Müqəddəs Kitabını götür və Süleymanın məsəlləri 27:11 ayəsini aç. Burada Allah bizə deyir: «Oğlum [və ya qızım], hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm». Bilirsən, kimisə utandırmaq, başqa sözlə, ona istehza etmək nə deməkdir? ~ Məsələn, kimsə səni ələ salaraq deyə bilər ki, dediyin şeyi edə bilməyəcəksən. Bəs Şeytan Yehovaya necə istehza edir? ~ Gəl baxaq.

Əgər yadındadırsa, bu kitabın 8-ci fəslindən öyrənmişdik ki, Şeytan bu dünyanın hökmdarı olmaq istəyir və hamının ona ibadət  etməsini arzulayır. Şeytan deyir ki, guya insanlar əbədi həyatı almaq üçün Allaha ibadət edirlər. Adəmlə Həvvanı Yehovanın sözündən çıxmağa təhrik etdikdən sonra Şeytan Allaha meydan oxudu. O, Allaha dedi: ‘İnsanlar yalnız Səndən nə isə aldıqlarına görə Sənə ibadət edirlər. Bir mənə imkan ver, gör onları Səndən döndərirəm, ya yox’.

Adəmlə Həvva günah işlətdikdən sonra Şeytan Yehovaya necə meydan oxudu?

Düzdür, bu sözlər Müqəddəs Kitabda yazılmayıb. Ancaq Əyyub haqqında oxuyanda aydın olur ki, Şeytan Allaha buna bənzər sözlər demişdi. Əyyubun Allaha sadiq qalıb-qalmayacağı həm Şeytan, həm də Yehova üçün çox vacib idi. Gəl Müqəddəs Kitabımızda «Əyyub» kitabının 1-ci2-ci fəsillərini oxuyaq və görək nə baş vermişdi.

Fikir verdinsə, «Əyyub» kitabının 1-ci fəslində yazılıb ki, mələklər Yehovanı görməyə gələndə Şeytan da onların arasında idi. Yehova Şeytandan soruşdu: «Haradan gəlirsən?» Şeytan da cavab verdi ki, yeri gəzib dolaşmaqdan. Bunu eşidən  Yehova dedi: ‘Əyyuba fikir verdin? O Mənə xidmət edir və pis heç nə etmir’ (Əyyub 1:6—8).

Şeytan dərhal bəhanə tapdı: ‘Əyyubun heç bir çətinliyi yoxdur, ona görə Sənə xidmət edir. Ancaq onu qorumasan və xeyir-dua verməsən, Sənə lənət edəcək’. Buna görə də Yehova dedi: ‘Yaxşı, Şeytan, get ona nə istəyirsən elə, bircə canına dəymə’ (Əyyub 1:9—12).

Şeytan nə etdi? ~ O, elə etdi ki, Əyyubun mal-qarasını və eşşəklərini oğurladılar, onlara baxan adamları isə öldürdülər. Sonra göydən ildırım çaxıb qoyunları və çobanları məhv elədi. Bir qədər də keçdi, dəvələri də oğurladılar, onlara baxanları isə öldürdülər. Axırda Şeytan elə tufan qopardı ki, Əyyubun on uşağının olduğu ev dağıldı və onların hamısı tələf oldu. Bütün bunlara baxmayaraq, Əyyub hələ də Yehovaya xidmət edirdi (Əyyub 1:13—22).

Şeytan yenidən Yehovanın hüzuruna gələndə Yehova Əyyubun hələ də sadiq qaldığını vurğuladı. Şeytan bəhanə gətirib dedi: ‘Əgər onun canına dəyməyə mənə icazə versən, o, Səni lənətləyəcək’. Buna görə də Yehova, öldürməmək şərtilə, Şeytana Əyyubun canına dəyməyə icazə verdi.

Əyyub nələrə tab gətirməli oldu və nə üçün bu, Yehovanı sevindirdi?

 Şeytan Əyyubu elə xəstəliyə düçar etdi ki, onun bədəni təpədən-dırnağa qədər yaralarla örtüldü. Bu yaralardan üfunət iyi gəlirdi. Buna görə də heç kim Əyyuba yaxın gəlmək istəmirdi. Hətta Əyyubun arvadı da ona dedi: «Lənət et Allaha, öl qurtar!» Özünü Əyyubun dostu kimi qələmə verən adamlar ona baş çəkəndə Əyyubun halı lap pis oldu. Çünki onlar deyirdilər ki, yəqin Əyyub pis işlər görüb, ona görə başına bəlalar gəlir. Şeytan Əyyubu bəlalara və xəstəliyə düçar etsə də, o, Yehovaya sədaqətlə xidmət etməyə davam edirdi (Əyyub 2:1—13; 7:5; 19:13—20).

Səncə, Əyyubun sadiqliyini görən Yehova hansı hissləri keçirirdi? ~ O sevinirdi, çünki Şeytana deyə bilirdi: ‘Əyyuba bax! O, Məni sevdiyi üçün Mənə xidmət edir’. Şeytanın yalançı olduğunu göstərmək üçün Yehova Əyyubu nümunə çəkir. Sən də onun kimi olmaq istəyərdin? ~ Şeytanın hər kəsi Yehovadan döndərə biləcəyi iddiasına cavab vermək həqiqətən də böyük şərəfdir. İsa da bunu şərəf hesab edirdi.

Böyük Müəllim heç vaxt Şeytana uyaraq pis iş görməmişdi. Təsəvvür et, bu, onun Atasını necə sevindirirdi! Yehova İsanı göstərib Şeytana deyə bilərdi: ‘Mənim Oğluma bax! O, Məni sevdiyi üçün Mənə hər şeydə sadiq qalır!’ Atasının ürəyini şad etdiyi üçün gör İsa özü necə sevinirdi. Məhz həmin sevincdir ki, işgəncə dirəyində ölümə tab gətirməyə İsaya kömək etdi (İbranilərə 12:2).

Sən də Böyük Müəllimimizə oxşamaq və Yehovanın ürəyini sevindirmək istəyirsən? ~ Onda Yehovanın nə istədiyini bundan sonra da öyrən və öyrəndiklərinə əməl edərək Onun ürəyini sevindir!

Allahı sevindirmək üçün İsanın nə etdiyini, eləcə də bizim nə etməli olduğumuzu aşağıdakı ayələrdən oxu: Süleymanın məsəlləri 23:22—25; Yəhya 5:30; 6:38; 8:28 və 2 Yəhya 4.