Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Böyük Müəllimdən öyrən

 Fəsil 35

Ölüm yuxusundan ayılmaq mümkündür!

Ölüm yuxusundan ayılmaq mümkündür!

GÖRƏSƏN biz ölsək, Allah bizi diriltmək, yəni həyata qaytarmaq istəyər? ~ Yaxşı adam olan Əyyub inanırdı ki, Allah ölüləri diriltmək istəyir. Buna görə də tezliklə öləcəyini fikirləşəndə Əyyub Allaha dedi: «Sən çağıranda cavab verəcəyəm». Əyyub demişdi ki, Yehova Allah onun həsrətini çəkəcək, yəni onu diriltmək istəyəcək (Əyyub 14:14, 15).

Atası Yehova Allah kimi, İsa da bizə kömək etmək istəyir. Bir dəfə cüzama tutulmuş bir adam: «İstəsən, məni saf edə bilərsən», — deyəndə İsa cavab verdi: «İstəyirəm, saf ol!» O, həmin adamı cüzamdan sağaltdı (Mark 1:40—42).

Yehova uşaqları sevdiyini necə göstərmişdi?

İsa Atasından uşaqları sevməyi öyrənmişdi. Çox-çox illər bundan əvvəl Yehova iki dəfə xidmətçilərinin vasitəsilə balaca uşaqları diriltmişdi. Onların birində İlyas ona qonaqpərvərlik göstərən qadının oğlunu  diriltməsi üçün Yehovaya yalvarmış, Yehova da onun xahişini yerinə yetirmişdi. İkinci halda isə xidmətçisi Elişanın vasitəsilə Yehova balaca bir oğlanı həyata qaytarmışdı (1 Padşahlar 17:17—24; 2 Padşahlar 4:32—37).

Yehovanın bizi bu qədər çox sevdiyini bilmək səni sevindirmir? ~ O, bizim haqqımızda biz təkcə sağ olanda fikirləşmir. Hətta ölsək də, Onun yadından çıxmayacağıq. İsa demişdi ki, sevdiyi adamlar öləndə belə Yehova onları diri hesab edir! (Luka 20:38). Müqəddəs Kitabda yazılıb ki, ‘nə ölüm, nə həyat, nə indiki, nə də gələcək şeylər bizi Allahın məhəbbətindən ayıra bilməz’ (Romalılara 8:38, 39).

İsa yer üzündə olanda göstərdi ki, Yehova balaca uşaqların qayğısına qalır. Yəqin yadındadır ki, İsa uşaqlara Allah haqqında danışmaq üçün vaxt ayırırdı. Bəs xəbərin var idi ki, Allah İsaya balaca uşaqları diriltmək üçün qüvvə verib? ~ Gəl sənə İsanın Yair adlı bir kişinin 12 yaşlı qızını necə diriltdiyini danışım.

Yair öz arvadı ilə Qalileya dənizinə yaxın yerdə yaşayırdı. Onların bir qızı var idi. Bir gün balaca qızcığaz bərk xəstələndi. Yair başa düşdü ki, qız ölüm ayağındadır. Bu vaxt İsa onun yadına düşdü; o eşitmişdi ki, həmin qeyri-adi adam insanları sağalda bilir. Buna görə də Yair İsanı axtarmağa getdi və onu Qalileya dənizinin sahilində camaatı öyrədən tapdı.

Yair camaatı yarıb keçdi və İsanın ayaqlarına düşüb dedi: ‘Qızım bərk xəstədir. Nə olar, yalvarıram, gəl onu sağalt’. İsa dərhal qalxıb Yairlə getdi. Böyük Müəllimi görməyə gələn adamlar da onların arxasınca getdi. Ancaq bir az yol getmişdilər ki, Yairin evindən bir neçə nəfər gəlib ona dedi: «Qızın öldü. Daha nə üçün Müəllimə zəhmət verirsən?»

 İsa onların nə dediyini eşitdi. O bilirdi ki, yeganə övladını itirmək Yairi çox kədərləndirir. Buna görə də ona dedi: ‘Qorxma, Allaha inan, hər şey yaxşı olacaq’. Onlar Yairin evinə gəlib çatdılar, gördülər ki, dost-tanışların hamısı ağlayır. Hamı çox kədərli idi, axı onların balaca dostu ölmüşdü. Amma İsa onlara dedi: ‘Ağlamayın, uşaq ölməyib, yatıb’.

İsa bunu deyəndə hamı gülməyə başladı, çünki qızcığazın öldüyünü bilirdilər. Bəs onda nə üçün İsa qızın yatdığını söylədi? ~ Necə fikirləşirsən, İsa oradakı adamlara nəyi başa salmaq istəyirdi? ~ O istəyirdi ki, onlar ölümün dərin yuxuya bənzədiyini anlasınlar. İsa onlara başa salmaq istəyirdi ki, biz yatan adamı yuxudan necə oyada biliriksə, o da Allahın gücündən istifadə edərək ölən adamı o cür asanlıqla həyata qaytara bilər.

İsanın Yairin qızını diriltməsindən nə öyrənirik?

İsa Peter, Yaqub və Yəhyadan, eləcə də qızın ata-anasından başqa hamını evdən çıxardı. Sonra uşağın olduğu otağa getdi və onun əlindən tutub dedi: ‘Qızcığaz, qalx!’ Elə həmin dəqiqə qız qalxıb yeriməyə başladı! Onun ata-anasının  sevinci aşıb-daşırdı (Mark 5:21—24, 35—43; Luka 8:40—42, 49—56).

İndi fikirləş: əgər İsa balaca qızı həyata qaytara bildisə, başqalarını da qaytara bilməz? ~ Necə fikirləşirsən, o, bunu edəcək? ~ Bəli, edəcək. İsa özü demişdi: ‘Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı mənim səsimi eşidəcəklər və qəbirlərindən çıxacaqlar’ (Yəhya 5:28).

Necə fikirləşirsən, bəs İsa insanları diriltmək istəyir? ~ Müqəddəs Kitabdakı başqa nümunə bu suala cavab tapmağa kömək edir. Kimsə ölən adama görə qüssə çəkəndə İsanın hansı hissləri keçirdiyini bilmək üçün gəl Nain şəhərinin yaxınlığında baş verən hadisəni nəzərdən keçirək.

Nain şəhərindən çıxan izdiham bir qadının oğlunu dəfn etməyə gedirdi. Qadının özü də onların arasında idi. Bir qədər əvvəl onun əri vəfat etmişdi, indi isə yeganə oğlu. Gör o nələr çəkirdi! Nain şəhərində yaşayanların çoxu oğlanın cənazəsinin ardınca gedirdi. Qadın ağlayır, camaat isə heç cür ona təsəlli verə bilmirdi.

İş elə gətirmişdi ki, həmin gün İsa şagirdləri ilə birlikdə Nain şəhərinə gedirdi. Şəhərin darvazalarına çatanda onlar həmin izdihamla qarşılaşdılar. İsa qadının ağladığını görəndə ona yazığı gəldi. Qadın elə kədərli idi ki, İsanın ürəyi ağrıdı və ona kömək etmək istədi.

Buna görə də o, şəfqətlə, eyni zamanda qətiyyətlə dedi: «Ağlama!» Qadın dayanıb ona baxdı. İsanın hərəkətləri hamıda maraq oyatdı. O, cənazəyə yaxınlaşanda, yəqin camaat təəccüb içində onun nə edəcəyini gözləyirdi. İsa hökmlə dedi: «Ey gənc, sənə deyirəm: Dur!» O, dərhal qalxıb oturdu və danışmağa başladı! (Luka 7:11—17).

 Təsəvvür elə, qadın hansı hissləri keçirirdi! Sevdiyin adam həyata qayıtsaydı, sən hansı hissləri keçirərdin? ~ Məgər bu hadisə İsanın insanları sevdiyini və onlara kömək etmək istədiyini göstərmir? ~ Bir təsəvvür et, Allahın yeni dünyasında dirilən insanları qarşılamaq necə gözəl olacaq! (2 Peter 3:13; Vəhy 21:3, 4).

İsanın bu qadının yeganə övladını diriltməsi nəyi göstərir?

Həmin vaxt dirilənlərin içində tanıdığımız adamlar, eləcə də uşaqlar olacaq. İsa Yairin qızını dirildəndə Yair onu tanımışdı, eləcə də biz onları tanıyacağıq. Həmin adamlardan başqa yüz və ya min illər bundan əvvəl ölənlər də diriləcək. Onlar çox-çox illər bundan əvvəl yaşasalar da, Allahın yadından çıxmayacaqlar.

Yehova Allahın və Onun Oğlu İsanın bizi bu qədər sevdiyini bilmək sevindiricidir, elə deyil? ~ Onlar istəyirlər ki, biz bir neçə il yox, əbədi yaşayaq!

Müqəddəs Kitabda ölənlər üçün olan ümid haqda növbəti ayələrdən oxuya bilərsən: Yeşaya 25:8; Həvarilərin işləri 24:15 və 1 Korinflilərə 15:20—22.