Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 16

İbadət üçün görüşlər

İbadət üçün görüşlər

MÖVZU

Yığıncaqlarımızın inkişafı və vacibliyi

1. Bir yerə toplaşan şagirdlər hansı köməkliyi aldılar və nəyə görə onların buna ehtiyacı var idi?

İSANIN dirilməsindən qısa müddət sonra şagirdlər bir-birini ruhlandırmaq üçün bir yerə toplaşmışdılar. Ancaq onlar düşmənlərin qorxusundan qapıları kilitləmişdilər. Görünür, İsa qəfildən peyda olub onların arasında duraraq: «Müqəddəs ruhu alın», — deyəndə onların qorxusu yox oldu. (Yəhya 20:19—22 ayələrini oxuyun.) Sonradan şagirdlər yenidən bir araya gəldilər və Yehova onların üzərinə müqəddəs ruh tökdü. Şübhəsiz, bu, onları qarşıda gözləyən təbliğ işini həyata keçirmək üçün möhkəmləndirdi (Həv. 2:1—7).

2. a) Yehova bizi necə möhkəmləndirir və nəyə görə buna ehtiyacımız var? b) Ailəvi ibadət nəyə görə vacibdir? (Haşiyəyə və 175-ci səhifədəki « Ailəvi ibadət» adlı çərçivəyə baxın.)

2 Bu gün biz də, birinci əsrdəki qardaşlarımız kimi, eyni çətinliklərlə üzləşirik (1 But. 5:9). Hərdən bizdə insan qorxusu yarana bilər və belə olan halda təbliğ xidmətini davam etdirmək üçün bizə Yehovanın gücü gərəkdir (Efes. 6:10). Yehova gücünü ən çox görüşlər vasitəsilə verir. Bizim hər həftə keçirilən beş yığıncaq görüşündə iştirak etmək imkanımız var. Bunlar açıq görüş, «Gözətçi qülləsi» müzakirəsi, Yığıncağın Müqəddəs Kitab öyrənməsi, Teokratik Xidmət Məktəbi və Xidməti görüşdür *. Bundan əlavə bizim ildə dörd əlamətdar görüşümüz olur — regional konqres, iki rayon konqresi və Məsihin ölümünün Xatirə gecəsi. Nəyə görə bu görüşlərin hamısında iştirak etmək vacibdir? Bəs yığıncaqlarımız zaman keçdikcə necə dəyişilməyə başladı? Yığıncaq görüşlərinə olan münasibətimiz bizim haqqımızda nə deyir?

Bir yerə yığılmağımızın səbəbi

3, 4. Yehova Öz xalqından nə tələb edir? Nümunə çəkin.

3 Ta qədimdən Yehova Öz xalqına ibadət üçün birgə toplaşmağı buyurur. Misal üçün, b. e. ə. 1513-cü ildə Yehova Allah İsrail xalqına Öz Qanununu vermişdi və bu Qanuna hər həftə Şənbə gününə riayət etmək də daxil idi. Həmin gün hər bir ailənin Yehovaya ibadət etmək və Onun Qanununu öyrənmək imkanı var idi (Qan. 5:12; 6:4—9). İsraillilər bu əmrə riayət etdikləri müddətdə ailələr möhkəmlənir və xalq ruhani cəhətdən təmiz və möhkəm qalırdı. Ancaq xalq Yehovaya ibadət etmək üçün müntəzəm toplaşmaq kimi tələblərə etinasızlıq  göstərərək Qanuna əməl etməyəndə Allahın rəğbətini itirirdi (Lav. 10:11; 26:31—35; 2 Saln. 36:20, 21).

4 Gəlin həmçinin İsanın nümunəsinə nəzər salaq. Onun hər həftə Şənbə günü sinaqoqa getmək adəti var idi (Luka 4:16). İsanın ölümündən və dirilməsindən sonra onun şagirdləri artıq Şənbə qanunu altında olmasalar da, birgə toplaşmağa davam edirdilər (Həv. 1:6, 12—14; 2:1—4; Rom. 14:5; Kol. 2:13, 14). Birinci əsrdəki məsihçilər bu görüşlərdə nəsihət almaqla və ruhlanmaqla yanaşı, həm də Allaha mədh qurbanları gətirirdilər: onlar dualar edir, şərhlər verir və nəğmələr oxuyurdular (Kol. 3:16; İbr. 13:15).

İsa Məsihin şagirdləri bir-birlərini möhkəmləndirib ruhlandırmaq üçün bir yerə toplaşırdılar

5. Həftəlik görüşlərdə və illik konqreslərdə iştirak etməyimizin məqsədi nədir? (Həmçinin 176 və 177-ci səhifələrdəki « Allahın xalqını birləşdirən illik görüşlər» adlı çərçivəyə baxın.)

5 Eynilə, biz də həftəlik görüşlərdə və hər il keçirilən konqreslərdə iştirak etməklə Padşahlığı dəstəklədiyimizi göstərir, Yehovadan bizi möhkəmləndirən müqəddəs ruh alır və imanımızı izhar etməklə başqalarını ruhlandırırıq. Ən vacibi isə, bizim dualar, şərhlər və nəğmələr vasitəsilə Yehovaya ibadət etmək imkanımız var. Yığıncaq görüşlərimizin israillilərin və birinci əsrdəki məsihçilərin keçirdikləri görüşlərdən fərqlənməsinə baxmayaraq, bu gün keçirilən görüşlər də eyni dərəcədə vacibdir. Gəlin görək müasir dövrdə yığıncaq görüşlərimizdə hansı dəyişikliklər baş verib.

«Məhəbbətə və yaxşı işlərə» təşviq edən həftəlik görüşlər

6, 7. a) Yığıncaq görüşlərimizin məqsədi nədir? b) Yığıncaq görüşləri müxtəlif qruplarda necə keçirilirdi?

6 Çarlz Teyz Rassel qardaş Allahın Kəlamından həqiqətləri araşdırmağa başlayanda eyni məqsədləri olan insanların birgə toplaşmasının zəruri olduğunu başa düşdü. 1879-cu ildə o yazmışdı: «Pitsburqdakı əməkdaşlarımla birgə Müqəddəs  Kitab dərnəyi təşkil etmişik və hər bazar günü Allahın Kəlamını araşdırmaq üçün toplaşırıq». «Sion Gözətçi qülləsi» jurnalı öz oxucularını birgə toplaşmağa təşviq edirdi və artıq 1881-ci ildə Pitsburqda (Pensilvaniya) yığıncaq görüşləri hər çərşənbə və bazar günləri keçirilirdi. «Gözətçi qülləsi» jurnalının 1885-ci il noyabr sayında deyilirdi ki, bu görüşlərin məqsədi «məsihçi qardaşlığını və məhəbbət tellərini» möhkəmləndirmək və görüşə gələnlərə bir-birini ruhlandırmaq imkanı verməkdir. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.)

7 Uzun illər ərzində Müqəddəs Kitab Tədqiqatçılarının yığıncaq görüşləri müxtəlif qruplarda müxtəlif cür keçirilirdi, hətta görüşlərin sayı da bir-birindən fərqlənirdi. Məsələn, 1911-ci ildə Birləşmiş Ştatlardakı qruplardan birindən gələn məktubda deyilirdi: «Biz hər həftə, ən azı, beş dəfə yığıncaq görüşü keçiririk». Onlar bu görüşləri bazar ertəsi, çərşənbə, cümə günü bir dəfə, bazar günü isə iki dəfə keçirirdilər. Afrikadan gələn və 1914-cü ildə dərc olunan məktubda isə deyilirdi: «Biz yığıncaq görüşlərini ayda iki dəfə keçiririk. Bu görüşlər cümə günü başlayıb bazar günü axşam qurtarır». Ancaq vaxt keçdikcə yığıncaq görüşlərimizdə dəyişikliklər edildi və tədricən indiki kimi keçirilməyə başlandı. Gəlin qısaca hər bir görüşün tarixçəsinə nəzər salaq.

8. İlk məruzələrin mövzusu nədən ibarət idi?

8 Açıq görüş. 1880-ci ildə, Rassel qardaş «Sion Gözətçi qülləsi» jurnalını dərc etməyə başlayandan bir il sonra İsanın nümunəsini təqlid edərək təbliğ səyahətinə başladı (Luka 4:43). Həmin səyahətlər zamanı Rassel qardaş bu gün açıq görüş kimi tanıdığımız görüşlərin keçirilməsi üçün nümunə qoydu. «Gözətçi qülləsi»ndə səyahətlə bağlı dərc olunan elanda deyilmişdi ki, Rassel qardaş «açıq görüşdə “Allahın Padşahlığına aid şeylər” adlı məruzə ilə çıxış etməyə şad olacaq». Müxtəlif ölkədə dərnəklər, yəni yığıncaqlar yarandıqdan sonra 1911-ci ildə hər bir yığıncaq təşviq olunurdu ki, hökm günü və fidyə kimi mövzulara həsr olunmuş altı silsilə məruzə ilə çıxış etmək üçün yaxın ərazilərə məharətli natiqlər göndərsin. Hər məruzənin sonunda növbəti həftə çıxış edəcək natiqin və söyləyəcəyi məruzənin adı elan edilirdi.

9. İllər ərzində açıq görüşün keçirilməsi ilə bağlı hansı dəyişikliklər edilib və siz bu görüşü necə dəstəkləyə bilərsiniz?

9 1945-ci ildə «Gözətçi qülləsi»ndə elan olunmuşdu ki, bütün dünyada açıq görüş kampaniyası keçirilməyə başlanıb. Bu kampaniyanın proqramına «dövrün aktual problemləri»nə həsr olunmuş və Müqəddəs Kitaba əsaslanan səkkiz silsilə mühazirə daxil idi. Onilliklər ərzində təyin olunmuş natiqlər ağıllı və sadiq nökərin təqdim etdiyi məruzələr planından istifadə etməklə kifayətlənmirdilər, onlar özləri də məruzə planı tərtib edirdilər. Lakin 1981-ci ildə bütün natiqlərə göstəriş verildi ki, məruzələrini yığıncaqlara göndərilən planlara əsasən hazırlasınlar *. 1990-cı ilə qədər olan məruzələrin bəzilərinin  planındakı göstərişə əsasən, həmin məruzələrə dinləyicilərin iştirakı və ya səhnəciklər daxil edilməli idi. Ancaq həmin il göstərişlər dəyişildi və indiyədək açıq məruzələr yalnız nitq şəklində təqdim olunur. 2008-ci ilin yanvarından isə məruzələrin vaxtı azaldılaraq 45 dəqiqədən 30 dəqiqəyə endirildi. Bu dəyişikliklərə baxmayaraq, yaxşı hazırlanmış məruzələr Müqəddəs Kitaba olan imanımızı artırmağa davam edir və Allahın Padşahlığı ilə bağlı müxtəlif mövzuları tam başa düşməyə kömək edir (1 Tim. 4:13, 16). Təkrar baş çəkdiyin insanları və Yehovanın Şahidi olmayan digərlərini Allahın Kəlamına əsaslanmış bu vacib məruzələri dinləməyə şövqlə dəvət edirsinizmi?

10—12. a) «Gözətçi qülləsi» müzakirəsinin keçirilməsində hansı dəyişikliklər edilib? b) Hər bir kəs özünə hansı sualları verməlidir?

10 «Gözətçi qülləsi» müzakirəsi. 1922-ci ildə piliqrimlər, yəni yığıncaqlarda məruzələrlə çıxış etmək və təbliğ işinə rəhbərlik etmək üçün Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən göndərilən xidmətçi qardaşlar təşkilata «Gözətçi qülləsi»nin araşdırılması üçün müntəzəm görüşlər keçirməyi təklif etmişdilər. Bu təklif qəbul olundu və əvvəl-əvvəl «Gözətçi qülləsi»nin müzakirəsi ya həftəarası, ya da bazar günü keçirilirdi.

«Gözətçi qülləsi» müzakirəsi, Qana, 1931-ci il

11 «Gözətçi qülləsi» jurnalının 1932-ci il 15 iyun sayında bu görüşün necə keçirilməsi ilə bağlı göstərişlər verilmişdi. Həmin məqalədə Beyteldə keçirilən görüşlər əsas götürülərək vurğulanmışdı ki, görüşü bir qardaş aparmalıdır. Üç qardaş isə auditoriya qarşısında əyləşib növbə ilə abzasları oxumalı idi. Əvvəllər məqalələr suallarsız dərc olunurdu. Buna görə də görüşü aparan qardaş auditoriyadan müzakirə olunan materiala uyğun suallar verməyi, sonra isə həmin sualları cavablandırmağı xahiş etməli idi. Aydın olmayan fikirlərə görüşü aparan qardaş «qısa və yığcam» izahat verə bilərdi.

 12 Əvvəllər hər yığıncağa «Gözətçi qülləsi» məqalələrindən əksəriyyətin istədiyi mövzuları araşdırmağa icazə verilirdi. Ancaq «Gözətçi qülləsi» jurnalının 1933-cü il 15 aprel sayında məsləhət görülürdü ki, həmin vaxtdan etibarən yığıncaqlar cari sayları araşdırsınlar. 1937-ci ildə bu görüşün bazar günləri keçirilməli olduğuna dair göstəriş verilmişdi. Bu görüşün təkmilləşdirilərək hal-hazırda bizim keçirdiyimiz kimi keçirilməsi ilə bağlı göstərişlər «Gözətçi qülləsi» jurnalının 1942-ci il 1 oktyabr sayında dərc olunmuşdu. Jurnalda deyilmişdi ki, hər səhifənin aşağı hissəsində öyrənmə məqalələrinin sualları çap olunacaq və məqalə həmin suallar əsasında müzakirə olunmalıdır. Həmçinin vurğulanmışdı ki, görüş bir saat keçirilməlidir. Dinləyicilər cavab verərkən abzasın yarısını oxumaq əvəzinə, «öz sözləri ilə» deməyə təşviq olunurdular. «Gözətçi qülləsi»nin müzakirəsi sadiq nökərin vaxtlı-vaxtında ruhani qida təqdim etdiyi əsas görüş olaraq qalır (Mət. 24:45). Hər bir kəs özündən soruşmalıdır: «Mən hər həftə “Gözətçi qülləsi”nə hazırlaşırammı? Bacardığım qədər şərh verməyə çalışırammı?»

13, 14. Yığıncağın Müqəddəs Kitab öyrənməsinin tarixçəsi necədir və bu görüşdə xoşunuza gələn nədir?

13 Yığıncağın Müqəddəs Kitab öyrənməsi. 1890-cı illərin əvvəlində «Minilliyin şəfəqi» kitabının bir neçə hissəsi çıxandan sonra Baltimordan (Merilend, ABŞ) olan Müqəddəs Kitab Tədqiqatçısı N. Ran qardaş Müqəddəs Kitabı araşdırmaq üçün «Şəfəq» adlı dərnəklər yaratmağı təklif etmişdi. Əvvəllər bu dərnəklər sınaq məqsədilə görüşlərini, əsas etibarilə, evlərdə keçirirdilər. Ancaq 1895-ci ilin sentyabrında «Şəfəq» dərnəkləri artıq Birləşmiş Ştatların bir çox şəhərlərində təşkil olunmuşdu. Buna görə də həmin ay «Gözətçi qülləsi» jurnalında məsləhət görülürdü ki, həqiqəti öyrənən insanların hamısı bu görüşləri keçirsin. Orada göstəriş verilmişdi ki, görüşü keçirən üzündən yaxşı oxumağı bacarmalıdır. O, hər cümləni oxuduqdan sonra dayanmalı idi ki, iştirakçılar hər bir cümləyə şərh verə bilsinlər. Abzasın hər bir cümləsi oxunub müzakirə edildikdən sonra görüşü aparan qardaş orada gətirilən ayələri açıb oxumalı idi. Fəslin sonunda iştirakçıların hər biri araşdırılan mövzu ilə bağlı qısaca şərh verməli idi.

14 Bu görüşün adı bir neçə dəfə dəyişib. Bir müddət bu görüş Müqəddəs Kitab öyrənilməsi üzrə Veriya dərnəkləri adlanıb; bu, birinci əsrdə Müqəddəs Yazıları diqqətlə araşdıran veriyalıların qoyduğu nümunəni xatırladırdı (Həv. 17:11). Sonralar bu görüşün adını kitaböyrənmə qoydular. İndi isə Yığıncağın Müqəddəs Kitab öyrənməsi adlanır və evlərdə qrup şəklində yox, yığıncağın bütün üzvləri ilə birgə Padşahlıq zalında keçirilir. Ötən onilliklər ərzində bu görüşdə müxtəlif kitablar, broşüralar, hətta «Gözətçi qülləsi» jurnalının  məqalələri müzakirə olunub. Görüş keçirilməyə başlayan ilk gündən dinləyicilər müzakirədə iştirak etməyə təşviq olunurlar. Bu görüş sayəsində bizim Müqəddəs Kitaba əsaslanan biliyimiz xeyli dərəcədə artıb. Siz bu görüşlərə müntəzəm olaraq hazırlaşıb şövqlə iştirak edirsinizmi?

15. Teokratik Xidmət Məktəbi hansı məqsədlə yaradılıb?

15 Teokratik Xidmət Məktəbi. Bruklindəki (Nyu-York) mərkəzi idarədə xidmət etmiş Keri Barber qardaş demişdi: «1942-ci il fevralın 16-sı bazar ertəsi axşam Bruklin Beytelində xidmət edən bütün qardaşlar sonralar Teokratik Xidmət Məktəbi adı ilə tanınan kurslara yazılmağa təşviq olundular». Xeyli vaxtdan sonra Rəhbərlik Şurasının üzvü olan Barber qardaş həmin məktəbi «Yehovanın müasir dövrdə Öz xalqı üçün etdiyi ən möhtəşəm iş» adlandırmışdı. Bu kursların qardaşlara təlim vermək və təbliğ etmək bacarıqlarını yaxşılaşdırmaqda o qədər köməyi dəydi ki, 1943-cü ildən  etibarən «Teokratik xidmət kursları» adlı broşüra tədricən bütün dünyadakı yığıncaqlara göndərildi. «Gözətçi qülləsi» jurnalının 1943-cü il 1 iyun sayında deyilirdi ki, Teokratik Xidmət Məktəbinin yaradılmasının məqsədi Allahın xalqına «Padşahlığın daha yaxşı müjdəçisi olmağa» kömək etməkdir (2 Tim. 2:15).

16, 17. Teokratik Xidmət Məktəbi yalnız auditoriya qarşısında çıxış etməyimi öyrədir? İzah edin.

16 Əvvəllər böyük auditoriya qarşısında çıxış etmək fikri çoxlarını dəhşətə gətirirdi. Atası 1918-ci ildə Ruterford qardaşla bərabər haqsız yerə həbs olunan Kleyton Vudvort qardaş 1943-cü ildə həmin məktəbə yazılanda keçirdiyi hissləri xatırlayaraq demişdi: «Mənim üçün məruzə ilə çıxış etmək çox çətin idi. Mənə elə gəlirdi ki, dilim ağzımda şişib, dodağım tamamilə quruyub, səsim isə xırıltılı və civiltili çıxır». Ancaq Kleytonun oratorluq qabiliyyəti yaxşılaşdıqca ona çoxlu çıxışlar verirdilər. Bu məktəb ona təkcə məruzə ilə çıxış  etməyi deyil, təvazökarlığın və Yehovaya güvənməyin vacibliyini öyrətdi. Vudvort qardaş demişdi: «Mən başa düşdüm ki, məharətli natiq olmağın sirri onun öz qabiliyyətlərindən asılı deyil. Əgər o, yaxşı hazırlaşarsa və tamamilə Yehovaya arxalanarsa, auditoriya onu məmnuniyyətlə dinləyəcək və nəsə öyrənəcək».

17 1959-cu ildə bacılar da məktəbə yazılmağa təşviq olundular. Edna Bauer bacı həmin il konqresdə eşitdiyi elanı xatırlayaraq deyir: «Yadımdadır, bacılar arasında böyük canlanma oldu. İndi onların qarşısında geniş imkanlar açılmışdı». Bəs siz Teokratik Xidmət Məktəbinə yazılmaq və Yehova tərəfindən öyrədilmək fürsətindən istifadə etmisinizmi? (Əşiya 54:13 ayəsini oxuyun.)

18, 19. a) Xidməti görüş hansı nümunəyə əsasən keçirilir? b) Nəyə görə biz görüşlərdə həmd nəğmələri oxuyuruq? (« Nəğmələrdə tərənnüm edilən həqiqət» adlı çərçivəyə baxın.)

18 Xidməti görüş. 1919-cu ilin əvvəllərində təbliğ işini təşkil etmək üçün görüşlər keçirilirdi. Ancaq həmin vaxt bu görüşlərdə yığıncağın bütün üzvləri yox, təkcə ədəbiyyat paylayanlar iştirak edirdi. 1923-cü ildə Xidməti görüş ayda bir dəfə keçirilirdi və bu görüşdə hamı iştirak etməli idi. 1928-ci ildə yığıncaqlar Xidməti görüşü hər həftə keçirməyə təşviq olundular, 1935-ci ildə isə «Gözətçi qülləsi» jurnalında bütün yığıncaqlara Xidməti görüşü «Rəhbərlik»dəki (sonralar «İnformator», indi isə «Bizim Padşahlıq Xidmətimiz» adlanır) məlumata əsasən hazırlamaq məsləhət görülürdü. Qısa bir vaxtdan sonra bu görüş hər bir yığıncaqda müntəzəm olaraq keçirilməyə başlandı.

19 Xidməti görüş Məsihin qoyduğu nümunəyə əsasən keçirilməyə davam edir və təbliğ işində iştirak edən hər kəsə praktiki rəhbərlik təqdim edir (Mət. 10:5—13). Əgər siz «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsini alırsınızsa, onu araşdırır və xidmət üçün verilən məsləhətləri tətbiq edirsinizmi?

İlin ən mühüm görüşü

Eramızın birinci əsrindən etibarən məsihçilər İsa Məsihin ölümünün Xatirə gecəsini qeyd etmək üçün hər il bir yerə toplaşırlar (20-ci abzasa baxın.)

20—22. a) Biz nəyə görə İsa Məsihin ölüm gününü qeyd edirik? b) Hər il Xatirə gecəsində iştirak etmək sizə hansı faydanı gətirir?

20 İsa Məsih öz davamçılarına yenidən zühur edəcəyi günə kimi onun ölüm gününü qeyd etməyi tapşırmışdı. Pasxa bayramı kimi, Məsihin ölümünün Xatirə gecəsi də ildə bir dəfə qeyd olunur (1 Kor. 11:23—26). Hər il bu görüşə milyonlarla insan gəlir. Bu, məsh olunmuş məsihçilərə Padşahlığın varisləri olmaq şərəfinə layiq görüldüklərini xatırladır (Rom. 8:17). Yerüzü ümidinə malik olan insanlarda isə Allahın Padşahlığının Padşahına dərin ehtiram və sədaqət hissi oyadır (Yəh. 10:16).

21 Rassel qardaş və əməkdaşları Ağamızın şam yeməyini qeyd etməyin vacibliyini başa düşürdülər və bilirdilər ki, onu ildə cəmi bir dəfə qeyd etməlidirlər. «Gözətçi qülləsi» jurnalının 1880-ci il aprel sayında deyilirdi: «Bir neçə ildir ki, Pitsburqda bizdə... Pasxanı [Xatirə gecəsini] qeyd etmək və  Ağamızın bədənini və qanını təmsil edən simvollardan qəbul etmək adəti var». Bir müddətdən sonra konqreslər Xatirə gecəsi ilə birgə keçirilməyə başlandı. Bu konqreslər haqqında ən erkən yazılı məlumat 1889-cu ilə aiddir; orada 225 nəfər iştirak etmiş və onlardan 22-si vəftiz olunmuşdu.

22 Bu gün biz Xatirə gecəsini konqreslə birgə keçirmirik, ancaq yaşadığımız ərazidə hər kəsi Padşahlıq zalında və ya icarəyə götürülmüş binalarda keçirilən bu görüşü qeyd etməyə dəvət edirik. 2013-cü ildə İsa Məsihin ölüm gününün qeyd edilməsində 19 milyondan çox insan iştirak etmişdir. Bizim üçün bu ən vacib görüşdə iştirak etmək və başqalarını da dəvət etmək böyük şərəfdir! Siz hər il Xatirə gecəsinə bacardığınız qədər daha çox insan dəvət etməyə çalışırsınızmı?

Əhval-ruhiyyəmiz nədən xəbər verir?

23 Yehovanın sadiq xidmətçiləri birgə yığışmaq göstərişini özlərinə yük hesab etmirlər (İbr. 10:24, 25; 1 Yəh. 5:3). Məsələn, Davud padşah ibadət üçün Yehovanın evinə getməyi çox sevərdi (Zəb. 27:4). Bunu Allahı sevən digər insanlarla birgə etmək ona xüsusilə zövq verirdi (Zəb. 35:18). Həmçinin gəlin İsanın nümunəsi üzərində də düşünək. Hətta gənc yaşlarında belə o, ibadət etmək üçün Atasının evində olmaq arzusu ilə alışıb-yanırdı (Luka 2:41—49).

Həmimanlılarımızla birgə toplaşmağı çox istəməyimiz Allahın Padşahlığının bizim üçün nə qədər real olmasının göstəricisidir

24. Yığıncaq görüşlərində hansı imkanımız olur?

24 Yığıncaqlarda iştirak etməklə biz Yehova Allahı sevdiyimizi və həmimanlılarımızı möhkəmləndirmək istədiyimizi göstəririk. Biz həmçinin Allahın Padşahlığının təbəələri kimi yaşamağı öyrənmək istədiyimizi göstəririk, çünki biz bunları yığıncaq görüşlərində və konqreslərdə öyrənirik. Üstəlik, yığıncaqlarda biz lazımi bacarığa yiyələnir və güc əldə edirik ki, bu gün Allahın Padşahlığının həyata keçirdiyi ən vacib işi — Padşah İsa Məsihin şagirdlərini hazırlamaq işini icra edək. (Mətta 28:19, 20 ayələrini oxuyun.) Birgə toplaşmağı çox istəməyimiz Allahın Padşahlığının bizim üçün nə qədər real olmasının göstəricisidir. Gəlin yığıncaq görüşlərimizi hər zaman qiymətləndirək!

^ abz. 2 Hər bir ailə həftəlik yığıncaq görüşlərində iştirak etməklə yanaşı, ailəvi ibadətə, ailəli olmayanlar isə şəxsi mütaliəyə vaxt ayırmağa təşviq olunur.

^ abz. 9 2013-cü ildə 180-dən çox məruzə planı hazır idi.

Əlavə məlumat

Ailəvi ibadəti daha maraqlı necə edə bilərsiniz?

Müxtəlif ölkələrdə ailəvi ibadətin necə keçirilməyindən tətbiq edə biləcəyin faydalı məlumatlar əldə et.