Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 8

Təbliğ etmək üçün vəsaitlər — Bütün dünyaya təbliğ etmək üçün ədəbiyyat nəşr olunur

Təbliğ etmək üçün vəsaitlər — Bütün dünyaya təbliğ etmək üçün ədəbiyyat nəşr olunur

MÖVZU

Yehova Allah hər xalqdan, hər tayfadan və hər dildən olan insanları öyrətmək üçün bizi lazımi vəsaitlərlə təmin edir

1, 2. a) Birinci əsrdə xoş xəbər nəyin sayəsində bütün Roma imperiyasına yayıldı? b) Müasir dövrdə də Yehovanın bizimlə olduğunu nə sübut edir? («670-dən çox dilə tərcümə olunan xoş xəbər» adlı çərçivəyə baxın.)

YERUSƏLİMƏ gələnlər gözlərinə inana bilmirdilər. Cəliləlilər başqa dillərdə səlis danışırdılar və onların çatdırdıqları xəbər ora gələnlərin marağına səbəb olurdu. Eramızın 33-cü ilinin Əllinci gün bayramı idi. İsa peyğəmbərin şagirdləri möcüzəvi şəkildə müxtəlif dillərdə danışmaq ənamı almışdılar. Bu hadisə Allahın onlarla olduğuna sübut idi. (Həvarilərin işləri 2:1—8, 12, 15—17 ayələrini oxuyun.) Həmin gün müxtəlif millətlərdən olan insanlara xoş xəbər təbliğ olundu, daha sonra isə bu xəbər bütün Roma imperiyasına yayıldı (Kol. 1:23).

2 Düzdür, bu günləri Allahın xalqı birinci əsrdəki kimi möcüzəvi şəkildə müxtəlif dillərdə danışmır. Buna baxmayaraq, indi Padşahlıq haqqında xoş xəbər 670-dən çox dilə tərcümə olunur (Həv. 2:9—11). Allahın təşkilatı saysız-hesabsız ədəbiyyat çap edir və Padşahlıq haqqında xəbəri bir çox dillərdə dünyanın hər bir guşəsinə çatdırır *. Bundan açıq-aydın görünür ki, Yehova Allah Padşah İsa Məsihdən istifadə edərək bizim təbliğ işimizə rəhbərlik edir (Mət. 28:19, 20). Bu məqalədə biz son 100 il ərzində istifadə olunan bəzi vəsaitləri nəzərdən keçirəcəyik və görəcəyik ki, Padşah hər birimizə müntəzəm şəkildə necə təlim verir və Allahın Kəlamının müəllimləri olmağa təşviq edir (2 Tim. 2:2).

Həqiqət toxumunu səpmələri üçün Padşah öz xidmətçilərini təchiz edir

3. Nəyə görə biz xidmətdə müxtəlif alətlərdən istifadə edirik?

3 İsa «padşahlıq haqqındakı sözü» toxumla, insanların ürəklərini isə torpaqla müqayisə etmişdi (Mət. 13:18, 19). Bağban torpağı şumlamaq və səpinə hazırlamaq üçün müxtəlif alətlərdən istifadə etdiyi kimi, Allahın xalqı da müxtəlif alətlərdən istifadə edərək milyonlarla insana xoş xəbəri qəbul etmək üçün ürəklərini hazırlamağa kömək edir. Bu alətlərdən bəziləri ancaq müəyyən dövr üçün yararlı olub. Kitab və jurnallar kimi digər vəsaitlər isə indiyədək istifadə olunur. Keçən fəsildə biz kütləvi kommunikasiya vasitələrini araşdırdıq. Bu fəsildə isə təbliğçilərə insanlarla üz-üzə söhbət etmələrinə  kömək edəcək bütün vəsaitləri müzakirə edəcəyik (Həv. 5:42; 17:2, 3).

Patefon və digər səsgücləndirici cihazların emalı (Toronto, Kanada)

4, 5. Plastinkalardan necə istifadə olunurdu, ancaq onların çatışmayan cəhəti nə idi?

4 Plastinkaya yazılmış çıxışlar. 1930-cu və 1940-cı illərdə təbliğçilər Müqəddəs Kitab mühazirələrinin plastinka yazılarını patefonda səsləndirirdilər. Hər mühazirə heç beş dəqiqə çəkmirdi. Onlardan bəzilərinin adı çox qısa idi, məsələn, «Üç üqnum», «Əraf» və «Padşahlıq». Bəs bu yazılardan necə istifadə olunurdu? 1930-cu ildə Birləşmiş Ştatlarda vəftiz olunan Kleyton Vudvort qardaş belə deyir: «Özümlə balaca çamadana yerləşən patefon gəzdirirdim. Patefonun yaylı ötürücüsü və çıxarılabilən adapteri (iynənin qrammafon valı üzərindəki mexaniki rəqsini səs tezlikli elektrik rəqsinə çevirən cihaz) var idi və hər dəfə valı işə salmazdan öncə adapteri valın əvvəlinə qoymaq lazım idi. Mən qapıya yaxınlaşır, çamadanı açıb adapteri quraşdırır və qapının zəngini basırdım. Ev sahibi qapını açanda mən ona belə deyirdim: “Sizə vacib bir xəbərim var, istəyərdim onu eşidəsiniz”». Camaat buna necə yanaşırdı? Vudvort qardaş əlavə edir: «Çox vaxt insanlar buna müsbət yanaşırdılar. Ancaq qapını üzümə bağlayanlar da olurdu. Bəzilərinə isə elə gəlirdi ki, patefon satıram».

1940-cı ilə qədər 90-dan çox məruzə lentə almış və bir milyondan çox plastinka hazırlanmışdı

5 1940-cı ilə qədər lentə alınmış 90-dan çox müxtəlif məruzələr var idi. Və bir milyondan çox məruzələr hazırlanmışdı. Həmin dövrdə Böyük Britaniyada pioner kimi xidmət edən, sonradan isə Rəhbərlik Şurasının üzvü olan Con Barr qardaş belə demişdi: «1936—1945-ci illər ərzində patefon daimi əməkdaşım olub. Həmin vaxtlar özümü tək hiss etmirdim. Qapının ağzında Ruterford qardaşın səsini eşitmək məni çox ruhlandırırdı; sanki o, yanımda idi. Əlbəttə, xidmətdə təlim  vermək və insanların ürəyinə yol tapmaq üçün patefondan istifadə etmək kifayət deyildi».

6, 7. a) Şahidlik vermək üçün vərəqələrin müsbət və mənfi cəhəti nə idi? b) Hansı mənada Yehova sözlərini xidmətçilərinin dilinə qoydu?

6 Şahidlik üçün vərəqələr. 1933-cü ildən başlayaraq, müjdəçilər evdən-evə təbliğdə şahidlik üçün vərəqələrdən istifadə etməyə təşviq olunurdular. Bu vərəqənin eni 7,6, uzunluğu isə 12,7 santimetr idi. Orada qısaca olaraq Müqəddəs Kitabın çatdırdığı xoş xəbər və ev sahibinin əldə edə biləcəyi Müqəddəs Kitaba əsaslanan nəşrlərin növləri qeyd olunmuşdu. Təbliğçi vərəqi oxuması üçün ev sahibinə verirdi. Sonralar Argentina və Puerto–Rikoda xüsusi təyinatlı müjdəçi kimi xidmət etmiş Lilian Kammerud adlı bacı belə demişdi: «Xidmətdə şahidlik üçün vərəqədən istifadə etmək lap ürəyimcə idi». Sonra o, sözlərinə əlavə etmişdi: «Hər kəs yaxşı təqdimə edə bilmirdi. Bu cür xidmətin sayəsində mən insanlara yaxınlaşmağı öyrəndim».

Şahidlik üçün vərəqə (italyan dilində)

7 1918-ci ildə vəftiz olan Devid Ruş qardaş bölüşür: «Şahidlik üçün vərəqə qardaşlara kömək edirdi, çünki çoxları qorxurdu ki, xidmətdə düzgün sözlər tapıb deyə bilməsin». Ancaq bu üsul tam effektiv deyildi. Ruş qardaş sözünə davam edir: «Bəzi insanlar bizim danışa bilmədiyimizi düşünürdülər. Müəyyən mənada onlar haqlı idilər, çünki çoxlarımız danışmağı bacarmırdıq. Ancaq Yehova bizi Öz xidmətçiləri kimi insanlar qarşısına çıxmağa hazırladı. O, sanki, sözləri dilimizə qoyaraq evdən-evə təbliğdə Müqəddəs Yazılardan necə istifadə etməyi bizə öyrətdi. Yehova bu işi 1940-cı illərdən başlayaraq Teokratik Xidmət Məktəbi vasitəsilə həyata keçirir». (Ərəmya 1:6—9 ayələrini oxuyun.)

8. Məsihin sizi öyrətməsinə necə yol verə bilərsiniz?

8 Kitablar. 1914-cü ildən bəri Yehovanın xalqı Müqəddəs Kitaba əsaslanan mövzuları araşdırmaq üçün 100-dən çox müxtəlif kitab nəşr edib. Bu kitablardan bəziləri məharətlə təbliğ etməyin yollarını öyrətmək üçün tərtib olunub. Danimarkadan olan 70 ilin təbliğçisi Anna Larsen bacı belə deyir: «Teokratik Xidmət Məktəbi və əldə etdiyimiz kitablar sayəsində Yehova bizə məharətli təbliğçi olmağa kömək edir. Yadımdadır ki, bu kitablardan birincisi 1945-ci ildə dərc olunan “Padşahlığın müjdəçiləri üçün teokratik kömək” adlı kitab idi. Bunun ardınca 1946-cı ildə “Hər cür yaxşı işə hazırlanıblar” adlı kitab işıq üzü gördü. Hal-hazırda isə 2001-ci ildə nəşr olunan “Teokratik Xidmət Məktəbində təlim alırıq” kitabından istifadə edirik». Həqiqətən də, Teokratik Xidmət Məktəbi və bununla bağlı dərc olunan kitablar Yehovanın yararlı xidmətçiləri olmağımızda əsas rol oynayır (2 Kor. 3:5, 6). Bəs siz Teokratik Xidmət Məktəbinə yazılmısınızmı? Hər həftə «Xidmət Məktəbi» kitabını özünüzlə yığıncağa gətirirsinizmi? Məktəbin nəzarətçisinin verdiyi məsləhətləri öz kitabınızdan izləyirsinizmi? Əgər belə edirsinizsə, onda Məsihin sizi daha  yaxşı müəllim kimi yetişdirməsinə yol verirsiniz (2 Kor. 9:6; 2 Tim. 2:15).

9, 10. Həqiqət toxumunu əkib-sulamaq işində kitabların hansı rolu var?

9 Yehova təşkilatının dərc etdiyi kitablar vasitəsilə təbliğçilərə Müqəddəs Kitabın əsas təlimlərini izah etməyə kömək edir. «Əbədi həyata aparan həqiqət» kitabı (rus.) öz dövrü üçün praktiki idi. İlk dəfə 1968-ci ildə çap olunan bu kitab dərhal öz təsirini göstərdi. «Bizim Padşahlıq Xidmətimiz»in 1968-ci il noyabr sayında qeyd olunmuşdu: «Bu kitaba tələbat o qədər çox idi ki, sentyabr ayında Bruklinin çap şöbəsi gecə növbəsində də işləmək qərarına gəlmişdi». Bu məqalədə həmçinin deyilirdi: «Avqust ayı ərzində bu kitabın 1,5 milyondan çox nüsxəsi çap olunmuşdu». 1982-ci ilə qədər 116 dildə 100 milyondan çox nüsxəsi dərc olunmuşdu. Bu kitabın sayəsində 14 il ərzində, yəni 1968-ci ildən 1982-ci ilə qədər bir milyondan çox insan sıralarımıza qoşularaq Padşahlığın təbliğçisi olmuşdu *.

10 2005-ci ildə isə Allahın Kəlamını öyrətmək üçün nəzərdə tutulan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı işıq üzü gördü. Artıq bu kitabın 256 dildə 200 milyondan çox nüsxəsi çap olunub. Onun sayəsində hansı nailiyyətlər əldə olunub? Yeddi il ərzində, yəni 2005-ci ildən 2012-ci ilə qədər 1,2 milyon insan təbliğçi oldu. Elə həmin vaxt Müqəddəs Kitabı öyrənənlərin sayı 6 milyondan 8,7 milyona qalxdı. Şübhə yoxdur ki, Yehova Allah bizim Padşahlıq toxumunu əkib-sulamaq üçün gördüyümüz işdən çox razıdır. (1 Korinflilərə 3:6, 7 ayələrini oxuyun.)

11, 12. Gətirilən ayələrə əsasən jurnallarımızın müxtəlif sayları kimlər üçün nəzərdə tutulub?

11 Jurnallar. İlk vaxtlar «Gözətçi qülləsi» jurnalı göylər dəvətinə layiq görülmüş «kiçik sürü» üçün nəzərdə tutulmuşdu (Luka 12:32; İbr. 3:1). 1919-cu il oktyabrın 1-i Yehovanın təşkilatı digər oxucular üçün nəzərdə tutulan başqa bir jurnal dərc etdi. Bu jurnal Müqəddəs Kitab Tədqiqatçıları tərəfindən rəğbətlə qarşılandı və uzun illər ərzində onun oxucusunun sayı «Gözətçi qülləsi» jurnalının oxucusunun sayından daha çox olub. Bu jurnalın ilk adı «Qızıl əsr» olub. 1937-ci ildə həmin jurnal «Təsəlli» adlanmağa başlandı. 1946-cı ildən isə, hal-hazırda bizə məlum olan «Oyanın!» adını daşıyır.

12 Onilliklər ərzində «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının tərzi və üslubu dəyişib, ancaq bu jurnalların Allahın Padşahlığını elan etmək və insanların imanını Müqəddəs Kitab üzərində qurmaq məqsədi dəyişməz olaraq qalır. İndi «Gözətçi qülləsi»nin kütləvi və təlim nəşri dərc olunur. Təlim nəşrindən evdəki qulluqçular — həm «kiçik sürü», həm də «başqa qoyunlar» yararlanır * (Mət. 24:45; Yəh. 10:16). Kütləvi nəşr Müqəddəs Kitaba və Yaradan Allaha ehtiram bəsləyən, ancaq dəqiq biliyi olmayan insanlar üçündür (Həv. 13:16). «Oyanın!» jurnalı isə Allahın Kəlamı və həqiqi Allah Yehova barədə çox az biliyi olanlar üçün nəzərdə tutulub (Həv. 17:22, 23).

13. Jurnallarımızı heyrətamiz edən nədir? («Nəşrlərin dünya rekordu» adlı cədvəli müzakirə edin.)

 13 2014-cü ilin əvvəlindən etibarən hər ay 44 milyondan çox «Oyanın!» jurnalı, 46 milyona yaxın isə «Gözətçi qülləsi» jurnalı dərc olunur. «Oyanın!» jurnalı təxminən 100-ə yaxın, «Gözətçi qülləsi» isə 200-dən çox dilə tərcümə olunur. Geniş miqyasda tərcümə olunan bu nəşrlər dünyanın hər yerində paylanır. Əldə olunan nailiyyətlər nə qədər heyrətamiz olsa da, bizi təəccübləndirməməlidir. Çünki bu jurnallara İsanın bütün dünyaya təbliğ ediləcək dediyi xoş xəbər daxildir (Mət. 24:14).

14. Təşkilat hansı işləri həyata keçirib və nəyə görə?

14 Müqəddəs Kitab. 1896-cı ildə Rassel qardaş və onun əməkdaşları təşkilatın adına Müqəddəs Kitab sözünü əlavə etdilər və o vaxtdan təşkilat Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti adlanmağa başladı. Bu dəyişiklik lap yerinə düşdü, çünki Padşahlıq haqda xoş xəbərin yayılmasında Müqəddəs Kitab həmişə əsas vəsait olub (Luka 24:27). Təşkilatın qanuni adına uyğun olaraq Allahın xidmətçiləri Müqəddəs Kitabın paylanmasında və oxunmasında var gücləri ilə çalışaraq əllərindən gələni edirlər. Məsələn, 1926-cı ildə biz Bencamin Uilsonun Yunanca Müqəddəs Yazıların «Emfetik Dayaqlott» adlanan tərcüməsini şəxsi çapxanalarımızda nəşr etdirdik. 1942-ci ildən başlayaraq, «Kral Yakovun Müqəddəs Kitabı»nın təxminən 700 000 nüsxəsini dərc etdirdik və payladıq. Bundan iki il sonra Yehova adının 6823 dəfə istifadə olunduğu «Amerikan standart tərcümə»sini nəşr etdik. 1950-ci ilə qədər bu tərcümənin 250 000-dən çox nüsxəsini payladıq.

15, 16. a) «Yeni Dünya Tərcüməsi»ni nə üçün qiymətləndirirsiniz? («Müqəddəs Kitab tərcüməsinin sürətləndirilməsi» çərçivəsini müzakirə edin.) b) Yehovanın ürəyinizə təsir etməsinə necə yol verə bilərsiniz?

15 1950-ci ildə ingilis dilində «Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» işıq üzü gördü. 1961-ci ildə isə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» tam şəkildə dərc olundu. (Azərbaycan dilində «Yunanca Müqəddəs Yazılar» 2010-cu ildə, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» isə 2014-cü ildə işıq üzü görüb.) Bu tərcümədə orijinal ibrani mətninə əsasən, Yehova adı lazım olan yerlərdə bərpa olunub. Üstəlik, Allahın adı Yunanca Müqəddəs Yazıların «Yeni Dünya Tərcüməsi»ndə 237 dəfə işlənib. Allahın Kəlamı mümkün qədər aydın və başadüşülən olsun deyə onun tərcüməsinə dəfələrlə düzəlişlər edilib. Ən son dəyişikliklər 2013-cü ildə edilib. Həmin ildə «Yeni Dünya Tərcüməsi»nin qismən və ya tam şəkildə 121 dildə 201 milyondan çox nüsxəsi çap olunub.

16 Bəzilərinə öz doğma dillərində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni oxumaq necə təsir edib? Nepallı bir kişi deyir: «Nepal dilindəki Müqəddəs Kitab tərcüməsini başa düşmək çoxlarına çətin idi, çünki köhnə dildə yazılmışdı. Ancaq indi Müqəddəs Kitab gündəlik danışdığımız dilə tərcümə olunduğu üçün onu çox yaxşı başa düşürük». Mərkəzi Afrika Respublikasından olan bir qadın sanqo dilinə tərcümə olunan  Müqəddəs Kitabı oxumağa başlayanda ağlayaraq belə dedi: «Bu dil ürəyimi cuşa gətirdi». Bu qadın kimi, biz də Yehovanın Kəlamını hər gün oxumaqla oradakı sözlərin ürəyimizə təsir etməsinə yol verə bilərik (Zəb. 1:2; Mət. 22:36, 37).

Vəsaitlərə və təlimə görə minnətdarlıq

17. Bizə verilən təlim və vəsaitlərə görə minnətdarlığımızı necə göstərə bilərik və belə etməklə qarşılığında nə alacağıq?

17 Padşah İsa Məsihin bizə müntəzəm olaraq verdiyi təlimləri və vəsaitləri qiymətləndirirsinizmi? Təşkilatın dərc etdiyi nəşrləri oxuyub başqalarına kömək etmək məqsədilə onlardan istifadə edirsinizmi? Əgər belədirsə, onda 1914-cü il oktyabrın 4-ü vəftiz olan Opal Betler bacının sözlərinə şərik olacaqsan. O demişdi: «İllər öncə həyat yoldaşımla (Edvard) mən patefondan və şəhadətlik vermək üçün vərəqələrdən istifadə etmişik. Biz evdən-evə təbliğdə kitablardan, broşüralardan və jurnallardan istifadə edirdik. Həmçinin biz kampaniyalarda və yürüşlərdə iştirak edir, eləcə də nəşr olunmuş traktatlar paylayırdıq. Sonradan biz maraqlananların yanına yenidən getməyi [yəni təkrar baş çəkməyi] və Müqəddəs Kitab öyrənməsi keçirməyi öyrənməyə başladıq. Başımızı qaşımağa vaxtımız olmurdu və biz çox xoşbəxt idik». İsa peyğəmbər demişdi ki, onun təbəələrinin başı əkin-biçin işinə qarışacaq və gördükləri işdən birgə sevinc duyacaqlar. Opal bacı kimi, milyonlarla insanlar da bu vədin doğru olduğunu təsdiqləyə bilərlər. (Yəhya 4:35, 36 ayələrini oxuyun.)

18. Biz hansı işə layiq görülmüşük?

18 Padşahın xidmətçisi olmayanların çoxuna elə gələ bilər ki, Allahın xalqı «savadsız, sadə adam»lardır (Həv. 4:13). Padşah öz sadə təbəələrini tarixdə ən geniş vüsət alan və ən çox dilə tərcümə edilən ədəbiyyatı dərc edən bir təşkilata çevirdi. Ən vacibi isə o, bizi öyrədir və təşviq edir ki, bütün millətlərdən olan insanlara xoş xəbəri çatdırmaq üçün bu vəsaitlərdən istifadə edək. Məsihlə birgə həqiqət toxumunu əkmək və şagirdlər biçmək necə də böyük şərəfdir!

^ abz. 2 Geridə qoyduğumuz onillik ərzində Yehovanın xalqı Müqəddəs Kitaba əsaslanan 20 milyarddan çox ədəbiyyat nəşr edib. Üstəlik, jw.org veb-saytı hal-hazırda bütün dünyada İnternetdən istifadə edən 2,7 milyarddan çox insan üçün əlçatandır.

^ abz. 9 Təbliğçilərə Müqəddəs Kitab həqiqətlərini öyrətməyə kömək edən vəsaitlərdən bəziləri «Allahın arfası» (1921), «Allah haqdır» (1946), «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz» (1982) və «Əbədi həyata aparan bilik» (1995) adlı nəşrlər olub.

Əlavə məlumat

NƏŞRİYYAT İŞİMİZ

«Allahın müqəddəs sözləri»ni tərcümə etmək əmanəti (Romalılara 3:2)

Yehovanın Şahidləri son 100 il ərzində Müqəddəs Kitabın müxtəlif tərcümələrindən istifadə ediblər. Nəyə görə onlar Müqəddəs Kitabı müasir ingilis dilinə tərcümə etmək qərarına gəliblər?