Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

Rəhbərlik Şurasının məktubu

Rəhbərlik Şurasının məktubu

Padşahlığın əziz müjdəçiləri!

TƏSƏVVÜR EDİN Kİ, Bruklindəki Beyteldə xidmət edirsiniz. 1914-cü ilin oktyabr ayının 2-si cümə günü səhər çağıdır. Yeməkxanada öz yerinizdə əyləşib Rassel qardaşın gəlişini gözləyirsiniz. Birdən qapı açılır və Rassel qardaş içəri daxil olur. O, adəti üzrə bir az dayanıb Beytel ailəsinin üzvlərinə gülərüzlə: «Sabahınız xeyir», — deyərək Beytel ailəsini salamlayır. Ancaq bu gün o, dərhal süfrənin başına keçib öz yerinə əyləşmir, əlini əlinə vurub təntənəli surətdə elan edir: «Digər xalqların vaxtı tamam oldu, onların padşahlarının sonu gəldi!» Sevincdən özünüzə yer tapa bilmirsiniz, çünki uzun müddətdir ki, səbirsizliklə bu anı gözləyirdiniz! Beytel ailəsi bu sevindirici xəbəri səngimək bilməyən gurultulu alqışlarla qarşılayır.

 Rassel qardaşın bu həyəcanlandırıcı xəbəri elan etməsinin üstündən çoxlu onilliklər ötüb. Bu illər ərzində Padşahlıq nələri həyata keçirib? Çox şeyi. Padşahlıq vasitəsilə Yehova Öz xalqını tədricən saflaşdırır və ona təlim verir. 1914-cü ildə Onun xidmətçilərinin sayı cəmi bir neçə min idi, bu gün isə artıq 8 milyona yaxındır. Bu təlim hər birimizə hansı faydanı gətirir?

Bu gün biz qardaşların tez-tez: «Yehovanın səmavi arabası daima hərəkətdədir!» — dediklərini eşidirik. Bu, həqiqətən də, belədir. Ancaq əlinizdəki bu kitabı diqqətlə oxuyanda görəcəksiniz ki, Yehovanın təşkilatının gözəgörünməz hissəsini təmsil edən səmavi araba 1914-cü ildən bəri həmişə hərəkətdə olub. Xoş xəbəri bütün dünyaya bəyan etmək üçün Padşahlığın müjdəçiləri həmişə hər bir dövrün müxtəlif mütərəqqi üsullarından, məsələn, qəzetlər, informasiya yürüşləri, «Fotodram»lar, şahidlik üçün vərəqələr, patefonlar, radio və İnternet kimi vasitələrdən istifadə etmişlər.

Yehovanın bu işə xeyir-dua verməsi sayəsində indi bizim Müqəddəs Kitaba əsaslanan rəngarəng ədəbiyyatları 670-dən çox dildə nəşr etmək və insanlara təmənnasız olaraq təklif etmək kimi imkanımız var. Fədakar könüllülər inkişaf etmiş və məhdud resurslu ölkələrdə Padşahlıq və Konqres zallarının, eləcə də filial binalarının tikilməsində öz köməkliklərini əsirgəmirlər. Təbii fəlakətlər baş verəndə isə əziz bacı-qardaşlarımız məhəbbətdən irəli gələrək həmin ərazilərdə yaşayanların köməyinə tələsirlər. Bununla onlar, həqiqətən də, «dar gün üçün doğulmuş [qardaş]» olduqlarını sübut edirlər (Məs. 17:17).

Bəzən ruhanilər və digər əleyhdarlar «qanun adı ilə pislik» törətməyə çalışırlar. Ancaq hər dəfə onların cəhdlərinin boşa çıxdığını və «xoş xəbərin yayılmasına xidmət [etdiyini]» görmək imanımızı olduqca möhkəmləndirir (Zəb. 94:20; Filip. 1:12).

Bizim üçün sizinlə əməkdaşlıq etmək böyük şərəfdir, axı biz hamımız Padşahımız İsanın qulluqçularıyıq! Zəhmət olmasa, yaddan çıxartmayın ki, biz sizi çox sevirik. Dua edirik ki, bu kitab sizə ruhani irsinizi daha çox qiymətləndirməyə kömək etsin (Mət. 24:45).

Ən xoş arzularla,

sizin qardaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası