Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 1

«Qoy Padşahlığın gəlsin»

«Qoy Padşahlığın gəlsin»

MÖVZU

İsa Allahın Padşahlığı barədə öyrədirdi

1, 2. İsanın üç həvarisi Yehovanın hansı sözlərini eşitdi və onlar buna necə hay verdilər?

ƏGƏR Yehova Allah sizə hansısa bir iş tapşırsaydı, nə edərdiniz? Sözsüz ki, Onun sizə nə tapşırmasından asılı olmayaraq, könül xoşluğu ilə yerinə yetirərdiniz.

2 Bizim eranın 32-ci ilinin Pasxa bayramından bir az sonra İsa peyğəmbərin üç həvarisi — Butrus, Yaqub və Yəhya məhz belə bir vəziyyətlə üzləşdi. (Mətta 17:1—5 ayələrini oxuyun.) Onlar İsa ilə birlikdə uca bir dağın başında olanda onun göydə görkəmli bir Padşah olacağını təmsil edən görüntü gördülər. Bu görüntü o qədər real görünürdü ki, Butrus çadır qurmağa cəhd göstərdi. O hələ danışarkən bulud topası onları bürüdü. Sonra bu üç şagird tək-tük adama nəsib olan bir şərəfə layiq görüldü — onlar Yehova Allahın səsini eşitdilər. Yehova İsanın Onun Oğlu olduğunu bildirəndən sonra dedi: «Ona qulaq asın». Həvarilər bu ilahi göstərişi qəbul etdilər. Onlar İsanın öyrətdiklərinə qulaq asır və başqalarını da buna təşviq edirdilər (Həv. 3:19—23; 4:18—20).

İsa peyğəmbər Allahın Padşahlığı mövzusuna xüsusi yer verirdi

3. Nəyə görə Yehova Onun Oğluna qulaq asmağımızı istəyir və hansı mövzunu araşdırmağa dəyər?

3 «Ona qulaq asın» sözləri Müqəddəs Kitabda bizim faydamız üçün qələmə alınıb (Rom. 15:4). İsa Yehovanın təmsilçisi idi və o, hər dəfə insanları öyrədəndə Yehova Allahın onlara demək istədiyini çatdırırdı (Yəh. 1:1, 14). İsa peyğəmbər müxtəlif mövzular ətrafında danışsa da, o, Allahın Padşahlığı, yəni özünün və 144 000 hakimiyyət şərikinin idarə edəcəyi səmavi hökumət mövzusuna xüsusi yer verirdi. Buna görə də bu mühüm mövzunu diqqətlə araşdırmaq yaxşı olardı (Vəhy 5:9, 10; 14:1—3; 20:6). Gəlin ilk öncə İsanın nəyə görə Allahın Padşahlığına bu qədər önəm verdiyinə nəzər salaq.

«İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir»

4. İsa Allahın Padşahlığının onun üçün əziz olduğunu necə göstərirdi?

4 Allahın Padşahlığı İsa üçün əziz idi. Bunu nəyə əsasən demək olar? Adətən, dilimizə gətirdiyimiz sözlər ürəyimizdəkini, yəni əslində bizim üçün nəyin daha vacib olduğunu  üzə çıxarır. İsa özü demişdi ki, «insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mət. 12:34). Allahın Padşahlığı barədə danışmaq üçün o, hər fürsətdən istifadə edirdi. Müjdələrdə Allahın Padşahlığı haqqında 100 dəfədən çox xatırlanır, əksər hallarda da bu barədə İsa danışırdı. Onun təbliğinin başlıca mövzusu Padşahlıq idi. O deyirdi: «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43). İsa diriləndən sonra da şagirdləri ilə Allahın Padşahlığı haqda söhbət edirdi (Həv. 1:3). Həqiqətən də, Padşahlığa görə minnətdarlıqla dolub-daşan ürəyi onu bu barədə başqalarına danışmağa təşviq edirdi.

5—7. a) Padşahlığın Yehova üçün əziz olduğunu haradan bilirik? Nümunə çəkin. b) Padşahlığın bizim üçün əziz olduğunu necə göstərə bilərik?

5 Bu Padşahlıq Yehova üçün də əzizdir. Bunu haradan bilirik? Unutmayaq ki, İsanı yer üzünə Yehova göndərmişdi və onun öyrətdiklərinin hamısı məhz Yehovadan idi (Yəh. 7:16; 12:49, 50). Müjdələrdə İsanın həyatı və xidməti barədə yazılanların müəllifi də Yehova Allahdır. Bir anlıq bunun nə demək olduğunu düşünün.

Yaxşı olardı ki, hər birimiz özümüzdən soruşaq: «Allahın Padşahlığı mənim üçün əzizdirmi?»

6 Təsəvvür edin ki, ailə albomu tərtib etmək istəyirsiniz. Ancaq albom elə də böyük olmadığından çoxlu sayda şəkillər arasından bəzilərini seçməlisiniz. İsanı aydın şəkildə təsvir edən Müjdələri də müəyyən mənada həmin alboma bənzətmək olar. Ancaq Yehova Müjdələrdə İsanın yer üzündəki həyatı barədə hər şeyi yazdırmağı lazım bilməmişdi (Yəh. 20:30; 21:25). Əksinə, Yehova istəyirdi ki, orada İsanın xidmətinin məqsədini və Yehova üçün nəyin daha vacib olduğunu başa düşməyimizə kömək edən məlumatlar yer alsın (2 Tim. 3:16, 17; 2 But. 1:21). İsanın səmavi Padşahlıq haqda çoxlu sayda verdiyi təlimlərin Müjdələrdə qələmə alınması bu hökumətin Yehova üçün nə dərəcə vacib olduğunu göstərir. Yehova istəyir ki, biz Padşahlığın nələri həyata keçirəcəyini öyrənək.

7 Yaxşı olardı ki, hər birimiz özümüzdən soruşaq: «Allahın Padşahlığı mənim üçün əzizdirmi?» Əgər əzizdirsə, onda İsanın Padşahlıq haqda öyrətdiklərinə, yəni onun vacibliyinə, eləcə də necə və nə vaxt gələcəyinə diqqət yetirəcəyik.

«Qoy padşahlığın gəlsin» — hansı mənada?

8. Padşahlığın vacibliyini İsa necə göstərdi?

8 Gəlin İsa Məsihin nümunə kimi qoyduğu duasına baxaq. O, sadə, eyni zamanda tutarlı sözlərdən istifadə edərək və Padşahlığın hansı işi həyata keçirəcəyindən danışaraq bu hökumətin vacibliyini vurğuladı. Həmin dua yeddi xahişdən ibarətdir. İlk üçü Külli-İxtiyar Allahın niyyətləri — adının izzətlənməsi, Padşahlığının gəlməsi və iradəsinin  göydə olduğu kimi yerdə də yerinə yetməsi ilə bağlıdır. (Mətta 6:9, 10 ayələrini oxuyun.) Bu üç xahiş bir-biri ilə sıx əlaqəlidir. Məhz bu Padşahlığın vasitəsilə Yehova həm Öz adını izzətləndirəcək, həm də iradəsini həyata keçirəcək.

9, 10. a) Allahın Padşahlığı hansı mənada gələcək? b) Müqəddəs Kitabdakı vədlərin hansının gerçəkləşməsini səbirsizliklə gözləyirsiniz?

9 Bəs Allahın Padşahlığı hansı mənada gələcək? Duamızda: «Qoy padşahlığın gəlsin», — deyəndə həmin hökumətin qəti tədbirlər görməsini xahiş etmiş oluruq. Bu Padşahlıq gələndə yer üzündə gücünü tam mənada izhar edəcək. Yəni, insan hökumətləri də daxil olmaqla, o, bu pis sistemi tamamilə yox edib, əvəzində salehlik hökm sürən yeni dünya quracaq (Dən. 2:44; 2 But. 3:13). Allahın Padşahlığının rəhbərliyi altında bütün yer üzü cənnətə çevriləcək (Luka 23:43). Allah yaddaşında olan bütün ölüləri dirildib əzizlərinə qovuşduracaq (Yəh. 5:28, 29). İtaətkar insanlar kamilləşərək əbədi həyatdan zövq alacaqlar (Vəhy 21:3—5). Və beləcə, göydə olduğu kimi, yerdə də Yehova Allahın iradəsi yerinə yetəcək! Bu vədlərin tez bir zamanda gerçəkləşməsini istəməzdiniz? Hər dəfə dualarınızda Allahın Padşahlığının gəlməsini istəyəndə bu gözəl vədlərin həyata keçməsini diləmiş olursunuz.

10 Padşahlığın həmin duanın sözlərini həyata keçirmək üçün hələ gəlmədiyi göz qabağındadır. Yer üzündə insan hökumətləri mövcudluğuna davam edir və salehlik ömür sürən yeni dünya hələ gəlməyib. Ancaq sevindirici bir xəbər var: Allahın Padşahlığı artıq qurulub. Bu haqda söhbət növbəti fəsildə gedəcək. İndi isə gəlin İsanın Padşahlığın nə vaxt qurulmalı və nə zaman gəlməli olduğu ilə bağlı dediklərini nəzərdən keçirək.

Allahın Padşahlığı nə zaman qurulmalıdır?

11. İsa Allahın Padşahlığının nə zaman qurulacağı barədə nə demişdi?

11 İsa göstərdi ki, bəzi şagirdlərinin gözləmələrinə baxmayaraq, Allahın Padşahlığı eramızın birinci əsrində qurulmayacaq (Həv. 1:6). Gəlin İsanın qısa vaxt ərzində çəkdiyi iki məsələ diqqət yetirək.

12. Buğda və alaq otları məsəli Padşahlığın birinci əsrdə qurulmadığını necə göstərir?

12 Buğda və alaq otları məsəli. (Mətta 13:24—30 ayələrini oxuyun.) Eramızın 31-ci ilinin yaz fəsli idi. İsa Məsih bu məsəli şagirdlərinə danışıb izah etmişdi (Mət. 13:36—43). Həmin məsəlin məğzi və mənası belədir: həvarilərin ölümündən sonra İblis buğdaların («Padşahlığın oğulları», yəni məsh olunmuşlar) arasına alaq toxumu (saxta məsihçilər) səpdi. Biçin vaxtına, yəni «dövrün yekunu»na kimi onlar birgə böyüməli idilər. Biçin vaxtı əvvəlcə alaq otları, sonra isə buğda yığılacaq. Bu məsəldən görünür ki, Padşahlıq eramızın birinci əsrində yox, buğda və alaq otlarının böyümə dövrü başa çatdıqdan sonra qurulmalı  idi. Hadisələrin gedişatından göründüyü kimi, bu dövr 1914-cü ildə sona yetdi, elə həmin vaxtdan da biçin başladı.

13. İsa göyə qalxdıqdan dərhal sonra Padşah olmayacağını necə göstərdi?

13 Mina məsəli. (Luka 19:11—13 ayələrini oxuyun.) İsa bu məsəli eramızın 33-cü ilində sonuncu dəfə Yerusəlimə gedərkən yolda danışmışdı. İsanın yol yoldaşlarından bəziləri düşünürdü ki, o, Padşahlığını Yerusəlimə gedən kimi quracaq. Bu fikrə düzəliş etmək və Padşahlığın qurulmasına hələ çox vaxt qaldığını göstərmək üçün İsa özünü «kübar ailədən olan» və «padşahlıq hakimiyyətini [almaq]... üçün uzaq bir ölkəyə» yollanmalı olan bir adamla müqayisə etdi *. İsa üçün «uzaq [ölkə]» göylər idi. Orada o, Atasından padşahlıq hakimiyyətini almalı idi. Lakin o bilirdi ki, göyə qalxan kimi Padşah olmayacaq, Atasının sağında oturub təyin olunmuş vaxtı gözləyəcək. Tarix göstərdiyi kimi, o, əsrlər ərzində gözləməli oldu (Zəb. 110:1, 2; Mət. 22:43, 44; İbr. 10:12, 13).

Allahın Padşahlığı nə vaxt gələcək?

14. a) İsa dörd şagirdinin verdiyi suala necə cavab verdi? b) İsanın peyğəmbərliyinin yerinə yetməsi onun hüzuru və Padşahlığın təsis olunması ilə bağlı nəyi deyir?

14 Ölümündən bir neçə gün əvvəl dörd şagirdi İsadan soruşdu: «Sənin hüzuruna və o dövrün yekununa əlamət nə olacaq?» (Mət. 24:3; Mark 13:4). İsa onların sualını bir çox sahələri əhatə edən peyğəmbərliklə cavablandırdı. Bu peyğəmbərlik Məttanın yazdığı Müjdənin 2425-ci fəsillərində qələmə alınıb. İsa hansı qlobal hadisələrin onun hüzuru  adlanan dövrün əlaməti olacağını təfərrüatı ilə danışdı. Onun hüzurunun başlanğıcı Padşahlığın təsis olunması ilə, hüzurunun kulminasiya nöqtəsi isə Padşahlığın gəlişi ilə üst-üstə düşür. İsanın peyğəmbərliyinin 1914-cü ildən etibarən yerinə yetdiyini göstərən çoxlu sübutlar var *. Beləcə, İsanın hüzurunun başlanğıcı və Padşahlığın təsis olunması məhz 1914-cü ilə təsadüf edir.

15, 16. «Bu nəsil» ifadəsi kimlərə aiddir?

15 Bəs Allahın Padşahlığı nə vaxt gələcək? İsa bunun dəqiq vaxtını açıqlamadı (Mət. 24:36). Ancaq onun dediyi bəzi sözlərdən belə qənaətə gələ bilərik ki, son düşündüyümüzdən də yaxındır. Məsih izah etdi ki, Padşahlıq «bu nəsil» yuxarıda sadalanan peyğəmbərliyin əlamətlərinin şahidi olandan sonra gələcək. (Mətta 24:32—34 ayələrini oxuyun.) «Bu nəsil» deyildikdə kimlər nəzərdə tutulur? Gəlin İsanın bu sözlərinə diqqət yetirək.

16 «Bu nəsil». İsa burada ona iman etməyən insanları nəzərdə tuturdu? Xeyr. Onun kimə müraciət etdiyi yadınızdadır? O, bu peyğəmbərliyi «təklikdə onun yanına [gələn]» bir neçə həvarisinə demişdi (Mət. 24:3). Tezliklə həvarilər müqəddəs ruhla məsh olunacaqdılar. Həmçinin gəlin kontekstə nəzər salaq. İsa «bu nəsil» haqda danışmazdan əvvəl demişdi: «Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır». İsaya iman etməyən insanlar yox, məsh olunmuşlar onun dediklərini görüb məğzini, yəni İsanın qapının ağzında olduğunu anlayacaqdılar. Beləliklə, İsa «bu nəsil» deyərkən məsh olunmuş davamçılarını nəzərdə tuturdu.

17. «Nəsil» və «bütün bunlar» ifadəsi hansı mənanı kəsb edir?

17 «Bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək». Bu sözlər necə yerinə yetəcək? Bu suala cavab tapmaq üçün iki şeyi — «nəsil» və «bütün bunlar» ifadələrinin mənasını bilmək lazımdır. Adətən, «nəsil» dedikdə həyatları müəyyən vaxt ərzində kəsişən müxtəlif yaşda insanlar nəzərdə tutulur. Ümumiyyətlə, bir nəslin ömrü həddən artıq uzun ola bilməz, nə vaxtsa onun sonu gəlir (Çıx. 1:6). «Bütün bunlar» ifadəsi altında, peyğəmbərlikdə deyildiyi kimi, İsanın hüzuru zamanı — 1914-cü ildə başlayıb böyük müsibətdə kulminasiya nöqtəsinə çatana qədər baş verməli olan bütün hadisələr nəzərdə tutulur (Mət. 24:21).

18, 19. İsanın «bu nəsil»lə bağlı dediklərini necə başa düşmək olar və bundan biz hansı nəticəyə gələ bilərik?

18 Bəs onda İsanın «bu nəsil»lə bağlı dediklərini necə başa düşmək olar? Bu nəslə iki qrup məsh olunmuş daxildir: birincisi, 1914-cü ildə əlamətin yerinə yetməsinin başlanğıcını görən məsh olunmuşlar, ikincisi isə birinci qrupa  daxil olan məsh olunmuşların müasirləri. İkinci qrupun bəzi üzvləri böyük müsibətin başlanğıcını görəcəklər. İki qrup bir «nəsli» təşkil edir, çünki, məsh olunmuş məsihçilər kimi, onların həyatı müəyyən vaxt ərzində kəsişir. *

19 Bundan hansı nəticəyə gələ bilərik? Dünyada baş verən hadisələr göstərir ki, İsanın Padşah kimi hüzurunun əlaməti yerinə yetir. Üstəlik, «bu nəslin» bir hissəsi olan məsh olunmuşlar artıq yaşlıdırlar. Ancaq böyük müsibət başlayanda onlardan bəziləri hələ də sağ olacaq. Deməli, belə bir nəticəyə gələ bilərik ki, Allahın Padşahlığı tez bir zamanda gələcək və bütün yer üzünü idarə edəcək! O zaman İsanın «qoy padşahlığın gəlsin» sözlərinin yerinə yetdiyini görmək necə də həyəcanlandırıcı olacaq!

20. Bu kitabın əsas mövzusu nədir və növbəti fəsildə nə müzakirə olunacaq?

20 Gəlin Yehovanın Onun Oğluna qulaq asmaq tapşırığını unutmayaq. Həqiqi məsihçi olduğumuz üçün biz Allahın bu nəsihətini qulaqardına vurmaq istəməzdik. İsa Məsihin Allahın Padşahlığı haqqında dediyi və öyrətdiyi hər kəlməyə diqqət yetirməliyik. Bu kitab vasitəsilə siz Padşahlığın artıq nələri həyata keçirdiyini və gələcəkdə hansı işləri edəcəyi kimi vacib mövzuları öyrənəcəksiniz. Növbəti fəsildə isə səmavi Padşahlıq yaranandan əvvəl və sonra hansı sevindirici hadisələrin baş verdiyi müzakirə olunacaq.

^ abz. 13 Ola bilsin, İsanın çəkdiyi bu məsəl dinləyicilərinə Böyük Hirodun oğlu Arxelayı xatırlatdı. Hirod ölümündən qabaq varisi Arxelayı Yəhudeya və onun ətrafındakı ərazilərə rəhbər təyin etmişdi. Ancaq Arxelay öz hakimiyyətinə başlamazdan əvvəl, sezar Avqustun rəğbətini qazanmaq üçün Romaya uzun yol qət etməli olmuşdu.

^ abz. 14 Daha ətraflı məlumat almaq üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 9-cu fəslinə baxın.

^ abz. 18 Birinci qrupa daxil olan, yəni 1914-cü ildə bəlaların başlanğıcını görən sonuncu məsh olunmuşun ölümündən sonra məsh olunan heç kim «bu nəslin» üzvü deyil (Mət. 24:8).