Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 14

Yalnız və yalnız Allahın hakimiyyətini sədaqətlə dəstəkləyənlər

Yalnız və yalnız Allahın hakimiyyətini sədaqətlə dəstəkləyənlər

MÖVZU

Padşahlığa sadiq qalmaq istəyən Allahın xalqı bu dünyanın işlərinə qarışmır

1, 2. a) İsanın davamçıları bu günə kimi hansı prinsipi əldə rəhbər tuturlar? b) Düşmənlər bizi necə məhv etməyə çalışmışlar və onlar buna müvəffəq olmuşlarmı?

YƏHUDİ xalqının ən nüfuzlu hakimi Pilatın qarşısında durarkən İsanın dediyi prinsip bu günə kimi onun sadiq davamçıları üçün rəhbərlikdir. O demişdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Padşahlığım bu dünyadan olsaydı, təbəələrim mübarizə aparıb qoymazdılar ki, mən yəhudilərin əlinə düşüm. Xeyr, mənim Padşahlığım buradan deyil» (Yəh. 18:36). Pilat İsanı edam etdirdi, ancaq bu qələbə çox çəkmədi. Allah İsanı həyata qaytardı. Qüdrətli Roma imperiyasının imperatorları Məsihin davamçılarının kökünü kəsməyə çalışsalar da, onların bütün cəhdləri boşa çıxdı. Məsihçilər Padşahlıq haqqında xoş xəbəri dünyanın hər yerinə yaydılar (Kol. 1:23).

2 Padşahlıq 1914-cü ildə qurulduqdan sonra bəzi hegemon dövlətlər Allahın xalqını yer üzündən silməyə çalışırdılar. Ancaq onlardan heç biri bizi məğlub etməyə müvəffəq olmadı. Bir çox dövlətlər və siyasi qruplaşmalar konfliktlər zamanı onların tərəfini tutmağımız üçün bizə təzyiq göstərməyə çalışıblar. Ancaq onların aramıza nifaq salmaq cəhdləri boşa çıxdı. Bu gün Padşahlığın təbəələri, demək olar ki, dünyanın hər yerində yaşayırlar. Buna baxmayaraq, biz dünyanın siyasi işlərində bitərəf qalaraq əsil ümumdünya qardaşlığında birləşmişik. Aramızda hökm sürən birlik Allahın Padşahlığının idarə etdiyinin və Padşah İsa Məsihin öz təbəələrinə rəhbərlik verdiyinin, onları saflaşdırdığının və müdafiə etdiyinin bariz sübutudur. Gəlin onun bunu necə etdiyini və «dünyaya məxsus olmadığım»ız təqdirdə bizə qazandırdığı bəzi hüquqi qələbələri nəzərdən keçirək (Yəh. 17:14).

Ən ümdə məsələ

3, 4. a) Padşahlıq qurulan zaman hansı hadisələr baş verdi? b) Allahın xalqı bitərəfliyi qorumağın nə demək olduğunu həmişə tam başa düşübmü? İzah edin.

3 Padşahlığın yaranmasından sonra göydə müharibə oldu və Şeytan yerə atıldı. (Vəhy 12:7—10, 12 ayələrini oxuyun.) Həmçinin yer üzündə də müharibə başladı. Bu zaman  Allahın xalqının İsanın nümunəsini izləmək və dünyanın işlərinə qarışmamaq qətiyyəti sınağa çəkildi. Ancaq onlar siyasi məsələlərə qarışmamağın nə demək olduğunu tam anlamırdılar.

4 Məsələn, 1904-cü ildə işıq üzü görən «Minilliyin şəfəqi» kitabının VI cildində * məsihçilər müharibədə iştirak etməməyə təşviq olunurdular. Həmçinin orada deyilirdi ki, hərbi xidmətə çağırılan məsihçi qeyri-sıravi hərbi hissəyə düşməyə çalışmalıdır. Əgər bu, mümkün olmurdusa və qardaş döyüşə göndərilirdisə, o, qan tökməməli idi. Böyük Britaniyada yaşamış və 1905-ci ildə vəftiz olunmuş Herbert Sinyor qardaş həmin dövrdəki vəziyyətlə bağlı fikrini bölüşərək demişdi: «Qardaşlar çaş-baş qalmışdılar. Çünki əsgərliyə gedib qeyri-sıravi hərbi qulluqda olub-olmamaqla bağlı aydın göstəriş yox idi».

5. «Gözətçi qülləsi» jurnalının 1915-ci il 1 sentyabr sayından etibarən hansı düzəliş edilməyə başlandı?

5 Lakin «Gözətçi qülləsi» jurnalının 1915-ci il 1 sentyabr sayından etibarən bu məsələyə düzəliş edilməyə başlandı. «Müqəddəs Yazıların tədqiqi» kitabında verilən məsləhətlərlə əlaqədar orada deyilirdi: «Görəsən, bu cür davranmaqla öz etiqadlarımızdan imtina etmirik ki?» Bəs əgər məsihçi hərbi formanı geyinməkdən və orduda xidmətdən imtina etdiyinə görə güllələnmə təhlükəsi ilə üzləşsə, onda necə? Məqalədə deyilirdi: «Nə daha dəhşətlidir: Sülh əmirinə sədaqətli qaldığımız və ona itaət etdiyimiz üçün güllələnmək, yoxsa yer üzündəki padşahların bayrağı altında aydın şəkildə onları dəstəkləyərək səmavi Padşahımızın təlimlərinə güzəştə getdiyimiz üçün müharibədə güllələnmək? İki ölüm arasında qalsaq, biz səmavi Padşahımıza sadiq qalmaq üçün birincisini seçərdik». Bu qədər qəti sözlərdən sonra məqaləyə belə yekun vurulmuşdu: «Biz heç kəsi bu yolu seçməyə məcbur etmirik. Biz sadəcə təklif edirik».

6. Herbert Sinyor qardaşın nümunəsindən nə öyrəndiniz?

6 Bəzi qardaşlar verilən aydın rəhbərliyi başa düşdülər və qəti mövqe tutdular. Yuxarıda sözləri gətirilən Herbert Sinyor qardaş deyir: «Mən mərmini gəmidən boşaltmaqla (qeyri-sıravi hərbi xidmət) atəş açmaq üçün silaha doldurmaq arasında heç bir fərq görmürdüm» (Luka 16:10). Dini etiqadına görə hərbi xidmətdən imtina etdiyi üçün Sinyor qardaşı həbs etdilər. O, digər 4 qardaşla birlikdə aralarında digər dinin nümayəndələri də olan 16 vicdan məhbusunun arasına düşdü. Onların hamısı cəzalarının yarısını Riçmond (Böyük Britaniya) həbsxanasında çəkmişdilər və sonradan «16 Riçmond məhbusu» kimi tanındılar. Herberti və digərlərini gizlin şəkildə gəmiyə mindirib Fransaya ön cəbhəyə göndərdilər. Orada onlara güllələnmə hökmü kəsildi. Ancaq güllələmək üçün onları cərgəyə düzəndən sonra bildirdilər ki, bu hökm onillik həbs cəzası ilə əvəz olunur.

«Mən başa düşdüm ki, Allahın xalqı, hətta müharibə şəraitində belə, hər kəslə sülhdə olmalıdır». Saymon Kreker (7-ci abzasa baxın.)

7. İkinci Dünya müharibəsi başlayan dövrdə Yehovanın xalqı nəyi başa düşdü?

 7 İkinci Dünya müharibəsi başlayan dövrdə Yehovanın xalqı bitərəfliyin nə demək olduğunu və Məsihin nümunəsini izləmək üçün onlardan nə tələb olunduğunu artıq daha aydın başa düşürdü (Mət. 26:51—53; Yəh. 17:14—16; 1 But. 2:21). Məsələn, «Gözətçi qülləsi» jurnalının 1939-cu il 1 noyabr sayında «Bitərəflik» adlı məqalədə qeyd olunmuşdu: «Bu gün Yehovanın əhd bağladığı xalqın əldə rəhbər tutmalı olduğu prinsip müharibə edən millətlər arasında bitərəfliyi qəti şəkildə qorumaqdır». Sonralar Bruklindəki (Nyu-York) mərkəzi idarədə xidmət etmiş Saymon Kreker qardaş bu məqalə ilə bağlı belə sözlər demişdi: «Mən başa düşdüm ki, Allahın xalqı, hətta müharibə şəraitində belə, hər kəslə sülhdə olmalıdır». Bu ruhani qida lap yerində idi və Allahın xalqına amansız təqiblər qarşısında Padşahlığa sadiq qalmaq üçün hazır olmağa kömək etdi.

Təqiblər «sel»i

8, 9. Yəhyanın peyğəmbərliyi necə yerinə yetdi?

8 Həvari Yəhya peyğəmbərlik etmişdi ki, Padşahlıq 1914-cü ildə qurulduqdan sonra İblis və Şeytan adlanan böyük əjdaha Allahın Padşahlığının tərəfdarlarını məhv etmək  üçün ağzından simvolik mənada sel püskürəcək *. (Vəhy 12:9, 15 ayələrini oxuyun.) Yəhyanın peyğəmbərliyi necə yerinə yetdi? 1920-ci illərdə Allahın xalqına qarşı təqiblər dalğası daha da şiddətlənməyə başladı. İkinci Dünya müharibəsi zamanı Şimali Amerikada yaşayan bir çox qardaşlar kimi, Kreker qardaş da Allahın Padşahlığını sədaqətlə dəstəklədiyi üçün həbs olunmuşdu. Əslində, həmin vaxt dini etiqadlarına görə müharibədə iştirak etmədikləri üçün Birləşmiş Ştatların federal həbsxanalarında yatanların üçdə ikisini Yehovanın Şahidləri təşkil edirdi.

9 Padşahlığın təbəələrinin harada yaşamalarından asılı olmayaraq, İblis və əlaltıları hər zaman onların nöqsansızlığını sarsıtmağa çalışıb. Allahın xidmətçiləri Afrikada, Avropada və Birləşmiş Ştatlarda hakimlər və vaxtından əvvəl şərti azadetmə komissiyaları qarşısına çıxarılırdılar. Bitərəf qalmaqda qətiyyətli olduqları üçün onları həbsə atır, döyür və şikəst qoyurdular. Almaniyada Allahın xalqı «Hayl Hitler!» deməkdən və müharibədə iştirak etməkdən imtina etdiyi üçün şiddətli təqiblərlə üzləşirdi. Nasist rejimi dövründə 6000 kişi və qadın düşərgələrə göndərilmiş, Almaniyadan və digər ölkələrdən olan 1600-dən çox bacı-qardaş zalım düşmənlər tərəfindən öldürülmüşdü. Hətta bu cür vəziyyətdə belə İblis Allahın xalqına sağalmaz yara vura bilmədi (Mark 8:34, 35).

«Yer ağzını açıb... seli uddu»

10. «Yer» nəyi təmsil edir və o, Allahın xalqının imdadına necə çatır?

10 Həvari Yəhyanın qələmə aldığı peyğəmbərlik göstərir ki, «yer» — ağıllı insanların olduğu bu sistemin ayrı-ayrı ünsürləri təqib «sel»ini udacaq, yəni Allahın xalqının dadına çatacaq. Bəs peyğəmbərliyin bu hissəsi necə həyata keçib? İkinci Dünya müharibəsindən sonra onilliklər ərzində «yer»in təmsil etdiyi kəslər çox vaxt Allahın Padşahlığının sadiq tərəfdarlarının köməyinə gəlib. (Vəhy 12:16 ayəsini oxuyun.) Misal üçün, bir çox nüfuzlu məhkəmələr hərbi xidmətdən və milli mərasimlərdə iştirak etməkdən imtina edən Yehovanın Şahidlərinin hüquqlarını müdafiə edib. Gəlin, ilk öncə, hərbi xidmətlə bağlı Yehovanın Öz xalqına qazandırdığı böyük qələbələrdən bəzilərinə baxaq (Zəb. 68:20).

11, 12. Sikurella və Flimenos qardaş hansı problemlə üzləşmişdilər və onların işinin axırı necə oldu?

11 Birləşmiş Ştatlar. Valideynləri Yehovanın Şahidi olan Entoni Sikurella qardaş ailədə altı uşaqdan biri idi. O, 15 yaşında vəftiz olub. 21 yaşı olanda isə dini xidmətçi kimi hərbi uçota durdu. İki ildən sonra, 1950-ci ildə qardaş xahiş etdi ki, onun statusunu dəyişib vicdan məhbusu kimi qeydə alsınlar. Federal Təhqiqat Bürosunun hesabatı bunda pis bir şey görməsə də, Ədliyyə Nazirliyi onun bu xahişini rədd etdi.  Bir neçə məhkəmə prosesindən sonra Sikurella qardaşın işinə ABŞ-ın Ali Məhkəməsi baxdı və aşağı instansiya məhkəməsinin qərarını onun xeyrinə dəyişdi. Bu qərar presedent oldu və Birləşmiş Ştatlarda dini etiqadlarına görə hərbi xidmətdən imtina edən digər vətəndaşların işinə baxarkən ona istinad edə bilərdilər.

12 Yunanıstan. 1983-cü ildə İakovos Flimenos adlı qardaş hərbi paltar geyinməkdən imtina etdiyi üçün itaətsizlikdə təqsirləndirilərək həbs olunmuşdu. Azadlığa çıxandan sonra o, mühasib işinə düzəlmək istədi, ancaq məhkumluğu olduğundan onu işə götürmədilər. Bununla bağlı o, məhkəməyə müraciət etdi və Yunanıstanda bütün məhkəmə instansiyalarında uduzduğu üçün işini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etdi. 2000-ci ildə 17 hakimdən ibarət AİHM-in Böyük Palatası onun lehinə qərar çıxardaraq insan haqlarının tapdalanması ilə bağlı digər işlər üçün presedent yaratdı. Bu qərardan öncə, Yunanıstanda bitərəflik mövqelərinə görə həbsdə yatmış 3500-dən çox qardaşın məhkumluğu vardı. Bu müsbət qərardan sonra Yunanıstanda qəbul edilən qanuna əsasən, həmin qardaşların üzərindən məhkumluqları götürüldü. Eləcə də bir neçə il əvvəl qəbul olunmuş və Yunanıstanın bütün vətəndaşlarına alternativ mülki xidmət hüququ verən qanun Yunanıstan Konstitusiyasına yenidən baxılan zaman bir daha təsdiqləndi.

«Məhkəmə zalına daxil olmamışdan qabaq Yehovaya ürəkdən dua etdim və sanki, ürəyimə su səpildi»(13-cü abzasa baxın.)

13, 14. Stefanov və Bayatyanın hadisəsindən nə öyrənirik?

13 Bolqarıstan. 1994-cü ildə 19 yaşlı İvaylo Stefanov qardaş hərbi xidmətə çağırıldı. O, əsgərliyə getməkdən və ya hərbiçilərin əmri ilə qeyri-sıravi hərbi qulluğu icra etməkdən boyun qaçırdı. Etiqadına görə hərbi xidmətdən imtina etdiyi üçün ona 18 aylıq həbs cəzası kəsildi. O, əxlaqi və digər səbəblərdən hərbi xidmətdən azad olunmaq hüquqlarına istinad edərək məhkəməyə müraciət etdi. Onun işi AİHM-ə gedib çıxdı. Ancaq 2001-ci ildə onun işinə baxılmazdan öncə, dövlət Stefanov qardaşla razılığa gəldi. Bolqarıstan hökuməti təkcə Stefanov qardaşa yox, alternativ mülki xidmət istəyən bütün bolqar vətəndaşlarına amnistiya verdi *.

14 Ermənistan. Vahan Bayatyan 2001-ci ildə çağırış yaşına çatmışdı *. O, imanına görə hərbi xidmətdən imtina etdi, ancaq ölkədaxili məhkəmələrin bütün instansiyalarında uduzdu. 2002-ci ilin sentyabr ayında ona 2 il yarım həbs cəzası kəsildi, ancaq on ay yarımdan sonra azad edildi. Bu vaxt ərzində o, AİHM-ə şikayət ərizəsi verdi və məhkəmə onun işini qəbul etdi. Lakin 2009-cu il oktyabrın 27-də bu Məhkəmə onun əleyhinə qərar çıxartdı. Görünür, bu qərar Ermənistanda belə vəziyyətlə üzləşən digər qardaşların  ümidlərini alt-üst etdi. Bununla belə AİHM-in Böyük Palatası bu qərara yenidən baxdı. 2011-ci il iyulun 7-də Məhkəmə Bayatyanın xeyrinə qərar çıxartdı. AİHM ilk dəfə etiraf etdi ki, dini etiqadlara görə silahlı qüvvələrdə xidmətdən imtina edən hər kəs fikir, vicdan və din azadlığı hüququ ilə müdafiə olunmalıdır. Bu qərar yalnız Yehovanın Şahidlərinin hüququnu deyil, Avropa Şurasının üzvü olan ölkələrdə yaşayan yüz milyonlarla insanın hüququnu da müdafiə edir *.

Ermənistandakı qardaşlar AİHM-ə müraciət etmişlər ki,əqidələrinə görə hərbi xidmətdən imtina etdiklərinə üçün onların hüquqlarını müdafiə etsin

Vətənpərvərlik mərasimləri

15. Nəyə görə Yehovanın xidmətçiləri vətənpərvərlik mərasimlərində iştirak etmirlər?

15 Yehovanın xalqı Məsihin Padşahlığına sadiqliyini təkcə hərbi xidmətə getməməklə yox, həm də hörmətcil tərzdə vətənpərvərlik mərasimlərində iştirak etməkdən imtina edirlər. Xüsusilə də İkinci Dünya müharibəsi zamanı vətənpərvərlik ruhu bütün yer üzünü ağuşuna almışdı. Bir çox ölkələrin vətəndaşlarından vətənə sədaqətlərini sübut etmək  üçün and içmək, himn oxumaq və bayrağa təzim etmək tələb olunurdu. Ancaq biz yalnız Yehova Allaha tam sədaqət göstəririk (Çıx. 20:4, 5). Elə buna görə də güclü təqiblərlə üzləşəndə Yehova bir daha «yer»dən istifadə edərək bu təqiblərin qarşısını aldı. Gəlin Yehovanın bu kimi məsələlərdə Öz xalqına Məsih vasitəsilə qazandırdığı heyrətamiz qələbələrdən cəmi bir neçəsinə nəzər salaq (Zəb. 3:8).

16, 17. Lilian və Uilyam Qobaytas hansı vəziyyətlə üzləşmişdilər və bundan siz nə öyrəndiniz?

16 Amerika Birləşmiş Ştatları. 1940-cı ildə Birləşmiş Ştatların Ali Məhkəməsi «Maynersvil məktəb dairəsi Qobaytisə qarşı» adlı işdə 8-in 1-ə nisbəti ilə Yehovanın Şahidlərinin əleyhinə qərar çıxartdı. 12 yaşlı Lilian Qobaytas * və 10 yaşlı qardaşı Uilyam Yehovaya sadiq qaldıqları üçün bayrağa təzim etməkdən və sədaqət andı içməkdən imtina etmişdilər, buna görə də məktəbdən qovulmuşdular. Onların işi Ali Məhkəməyə verildi və Məhkəmə qərara gəldi ki, məktəb Konstitusiyaya uyğun davranıb, çünki «milli birliyin» marağına xidmət edib. Bu qərar təqiblər dalğasını daha da şiddətləndirdi. Azyaşlı Şahidlər məktəblərdən qovuldu, yetkin yaşda olanlar işlərini itirdi, bir çoxları isə qəzəbli izdihamın hücumlarına məruz qaldı. ABŞ-da mövcud olan dini azadlıqla bağlı bir kitabda deyilirdi ki, «1941—1943-cü illər ərzində Şahidlərin məruz qaldığı təqiblər XX əsrin Amerikasında dini dözülməzliyin ən pik nöqtəsi olub» («The Lustre of Our Country»).

17 Düşmənlərin çaldığı qələbələr çox çəkmədi. 1943-cü ildə Ali Məhkəmə «Qobaytis» işinə oxşar başqa bir işə baxdı. Bu iş «Qərbi Virginiya ştatının milli təhsil şöbəsi Barnetə qarşı» adı ilə tanınırdı. Bu dəfə Ali Məhkəmə Yehovanın Şahidlərinin xeyrinə qərar çıxartdı. Ali Məhkəmənin belə qısa vaxt ərzində öz fikrini dəyişməsi ABŞ-ın tarixində görülməmiş bir hadisə idi. Bu qərardan sonra Birləşmiş Ştatlarda Yehovanın xalqına qarşı edilən açıq-aşkar hücumlar səngiməyə başladı. Bunun sayəsində Birləşmiş Ştatların bütün vətəndaşlarının hüquqlarına daha hörmətlə yanaşılmağa başlandı.

18, 19. Pablo Barrosa möhkəm qalmağa nə kömək etmişdi və Yehovanın digər xidmətçiləri onu necə təqlid edə bilərlər?

18 Argentina. Səkkizyaşlı Pablo və yeddiyaşlı qardaşı Hüqo Barros 1976-cı ildə bayrağın yüksəldilməsi mərasimində iştirak etmədikləri üçün məktəbdən qovulmuşdular. Bir dəfə məktəbin direktoru Pablonu itələyib başından vurmuşdu. O, dərsdən sonra bu qardaşları bir saat saxlayıb vətənpərvərlik mərasimində iştirak etməyə məcbur etmişdi. Başına gələn sərt sınaqları yadına salaraq Pablo deyir: «Yehovanın köməyi olmasaydı, mən təzyiqlər qarşısında nöqsansızlığımı qoruya bilməzdim».

19 Məhkəmədə bu işə baxan hakim Pablo ilə Hüqonun məktəbdən qovulmaq qərarını dəstəklədi. Ancaq onların  bu işi Argentinanın Ali Məhkəməsinə qədər gedib çatdı. 1979-cu ildə Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını ləğv edərək dedi: «Yuxarıda xatırlanan cəza [məktəbdən qovulma] Konstitusiyanın təhsillə bağlı verdiyi hüquqa (14-cü maddə) və dövlətin ibtidai təhsil vermək məsuliyyətinə (5-ci maddə) ziddir». Bu qələbə Yehovanın Şahidlərinin 1000-ə yaxın uşağının xeyrinə oldu. Artıq məktəbdən qovulmaq söhbəti yığışdırıldı. Pablo və Hüqo kimi, məktəbdən qovulan uşaqlar isə yenidən məktəbə qaytarıldı.

Bir çox gənc məsihçilər sınaqlar qarşısında sadiq qalmışlar

20, 21. Roel və Emili Embralinaqın işi imanınızı necə möhkəmləndirir?

20 Filippin. 1990-cı ildə 9 yaşlı Roel Embralinaq * və 10 yaşlı bacısı Emili təxminən 66 uşaqla (Yehovanın Şahidlərinin uşaqları) birgə bayrağa təzim etmədikləri üçün məktəbdən qovulmuşdu. Roel və Emilinin atası Leonardo məktəbin müdiriyyəti ilə dil tapmağa çalışsa da, bu, heç bir nəticə verməmişdi. Vəziyyətin gərginləşdiyini görən Leonardo Ali Məhkəməyə müraciət etdi. Ancaq onun nə pulu, nə  də müdafiə edən vəkili vardı. Ailə Yehovaya hərarətlə dua edərək Ondan rəhbərlik diləyirdi. Bütün bu vaxt ərzində uşaqlar rişxənd və istehzalara tuş gəlirdilər. Leonardo düşünürdü ki, hüquqi savadı olmadığından məhkəmədə qalib gəlmək üçün heç bir şansı yoxdur.

21 İş elə gətirdi ki, ailəni əvvəllər ölkənin ən mötəbər hüquq kampaniyalarından birində işləmiş Felino Qanal adlı vəkil təmsil etdi. Məhkəmə işi gedən vaxt Qanal artıq öz iş yerindən çıxmış və Yehovanın Şahidi olmuşdu. İş Ali Məhkəməyə gəlib çatanda Məhkəmə yekdilliklə Şahidlərin xeyrinə qərar çıxartmış və qovulma qərarını ləğv etmişdi. Allahın xalqının nöqsansızlığını sarsıtmağa çalışanlar daha bir uğursuzluğa düçar oldular.

Birliyə səbəb olan bitərəflik

22, 23. a) Yehovanın xalqının bu qədər hüquqi qələbələr qazanmasının səbəbi nədədir? b) Ümumdünya sülhpərvər qardaşlığımızın olması nəyin sübutudur?

22 Yehovanın xalqının bu qədər hüquqi qələbələr qazanmasının səbəbi nədədir? Biz heç bir siyasi nüfuza malik deyilik. Bir çox ölkələrdə və məhkəmələrdə ədalətli hakimlər bizi amansız təqibçilərin hücumlarından müdafiə edirlər və Konstitusiya hüququ üçün presedent yaradırlar. Sözsüz ki, qazandığımız qələbələrin arxasında Məsih durur! (Vəhy 6:2 ayəsini oxuyun.) Bu cür hüquqi döyüşlər aparmaqda məqsəd nədir? Məqsədimiz qanunvericilikdə çevriliş etmək deyil. Bizim məqsədimiz Padşahımız İsa Məsihə maneəsiz olaraq xidmət etməkdir (Həv. 4:29).

23 Siyasi ixtilaflarla dolu olan və ədavətin kök atdığı bir dünyada Padşahımız İsa Məsih bitərəf mövqe tutan xidmətçilərinin səyini xeyir-dualandırır. Şeytanın isə bizi parçalamaq və məğlub etmək cəhdləri boşa çıxıb. Padşahlıq «müharibə etməyi [öyrənmək]» istəməyən milyonlarla insanı bir araya toplamağa müvəffəq olub. Həqiqətən də, ümumdünya sülhpərvər qardaşlığımızın olması əsil möcüzədir — bu, Allahın Padşahlığının hökmranlıq etməsinin danılmaz sübutudur! (Əşy. 2:4).

^ abz. 4 Kitabın bu cildi «Yeni yaradılış» adı ilə də tanınır. Sonradan «Minilliyin şəfəqi» adlı çoxcildli «Müqəddəs Yazıların tədqiqi» adlanmışdı.

^ abz. 8 Bu peyğəmbərliyi araşdırmaq üçün «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» adlı kitabın 27-ci fəslinə, 184—186 səhifələrinə (rus.) baxın.

^ abz. 13 Bu beynəlxalq saziş Bolqarıstan hökumətindən tələb edirdi ki, etiqadına görə hərbi xidmətdən imtina edən hər kəsi alternativ mülki xidmətlə təmin etsin.

^ abz. 14 Daha çox məlumat əldə etmək üçün «Gözətçi qülləsi» jurnalının 2012-ci il 1 noyabr sayının 29—31 səhifələrinə (rus.) baxın.

^ abz. 14 Təxminən 20 il ərzində Ermənistanda 450-dən çox gənc Yehovanın Şahidi azadlıqdan məhrum edilmişdi. 2013-cü ilin noyabr ayında həbsdə olanların axırıncıları sərbəst buraxıldı.

^ abz. 16 Məhkəmə sənədlərində ailənin soyadı səhv yazılıb.

^ abz. 20 Məhkəmə sənədlərində ailənin soyadı səhvən Ebralinaq yazılıb.