Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 4

Yehova Allah Öz adını ucaldır

Yehova Allah Öz adını ucaldır

MÖVZU

Allahın xalqı Onun adına dərin hörmət bəsləyir

1, 2. «Yeni Dünya Tərcüməsi» Allahın adını necə ucaldır?

1947-ci il dekabrın 2-si, soyuq günəşli bir gün idi. Məsh olunmuş qardaşlardan ibarət kiçik qrup Bruklində (Nyu–York) yerləşən Beyteldə böyük bir işə başlayır. Bu gərgin iş 12 il davam etdi. Nəhayət, 13 mart 1960-cı ildə Müqəddəs Kitabın yeni tərcüməsinin son mətni tamamlandı. Üç aydan sonra, 1960-cı ilin 18 iyun tarixində Neytan Norr qardaş Mançesterdə (İngiltərə) keçirilən konqresdə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin sonuncu cildini həyəcan içində olan dinləyicilərə elan etdi. (1950—1960-cı illər ərzində «Yeni Dünya Tərcüməsi» ingilis dilində altı cilddə dərc olunurdu.) Natiq həmin an bütün iştirakçıların hisslərini dilə gətirərək ucadan bəyan etdi: «Bu gün bütün dünyada Yehovanın Şahidləri üçün ən sevindirici gündür!» Sevindirici məqamlardan biri o idi ki, orada Allahın adı dəfələrlə işlənmişdi.

«Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» 1950-ci ildə «Teokratiyanın inkişafı» adlı konqresdə təqdim olundu;«Yanki» stadionu, Nyu–York;Qana

2 Müqəddəs Kitabın bir çox tərcümələrindən Allahın adı çıxarılıb. Ancaq Yehovanın məsh olunmuş xidmətçiləri Şeytanın Allahın adını insanların yaddaşından silmək planını alt-üst etdilər. Həmin gün işıq üzü görən «Yeni Dünya Tərcüməsi»nin giriş sözlərində deyilirdi: «Bu tərcümənin əsas fərqləndirici cəhəti odur ki, burada Allahın adı qanuni yerinə qaytarılıb». «Yeni Dünya Tərcüməsi»ndə Allahın şəxsi adı olan Yehova 7000 dəfədən çox işlənir. Bu tərcümə səmavi Atamız Yehovanın adını möhtəşəm şəkildə ucaldır!

3. a) Qardaşlar Allahın adının mənası ilə bağlı nəyi dərk etdilər? b) Çıxış 3:13, 14 ayələrinin mənasını necə başa düşməliyik? (« Allahın adının mənası» adlı çərçivəyə baxın.)

3 Əvvəllər Müqəddəs Kitab Tədqiqatçıları Allahın adının mənasını «Mən kiməmsə Oyam» kimi başa düşürdülər (Çıx. 3:14, «Kral Yakovun Müqəddəs Kitabı»). Buna görə də «Gözətçi qülləsi» jurnalının 1926-cı il 1 yanvar sayında vurğulanırdı: «Yehova adının mənası... nə başlanğıcı, nə də sonu Olan deməkdir». Ancaq «Yeni Dünya Tərcüməsi»nə başlanılan zaman Yehova xalqına adının mənasının təkcə Mövcud olan yox, həm də böyük niyyətlər Allahı və onları  həyata keçirən olduğunu anlamağa kömək etdi; bu isə ən vacibi idi. Onlar Yehova adının hərfi mənasının «olmasına səbəb olur» olduğunu dərk etdilər. Bəli, O Kainatın və bütün şüurlu varlıqların yaranmasına səbəb olub, eləcə də Öz niyyətini və məqsədini həyata keçirməyə davam edir. Bəs nəyə görə Allahın adının ucaldılması bu qədər vacibdir və biz bunu necə edə bilərik?

Allahın adının təqdis olunması

4, 5. a) «Qoy adın müqəddəs tutulsun», — deyə dua edəndə nə xahiş etmiş oluruq? b) Allah Öz adını nə vaxt və necə təqdis edəcək?

4 Yehova istəyir ki, Onun adı ucaldılsın. İsanın nümunə üçün qoyduğu duadakı ilk xahişdən: «Qoy adın müqəddəs tutulsun», — xahişindən göründüyü kimi, Yehovanın əsas məqsədi Öz adının təqdis olunmasıdır (Mət. 6:9). Bəs biz bu xahişi etməklə nə haqda dua etmiş oluruq?

5 Bu kitabın birinci fəslindən öyrəndiyimiz kimi, «qoy adın müqəddəs tutulsun» sözləri İsanın duasına daxil olan və Yehovanın niyyəti ilə bağlı olan üç xahişdən biridir. Digər ikisi isə «qoy Padşahlığın gəlsin» və «qoy Sənin iradən... yerinə yetsin» sözləridir (Mət. 6:10). Beləcə, biz Yehovadan Padşahlığının gəlməsini və iradəsinin yerinə yetməsini diləməklə Ondan adını təqdis etmək üçün hərəkətə keçməsini xahiş etmiş oluruq. Başqa sözlə desək, Yehovanın Öz adını Ədən bağında qaldırılmış üsyandan etibarən yaxılan bütün ləkələrdən təmizləyərək təqdis etməsini xahiş edirik. Bəs Yehova belə dualara necə cavab verəcək? O deyir: «Xalqlar içində ləkələnən... ulu adımın müqəddəsliyini göstərəcəyəm» (Hizq. 36:23; 38:23). Yehova Armageddonda pislikləri məhv edəndə bütün canlı varlıqların gözü önündə Öz müqəddəs adını təqdis edəcək.

6. Biz Allahın adının müqəddəs tutulmasında necə iştirak edə bilərik?

6 Tarix boyunca Yehova xidmətçilərinə Öz adının təqdis olunmasında iştirak etmək imkanı verib. Təbii ki, Allahın adını daha da müqəddəs edə bilmərik. O, artıq mütləq mənada müqəddəsdir. Bəs onda biz bu adı necə təqdis edə bilərik? Əşiya peyğəmbər yazırdı: «Siz ordular Allahı [Yehovanı]... müqəddəs tutun!» Həmçinin Yehova Öz xalqı barədə demişdi: «Mənim adımı müqəddəs tutacaqlar,.. İsrailin Allahının qarşısında ehtiramla duracaqlar» (Əşy. 8:13; 29:23). Beləliklə, biz Allahın adını müqəddəs tutduğumuzu onu bütün adlardan üstün tutmaqla, onun daşıdığı mənanı qəbul etməklə və başqalarına da bu adı müqəddəs tutmağa kömək etməklə göstərə bilərik. Yehovanın adına dərin hörmət etdiyimizi Onu Hökmdarımız kimi qəbul etməklə və Ona bütün ürəklə itaət etməklə göstərmiş oluruq (Məs. 3:1; Vəhy 4:11).

 Allahın adını daşımağa və ucaltmağa hazır olan xalq

7, 8. a) Allahın adını daşımağa layiq görülməzdən əvvəl nəyə görə vaxt keçməli idi? b) Nəyi nəzərdən keçirəcəyik?

7 Allahın xidmətçiləri 1870-ci illərdən etibarən Onun adını öz nəşrlərində istifadə etməyə başladılar. Buna «Sion Gözətçi qülləsi» jurnalının 1879-cu ilin avqust sayını və həmin il nəşr olunan «Gəlinin nəğmələri» adlı həmd nəğməsi kitabını aid etmək olar. Ancaq, görünür, Yehova xidmətçilərini Onun müqəddəs adını daşımaq şərəfinə layiq olub-olmadıqlarına əmin olduqdan sonra onlara bu adı daşımağa imkan verdi. Bəs Yehova Müqəddəs Kitab Tədqiqatçılarına bu adı daşımağa necə kömək etdi?

8 XIX əsrin sonuna və XX əsrin əvvəllərinə nəzər saldıqda görəcəyik ki, Yehova xalqına Onun adı ilə bağlı mühüm həqiqətləri daha aydın anlamağa necə kömək edib. Gəlin bu həqiqətlərdən üçünə baxaq.

9, 10. a) Nəyə görə əvvəllər «Gözətçi qülləsi»ndə diqqət daha çox İsaya yönəlirdi? b) 1919-cu ildən bəri hansı dəyişikliklər baş verdi və nəticəsi nə oldu? (Həmçinin « “Gözətçi qülləsi” jurnalı Allahın adını necə ucaldır?» adlı çərçivəyə baxın.)

9 İlk növbədə, Yehovanın xidmətçiləri Onun adına düzgün münasibət bəsləməyə başladılar. İlk Müqəddəs Kitab Tədqiqatçıları fidyəni Allahın Kəlamının əsas təlimi hesab edirdilər. Məhz buna görə də «Gözətçi qülləsi»ndə əsas diqqət İsaya yönəlirdi. Misal üçün, jurnalın ilk dərc olunduğu il İsanın adı Yehovanın adından on dəfə çox istifadə olunurdu. «Gözətçi qülləsi»nin 1976-cı il 15 mart sayında Müqəddəs Kitab Tədqiqatçıları barədə deyilirdi ki, onlar əvvəllər İsaya «həddindən artıq önəm» verirdilər. Lakin vaxt keçdikcə Yehova onlara Müqəddəs Kitabda Onun adına daha çox önəm verildiyini anlamağa kömək etdi. Bəs Müqəddəs Kitab Tədqiqatçıları buna necə hay verdilər? Elə həmin məqalədə qeyd olunurdu ki, 1919-cu ildən sonra «onlar Məsihin səmavi Atası Yehovaya daha çox hörmət göstərməyə başladılar». 1920—1929-cu illər ərzində «Gözətçi qülləsi»ndə Allahın adı 6500 dəfədən çox işlənmişdi.

10 Allahın adına layiq olduğu ehtiramı göstərməklə qardaşlar bu ada olan məhəbbətlərini təzahür etdirdilər. Keçmişdə yaşamış Musa peyğəmbər kimi, onlar da «Yehovanın adını bəyan [etməyə]» başladılar (Qan. 32:3; Zəb. 34:3). Müqəddəs Kitabda vəd olunduğu kimi, adına göstərilən məhəbbət Yehovanın gözündən yayınmadı və O, onlara lütf göstərdi (Zəb. 119:132; İbr. 6:10).

11, 12. a) 1919-cu ildən sonra nəşrlərimizdə hansı dəyişikliklər edildi? b) Yehova xidmətçilərinin diqqətini nəyə yönəltdi və hansı məqsədlə?

11 İkincisi, həqiqi məsihçilər Allahın tapşırdığı işin nədən ibarət olduğunu anladılar. 1919-cu ildən qısa müddət sonra məsh olunmuş məsul qardaşlar Əşiyanın peyğəmbərliyini araşdırmağa təşviq olundular. Bundan sonra nəşrlərimizdə əsas diqqət başqa sahəyə yönəldi. Nəyə görə demək olar ki, bu, «vaxtlı-vaxtında» verilən qida idi? (Mət. 24:45).

12 «Gözətçi qülləsi»ndə 1919-cu ilə qədər Əşiyanın: «Siz Mənim şahidlərimsiniz, bəli, seçdiyim qulumsunuz», —  sözləri heç vaxt müzakirə olunmamışdı. (Əşiya 43:10—12 ayələrini oxuyun.) Ancaq 1919-cu ildən sonra nəşrlərimizdə Əşiya peyğəmbərin bu sözlərinə daha çox diqqət yetirilir və bütün məsh olunmuşlar Yehovanın onlara verdiyi tapşırığı — Onun haqqında şahidlik etmək işini icra etməyə təşviq olunurdu. 1925-ci ildən 1931-ci ilə qədər «Əşiya» kitabının 43-cü fəsli «Gözətçi qülləsi» jurnalının 57 sayında müzakirə olunmuşdu və hər dəfə Əşiyanın sözləri həqiqi məsihçilərə tətbiq olunurdu. Aydındır ki, bu illər ərzində Yehova xidmətçilərinin diqqətini etməli olduqları işə yönəldirdi. Bəs Yehova bunu hansı məqsədlə edirdi? Görünür, «əvvəlcə onların yararlı olub-olmadığı [sınanmalı idi]» (1 Tim. 3:10). Yehovanın adını daşımaq şərəfinə layiq görülmək üçün Müqəddəs Kitab Tədqiqatçıları, ilk öncə, əməldə Onun həqiqi şahidləri olduqlarını isbat etməli idilər (Luka 24:47, 48).

13. Allahın Kəlamına əsasən, həll olunmalı ən ümdə məsələ hansıdır?

13 Üçüncüsü, Yehovanın xalqı Onun adını müqəddəs tutmağın nə dərəcədə vacib olduğunu anladı. 1920-ci illərdə Tədqiqatçılar dərk etdilər ki, həll olunmalı ən ümdə məsələ Allahın adının təqdis olunmasıdır. Allahın Kəlamı bu vacib həqiqəti necə açıqlayır? Gəlin iki nümunəyə baxaq. Allahın israilliləri Misir əsarətindən azad etməsinin əsas səbəbi nə idi? Yehova Özü buna cavab verir: «Bütün dünya adımı eşitsin» (Çıx. 9:16). Bəs nəyə görə Yehova Ona qarşı çıxan israillilərə mərhəmət göstərdi? Bu sualın cavabını da Yehova Özü verir: «Adım naminə hərəkətə keçdim ki,.. xalqların yanında adıma ləkə gəlməsin» (Hizq. 20:8—10). Müqəddəs Kitab Tədqiqatçıları Allahın Kəlamından olan bu və digər ayələrdən nə öyrəndilər?

14. a) 1920-ci illərin sonlarında Allahın xalqı nəyi başa düşdü? b) Tədqiqatçıların hansı həqiqəti daha dərindən anlamaları onların xidmətinə təsir etdi? (Həmçinin « Təbliğ etmək üçün güclü stimul» adlı çərçivəyə baxın.)

14 1920-ci illərin sonlarında Allahın xalqı 2700 il bundan əvvəl yazılan Əşiyanın sözlərinin vacibliyini anladılar. Bu peyğəmbər Yehova haqqında yazmışdı: «Özünə əzəmətli ad qazanmaq üçün xalqını bu cür apardın» (Əşy. 63:14). Müqəddəs Kitab Tədqiqatçıları başa düşdülər ki, əsas məsələ insanların xilası yox, Allahın adının müqəddəs tutulmasıdır (Əşy. 37:20; Hizq. 38:23). 1929-cu ildə «Peyğəmbərlik» adlı kitabda bu həqiqət qısaca olaraq belə ifadə olunmuşdu: «Yehovanın adı bütün canlı varlıqların qarşısında duran ən ümdə məsələdir». Bunu dərk etməyin sayəsində Allahın xidmətçiləri Onun haqqında şəhadət verməyə və adını böhtandan təmizləməyə təşviq olundular.

15. a) 1930-cu illərdə qardaşlar nəyi düzgün başa düşdülər? b) Nəyin vaxtı yetişdi?

15 1930-cu illərin əvvəlində qardaşlar Allahın adının vacibliyini, onlara hansı işi həvalə etdiyini və həll edilməli olan əsas məsələnin nədən ibarət olduğunu düzgün başa düşdülər. Nəhayət, Yehova qərara gəldi ki, Öz  xidmətçilərini insanlar qarşısında adını daşımaq şərəfinə layiq görmək vaxtı yetişib. Bunun necə baş verdiyini görmək üçün gəlin ilk öncə keçmişə nəzər salaq.

Yehova «Öz adını daşıyan bir xalq» təşkil edir

16. a) Yehova hansı möhtəşəm yolla Öz adını ucaltdı? b) İlk dəfə Allahın adını daşıyan xalq kim olub?

16 Yehova Öz adını möhtəşəm şəkildə ucaldır — Onun yer üzündə adını daşıyan bir xalqı var. Eramızdan əvvəl 1513-cü ildən sonra Yehovanı məhz İsrail xalqı təmsil edirdi (Əşy. 43:12). Ancaq bu xalq Allahla bağladığı əhdi pozdu və buna görə də eramızın 33-cü ilində Yehova onlardan imtina etdi. Bundan çox keçməmiş Yehova Allah «Öz adını daşıyan bir xalq təşkil etmək üçün» digər xalqlara nəzər saldı  (Həv. 15:14). Və hal-hazırda Allahın İsraili adlanan bu yeni xalq müxtəlif millətlərdən olan məsh olunmuş məsihçilərdən ibarətdir (Qal. 6:16).

17. Şeytan hansı planını həyata keçirməyə müvəffəq oldu?

17 Eramızın təxminən 44-cü ilində Məsihin şagirdləri «Allahın hökmü ilə... məsihi adlanmağa başladılar» (Həv. 11:26). Öz-özlüyündə nadir olan bu adı əvvəllər yalnız Məsihin həqiqi davamçıları daşıyırdı (1 But. 4:16). Lakin İsanın buğda və alaq otları məsəlindən göründüyü kimi, Şeytan bütün saxta məsihçilərin də bu adı daşımasına müvəffəq oldu. Nəticədə, əsrlər ərzində həqiqi məsihçilər saxta məsihçilərin arasında itib-batdı. Ancaq 1914-cü ildə başlayan «biçin vaxtı» hər şey dəyişdi. Çünki həmin vaxt mələklər saxta məsihçiləri həqiqi məsihçilərdən ayırmağa başladılar (Mət. 13:30, 39—41).

18. Nəyə görə qardaşlar başqa ad seçmək qərarına gəldilər?

18 1919-cu ildə sadiq nökər təyin olunandan sonra Yehova Öz xidmətçilərinə hansı işi həvalə etdiyini anlamağa kömək etdi. Onlar tez bir zamanda başa düşdülər ki, məhz evdən-evə təbliğ sayəsində yalançı məsihçilərdən fərqlənirlər. Sonradan belə bir qənaətə gəldilər ki, «Müqəddəs Kitab Tədqiqatçıları» adı onları başqalarından qabarıq şəkildə fərqləndirmirdi. Tədqiqatçıların həyatlarının əsas məqsədi təkcə Müqəddəs Kitabı araşdırmaq yox, həm də Allah haqda şahidlik etmək, Onun adını izzətləndirmək və ucaltmaq idi. Bəs hansı ad onların gördükləri bu işə münasib ola bilərdi? Bu sual öz cavabını 1931-ci ildə tapdı.

Konqres proqramı, 1931-ci il

19, 20. a) 1931-ci ildə keçirilən konqresdə hansı qətnamə qəbul olundu? b) Yeni adın qəbul olunması bacı-qardaşlara necə təsir etdi?

19 1931-ci ilin iyul ayında 15 000 Müqəddəs Kitab Tədqiqatçısı Kolumbusda (Ohayo, ABŞ) keçirilən konqresə toplaşdı. Konqres proqramının üzərində böyük hərflərlə yazılmış JW ora gələnlərdə böyük maraq oyatdı. Onlar üçün maraqlı idi ki, görəsən, bu nə deməkdir. Fikirlər müxtəlif idi, hərə buna bir izahat gətirirdi. İyulun 26-sı bazar günü Cozef Ruterford qardaş iştirak edənlərin nəzərinə belə bir qətnaməni çatdırdı: «Biz istəyirik ki, insanlar bizi Yehovanın şahidləri kimi tanısınlar və çağırsınlar». Bu sözlərdən sonra iştirakçılar həmin müəmmalı hərflərin mənasını başa düşdülər. Bu hərflər Əşiya 43:10 ayəsinə əsaslanmış Yehovanın Şahidləri (ingilis dilində «Jehovah’s Witnesses») adının baş hərfləri idi.

20 Qətnamə oxunduqdan sonra auditoriyanı güclü sevinc sədaları və gurultulu alqış səsləri bürüdü. Kolumbusdakı bu alqış səsləri radio vasitəsilə, demək olar ki, dünyanın hər yerində eşidildi! Avstraliyada yaşayan Ernest və Naomi Barber xatırlayırlar: «Amerikadakı bacı-qardaşlar əl çalanda Melburndakı həmimanlılarımız da yerlərindən sıçrayaraq alqışlamağa başladılar. Bu, unudulmaz an idi!» *

 Allahın adı bütün dünyada ucaldılır

21. Yeni ad müjdəçilik işinə necə təsir etdi?

21 Müqəddəs Kitaba əsaslanan Yehovanın Şahidləri adı Allahın xidmətçilərini müjdəçilik işində daha da canla-başla iştirak etməyə təşviq etdi. 1931-ci ildə Kolumbusda keçirilən konqresdə iştirak edən Edvard və Cessi Qraymz adlı amerikalı pioner cütlük demişdi: «Evdən Müqəddəs Kitab Tədqiqatçısı kimi çıxdıq, Yehovanın Şahidi kimi qayıtdıq. Sevincimizin həddi-hüdudu yox idi. Artıq yeni adımız sayəsində Allahın adını ucaltmaq imkanımız var idi». Həmin konqresdən sonra bəzi Şahidlər Allahın adını yeni üsulla ucaltmağa başladılar. Onlar ev yiyəsinə üstündə «Allahımız YEHOVANIN Padşahlığını bəyan edən YEHOVANIN Şahidlərindən biri» yazılan vizit kartı verərək özlərini təqdim edirdilər. Allahın xalqı Onun adını daşımağı özünə şərəf bilir və bütün dünyaya onun vacibliyindən xəbər verməyə hazır idi (Əşy. 12:4).

«Evdən Müqəddəs Kitab Tədqiqatçısı kimi çıxdıq, Yehovanın Şahidi kimi qayıtdıq»

22. Allahın xalqı nə ilə tanınırdı?

22 Yehovanın məsh olunmuşları bu fərqləndirici adı qəbul etməyə təşviq etdiyi vaxtdan artıq uzun illər keçib. Bəs bu illər ərzində Şeytan Allahın xalqını digər dinlərin kölgəsində qoyaraq tamamilə it-bat olmasına müvəffəq olubmu? O, özünü ora-bura çox vursa da, cəhdləri boşa çıxıb. Allahın şahidlərinin məhz bizlər olduğu indi həmişəkindən daha qabarıq şəkildə gözə çarpır. (Mikə 4:5; Məlaki 3:18 ayələrini oxuyun.) Biz Allahın adını daşıdığımız üçün bu adı çəkən hər kəsi insanlar birbaşa Yehovanın Şahidləri ilə əlaqələndirirlər. Təmiz ibadət dağlarabənzər yalan dinlərin kölgəsində qalmır, əksinə, o, «dağlardan uca bərqərar [olub]» (Əşy. 2:2). Bəli, bu gün Yehovaya ibadət və Onun müqəddəs adı hər şeydən yüksəklərə ucaldılıb.

23. Zəbur 121:5 ayəsinə əsasən, bizə güc-qüvvət verən nədir?

23 Yehovanın Öz xalqını Şeytanın həm indiki, həm də gələcəkdəki hücumlarından müdafiə edəcəyini bilmək bizə güc-qüvvət verir (Zəb. 121:5). Biz də məzmurçunun: «Allahı Yehova olan xalq nə bəxtiyardır! Onun Özünə mülk etdiyi xalq nə bəxtiyardır!» — sözlərinə şərikik (Zəb. 33:12).

^ abz. 20 Radionun istifadəsi barədə daha ətraflı məlumat əldə etmək üçün bu kitabın 72—74 səhifələrindəki məlumata baxın

Əlavə məlumat

Tövratda Allahın adı

Başqa tərcümələrdə Allahın «Yehova» adı yazılmadığı halda, nəyə əsasən «Yeni Dünya Tərcüməsi»ndə bu ad yazılıb?