Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 5

Padşah Padşahlığın sirlərini açır

Padşah Padşahlığın sirlərini açır

MÖVZU

Allahın xalqı Padşahlıq, onun rəhbərləri və təbəələri haqqında vacib həqiqətləri, həmçinin bu hökumətə sədaqət göstərməli olduqlarını dərk edirlər

1, 2. Nəyə görə İsa peyğəmbəri ən müdrik bələdçi ilə müqayisə etmək olar?

TƏSƏVVÜR EDİN Kİ, gözəl bir şəhərdə təcrübəli bələdçinin köməyilə gəzirsiniz. Və bu şəhərə ilk dəfədir gəlmisiniz. Buna görə də bələdçinin ağzından çıxan hər bir sözə diqqətlə qulaq asırsınız. Hərdən yol yoldaşlarınızdan biri şəhərin hələ görmədiyiniz yerləri barədə bələdçiyə sual verir. Ancaq o, sualları dərhal yox, həmin yerlərin yanına çatanda cavablandırır. Bələdçinin uzaqgörənliyi sizi valeh edir, çünki o, hər şeyi öz vaxtında deyir.

2 Həqiqi məsihçiləri də müəyyən turistlərə bənzətmək olar. Biz də ən möhtəşəm şəhər haqqında — «əsil bünövrə üzərində tikilmiş» Allahın Padşahlığı haqqında daha çox öyrənmək istəyirik (İbr. 11:10). İsa peyğəmbər yer üzündə yaşayarkən şagirdlərinə Padşahlıq haqqında həqiqətləri tədricən açıqlayırdı. Bəs o, şagirdlərinin verdiyi bütün sualları elə o dəqiqə cavablandırırdı? Xeyr. O demişdi: «Sizə deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz» (Yəh. 16:12). Ən müdrik bələdçi olan İsa heç vaxt şagirdlərini həddindən artıq məlumatla yükləmirdi.

3, 4. a) İsa davamçılarına Allahın Padşahlığı ilə bağlı həqiqətləri necə açıqlayır? b) Biz bu fəsildə nəyi araşdıracağıq?

3 İsa Yəhya 16:12 ayəsindəki sözləri yer üzündəki həyatının sonuncu gecəsində demişdi. Bəs ölümündən sonra o, şagirdlərinə Allahın Padşahlığı barədə həqiqətləri necə öyrədəcəkdi? O, həvarilərinə ürək-dirək verərək demişdi: «Həqiqət ruhu... həqiqəti tam dərk etməyinizə kömək edəcək» (Yəh. 16:13) *. Müqəddəs ruh təmkinli bir bələdçi kimidir. İsa bu ruh vasitəsilə öz davamçılarına Allahın Padşahlığı haqqında həqiqətləri vaxtında açıqlayır.

4 Gəlin görək Yehovanın müqəddəs ruhu Padşahlıqla bağlı həqiqətləri həqiqi məsihçilərə necə açıqlayıb. İlk əvvəl biz Allahın Padşahlığının nə vaxtdan qurulduğunu öyrənəcəyik. Sonra Padşahlığı kimlərin idarə edəcəyini, üstəlik, onların və təbəələrinin hansı ümidə malik olduqlarını araşdıracağıq. Və nəhayət, Məsihin davamçılarının Padşahlığın  tələblərinin nədən ibarət olduğunu necə anladıqlarını görəcəyik.

Mühüm tarixin dərk edilməsi

5, 6. a) Müqəddəs Kitab Tədqiqatçıları Padşahlığın qurulması və biçin vaxtı ilə bağlı hansı yanlış təsəvvürə malik idilər? b) Nə üçün belə yanlış düşüncələrə görə İsanın öz davamçılarını müqəddəs ruhla yönəltdiyinə şübhə etməməliyik?

5 Bu kitabın ikinci fəslindən öyrəndiyimiz kimi, Müqəddəs Kitab Tədqiqatçıları onilliklər ərzində 1914-cü ilin Allahın Kəlamındakı peyğəmbərliklərin yerinə yetməsi ilə yadda qalacağını bəyan ediblər. Eyni zamanda onlar zənn edirdilər ki, Məsihin iştirakı 1874-cü ildə, idarəçiliyi isə 1878-ci ildə başlayıb. Həmçinin 1914-cü ilin oktyabr ayına kimi Padşahlığın tam təsis olunmayacağını düşünürdülər. Onların fikrincə, biçin 1874—1914-cü illər ərzində baş verməli və bütün məsh olunmuşların göyə qalxması ilə tamamlanmalı idi. Bu cür yanlış fikirlər İsanın həmin sadiq insanları müqəddəs ruhla yönəldib-yönəltmədiyinə şübhə etməyə əsas verirmi?

6 Gəlin məqalənin əvvəlindəki nümunəyə qayıdaq. Turistlərin yanlış fərziyyələr irəli sürmələri və çoxlu suallar vermələri bələdçinin etibarsız olduğunumu göstərir? Sözsüz ki, yox! Eynilə, bəzən Allahın xalqı da müqəddəs ruhun Yehovanın niyyəti ilə bağlı hələ açıqlamadığı həqiqətləri anlamağa çalışsa da, İsanın onlara rəhbərlik etdiyi açıq-aydın görünür. Beləcə, Allaha itaət edən insanlar təvazökarlıq göstərərək yanlış düşüncələrində düzəlişlər etməyə hazırdırlar (Yaq. 4:6).

7. Allahın xalqı üçün ruhani işıq get-gedə necə parlamağa başladı?

7 1919-cu ildən sonra Allah Öz xalqına ruhani həqiqətlərlə bağlı getdikcə daha çox şeyi anlamağa kömək etdi. (Zəbur 97:11 ayəsini oxuyun.) 1925-ci ildə «Gözətçi qülləsi» jurnalında «Xalqın doğulması» adlı xüsusi əhəmiyyət kəsb edən bir məqalə dərc olundu. Orada qeyd olunurdu ki, «Vəhy» kitabının 12-ci fəslində peyğəmbərlikdə təsvir olunan və məcazi məna daşıyan qadının doğması Məsihin Padşahlığının 1914-cü ildə qurulması ilə yerinə yetdi. Bunu təsdiq etmək üçün məqalədə Müqəddəs Kitaba əsaslanmış sübutlar gətirilmişdi *. Üstəlik, orada deyilirdi ki, həmin müharibə illərində müharibə zamanı Allahın xalqının üzləşdiyi çətinliklər və təqiblər Şeytanın yerə atıldığına və böyük qəzəb içində olduğuna bir əlamətdir (Vəhy 12:12).

8, 9. a) Allahın Padşahlığının vacibliyi məsələsi necə üzə çıxdı? b) Hansı sualları nəzərdən keçirəcəyik?

8 Padşahlıq nə dərəcədə vacibdir? 1928-ci ildə «Gözətçi qülləsi» jurnalında vurğulanırdı ki, Padşahlıq insanın fidyə vasitəsilə xilas olmasından daha vacibdir. Məhz bu Padşahlıq vasitəsilə Yehova Öz adını ucaldacaq, ali hökmranlığına bəraət qazandıracaq və bəşəriyyətlə bağlı niyyətini həyata keçirəcək.

9 Bəs Məsihlə bərabər Padşahlıqda kimlər idarə edəcək? Onun yer üzündəki təbəələri kimlər olacaq? Və nəhayət, Məsihin davamçıları hansı işi icra etməlidirlər?

 Məsh olunmuşların yığımı

10. Allahın xalqı uzun müddətdir ki, 144 000 barədə nəyi başa düşür?

10 1914-cü ildən xeyli əvvəl Müqəddəs Kitab Tədqiqatçıları artıq başa düşmüşdülər ki, Məsihin 144 000 sadiq davamçısı onunla birlikdə göydə idarə edəcək *. Onlar bu sayın simvolik məna daşımadığını və artıq eramızın birinci əsrindən yığılmağa başladığını anlamışdılar.

11. Məsh olunmuşlar hələ yer üzündə yaşayarkən hansı işi icra etməli olduqlarını necə anladılar?

11 Bəs onda Məsihin gəlin sinfinin üzvləri hələ yer üzündə yaşayarkən hansı işi icra etməli idilər? Onlar İsanın təbliğ işinin vacibliyindən danışdığını və bunu biçin vaxtı ilə əlaqələndirdiyini başa düşdülər (Mət. 9:37; Yəh. 4:35). Bu kitabın ikinci fəslindən, öyrəndiyimiz kimi, onlar biçin işinin 40 il davam edəcəyini və məsh olunmuşların göyə qalxması ilə tamamlanacağını düşünürdülər. Ancaq biçin onların fikirləşdiyindən də uzun çəkdiyi üçün daha çox şeyə aydınlıq gətirmək lazım idi. İndi biz bilirik ki, biçin vaxtı — buğdadan alaq otlarının, yəni həqiqi məsihçilərdən saxta məsihçilərin ayrılmalı olduğu vaxt — 1914-cü ildə başlayıb. Artıq əsas diqqəti səmavi sinfin qalan hissəsinin yığılmasına yönəltmək vaxtı gəlib çatmışdı.

1914-cü ildə biçin başladı (11-ci abzasa baxın.)

12, 13. İsanın on qız və talant haqqındakı məsəli son günlərdə necə yerinə yetib?

12 1919-cu ildən etibarən Məsih sadiq və ağıllı nökəri xoş xəbəri vəz etməyi birinci yerə qoymağa təşviq edir. O, bu tapşırığı birinci əsrdə vermişdi (Mət. 28:19, 20). İsa həmçinin təbliğ işini həyata keçirmək üçün məsh olunmuş davamçılarında hansı xüsusiyyətlərin olmalı olduğunu göstərmişdi. O, bunu necə etmişdi? On qız məsəlində vurğulamışdı ki, əgər məsh olunmuşlar diqqətli və ruhən ayıq-sayıq olsalar, onda onlar göydə keçiriləcək toy ziyafətində İsanın «gəlini» (yəni 144 000) qismində iştirak edəcəklər (Vəhy 21:2). Talant haqqındakı məsəlində isə İsa öyrətmişdi ki, onlara həvalə olunan təbliğ işinin öhdəsindən layiqli şəkildə gələcəklər (Mət. 25:1—30).

13 Məsh olunmuşlar ötən əsr ərzində həm ayıq-sayıq, həm də çalışqan olduqlarını sübut etdilər. Onların bu cür  ayıq-sayıqlığı mütləq mükafatlandırılacaq! Bəs biçin işi yalnız Məsihin 144 000 hakimiyyət şərikinin yığılması ilə bitəcək?

Padşahlıq yerdəki təbəələrini yığır

14, 15. «Açılmış sirr» kitabında hansı dörd qrup insandan bəhs olunurdu?

14 Uzun illər idi ki, məsh olunmuşları Vəhy 7:9—14 ayələrində qeyd olunan böyük izdihamın kimə aid olduğu maraqlandırırdı. Təəccüblü deyil ki, Məsih böyük izdihamın kim olduğunu açıqlamazdan əvvəl bir çox fərziyyələr mövcud idi. Bu fikirlər bizim indi bildiyimiz və sevdiyimiz aydın və sadə həqiqətlərdən tamamilə uzaq idi.

15 1917-ci ildə işıq üzü görən «Açılmış sirr» kitabında deyilirdi ki, «iki qrup insan göylərdə yaşamaq ümidinə, iki qrup insan da yer üzündə yaşamaq ümidinə malikdir». Bu dörd qrupa kimlər daxil idi? Birinci qrupa Məsihin 144 000 hakimiyyət şərikləri, ikinci qrupa böyük izdiham daxil idi. Əvvəllər elə zənn edirdilər ki, böyük izdihama hələ də Xristian dinindən tam ayrılmayan əksər məsihçilər aiddir. Onların imanı olsa da, nöqsansızlıqlarını qorumaq üçün kifayət qədər möhkəm deyildi. Buna görə də səmavi hakimiyyətdə onlara az səlahiyyət veriləcəkdi. Üçüncü qrupa qədimdə yaşamış İbrahim və Musa peyğəmbər kimi sadiq insanlar daxil idi. Onlar dördüncü qrupdan, yəni yer üzündə əbədi yaşamaq ümidinə malik olan insanlardan daha böyük səlahiyyətlərə malik olacaqdılar.

16. 1923-cü və 1932-ci illərdə nə aydın oldu?

16 Bəs müqəddəs ruh İsanın davamçılarına bu təlimlərin əslində hansı məna daşıdığını başa düşməyə necə kömək etdi? Həqiqətlərin açıqlanması tədricən baş verdi. Hələ 1923-cü ildə «Gözətçi qülləsi» jurnalında diqqət Məsihin rəhbərliyi altında yer üzündə yaşayacaq insanlara yönəldilmişdi. 1932-ci ilin «Gözətçi qülləsi» jurnalında İsraildə yalan ibadətə qarşı çıxan Allahın məsh olunmuş padşahı Yəhunu dəstəkləyən Yəhunədabdan danışılırdı (2 Pad. 10:15—17). Həmin məqalədə qeyd olunurdu ki, müasir dövrdə yaşayan Yəhunədababənzər bir qrup insan var və Yehova bu insanları yer üzündə yaşamaları üçün «Armageddondan sağ çıxaracaq».

17. a) 1935-ci ildə hansı həqiqət daha da açıqlandı? b) Böyük izdihamla bağlı verilən açıqlama sadiq məsihçilərə necə təsir etdi? («Sanki, ürəklərinə su səpildi» adlı çərçivəyə baxın.)

17 1935-ci ildə ruhani həqiqətlərə get-gedə daha çox aydınlıq gətirilməyə başlanıldı. Vaşinqtonda keçirilən konqresdə böyük izdihamın yer üzündə yaşayacaq insanlara aid olduğu, eləcə də İsanın qoyunlar və keçilər məsəlindəki qoyunların da məhz bu qrupa aid edildiyi bildirildi (Mət. 25:33—40). Böyük izdiham «başqa qoyunlar»ın sayına daxildir. Bu qrupa daxil olan insanlar haqqında İsa demişdi: «Onları da gətirməliyəm» (Yəh. 10:16). Həmin konqresdə Cozef Ruterford qardaş: «Yer üzündə yaşamaq ümidinə  malik olanlar, zəhmət olmasa, ayağa qalxın», — deyəndə iştirakçıların yarıdan çoxu ayağa qalxdı. O dedi: «Baxın! Böyük izdiham budur!» Axır ki, bir çoxları gələcəyə olan ümidlərini tam başa düşdülər.

18. Məsihin davamçıları xidmətdə diqqətlərini nəyə cəmlədilər və bunun nəticəsi nə oldu?

18 Həmin vaxtdan etibarən Məsih öz xidmətçilərinə rəhbərlik edir ki, onlar əsas diqqəti böyük müsibətdən sağ-salamat çıxacaq böyük izdihamın yığılmasına cəmləsinlər. Əvvəllər izdihamın sayı elə az idi ki, hətta Ruterford qardaş bir dəfə demişdi: «Görünür, “böyük izdiham” elə də böyük olmayacaq». Ancaq o vaxtdan bəri Yehovanın biçin işinə necə bərəkət verdiyi göz qabağındadır! İsa Məsihin peyğəmbərlik etdiyi kimi, onun və müqəddəs ruhun rəhbərliyi altında həm məsh olunmuşlar, həm də onların «başqa qoyunlar»dan ibarət əməkdaşları bir sürüdə birləşəcəklər və onların bir çobanı olacaq.

Ruterford qardaş böyük izdihamın nə dərəcədə böyük olacağını heç ağlına belə gətirmirdi; Soldan sağa Natan Norr, Cozef Ruterford və Heyden Kovinqton

19. Böyük izdihamın artmasına öz töhfəmizi necə verə bilərik?

19 Sayı-hesabı bilinməyən sadiq insanlar Məsihin və 144 000 hakimiyyət şərikinin rəhbərliyi altında yerüzü Cənnətdə əbədiyyən yaşayacaq. Məgər Məsihin Allahın xalqını bu aydın həqiqəti — Müqəddəs Kitaba əsaslanmış gələcəyə dair ümidi dərk etməyə necə kömək etdiyinin üzərində düşünmək xoş deyilmi? Xidmətdə qarşılaşdığımız insanlarla bu ümidi bölüşmək necə də böyük şərəfdir! Gəlin böyük izdihamın sayının artmasında bacardığımız qədər iştirak edək ki, Yehovanın adına ucaldılan həmdlər artsın. (Luka 10:2 ayəsini oxuyun.)

Böyük izdihamın sayı get-gedə artır

Allahın Padşahlığına sədaqət

20. Şeytanın təşkilatı neçə hissədən ibarətdir və sadiq məsihçilərdən nə gözlənilir?

20 Allahın xalqı Padşahlıqla bağlı həqiqətləri öyrənməklə yanaşı, həm də səmavi hökumətə sadiq qalmağın nə demək olduğunu tam başa düşməli idi. 1922-ci ilin «Gözətçi qülləsi» jurnalında fəaliyyətdə olan iki təşkilatın — Yehovanın və Şeytanın təşkilatının olduğu deyilmişdi. Şeytanın təşkilatına onun yaratdığı ticarət, din və siyasət daxildir. Padşahlığın təbəələri Şeytanın təşkilatına aid olan heç bir şeydə kompromisə getməməlidirlər (2 Kor. 6:17). Hansı mənada?

21. a) Sadiq nökər Allahın xalqına böyük biznes sahəsi ilə bağlı hansı xəbərdarlığı etmişdi? b) 1963-cü ildə «Gözətçi qülləsi» Böyük Babil barədə nəyi açıqladı?

21 Sadiq nökər vaxtaşırı olaraq böyük biznes sahəsinin paxırlarını açır və Allahın xalqını bütün dünyanı öz ağuşuna alan pulpərəstliyə təslim olmamağa çağırırdı (Mət. 6:24). Bundan əlavə, nəşrlərimiz Şeytanın təşkilatının dini hissəsini də ifşa edirdi. 1963-cü ilin «Gözətçi qülləsi» jurnalında aydın şəkildə göstərilirdi ki, «Böyük Babil» təkcə Xristian dinini yox, bütün yalan dinləri təmsil edir. Bu kitabın 10-cu fəslindən görəcəyik ki, Allah hər millətdən və hər mədəniyyətdən olan xalqına yalan dindən çıxmağa və özlərini onun murdarlığından təmizləməyə kömək edib (Vəhy 18:2, 4).

22. Birinci Dünya müharibəsi zamanı Allahın xidmətçilərindən bir çoxu Romalılara 13:1 ayəsindəki sözləri necə başa düşürdü?

 22 Bəs Şeytanın təşkilatının siyasi hissəsi haqqında nə demək olar? Həqiqi məsihçilər müharibələrdə və millətlərarası toqquşmalarda iştirak edə bilərlərmi? Birinci Dünya müharibəsi zamanı Müqəddəs Kitab Tədqiqatçıları başa düşdülər ki, Məsihin davamçıları qətl törətməməlidirlər (Mət. 26:52). Ancaq çoxlarının fikrincə, Romalılara 13:1 ayəsində yazılan «hökumətə tabe [olun]» göstərişinə orduda xidmət etmək, hərbi paltar geyinmək və hətta əllərinə silah götürmək də daxil idi. Düşməni öldürmək əmrinə gəldikdə isə atəşi ona yox, havaya açmalı idilər.

23, 24. İkinci Dünya müharibəsi zamanı Romalılara 13:1 ayəsi necə başa düşülürdü və sonradan Məsihin davamçıları bu ayəni daha dəqiq necə başa düşdülər?

23 1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda «Gözətçi qülləsi» jurnalında bitərəflik mövzusu ətraflı müzakirə olunmuşdu. Orada aydın şəkildə deyilmişdi ki, məsihçilər müharibə və toqquşmalara heç bir vəchlə qarışmamalıdırlar. Bu, həqiqətən də, yerində verilən göstəriş idi! Bunun sayəsində məsihçilər həmin müharibədə insanların qanına bais olmadılar. 1929-cu ildən başlayaraq nəşrlərimizdə həmçinin deyilirdi ki, Romalılara 13:1 ayəsində haqqında bəhs olunan hökumət dünyəvi rəhbərlər yox, Yehova və İsadır. Görünür, hələ düzəlişlərə ehtiyac var idi.

24 Müqəddəs ruh 1962-ci ildə Məsihin davamçılarını məhz bu cür dəyişikliklər etməyə yönəltdi. Həmin vaxt «Gözətçi  qülləsi» jurnalının 15 noyabr və 1 dekabr saylarında Romalılara 13:1—7 ayələrinin müzakirə edildiyi tarixi məqalələr dərc edildi. Nəhayət, Allahın xalqı İsanın: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin», — sözlərinə əsasən nisbi tabeçilik prinsipini başa düşdü (Luka 20:25). Bundan sonra həqiqi məsihçilər başa düşdülər ki, hökumət bu dünyadakı insan rəhbərləridir və məsihçilər rəhbərlərə tabe olmalıdırlar. Ancaq bu tabeçilik nisbi olmalıdır. Əgər insan hökumətləri bizdən Yehovanın qanununu pozmağı tələb edərlərsə, onda biz qədimdə yaşamış həvarilər kimi deyə bilərik: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həv. 5:29). Bu kitabın 1314-cü əsillərində məsihçilərin bitərəf mövqe tutmaları ilə bağlı daha ətraflı araşdıracağıq.

Əbədi həyat ümidini başqaları ilə bölüşmək böyük şərəfdir!

25. Müqəddəs ruhun rəhbərliyinə görə nə üçün minnətdarsınız?

25 Keçən əsr ərzində İsanın davamçılarının Padşahlıqla bağlı öyrəndikləri üzərində düşünün. Biz Allahın Padşahlığının göydə nə vaxt qurulduğunu və nə dərəcədə vacib olduğunu öyrəndik. Həmçinin bizə aydın oldu ki, sadiq insanlar iki cür ümidə — göylər və yerüzü ümidinə malikdirlər. Üstəlik, biz insan hökumətlərinə nisbi tabeçilik göstərməklə yanaşı, Allahın Padşahlığına sadiqliyimizi necə təzahür etdirməyi bilirik. Özünüzdən soruşun: «Əgər İsa Məsih sadiq nökərə bu təlimləri başa düşməyə və öyrətməyə kömək etməsəydi, mən bu dəyərli həqiqətləri haradan bilərdim?!» Biz necə də xoşbəxtik ki, Məsih müqəddəs ruh vasitəsilə bizə bələdçilik edir!

^ abz. 3 Bir kitabda deyildiyi kimi, yunan dilindən tərcümə olunan «bələdçilik» sözünün mənası «yol göstərmək» deməkdir.

^ abz. 7 O vaxta qədər zənn edirdilər ki, bu görüntü bütpərəst Roma imperiyası ilə Roma katolik kilsəsi arasında müharibəyə işarə edir.

^ abz. 10 1880-ci ilin iyun ayında «Sion Gözətçi qülləsi» jurnalında belə bir ehtimal irəli sürülmüşdü ki, 144 000 nəfər 1914-cü ilə qədər məsihçiliyi qəbul edən yəhudilərdir. Ancaq 1880-ci ilin sonunda bu gün bildiyimiz həqiqətlərə daha çox uyğun gələn təlimlər dərc olunmuşdu.

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

«Mən... həmişə sizinləyəm»

İsanın buğda və alaq otları məsəli əkin, böyümə və biçin dövrünü təsvir edir. Biçin vaxtı ilə bağlı hansı təlim dəyişikliyi edilmişdir?

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

«Hələ görüləsi çox iş var»

Braziliyada Müqəddəs Kitab həqiqətlərini çatdıran 760 000-dən çox Yehovanın Şahidi var. Cənubi Amerikada təbliğ işi necə başladı?