Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Allahın Padşahlığı hökmranlıq edir!

 FƏSİL 18

Padşahlıq işinin maliyyələşdirilməsi

Padşahlıq işinin maliyyələşdirilməsi

MÖVZU

Yehovanın xalqının Padşahlıq işini maddi cəhətdən necə və nə üçün dəstəkləməsi

1, 2. a) Rassel qardaş Müqəddəs Kitab Tədqiqatçılarının fəaliyyətinin maliyyələşdirilməsi ilə maraqlanan bir keşişin sualına necə cavab verdi? b) Bu fəsildə nəyi nəzərdən keçirəcəyik?

BİR dəfə Çarlz Rassel qardaşın yanına Müqəddəs Kitab Tədqiqatçılarının fəaliyyətinin necə maliyyələşdirildiyi ilə maraqlanan Reformator kilsəsinin keşişi gəlmişdi.

— Biz qətiyyən pul yığmırıq, — deyə Rassel qardaş izah etdi.

— Bəs pulu haradan tapırsınız? — keşiş soruşdu.

— Sizə həqiqəti desəm, çətin ki, inanasınız, — deyə Rassel qardaş cavab verdi. — Bizdə heç kim görüşlərə gələn insanların pul vermələri üçün çənələrinin altına qab qoymur. Ancaq onlar görürlər ki, bu iş üçün müəyyən xərc çəkilir və öz-özlərinə düşünürlər: «Bu zal havayı başa gələ bilməz... Mən bu işə necə ianə edə bilərəm?»

Keşişin baxışlarından görünürdü ki, o, Rassel qardaşa inanmır.

— İnanın, düz sözümdür, — deyə Rassel qardaş əlavə etdi. — Onlar [maraqlananlar] çox vaxt məndən soruşurlar: «Bu işə bir az pul ianə etmək istəyirəm, bunu necə edə bilərəm?» İnsan xeyir-dua alanda və müəyyən miqdarda maddi vəsaiti olanda istəyir ki, onu Ağanın işinə sərf etsin. Əgər insanın imkanı yoxdursa, biz onu nə üçün məcbur etməliyik? *

2 Rassel qardaş, həqiqətən də, düzünü deyirdi. Allahın xalqı uzun illərdir ki, könüllü ianələr etməklə həqiqi ibadəti dəstəkləyir. Bu fəsildə biz bəzi Müqəddəs Kitab nümunələri ilə yanaşı, müasir dövrümüzdə olan nümunələri də nəzərdən keçirəcəyik. Bu gün Padşahlığın necə maliyyələşdirildiyini nəzərdən keçirərək özümüzdən soruşa bilərik: «Mən Padşahlığın işini dəstəklədiyimi necə göstərə bilərəm?»

«Ürəyindən Yehovaya bəxşiş vermək keçən adamlar qoy... gətirsin»

3, 4. a) Yehova həqiqi xidmətçilərinə nədə etibar edir? b) İsraillilər müqəddəs çadırın tikintisini necə dəstəklədilər?

3 Yehova həqiqi xidmətçilərinə etibar edir. O bilir ki, imkan verilsə, onlar böyük məmnuniyyətlə könüllü ianələr edərək  öz sadiqliklərini göstərəcəklər. Gəlin İsrail xalqının tarixində baş vermiş iki nümunəyə baxaq.

4 İsrailliləri Misirdən çıxarandan sonra Yehova onlara ibadət üçün səyyar müqəddəs çadır tikməyi buyurdu. Çadırın qurulması və ləvazimatları çoxlu məsrəf tələb edəcəkdi. Yehova Musa peyğəmbərə xalqa bu işi dəstəkləmək imkanı verməsini tapşıraraq demişdi: «Ürəyindən Yehovaya bəxşiş vermək keçən adamlar qoy... gətirsin» (Çıx. 35:5). Bundan bir müddət əvvəl «ağır şəraitdə hər cür qul işində» işlədilən xalq buna necə hay verdi? (Çıx. 1:14). Onlar yekdilliklə tikintini dəstəklədilər; əsas etibarilə, keçmiş ağalarından, yəni misirlilərdən aldıqları qızılı, gümüşü və digər dəyərli əşyaları könül xoşluğu ilə ianə etdilər (Çıx. 12:35, 36). İsraillilər artıqlaması ilə gətirdikləri üçün onlara tapşırıldı ki, «daha heç nə gətirməsinlər» (Çıx. 36:4—7).

5. İsraillilər məbədin tikintisinə ianə etmək imkanından necə istifadə etdilər?

5 Təxminən 475 ildən sonra Davud padşah yer üzündə həqiqi ibadətin ilk daimi mərkəzini tikmək üçün öz qızıl-gümüşündən ianə etmişdi. Sonra o, həmvətənlərinə bəxşişlər gətirmək imkanı verərək demişdi: «Kim Yehovaya könüllü bəxşiş vermək istəyirsə, buyursun versin». Cavabında xalq Yehovaya ürəkdən könüllü təqdimlər gətirdi (1 Saln. 29:3—9). Davud bu ianələrin əslində kimə məxsus olduğunu başa düşərək duasında belə demişdi: «Hər şeyi bizə Sən vermisən, Sənin əlindən aldığımızı Sənin Özünə qaytarırıq» (1 Saln. 29:14).

6. Padşahlıq işinin irəliləməsi üçün nəyə görə pula ehtiyac var və ortaya hansı suallar çıxır?

6 Nə Musa, nə də Davud Allahın xalqını bəxşişlər gətirməyə məcbur etməmişdi. İnsanları buna ürəkləri təşviq etmişdi. Bəs bizim haqqımızda nə demək olar? Biz yaxşı başa düşürük ki, Padşahlığın işini həyata keçirmək üçün pul tələb olunur. Müqəddəs Kitab və ona əsaslanan nəşrlərin çap olunub paylanması, yığıncaq və filial binalarının tikilməsi və qorunub saxlanması, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən bacı-qardaşlarımıza təcili yardım göstərilməsi üçün kifayət qədər xərc tələb olunur. Buna görə də ortaya vacib suallar çıxır: lazımi vəsaitlər haradan əldə olunur? Padşahlığın vətəndaşlarını könüllü ianələr etməyə məcbur etmək lazımdırmı?

«Biz heç vaxt kömək üçün insanlara ağız açıb yalvarmayacağıq»

7, 8. Nəyə görə Yehovanın xalqı pul üçün başqalarına ağız açıb yalvarmır?

7 Rassel qardaş və onun əməkdaşları, Xristian kilsələrindən fərqli olaraq, insanlardan pul qoparmırdılar. «Gözətçi qülləsi» jurnalının ikinci sayında dərc olunan «“Sion Gözətçi qülləsi” istəyirsinizmi?» adlı məqalədə Rassel qardaş yazmışdı: «Biz inanırıq ki, “Sion Gözətçi qülləsi”ni YEHOVA  dəstəkləyir və buna görə də biz heç vaxt kömək üçün insanlara ağız açıb yalvarmayacağıq. Əgər “qızıl da, gümüş də Mənimdir” Deyən lazımi vəsaitlə təmin etməyə son qoyarsa, onda başa düşəcəyik ki, bu nəşri dərc etməyi dayandırmağın vaxtıdır» (Həq. 2:7—9). Üstündən 130 ildən çox keçməsinə baxmayaraq, «Gözətçi qülləsi» jurnalı hələ də dərc olunur və onu nəşr edən təşkilat durmadan tərəqqi edir.

8 Yehovanın xidmətçiləri pul üçün heç kimə ağız açmır. Onlar pul toplamaq üçün nə cərgələrlə qab ötürür, nə də ki ianə etmələri üçün camaata məktub vasitəsilə müraciət edirlər. Onlar lotoreya oyunları və xeyriyyə bazarları təşkil etmirlər. Bu insanlar çox-çox əvvəl «Gözətçi qülləsi» jurnalında yazılmış sözlərə uyğun davranırlar: «Biz heç vaxt, digər kilsələrdəki kimi, Rəbbimizin işi üçün pul dilənməmişik... Bizim fikrimizcə, Rəbbimizin adı naminə istənilən formada pul dilənmək rüsvayçılıqdır və Ona məqbul deyil, üstəlik, Allah nə pul verənlərə, nə də ki həmin işə xeyir-dua verməyəcək» *.

«Qoy hər kəs ürəyində qət etdiyi kimi versin»

9, 10. Könüllü ianələr etməyimizin səbəblərindən biri hansıdır?

9 Allahın Padşahlığının təbəələri olan bizləri ianə vermək üçün məcbur etməyə ehtiyac yoxdur. Əksinə, biz Padşahlığın işini dəstəkləmək üçün maddi vəsaitlərimizdən və digər imkanlarımızdan sevə-sevə istifadə edirik. Gəlin bunu nəyə görə ürəkdən etdiyimizin üç səbəbini nəzərdən keçirək.

10 Əvvəla, biz Yehovanı sevdiyimiz və «gözündə xoş olanı» etmək istədiyimiz üçün könüllü ianələr edirik (1 Yəh. 3:22). Yehova ürəkdən ianələr edən xidmətçilərini sevir. Gəlin həvari Bulusun məsihçilərin etdikləri ianələrlə bağlı dediyi sözləri nəzərdən keçirək. (2 Korinflilərə 9:7 ayəsini oxuyun.) Həqiqi məsihçi can çəkə-çəkə və ya zorla ianə etmir. Əksinə, o, «ürəyində qət etdiyi» üçün verir *. Bu o deməkdir ki, o, mövcud tələbatı və necə kömək edə biləcəyini qabaqcadan götür-qoy edib. Belə insan Yehova üçün əzizdir, çünki «Allah gülərüzlə verəni sevir». Başqa bir tərcümədə isə oxuyuruq: «Allah sevinclə verəni sevir».

Mozambikdəki balacalarımız da ianə etməyi sevirlər

11. Malik olduğumuz şeylərin ən yaxşısını Yehovaya verməyə bizi nə təşviq edir?

11 İkincisi, biz ianələr edəndə Yehovanın bizə verdiyi çoxlu sayda xeyir-dualara görə minnətdarlığımızı bildiririk. Gəlin Musanın qanunundan ürəyimizi tədqiq etməyə təşviq edən bir prinsipi araşdıraq. (Qanunun təkrarı 16:16, 17 ayələrini oxuyun.) Hər bir israilli kişi ildə üç dəfə keçirilən bayramlarda iştirak edəndə «Allahı Yehovanın ona verdiyi bərəkətə görə bəxşiş» gətirməli idi. Nəticədə, bayramda iştirak etməzdən əvvəl hər kişi xeyir-dualarını götür-qoy edərək ürəyini tədqiq edirdi ki, malik olduğu ən yaxşı şeyləri Allaha  verə bilsin. Eynilə, bu gün Yehovanın bizə verdiyi çoxlu sayda xeyir-dualar üzərində dərindən düşünəndə malik olduğumuz hər şeyin ən yaxşısını Ona verməyə təşviq olunuruq. Maddi ianələr də daxil olmaqla, ürəkdən verdiyimiz bəxşişlər Yehovanın bizə verdiyi xeyir-duaları nə dərəcədə qiymətləndirdiyimizi əks etdirir (2 Kor. 8:12—15).

12, 13. Bizim könüllü ianələrimiz Padşaha olan məhəbbətimizi necə göstərir və hər birimiz nə qədər ianə edirik?

12 Üçüncüsü, könüllü ianələr verməklə biz Padşahımız İsa Məsihə olan məhəbbətimizi göstərmiş oluruq. Yerüzü həyatının sonuncu gecəsində İsanın şagirdlərinə dediyi sözlərə diqqət yetirək. (Yəhya 14:23 ayəsini oxuyun.) O demişdi: «Məni sevən mənim sözümə əməl edəcək». İsanın «sözünə» bütün dünyada Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək əmri daxildir (Mət. 24:14; 28:19, 20). Biz Padşahlığın təbliğ işinin irəliləməsi üçün bütün imkanlarımızdan — vaxtımızdan, gücümüzdən və maddi vəsaitlərimizdən istifadə etməklə bu «sözə» əməl etmiş oluruq. Bununla biz Padşahlığın Padşahını sevdiyimizi göstəririk.

 13 Allahın Padşahlığının sadiq təbəələri kimi biz pul ianə etməklə Padşahlığı ürəkdən dəstəkləmək istəyirik. Bəs biz nə qədər ianə edirik? Bu, hər kəsin şəxsi işidir. Hər kəs gücü çatan qədər verir. Ancaq həmimanlılarımızın əksəriyyətinin əli aşağı olduğundan çox ianə edə bilmirlər (Mət. 19:23, 24; Yaq. 2:5). Buna baxmayaraq, Yehovanın və Onun Oğlunun təmiz ürəklə verilən kiçik ianələri belə dəyərləndirdiyini bilmək onları ruhlandırır (Mark 12:41—44).

Pul necə əldə olunur?

14. Uzun illər ərzində Yehovanın Şahidləri ədəbiyyatları necə təklif edirdilər?

14 Uzun illər ərzində Yehovanın Şahidləri təklif etdikləri Müqəddəs Kitaba əsaslanan ədəbiyyatların qarşılığında ianələr istəyirdilər. Adətən, çox az məbləğ təklif olunurdu ki, imkansız insanlar belə ədəbiyyat ala bilsin. Əlbəttə, əgər maraq göstərən ev sahibinin ianə etməyə imkanı yox idisə, təbliğçilər ədəbiyyatı havayı verirdilər. Onlar çox istəyirdilər ki, səmimi-qəlbli insanlar bu ədəbiyyatları oxuyub faydalansınlar.

15, 16. a) Rəhbərlik Şurası 1990-cı ildə ədəbiyyatların paylanması ilə bağlı hansı dəyişikliyi etdi? b) Könüllü ianə necə edilir? (Həmçinin « Könüllü ianələrimiz nəyə xərclənir?» adlı çərçivəyə baxın.)

15 Rəhbərlik Şurası 1990-cı ildə ədəbiyyatların paylanması ilə bağlı dəyişiklik etdi. Həmin ildən Birləşmiş Ştatlarda bütün nəşrlərimiz könüllü ianənin məbləği xatırlanmadan təklif olunmağa başlandı. ABŞ-dakı bütün yığıncaqlara ünvanlanan məktubda bunun səbəbi belə izah olunurdu: «Jurnalları və digər nəşrləri alanda təbliğçilərdən və maraqlananlardan müəyyən məbləğdə pul istənilməyəcək və hətta ianə etmələri belə təklif olunmayacaq... Maarifləndirmə işimizi dəstəkləmək istəyənlər ianə edə bilər, ancaq ianə edib-etməməsindən asılı olmayaraq, hər kəs ədəbiyyat ala bilər». Bu yenilik fəaliyyətimizin könüllü və dini xarakter daşıdığını və bizim «Allahın sözünün alverçiləri» olmadığımızı aydın göstərdi (2 Kor. 2:17). Vaxt keçdikcə könüllü ianələr bütün dünyada tətbiq olunmağa başlandı.

16 Könüllü ianələr necə edilir? Yehovanın Şahidlərinin Padşahlıq zallarında könüllü ianə qutuları var. İnsanlar ianəni ya həmin qutulara ata, ya da Yehovanın Şahidləri tərəfindən istifadə olunan hüquqi orqanlardan birinə göndərə bilərlər. Hər il «Gözətçi qülləsi» jurnalında könüllü ianələri necə edə biləcəyimizlə bağlı məqalə dərc olunur.

Pullar nəyə sərf olunur?

17—19. Könüllü ianələrin a) ümumdünya işi, b) Padşahlıq zallarının tikintisi və c) yerli yığıncaqların tələbatları üçün necə istifadə olunduğunu izah edin.

17 Ümumdünya işi. Əldə olunan vəsaitlər ümumdünya təbliğ işinə xərclənir. Bu xərclərə bütün dünyada paylanan ədəbiyyatların çap edilməsi, filialların tikintisi və qorunub saxlanılması, eləcə də müxtəlif teokratik məktəblərin keçirilməsi daxildir. Üstəlik, bu vəsaitlər xüsusi təyinatlı müjdəçilərin,  səyyar nəzarətçilərin və xüsusi pionerlərin tələbatlarını ödəmək üçün sərf olunur. Həmçinin ianələr təbii fəlakətlərdən əziyyət çəkən həmimanlılarımıza kömək etmək üçün istifadə olunur *.

18 Bütün dünyada Padşahlıq zallarının tikintisi. İanə edilmiş vəsaitlər sayəsində Padşahlıq zallarının tikilməsinə və ya təmir olunmasına ehtiyacı olan yığıncaqlar faizsiz borc götürə bilər. Hər bir yığıncaq borcunu qaytardıqdan sonra başqa yığıncaqlara kömək etmək imkanı yaranır *.

19 Yerli yığıncaqların tələbatları. İanələr Padşahlıq zallarının qorunub saxlanılmasına və təmirinə, eləcə də yığıncağın öz görüş yerlərini tikmək və təmir etmək üçün filialdan aldığı pulun qaytarılmasına sərf olunur. Ağsaqqallar məsləhət görə bilərlər ki, yığılan pulun bir hissəsi ümumdünya işi üçün filiala göndərilsin. Belə hallarda ağsaqqallar yığıncaqda qətnaməni səsə qoyur. Əgər qətnamə qəbul olunarsa, onda həmin pul filiala göndərilir. Hər ay yığıncağın maliyyə işlərinə baxan qardaş yığıncağın nəzərinə çatdırmaq üçün hesabat hazırlayır.

20. Sərvətinizlə Yehovanı necə izzətləndirə bilərsiniz?

20 Bütün dünyada Padşahlıq haqda xoş xəbərin təbliği və şagird hazırlamaq üçün görülən möhtəşəm işlər barədə düşünmək bizi «[sərvətimizlə] Yehovanı şərəfləndir»məyə təşviq edir (Məs. 3:9, 10). Sərvətimizə fiziki və əqli qabiliyyətlərimiz, eləcə də Allaha xidmətdə qazandığımız təcrübə daxildir. Əlbəttə, biz bunların hamısını Padşahlığın işi üçün istifadə etmək istəyirik. Həmçinin yaddan çıxartmamalıyıq ki, bizim sərvətimizə maddi vəsaitlər də daxildir. Gəlin imkan daxilində ianə etməyə qətiyyətli olaq. Bizim könüllü ianələrimiz Yehovaya şərəf gətirir və Allahın Padşahlığını dəstəklədiyimizi göstərir.

^ abz. 10 «Gözətçi qülləsi» jurnalının 1915-ci il 15 iyul sayı, səhifə 218 və 219.

^ abz. 8 «Gözətçi qülləsi» jurnalının 1899-cu il 1 avqust sayı, səhifə 201.

^ abz. 10 Bir alim deyir ki, «qət etmək» kimi tərcümə olunan yunan sözünün mənası «qabaqcadan verilən qərar»ı bildirir. O əlavə edir: «Düzdür, istənilən bəxşiş sevinc gətirsə də, bu, planlı və sistematik şəkildə olmalıdır» (1 Kor. 16:2).

^ abz. 17 Təbii fəlakətlərdən əziyyət çəkənlərə yardım göstərməklə bağlı ətraflı məlumat üçün 20-ci fəslə baxın.

^ abz. 18 Padşahlıq zallarının tikintisi ilə bağlı ətraflı məlumat üçün 19-cu fəslə baxın.

Əlavə məlumat

Ehtiyacı olanlara necə kömək edə bilərik?

Yehovanın Şahidlərinin ümumdünya işinə edilən ianələrin başqalarının fiziki və ruhani tələbatlarını necə ödədiyini öyrənin.

Padşahlıq naminə qurbanlar verməyə hazırsanmı?

Vaxtımızdan, pulumuzdan, gücümüzdən və bacarıqlarımızdan Allahın Padşahlığını dəstəkləmək üçün necə istifadə edə biləcəyimiz barədə öyrən.