Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 ƏLAVƏLƏR

Yığıncaqdan kənar edilmiş adamla necə rəftar etməli?

Yığıncaqdan kənar edilmiş adamla necə rəftar etməli?

Dünyada az şey tapılar ki, günah işlədib tövbə etməyən qohumun və ya yaxın dostun yığıncaqdan kənar edilməsinin gətirdiyi ağrı ilə müqayisəyə gəlsin. Bu məsələ ilə əlaqədar Müqəddəs Kitabın verdiyi göstərişlərə necə əməl etməyimiz Allaha məhəbbətin və təsis etdiyi quruluşa sədaqətimizin dərinliyini büruzə verir *. Bu mövzuyla bağlı bir neçə sualı nəzərdən keçirək.

Yığıncaqdan kənar edilmiş adamla necə rəftar etməliyik? Müqəddəs Kitabda deyilir: «İndi isə sizə yazıram ki, özünü qardaş adlandırıb əxlaqsızlıq edən, acgöz, bütpərəst, içki düşkünü olan, təhqiramiz danışan və ya soyğunçuluq edənlə daha oturub-durmayasınız, beləsi ilə hətta bir süfrəyə də əyləşməyəsiniz» (1 Korinflilərə 5:11). Məsihin təlimlərinə riayət etməyən adama qarşı münasibət haqqında oxuyuruq: «Onu evinizə buraxmayın və salamlamayın. Çünki onu salamlayan onun pis əməllərinə şərik olur» (2 Yəhya 9—11). Biz yığıncaqdan kənar edilmiş insanlarla nə ruhani, nə də başqa şeylər barəsində bir kəlmə də kəsmirik. «Gözətçi qülləsi» jurnalının 1982-ci il 1 mart sayının 17-ci səhifəsində (rus.) deyilmişdi: «Adi “salam” söhbətə, hətta dostluğa aparan ilk addım ola bilər. Məgər yığıncaqdan kənar edilmiş adama qarşı ilk addımı atmaq istəyərdin?»

Bu məsələyə bu qədər ciddi yanaşmaq nəyə lazımdır? Bunun bir neçə səbəbi var. Birincisi, bununla Allaha və Onun Kəlamına sədaqətimizi göstəririk. Biz Yehovaya yalnız asan məsələlərdə deyil, çətin hallarda da itaət edirik. Allaha məhəbbət bizi Onun bütün əmrlərinə itaətli olmağa təşviq edir. Biz Yehovanın mehriban və ədalətli Allah olduğunu, qanunlarının bizə xeyir gətirdiyini başa düşürük (Əşiya 48:17;  1 Yəhya 5:3). İkincisi, günah işlədib tövbə etməyən adamla ünsiyyəti kəsmək həm bizi, həm də bütün yığıncağı ruhani və əxlaqi pozğunluqdan hifz edir, yığıncağın təmiz adını qoruyur (1 Korinflilərə 5:6, 7). Üçüncüsü, Müqəddəs Kitab prinsiplərinə ciddi əməl etməyimizin yığıncaqdan kənar edilmiş adama da faydası var. Bu vaxtadək o, ağsaqqalların köməyini qəbul etməmişdir, lakin biz intizam komitəsinin qərarını dəstəkləməklə onun qəlbinə yol tapa bilərik. Sevdiyi insanlarla ünsiyyət etmək imkanından məhrum olması onun ağlını başına gətirə bilər. O, günahının ağırlığını başa düşüb Yehovaya tərəf dönmək üçün lazımi addımlar atmaq qərarına gələ bilər (Luka 15:17).

Yığıncaqdan kənar edilən adam qohumumuzdursa, onda necə? Belə vəziyyətdə Allahın qanunlarına sadiq qalıb-qalmayacağımız bərk sınanır. Yığıncaqdan kənar edilmiş qohumla necə rəftar etməliyik? Burada bütün halları nəzərdən keçirmək mümkün olmadığı üçün ikisini araşdıraq.

Bəzi hallarda yığıncaqdan kənar edilmiş ailə üzvü sizinlə bir evdə yaşaya bilər. Lakin onun yığıncaqdan kənar edilməsilə qohumluğunuz pozulmur. Bir evdə yaşadığınızdan gündəlik məişətinizlə bağlı işləri birgə görə bilərsiniz. Lakin o, öz hərəkəti ilə aranızdakı ruhani telləri kəsib. Buna görə də ailənin Yehovaya sadiq üzvləri onunla birlikdə ruhani işlərdə iştirak etməyəcəklər. Məsələn, onu ailəvi ibadətə dəvət etməyəcəklər. Ancaq yığıncaqdan kənar edilmiş adam həddi-büluğa çatmamış uşaqdırsa, valideynləri ona təlim-tərbiyə verməyə davam etməlidirlər. Buna görə də valideyn onunla Müqəddəs Kitabı öyrənə bilər * (Məsəllər 6:20—22; 29:17).

Digər halda, ola bilsin ki, yığıncaqdan kənar edilmiş qohumunuz ailənizin üzvü deyil və sizinlə bir evdə yaşamır. Bir  qohum kimi hərdən ailə məsələləri haqqında onunla söhbət etmək zərurəti yarana bilər. Çalış belə hallar mümkün qədər az olsun. Sadiq məsihilər yığıncaqdan kənar edilmiş və bir evdə yaşamadıqları qohumları ilə ünsiyyət etməyə bəhanə axtarmırlar. Əksinə, Yehovaya və Onun təşkilatına sadiq qaldıqları üçün onlar Müqəddəs Kitabın yığıncaqdan kənar edilmiş adamlara aid göstərişlərini dəstəkləyirlər. Onların Yehovaya məhəbbətdən irəli gələrək tutduqları mövqe təqsirkarın öz xeyrinədir, belə etməklə onun bu cəza tədbirindən faydalanmasına kömək edə bilərlər * (İbranilərə 12:11).

^ abz. 3 Bu mövzuyla bağlı Müqəddəs Kitabdakı prinsiplər eynilə yığıncaqdan imtina edənlərə də aiddir.

^ abz. 7 Yığıncaqdan kənar edilmiş həddi-büluğa çatmamış uşaqlara qarşı münasibət barəsində ətraflı məlumatı «Gözətçi qülləsi»nin 2001-ci il 1 dekabr sayının 27 və 28-ci səhifəsində və 1989-cu il 15 sentyabr sayının 16 və 17-ci səhifəsində (rus.) tapa bilərsiniz.

^ abz. 8 Yığıncaqdan kənar edilmiş qohumlara qarşı münasibət barəsində ətraflı məlumatı «Gözətçi qülləsi» jurnalının 1988-ci il 15 sentyabr sayının 18—23 səhifələrində (rus.) və 1982-ci il 1 mart sayının 18—23 səhifələrində (rus.) tapa bilərsiniz.