Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 2

Vicdanını necə təmiz saxlaya bilərsən?

Vicdanını necə təmiz saxlaya bilərsən?

«Vicdanınızı təmiz saxlayın» (1 BUTRUS 3:16).

1, 2. Kompas nə üçün zəruri cihazdır və onu hansı mənada vicdanla müqayisə etmək olar?

GƏMİÇİ ucsuz-bucaqsız okeanda gəmisini sürür; səyyah ins-cins yaşamayan bir səhradan keçir; təyyarəçi öz təyyarəsində geniş səmada, buludların üstündən uçur. Səncə, bu adamları birləşdirən nədir? Kompas. Bu adi cihazsız onlardan hər biri böyük çətinliyə düşərdi, xüsusilə də başqa müasir texnika olmasaydı.

2 Kompas — siferblatlı, maqnitləşdirilmiş əqrəbi şimalı göstərən sadə bir cihazdır. Düz işləyən kompas, xüsusən əl altında dəqiq xəritə varsa, bəzən insanı ölümdən də qurtara bilər. Bu cihazı Yehovanın bizə verdiyi nemətlə — vicdanla müqayisə etmək olar (Yaqub 1:17). Vicdan olmasaydı, biz bu həyatda tamamilə itib-batardıq. Vəzifəsini düzgün yerinə yetirən vicdan, bizə həyatda doğru  yolu tapıb, o yolda yeriməyə kömək edə bilər. Buna görə də gəl görək ümumiyyətlə vicdan nədir və onun vəzifəsi nədən ibarətdir. Həmçinin aşağıdakı sualları araşdıraq: 1) vicdanı necə tərbiyə etmək olar? 2) Başqalarının vicdanını nəyə görə nəzərə almalıyıq? 3) Təmiz vicdan hansı faydanı gətirir?

VİCDAN VƏ ONUN VƏZİFƏSİ

3. «Vicdan» kimi tərcümə olunmuş yunan sözünün hərfi mənası nədir və vicdan biz insanlara hansı nadir imkanı verir?

3 Müqəddəs Kitabda işlədilən vicdan sözünün yunancadan hərfi mənası «özünübilmə» deməkdir. Yer üzündəki bütün varlıqlardan fərqli olaraq, Allah biz insanlara özümüzü dərk etmək qabiliyyəti vermişdir. Biz bir növ özümüzə qıraqdan baxa və əxlaq dəyərlərinə nə dərəcədə uyğun olub-olmadığımızı müəyyən edə bilərik. Vicdan daxili hakim kimi, hərəkətlərimizi, əhval-ruhiyyəmizi və qərarlarımızı yoxlayır. Vicdan bizi pis işlərdən xəbərdar edir, yaxşı əməllərə səsləyir. Yaxşı iş gördükdə vicdanımız rahat olur, pis iş tutduqda isə bizə əzab verir.

4, 5. a) Adəmlə Həvvanın vicdanı olduğunu haradan bilirik və Allahın qanununu pozduqlarına görə onlarla nə baş verdi? b) Qədimdə yaşamış saleh adamların öz vicdanlarının səsinə hay verdiklərini hansı nümunələrdən görürük?

4 Adəmlə Həvva bu qabiliyyətlə yaradılmışdılar. Günah işlədikdən sonra utanmaları onlarda vicdanın olduğunu göstərir (Yaradılış 3:7, 8). Əfsus ki, vicdan əzabının onlara bir xeyri dəymədi. Onlar bilə-bilə Allahın qanununu pozmuşdular. Onlar məqsədyönlü şəkildə Yehova Allaha qarşı üsyana qalxıb Onun düşməni olmuşdular. Kamil olduqları üçün, Adəmlə Həvva nə etdiklərini yaxşı bilirdilər. Geriyə yol yox idi.

5 Adəmlə Həvvadan fərqli olaraq, bir çox qeyri-kamil insan vicdanın səsinə qulaq asmışdır. Misal üçün, Allahın mömin bəndəsi Əyyub demişdi: «Salehliyimi qoruyacağam,  əldən verməyəcəyəm! Nə qədər ki sağam, ürəyim məni qınamayacaq» * (Əyyub 27:6). Əyyub sözün əsil mənasında vicdanlı adam idi. O, əməllərində və qərarlarında vicdanının səsinə qulaq asırdı. Bu səbəbdən Əyyub arxayınlıqla deyirdi ki, vicdanı onu utandırmır, heç bir hərəkətinə görə ittiham etmir. İndi isə Davudun nümunəsinə diqqət yetirək. Yehovanın məsh etdiyi Talut padşaha qarşı hörmətsizlik etdiyinə görə ürəyi Davudu qınamağa başlamışdı (1 İşmuil 24:5). Vicdan əzabının Davuda böyük faydası oldu. Bu hadisədən sonra o, hörmətsizlik etməkdən çəkinirdi.

6. Allahın bütün bəşəriyyətə vicdan ənamını verdiyini haradan bilirik?

6 Bəs vicdan ənamı yalnız Yehovanın xidmətçilərinə məxsusdur? Həvari Bulus Allahdan ilham alaraq yazmışdı: «Allahın qanunundan xəbərsiz olan digər xalqların adamları qanunun tələblərinə sövqi-təbii əməl edəndə qanunun ürəklərində olduğunu göstərirlər, halbuki qanundan xəbərsizdirlər. Bu adamların vicdanı onlarla bərabər şahidlik edir, düşüncələri onları ya ittiham edir, ya da onlara haqq qazandırır. Beləcə, onlar göstərirlər ki, qanunun mahiyyəti ürəklərində yazılıb» (Romalılara 2:14, 15). Bəli, bu daxili hakim hətta Yehovanın qanunlarından tamamilə bixəbər olanları da Onun prinsiplərinə uyğun hərəkət etməyə təşviq edə bilər.

7. Nəyə görə bəzi hallarda vicdanımız bizə səhv yol göstərir?

7 Bununla belə, bəzi hallarda vicdan bizə düz istiqamət göstərmir. Kompası maqnitə yaxın qoyanda şimal qütbünü yox, başqa istiqaməti göstərir. Həmçinin əl altında dəqiq  xəritə olmayanda bu cihaz, demək olar ki, dəyərini itirir. Eynilə də, ürəyimizin xudbin istəklərinin bizə təsir etməsinə yol versək, vicdanımız bizi səhv istiqamətə yönəldəcək. Bundan başqa, Allahın Kəlamının dəqiq rəhbərliyinə əməl etməsək, bir çox vacib məsələlərdə yaxşı ilə pisi ayırd edə bilməyəcəyik. Doğrudan da, vicdanımızın bizə düzgün istiqamət göstərməsi üçün Yehovanın müqəddəs ruhunun rəhbərliyinə ehtiyacımız var. Həvari Bulus yazırdı: «Vicdanım mənimlə bərabər müqəddəs ruh vasitəsilə şahiddir» (Romalılara 9:1). Bəs biz necə əmin ola bilərik ki, vicdanımız Yehovanın müqəddəs ruhunun rəhbərliyinə uyğun fəaliyyət göstərir? Bunun üçün vicdanı tərbiyə etmək lazımdır.

VİCDANI NECƏ TƏRBİYƏ ETMƏK OLAR?

8. a) Ürək vicdana necə təsir edə bilər və qərar qəbul edərkən ilk növbədə kim haqda düşünməliyik? b) Məsihi nəyə görə vicdanının rahat olması ilə kifayətlənməməlidir? (Haşiyəyə bax.)

8 Vicdanın səsinə qulaq asaraq qərar qəbul etmək nə deməkdir? Bəziləri sadəcə öz fikirlərinə və hisslərinə əsaslanaraq qərar qəbul edirlər. Sonra da deyirlər ki, verdikləri qərar onların vicdanını narahat etmir. Ürəyin istəkləri çox güclü ola bilər və vicdana təsir göstərə bilər. Müqəddəs Kitabda deyilir: «Ürək ən böyük xaindir, xatakardır, kim onu anlaya bilər?» (Ərəmya 17:9). Ona görə də ürəyin istəkləri birinci yerdə olmamalıdır. Biz ilk növbədə Yehova Allahın ürəyini sevindirmək barəsində düşünməliyik *.

9. Allah qorxusu nədir və qərar qəbul edərkən o, bizə necə təsir etməlidir?

 9 Əgər qərar həqiqətən də tərbiyə edilmiş vicdana əsasən verilibsə, onda bu qərarda şəxsi istəklər yox, Allah qorxusu görünəcək. Bir nümunəyə baxaq. Allaha sadiq vali Nəhəmyanın Yerusəlim camaatından vergi yığmağa ixtiyarı var idi. Lakin o, bu hüququndan istifadə etmirdi. O, Allahın xalqına zülm edib Yehovanı narazı etmək istəmirdi. O, belə demişdi: «Mən... Allahdan qorxduğum üçün belə etmirdim» (Nəhəmya 5:15). Allah qorxusu, yəni Səmavi Atamızı narazı etməmək istəyi çox vacibdir. Qərar qəbul edərkən bu cür qorxu bizi Allahın Kəlamında rəhbərlik axtarmağa təşviq edəcək.

10, 11. Spirtli içkilərlə bağlı Müqəddəs Kitabda hansı prinsiplər var və oradakı prinsiplərə riayət etmək üçün Allahdan rəhbərliyi necə ala bilərik?

10 Misal üçün, spirtli içki məsələsinə baxaq. Məclislərdə bir çoxumuz belə bir sual qarşısında dururuq: içim, içməyim? Əvvəla biz vicdanımızı öyrətməliyik. Müqəddəs Kitabda içki ilə bağlı hansı prinsiplər var? Allahın Kəlamında bir az içki içmək qadağan edilmir. Müqəddəs Kitab şərab bəxşişinə görə Yehovanı vəsf edir (Zəbur 104:14, 15). Amma sərxoşluğu və kef məclislərini qadağan edir (Luka 21:34; Romalılara 13:13). Üstəlik, sərxoşluq orada əxlaqsızlıq kimi ciddi günahlarla bir cərgəyə qoyulur * (1 Korinflilərə 6:9, 10).

11 Bu cür prinsiplərin vasitəsilə məsihi öz vicdanını öyrədib onu həssaslaşdırır. Buna görə də hər hansı bir məclisdə içib-içməməyi qərarlaşdırmazdan əvvəl özümüzdən soruşmalıyıq: «Bu məclisi kim və hansı məqsədlə  təşkil edib? Orada hər şey nəzarət altında olacaq? Qonaqlıq kef məclisinə dönməyəcək ki? Bəs özüm nəyə meyilliyəm? İçki həsrətindəyəm? Asılılığım yoxdur ki? Bəlkə problemlərimi unutmaq üçün içirəm? Həddi aşmamağa iradəm çatacaq?» Müqəddəs Kitab prinsipləri və bu prinsiplərdən doğan suallar üzərində düşünərkən Yehovadan rəhbərlik almaq üçün dua etmək yaxşı olardı. (Zəbur 139:23, 24 ayələrini oxu.) Belə etdikdə biz Yehovadan müqəddəs ruhu ilə bizə yol göstərməsini xahiş edirik və öz vicdanımızı Onun prinsiplərinə uyğun tərbiyə edirik. Lakin qərar qəbul edərkən bir amili də nəzərdən qaçırmamalıyıq.

BAŞQALARININ VİCDANINI NƏYƏ GÖRƏ NƏZƏRƏ ALMALIYIQ?

Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdan sənə spirtli içki içib-içməməyi qərarlaşdırmaqda kömək edəcək

12, 13. Məsihilərin vicdanı nəyə görə bir-birindən fərqlənir və biz belə müxtəlifliyə necə münasibət göstərməliyik?

12 Məsihilərin vicdanının bir-birindən nə dərəcədə fərqləndiyi səni bəzən təəccübləndirə bilər. Müəyyən bir şey, yaxud adət kimin üçünsə qəbuledilməzdir, başqası isə burada pis bir şey görmür. İçki məsələsinə gəldikdə, kimisi dostları ilə yığışıb xoş söhbət edə-edə bir az içki içməkdə pis bir şey görmür, başqası isə buna pis baxır. Vicdan müxtəlifliyini nə ilə izah etmək olar və bu müxtəliflik bizim qərarlarımıza necə təsir göstərməlidir?

13 İnsanlar müxtəlif səbəblərə görə bir-birindən fərqlənir. Məsələn, aldıqları tərbiyə, boya-başa çatdıqları mühit insanın şəxsiyyətində iz buraxır. Bəziləri öz zəif cəhətlərini yaxşı bilir, ola bilsin, keçmişdə onlarla mübarizə aparmış, lakin uğur qazana bilməmişlər (1 Padşahlar 8:38, 39). İçki məsələsində belə adamların vicdanı xüsusən həssasdır. Belə adam sənin evinə qonaq gələndə  və sən ona içki təklif edəndə vicdanı haqlı olaraq ona içki içməyə icazə verməyəcək. Bu halda inciyəcəksən? Bəlkə təkid edəsən? Xeyr. O adam içkidən nəyə görə imtina etdiyinin səbəbini deməsə də, sən qardaşlıq məhəbbəti naminə israr etməməlisən.

14, 15. Birinci əsr məsihilərinin vicdanı hansı məsələdə bir-birindən fərqlənirdi və Bulus hansı məsləhəti vermişdi?

14 İlk məsihilərin vicdanı da bir-birindən olduqca fərqlənirdi və həvari Bulus buna diqqət yetirmişdi. Məsələn, bəzi məsihilərin vicdanı bütlərə qurban gətirilib sonradan ət bazarında satılan əti yeməyə yol vermirdi (1 Korinflilərə 10:25). Bulus üçünsə bu cür ət adi ət idi. Onun üçün büt heç bir şey idi; bütlər heç vaxt Yehovanın yaratdığı və Ona məxsus olan qidaya sahib çıxa bilməzlər. Lakin Bulus başa düşürdü ki, bu məsələdə hamı onunla razı deyil. Bəziləri məsihi olmazdan əvvəl bütlərə ibadət etmişdilər. Ona görə də bütpərəstliyə aid ən cüzi şey belə onlarda ikrah hissi oyadırdı. Bulus bu məsələ ilə bağlı hansı məsləhəti vermişdi?

15 O demişdi: «Biz güclülər gücsüzlərin zəifliklərini daşımalıyıq və öz xeyrimizi düşünməməliyik. Axı Məsih də öz xeyrini düşünmürdü» (Romalılara 15:1, 3). Bulus deyirdi ki, Məsih kimi biz də, bacı-qardaşlarımızın mənafeyini ön plana çəkməliyik. Başqa bir məktubunda Bulus yazmışdı ki, qardaşının imanına xələl yetirməmək üçün o, əsla ət yeməz, çünki Məsih onun uğrunda canını qurban vermişdi. (1 Korinflilərə 8:13; 10:23, 24, 31—33 ayələrini oxu.)

16. Vicdanı onlara müəyyən işləri görməyə yol verməyən adamlar başqalarını nə üçün mühakimə etməməlidirlər?

16 Digər tərəfdən vicdanı onlara müəyyən şeyləri etməyə icazə verməyən adamlar başqalarını ittiham etməməli, vicdan məsələlərində yalnız onun mövqeyinin  doğru olduğunu israr etməməlidir. (Romalılara 14:10 ayəsini oxu.) Vicdan bizə başqalarını yox, özümüzü mühakimə etmək üçün verilib. İsanın «mühakimə etməyin ki, özünüz də mühakimə olunmayasınız» sözləri qulağımızda sırğa olmalıdır (Mətta 7:1). Yığıncaqda vicdanla bağlı məsələlər üstündə mübahisələrə yol verməməliyik. Biz bir-birimizi yıxmamalıyıq, əksinə, bir-birimizi ruhani cəhətdən möhkəmləndirməyə, yığıncaqda məhəbbəti və birliyi qorumağa can atmalıyıq (Romalılara 14:19).

TƏMİZ VİCDANIN FAYDASI

Təmiz vicdan bizə sevinc və qəlb rahatlığı gətirib həyat yolunda bələdçimiz olacaq

17. Bu gün bir çoxlarının vicdanı ilə nə baş verir?

17 Həvari Butrus yazmışdı: «Vicdanınızı təmiz saxlayın»  (1 Butrus 3:16). Yehova Allahın gözündə təmiz vicdan sahibi olmaq böyük şərəfdir. Lakin bu gün çoxlarının vicdanı Allahın gözündə təmiz deyil. Bulus yazırdı ki, bəzilərinin «vicdanlarına, sanki, dağ basılmış»dır (1 Timutiyə 4:2). Dəriyə dağ basılanda o yanıb qabar əmələ gətirir və həssaslığını itirir. Bəzilərinin vicdanı elə kütləşib ki, artıq sahibini nə təhlükədən xəbərdar edir, nə də günah işləyəndə onu incidir. Əfsuslar olsun ki, bu gün çox adam vicdan əzabını boğur.

18, 19. a) Vicdan əzabının insana hansı faydası ola bilər? b) Əgər vicdan keçmişdə işlədiyimiz və artıq tövbə etdiyimiz günahlara görə bizi incidirsə, nə etməliyik?

18 Vicdan bizi incidirsə, deməli bizə səhv bir iş tutduğumuzu demək istəyir. Vicdan əzabı çəkən insan tövbə  edəndə Allah hətta ən ağır günahları bağışlayır. Davud padşah olduqca ağır və ciddi günah işləsə də, sidqi-ürəkdən tövbə etdiyi üçün əfv edilmişdi. Tutduğu əməllərə duyduğu nifrət hissi və Yehovanın qanunlarına riayət etmək qətiyyəti sayəsində, o, Allahın kəramətli, bağışlayan olduğunu başa düşmüşdü (Zəbur 51:1—19; 86:5). Bəs tövbə etdikdən və bağışlandıqdan sonra da vicdanımız bizi incidirsə və əməlimizə görə xəcalət çəkiriksə, onda necə?

19 Bəzən vicdan insan düz yola qayıtdıqdan uzun müddət sonra da onu sərtliklə ittiham edir. Bu zaman onun insana heç bir xeyri dəymir. Belə hallarda, ittihamçı ürəyimizi inandırmalıyıq ki, Yehova insanın bütün hisslərindən qat-qat üstündür. Başqalarını Yehovanın məhəbbətinə və əfvinə inandırdığımız kimi, özümüz də bu məhəbbətə və əfvə inanmalı və onu qəbul etməliyik. (1 Yəhya 3:19, 20 ayələrini oxu.) Təmiz vicdan insana qəlb rahatlığı, sakitlik və bu dünyada nadir hal olan böyük sevinc bəxş edir. Keçmişdə ciddi günah işləmiş bir çox adam indi qəlb rahatlığı tapıb və təmiz vicdanla Yehova Allaha xidmət edir (1 Korinflilərə 6:11).

20, 21. a) Bu kitab sənə nədə kömək edə bilər? b) Bir məsihi kimi, bizim hansı azadlığımız var və ondan necə istifadə etməliyik?

20 Bu kitab Şeytanın dünyasının axırında yaşayan bizlərə sevinc tapmağa və vicdanımızı təmiz saxlamağa kömək məqsədilə yazılıb. Əlbəttə, bu kitab hər gün rastlaşdığın vəziyyətlərdə sənə lazım olan bütün Müqəddəs Kitab qanun və prinsiplərini xırdalamır. Həmçinin düşünmə ki, burada sən «bunu olar, bunu olmaz» kimi konkret göstərişlər tapacaqsan. Bu kitabın məqsədi odur ki, sən Allahın Kəlamını öz gündəlik həyatında tətbiq etməyi öyrənməklə vicdanını tərbiyələndirib həssaslaşdırasan. Musanın Qanunundan fərqli  olaraq, Məsihin Qanunu ona riayət edənləri yazılı qaydalara əsasən yox, vicdana və prinsiplərə görə yaşamağa səsləyir (Qalatiyalılara 6:2). Beləliklə, Yehova məsihilərə misilsiz azadlıq verir. Ancaq Onun Kəlamı bizə xatırladır ki, bu azadlıqdan «pis əməllər üçün» istifadə etməyək (1 Butrus 2:16). Əksinə, bu azadlıq Yehovaya qarşı məhəbbətimizi ifadə etmək üçün bizə əla imkan yaradır.

21 Yehova ilə tanış olduğun ilk vaxtdan etibarən sən mühüm bir prosesə — ağlını işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirirsən (İbranilərə 5:14). Dua edib Müqəddəs Kitab prinsiplərini həyatında necə tətbiq etməyi düşünməklə, sonra isə bunu əməldə yerinə yetirməklə sən həmin o prosesi davam etdirəcəksən. Həyatında elə bir gün olmayacaq ki, Müqəddəs Kitab əsasında tərbiyə etdiyin vicdanının xeyrini görməyəsən. Səyyaha düzgün yol göstərən kompas kimi, vicdan da sənə səmavi Atanın ürəyini sevindirən qərarlar qəbul etməyə kömək edəcək. Allahın məhəbbətindən ayrılmamaq üçün bu, ən doğru yoldur.

^ abz. 5 Tövratın orijinal əlyazmalarında «vicdan» sözünə rast gəlinmir. Lakin aydın məsələdir ki, bu kimi nümunələrdə söhbət məhz vicdandan gedir. «Ürək» sözü, adətən, insanın daxili varlığı ilə bağlı işlənir. Bu nümunə insanın daxili varlığının xüsusi bir hissəsinə — vicdanına işarə etdiyini aydın göstərir. «Vicdan» kimi tərcümə olunmuş yunan sözünə İncildə 30 dəfəyədək rast gəlinir.

^ abz. 8 Müqəddəs Kitab göstərir ki, vicdanın rahat olması həmişə kifayət deyil. Misal üçün, həvari Bulus demişdi: «Vicdanım hər cəhətdən rahatdır. Amma bu məni saleh etmir. Məni sorğu-suala çəkən Yehovadır» (1 Korinflilərə 4:4). Bulus kimi, bu gün də məsihiləri təqib edənlərin vicdanı onları narahat etmir, çünki onlar Allaha məqbul iş gördüklərini düşünürlər. Vicdanımız həm bizi narahat etməməli, həm də Allahın gözündə təmiz olmalıdır (Həvarilərin işləri 23:1; 2 Timutiyə 1:3).

^ abz. 10 Bir çox həkimlərin fikrincə, alkoqoldan asılı adamlar qədər bilmədiklərinə görə, onlar üçün «hədd» içkidən tamamilə imtina etmək deməkdir.

Əlavə məlumat

Müdrik qərarlar ver

Qərarlarımızın Allahın iradəsinə uyğun olduğuna necə əmin ola bilərik? Qəbul etdiyimiz qərarlara uyğun davranmaqda bizə nə kömək edər?