Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 1

Allahı sevmək nə deməkdir?

Allahı sevmək nə deməkdir?

«Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyil» (1 YƏHYA 5:3).

1, 2. Sən Yehova Allahı nəyə görə sevirsən?

SƏN Allahı sevirsən? Həyatını Yehova Allaha həsr etmisənsə, şübhəsiz, bütün varlığınla «bəli» deyəcəksən! Bu, belə də olmalıdır. Yehovanı sevmək bizim üçün təbii haldır, çünki bu sevgi Onun bizə olan məhəbbətindən irəli gəlir. Müqəddəs Kitabda belə deyilir: «Biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi» (1 Yəhya 4:19).

2 İnsanlara qarşı məhəbbət göstərməkdə birinci addımı Yehova Özü atmışdır. Biz Onun yaratdığı gözəl Yer planetində yaşayırıq. Allah bizim fiziki və maddi ehtiyaclarımızın qeydinə qalır (Mətta 5:43—48). Həmçinin bunlardan qat-qat üstün olan ruhani tələbatlarımızı da təmin edir. Allah bizə Öz Kəlamını, Müqəddəs Kitabı verib. O, bizə dua etməyə izin verməklə yanaşı, bizi dinləyib kömək üçün Öz müqəddəs ruhunu verəcəyini də vəd edir (Zəbur 65:2; Luka 11:13). Ən vacibi isə odur ki, Yehova Allah bizi günahdan və ölümdən qurtarmaq üçün Öz sevimli Oğlunu bir Xilaskar kimi yer üzünə göndərib. Yehovanın bizə qarşı məhəbbəti necə də böyükdür! (Yəhya 3:16; Romalılara 5:8 ayələrini oxu.)

3. a) Allahın məhəbbətini qoruyub-saxlamaq üçün bizdən nə tələb olunur? b) Hansı mühüm sualın üzərində düşünməliyik və bu sualın cavabını haradan tapa bilərik?

3 Yehova istəyir ki, Onun məhəbbəti bizə daima xeyir  gətirsin. Lakin Onun məhəbbətinin bizə fayda gətirib-gətirməyəcəyi özümüzdən asılıdır. Allahın Kəlamı tövsiyə edir ki, əbədi həyatı gözləyərkən Allahın məhəbbətindən ayrılmayaq (Yəhuda 21). «Ayrılmayın» sözündən görünür ki, Allahın məhəbbətini qoruyub-saxlamaq üçün bizim tərəfimizdən hərəkət tələb olunur. Biz də Yehovanı sevdiyimizi konkret əməllərlə göstərməliyik. Bunun üçün hər birimiz çox vacib bir sualın üzərində düşünməliyik: «Allahı sevdiyimi necə göstərə bilərəm?» Bu sualın cavabını həvari Yəhyanın sözlərində tapa bilərik: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3). Gəl  bu sözlərin mənasını araşdıraq. Çünki biz Allaha Onu nə qədər çox sevdiyimizi göstərmək istəyirik.

ALLAHI SEVMƏK NƏ DEMƏKDİR?

4, 5. Yehovaya qarşı məhəbbətin ürəyində necə cücərməyə başladığını təsvir et.

4 Allahı sevən insan ilk növbədə qəlbində Ona dərin məhəbbət bəsləyir. Bəs sən ürəyində Yehovaya qarşı məhəbbətin cücərməyə başladığı vaxtları xatırlayırsan?

Yehovaya həsr olunub vəftiz olunmaqla itaətkarlıq yoluna qədəm qoyuruq

5 Yehova Allah və Onun niyyətləri haqqında həqiqəti təzə-təzə öyrəndiyin və inanmağa başladığın vaxtları bir anlığa gözünün önünə gətir. O zaman sən günahı miras aldığını və doğulandan bəri Allahı tanımadığını dərk etməyə başladın. Həmçinin başa düşdün ki, Yehova Məsihin vasitəsilə sənin üçün Adəmin itirdiyi kamilliyi qaytarmaq və əbədi yaşamaq imkanı yaratmışdır (Mətta 20:28; Romalılara 5:12, 18). Yehovanın sənin uğrunda əziz Oğlunu qurban verdiyini öyrəndin və bu qurbanın nə qədər böyük əhəmiyyət daşıdığını anlamağa başladın. Bütün bunlar ürəyini riqqətə gətirdi və qəlbində səni bu qədər sevən Allaha qarşı məhəbbət oyanmağa başladı. (1 Yəhya 4:9, 10 ayələrini oxu.)

6. Əsil məhəbbət necə ifadə olunur və Allaha qarşı məhəbbət səni nəyə təşviq edib?

6 Qeyd etmək lazımdır ki, o hisslər Yehovaya olan əsil məhəbbətin başlanğıcıdır. Məhəbbət yalnız hisslərdən ibarət deyil. Yaxud da «mən Yehovanı sevirəm» demək hələ Allahı sözün əsil mənasında sevdiyimizi göstərmir. Əsil məhəbbət də iman kimi, əməllərdən bəlli olur (Yaqub 2:26). Məsələn, sevdiyimiz adama məhəbbətimizi onun xoşladığı işlərlə göstəririk. Buna görə də Yehovaya qarşı məhəbbət ürəyində kök saldıqca, səndə səmavi Atanı sevindirmək üçün düzgün yaşamaq arzusu  yarandı. Sən Yehovanın Şahidi kimi vəftiz olunmusan? Əgər belədirsə, deməli, həyatda bu ən vacib addımı atmağa səni Yehovaya olan dərin məhəbbət və sədaqət təşviq edib. Sən Yehovanın iradəsini yerinə yetirmək üçün Ona həsr olunmusan və bunu suda vəftiz olunmaqla simvolizə etmisən. (Romalılara 14:7, 8 ayələrini oxu.) Yehovaya verdiyin vədi yerinə yetirmək üçün həvari Yəhyanın növbəti sözlərinə diqqət yetirək.

ALLAHIN ƏMRLƏRİNƏ RİAYƏT EDİRİK

7. Allahın əmrlərindən bəziləri hansılardır və onlara riayət etdiyimizi necə göstərə bilərik?

7 Həvari Yəhya göstərir ki, «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir». Burada söhbət hansı əmrlərdən gedir? Yehova Öz Kəlamında bizə bir sıra əmrlər verir. Misal üçün, O, sərxoşluğu, əxlaqsızlığı, bütpərəstliyi, oğurluğu və yalan danışmağı qadağan edir (1 Korinflilərə 5:11; 6:18; 10:14; Efeslilərə 4:28; Koloslulara 3:9). Allahın əmrlərinə riayət etmək Müqəddəs Kitabda aydın yazılmış əxlaq normalarına uyğun yaşamaq deməkdir.

8, 9. Üzləşdiyimiz vəziyyətə aid Müqəddəs Kitabda konkret qanun olmasa da, biz Yehovanın ürəyini necə şadlandıra bilərik? Nümunə çək.

8 Lakin Yehovanın ürəyini sevindirmək üçün onun əmrlərinə riayət etmək hələ işin yarısıdır. Yehova bizim hər addımımızı qanunlarla məhdudlaşdırmır. Gün ərzində müxtəlif vəziyyətlərlə üzləşə bilərik, lakin Müqəddəs Kitabda onların hamısına aid konkret göstərişlər verilmir. Bəs onda hansı hərəkətimizin Yehovanın ürəyincə olacağını necə bilək? Müqəddəs Kitabda Yehovanın düşüncə tərzi açıq-aydın təsvir edilir. Allahın Kəlamını öyrəndikcə biz Yehovanın nəyi sevib, nəyə nifrət  etdiyini anlayırıq (Zəbur 97:10 ayəsini oxu; Məsəllər 6:16—19). Biz Onun hansı əhval-ruhiyyəni və davranış tərzini bəyəndiyini aydın dərk edirik. Yehovanın keyfiyyətləri və əməlləri barədə daha çox öyrəndikcə, Onun baxışları qərarlarımıza və hərəkətlərimizə bir o qədər təsir göstərəcək. Beləliklə, üzləşdiyimiz vəziyyətlərə aid Müqəddəs Kitabda konkret qanun olmayanda belə, əksər hallarda Yehovanın iradəsini müəyyən edə biləcəyik (Efeslilərə 5:17).

9 Məsələn, Müqəddəs Kitabda zorakılıq və cinsi əxlaqsızlıq nümayiş etdirilən televiziya verilişlərinə və ya filmlərə baxmamaq barəsində konkret əmr yoxdur. Məgər konkret qanun olmadığından biz oturub onlara baxacağıq? Biz Yehovanın belə şeylərə münasibətini yaxşı bilirik. Onun Kəlamında aydın şəkildə deyilir: «[Yehova] zorakılığı sevənlərə nifrət edir» (Zəbur 11:5). Orada həmçinin deyilir: «Allah əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbranilərə 13:4). Bu sözlərin üzərində düşünsək, Yehovanın iradəsini aydın qavraya biləcəyik. Ona görə də biz Allahımızın nifrət etdiyi şeylərə baxıb əylənmirik. Bu dünya iyrənc əxlaqsızlığı zərərsiz əyləncə kimi qələmə verir, lakin biz bilirik ki, belə «əyləncədən» uzaq gəzəndə Yehovanı sevindiririk *.

10, 11. Nəyə görə biz Yehovaya itaət edirik və bu itaətkarlığımız necə olmalıdır?

10 Allahın əmrlərinə ilk növbədə nəyə görə riayət edirik? Nə üçün hər günümüzü Allahın düşüncə tərzinə uyğun yaşamaq istəyirik? Biz belə həyat tərzini cəzalanmamaq və ya Allahın qanunlarını pozanların aqibətinə şərik olmamaq məqsədilə seçməmişik (Qalatiyalılara 6:7).  Bizim üçün Yehovaya itaətkar olmaq Onu sevdiyimizi nümayiş etdirmək üçün ən gözəl imkandır. Uşaq atasını məmnun etməyə çalışdığı kimi, biz də Yehovanı razı salmaq istəyirik (Zəbur 5:12). Yehova Atamızdır, biz Onu sevirik. Yehovanın bizim həyatımızdan razı qaldığını bilmək bizə misilsiz məmnunluq və hədsiz sevinc bəxş edir (Məsəllər 12:2).

11 Biz Allaha könülsüz yox, ürəkdən, qeyd-şərtsiz itaət edirik *. Xoşumuza gəlməyən əmrlərə riayət etməkdən boyun qaçırmır və ya təkcə rahat və asan qanunlara əməl etməklə kifayətlənmirik. Xeyr, biz ürəkdən itaət edirik (Romalılara 6:17). «Əmrlərin mənə əzizdir, onları sevirəm» deyən məzmurçunun sözlərinə qoşuluruq (Zəbur 119:47). Bəli, biz Yehovaya ürəkdən itaət edirik. Biz başa düşürük ki, Allah qeyd-şərtsiz itaətə layiqdir və bizdən məhz bunu gözləyir (Qanunun təkrarı 12:32). Həzrəti Nuh Allahı sevdiyini onilliklər ərzində itaətkarlığı ilə sübut etmişdi. Allahın Kəlamında deyilir: «Nuh Allahın bütün tapşırıqlarını yerinə yetirdi. Ona necə deyilmişdisə, elə də etdi» (Yaradılış 6:22). Biz də arzu edirik ki, Yehovanın gözündə Nuh kimi olaq.

12. Bizim itaətkarlığımız Yehovanı nə vaxt sevindirir?

12 Yehova bizim könüllü itaətkarlığımıza necə münasibət göstərir? Onun Kəlamında deyilir ki, bununla biz Onun qəlbini sevindiririk (Məsəllər 27:11). Doğrudanmı bizim itaətkarlığımız Kainatın Hökmdarının ürəyini sevindirir? Bəli, bu belədir. Yehovanın sevinməsinə tutarlı səbəblər var! Yehova insanı azad iradə ilə yaradıb. Yəni biz seçim etməkdə sərbəstik, biz Allaha itaət edə  və ya etməyə bilərik (Qanunun təkrarı 30:15, 16, 19, 20). Yehovaya ürəkdən itaət ediriksə və bizi buna Allaha qarşı hədsiz məhəbbət təşviq edirsə, onda göydəki Atamızı çox-çox sevindirir, ürəyini şadlandırırıq (Məsəllər 11:20). Bununla biz həmçinin ən doğru həyat yolunu seçirik.

ONUN ƏMRLƏRİ AĞIR DEYİL

13, 14. Nəyə görə demək olar ki, Allahın əmrləri ağır deyil və hansı nümunə bunu yaxşı göstərir?

13 Həvari Yəhya Yehovanın tələbləri barəsində çox ürəkaçan bir fikir söyləyir: «Onun əmrləri... ağır deyil» *. Doğrudan da, Yehova bizdən ağlasığmaz, çətin bir şey tələb etmir. Qeyri-kamilliyimizə baxmayaraq, Allahın qanunlarına itaət etmək mümkündür.

14 Bunu başa düşmək üçün bir nümunəni nəzərdən keçirək. Təsəvvür et ki, bir dostun başqa evə köçür və səndən ona kömək etməyini xahiş edir. Çoxlu qutu, bağlama daşımaq lazımdır. Bu qutu və bağlamalardan bəziləri çox yüngüldür və onları bir adam da daşıya bilər, digərlərini isə yerdən qaldırmağa iki adamın gücü ancaq çatır. Dostun bir neçə qutu ayırıb sənə verir. Səncə, o, gücün çatmayan qutuları sənin üçün ayırardı? Əlbəttə ki, yox. O istəməzdi ki, sən onları təkbaşına daşıyıb zədələnəsən. Eynilə, bizim mehriban və qayğıkeş Allahımız da bizdən gücümüz çatmayan əmrlərə riayət etməyi tələb etmir (Qanunun təkrarı 30:11—14). O, heç  vaxt istəməz ki, biz ağır yükün altında əzilək. Yehova gücümüzün məhdudluğunu başa düşür, «çünki necə yarandığımızı yaxşı bilir, torpaq olduğumuzu unutmur» (Zəbur 103:14).

15. Yehovanın əmrlərinin bizim xeyrimizə olduğuna nəyə görə əmin ola bilərik?

15 Bəli, Yehovanın əmrləri heç də ağır deyil, əksinə onlar bizim xeyrimizədir. (Əşiya 48:17 ayəsini oxu.) Buna görə də Musa qədim İsrail xalqına demişdi: «Yehova bütün bu qanunlara riayət etməyi, Allahımız Yehovadan qorxmağı əmr etdi ki, həmişə xeyir tapaq və bugünkü kimi, sağ-salamat olaq» (Qanunun təkrarı 6:24). Biz əmin ola bilərik ki, Yehova qanun verəndə ilk növbədə bizim xeyrimizi, əbədi rifahımızı düşünür. Başqa cür ola da bilməz! Yehova Allahın hikməti hədsizdir (Romalılara 11:33). Deməli, O, nələrin bizə fayda gətirəcəyini yaxşı bilir. Yehova həm də məhəbbətin təcəssümüdür (1 Yəhya 4:8). Məhəbbət Onun varlığının mahiyyətidir; söylədiyi hər bir kəlmənin və gördüyü hər bir işin arxasında məhz məhəbbət durur. Xidmətçilərinə buyurduğu bütün əmrlərinin əsasını da məhəbbət təşkil edir.

16. Yaşadığımız pozğun dünyanın təsirinə və qeyri-kamil cismimizin təhrikinə baxmayaraq, biz nəyin sayəsində itaətkar ola bilərik?

16 Bu, o demək deyil ki, Allaha itaət etmək asandır. Biz Şəririn əlində olan pozğun dünyanın təsirinə müqavimət göstərməliyik (1 Yəhya 5:19). Allahın qanunlarını pozmağa təhrik edən qeyri-kamil cismimizlə mübarizə aparmalıyıq (Romalılara 7:21—25). Ancaq Allahı seviriksə, zəfər çala bilərik. İtaətkar olmaqla öz məhəbbətini sübut etməyə çalışanlara Yehova kömək olur. Allah müqəddəs ruhunu yalnız «Ona hökmdar kimi itaət edənlərə» verir (Həvarilərin işləri 5:32). Müqəddəs ruh bizdə  gözəl bəhrə — itaətkar olmağa kömək edən gözəl keyfiyyətlər yetişdirir (Qalatiyalılara 5:22, 23).

17, 18. a) Bu kitabda nələri araşdıracağıq və bu zaman nəyi yadda saxlamalıyıq? b) Növbəti fəsildə söhbət nədən gedəcək?

17 Yehova Öz iradəsinin nədən ibarət olduğunu verdiyi əxlaq normaları və prinsiplər, həmçinin başqa üsullarla göstərir. Bu kitabda biz məhz bu barədə öyrənəcəyik. Ancaq bu zaman bir sıra vacib şeyləri yadda saxlamalıyıq. Unutmayaq ki, Yehova bizi Onun qanunlarına və prinsiplərinə itaət etməyə məcbur etmir; O istəyir ki, biz ürəkdən itaət edək. Yehovanın arzusu odur ki, biz düzgün həyat sürüb artıq indidən bunun xeyrini görək, gələcəkdə isə əbədi həyata qovuşaq. Bəli, gəl Yehovaya sidqi-ürəkdən itaət edək və bununla da Ona olan məhəbbətimizi sübut edək.

18 Yehova yaxşını pisdən ayırmağımız üçün məhəbbətlə bizə vicdan ənamını bəxş edib. Lakin vicdanın etibarlı bələdçi olması üçün onu tərbiyə etmək lazımdır. Növbəti fəsildə isə söhbət məhz bu mövzu barədə olacaq.

^ abz. 11 Cinlər də könülsüz itaət edirlər. İsa cinlərə adamlardan çıxmağı əmr edəndə, cinlər məcbur olub onun hakimiyyətinə tabe olurdular, amma bunu könülsüz edirdilər (Mark 1:27; 5:7—13).

^ abz. 13 Bu ayədə «ağır» kimi tərcümə olunan yunan sözü Mətta 23:4 ayəsində «ağır yük» kimi verilib və mirzələrin, fərisilərin xalqın üstünə qoyduğu mənasız qaydaları və insanların yaratdığı adət-ənənələri bildirir. Eyni söz Həvarilərin işləri 20:29, 30 ayələrində «amansız» kimi tərcümə olunub və həqiqəti təhrif edən və başqalarını azdırmağa çalışan dönüklərə şamil olunur.