Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 11

«Qoy hər kəs nikaha hörmət etsin»

«Qoy hər kəs nikaha hörmət etsin»

«Cavanlığında aldığın arvadından kam al» (MƏSƏLLƏR 5:18).

1, 2. Biz hansı sualı nəzərdən keçirəcəyik və nə üçün?

EVLİSƏN? Nikahınız xoşbəxtdir? Yoxsa aranızda ciddi problemlər və soyuqluq var? Bəlkə, ailəni dağıtmamaq xatirinə bir yerdə yaşayırsınız, amma nikahınızda sevincdən əsər-əlamət yoxdur? Belə hallarda insan hisslərinin söndüyünə heyifsilənir. Əlbəttə sən bir məsihi kimi, nikahının Yehova Allaha şərəf gətirməsini istərdin. Buna görə də nikahındakı çətinliklər səni bərk narahat edir. Amma elə düşünmə ki, vəziyyət çarəsizdir.

2 Bu gün məsihi yığıncaqlarında çoxlu xoşbəxt ailələr var. Vaxtilə onlardan da bəziləri böyük çətinliklərlə üzləşmiş, lakin sonradan münasibətlərini möhkəmləndirə bilmişlər. Sən də nikahını xoşbəxt edə bilərsən. Necə?

ALLAHA YAXINLAŞ, HƏYAT YOLDAŞINA BAĞLAN

3, 4. Ərlə arvad Allaha yaxınlaşmağa can atsa, bu, onların münasibətinə necə təsir göstərəcək? Misal çək.

3 Həyat yoldaşın və sən Allaha yaxınlaşmağa çalışsanız, nikahınızdakı soyuqluq da yavaş-yavaş keçib gedəcək. Bir nümunəyə baxaq. Gözünün önünə ətəyi enli, ucu şiş bir dağ gətir. Sən dağın bu ətəyində, həyat yoldaşın isə o biri ətəyində durmusunuz. İkiniz də dağa çıxmağa başlayırsınız. Dağın dibində olanda  bir-birinizdən çox uzaqda idiniz, amma dağın zirvəsinə qalxdıqca aranızdakı məsafə yavaş-yavaş kiçilir. Buradakı dərsin məğzini başa düşürsən?

4 Dağa çıxmaq üçün qüvvə sərf olunduğu kimi, Yehovaya canla-başla xidmət etmək üçün də səy tələb olunur. Yehovanı sevdiyin üçün məcazi dillə desək, artıq dağa çıxmağa başlamısan. Ancaq əgər həyat yoldaşınla münasibətdə soyuqluq varsa, demək olar ki, hərəniz dağın bir ətəyi ilə qalxırsınız. Amma yuxarı qalxdıqca nə baş verir? Düzdür, əvvəlcə sizi bir-birinizdən böyük məsafə ayırır. Ancaq qüvvə sərf edib yüksəyə qalxdıqca, yəni Allaha yaxınlaşdıqca, sən və həyat yoldaşın bir-birinizə daha da yaxınlaşacaqsınız. Doğrudan  da, həyat yoldaşınla münasibətləri möhkəmləndirmək üçün ilk növbədə Allaha yaxınlaşmaq lazımdır. Bəs bunu necə etmək olar?

Müqəddəs Kitabdan alınan bilik tətbiq ediləndə nikah möhkəmlənir

5. a) Yehovaya və həyat yoldaşına necə yaxınlaşa bilərsən? b) Yehova nikaha necə baxır?

5 Ərlə arvad Allahın Kəlamındakı nikaha aid məsləhətlərə əməl edəndə, sanki, dağa qalxırlar (Zəbur 25:4; Əşiya 48:17, 18). Nümunə üçün həvari Bulusun verdiyi məsləhətə diqqət yetirək: «Qoy hər kəs nikaha hörmət etsin» (İbranilərə 13:4). Bu nə deməkdir? Hörmət etmək nəyisə qiymətli və ləyaqətli hesab etmək mənasını verir. Yehova nikaha məhz belə baxır: Onun gözündə nikah qiymətli və ləyaqətli quruluşdur.

YEHOVAYA MƏHƏBBƏT BÖYÜK QÜVVƏDİR

6. Bulusun nikah haqqında verdiyi məsləhətin kontekstindən nə aydın olur və bunu yadda saxlamaq nəyə görə vacibdir?

6 Əlbəttə, Yehovanın xidmətçisi kimi, sən və həyat yoldaşın nikahın qiymətli, hətta müqəddəs olduğunu yaxşı bilirsiniz. Nikah quruluşunu Yehova Allah Özü təsis edib. (Mətta 19:4—6 ayələrini oxu.) Lakin nikahın ləyaqətli quruluş olduğunu bilmək çətinliklərin öhdəsindən gəlmək üçün kifayət deyil. Bu, sizi avtomatik olaraq bir-birinizə qarşı mehribanlıqla və hörmətlə davranmağa təşviq etməyəcək. Bəs onda sizə nə kömək edər? Fikir ver ki, Bulus nikahın sadəcə ləyaqətli bir quruluş olduğunu demirdi; o deyirdi: «Qoy hər kəs nikaha hörmət etsin». Beləliklə, Bulus sadəcə bir fakt söyləmirdi, o nəsihət verirdi *. Bu fərqi yadında saxlasan, həyat yoldaşına hörmət göstərmək istəyin birə beş artacaq. Nə üçün?

7. a) Biz Müqəddəs Yazılardakı hansı əmrləri yerinə yetiririk və nə üçün? b) İtaətkarlıq hansı bəhrələri gətirir?

 7 Müqəddəs Yazılardakı digər əmrlərə — şagird hazırlamaq tapşırığına və ibadət üçün birlikdə yığışmaq göstərişinə necə münasibət bəslədiyinə bir diqqət yetir (Mətta 28:19; İbranilərə 10:24, 25). Düzdür, bu əmrlərə riayət etmək həmişə asan olmur. Ola bilsin, insanlar müjdəyə hay vermirlər, yaxud işdə elə yorulursan ki, axşam durub yığıncaq görüşünə getməyə taqətin qalmır. Amma bunlara baxmayaraq, sən təbliğ də edirsən, yığıncaq görüşlərindən də qalmırsan. Səni heç kəs — heç Şeytan da saxlaya bilməz! Nəyə görə? Çünki sən Yehovanı ürəkdən sevirsən, buna görə də Onun əmrlərinə riayət edirsən (1 Yəhya 5:3). Bunun hansı bəhrələri olur? Təbliğ xidmətində və görüşlərdə iştirak sənə qəlb rahatlığı və böyük sevinc gətirir, çünki Allahın iradəsini icra edirsən. Bu hisslər də öz növbəsində sənin gücünü artırır (Nəhəmya 8:10). Buradan nə öyrənirik?

8, 9. a) Nikaha hörmət etməyə bizi nə təşviq edə bilər və nə üçün? b) İndi hansı iki amili araşdıracağıq?

8 Allaha olan dərin məhəbbət səni heç bir maneəyə baxmayaraq, təbliğ etmək və görüşlərə gəlmək əmrlərinə qulaq asmağa təşviq edir. Eynilə, bu məhəbbət səni lap çətin hallarda belə «qoy hər kəs nikaha hörmət etsin» nəsihətinə əməl etməyə sövq edəcək (İbranilərə 13:4; Zəbur 18:29; Vaiz 5:4). Təbliğdə həvəslə iştirakını və görüşlərdən qalmamağını Allah qiymətləndirir. Eynilə, nikaha hörmət etmək üçün əlindən gələni etdiyini də O görür və səni mütləq mükafatlandıracaq (1 Salonikililərə 1:3; İbranilərə 6:10).

9 Yaxşı, bəs nikaha necə hörmət etmək olar? Bunun üçün münasibətlərinizə xələl gətirən əməllərdən çəkinmək,  nikah bağlarını möhkəmləndirəcək addımlar atmaq lazımdır.

NİKAHI ŞƏRƏFSİZ EDƏN SÖZ VƏ ƏMƏLLƏRDƏN ÇƏKİNİN

10, 11. a) Dil nikahı necə şərəfsiz edə bilər? b) Həyat yoldaşımızdan nəyi soruşmaq olar?

10 Bir məsihi qadın danışır: «Bütün bunlara dözmək üçün Yehovadan kömək diləyirəm». Nələrə? Bacı izah edir: «Ərim məni daima alçaldır. Bədənimdə kötək izi olmasa da, onun “səndən artıq bezmişəm” və ya “sən heç vaxt adam olmayacaqsan” sözləri, sanki, ürəyimə xəncər yarası vurur». Bu bacının sözləri göstərir ki, kobud, təhqiramiz danışıq bir çox ailədə ciddi problemə çevrilmişdir.

11 Məsihi ər-arvadın bir-birinə acı sözlərlə uzun müddət sağalmayan emosional yaralar vurması çox acınacaqlıdır. Bu, nikahı hörmətdən salır. Sənin nikahında vəziyyət nə yerdədir? Bunun üçün sən həyat yoldaşından təvazökarlıqla soruşa bilərsən: «Mənim sözlərim sənə necə təsir edir?» Əgər həyat yoldaşın deyir ki, sən vaxtaşırı onun qəlbini yaralayırsan, onda vəziyyəti düzəltməyə hazır ol (Qalatiyalılara 5:15; Efeslilərə 4:31 ayəsini oxu).

12. İbadət Allahın gözündə hansı halda boş ola bilər?

12 Unutma ki, həyat yoldaşınla danışıq tərzin Yehova ilə münasibətinə təsir göstərir. Müqəddəs Kitabda deyilir: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur» (Yaqub 1:26). Dil və ibadət bir-birindən ayrılmazdır. Bəziləri düşünür ki, evdəki davranışın ibadətə dəxli yoxdur. Xeyr, Müqəddəs Kitab bu fikri dəstəkləmir. Xahiş edirik, özünüzü aldatmayın.  Bu, çox ciddi məsələdir. (1 Butrus 3:7 ayəsini oxu.) Əgər sən həyat yoldaşını bilə-bilə acılayıb, nikah quruluşunu hörmətdən salırsansa, nə qədər bacarıqlı və çalışqan məsihi olsan da, Allahın gözündə sənin ibadətin boş ola bilər.

13. Ərlə arvad bir-birinin qəlbinə necə toxuna bilərlər?

13 Ərlə arvad bunu da bilməlidir ki, ürəyi dolayı yolla da yaralamaq olar. İki misalı nəzərdən keçirək: ərsiz məsihi qadın uşağının tərbiyəsi ilə əlaqədar məsləhət almaq üçün tez-tez yığıncaqdakı evli bir qardaşa zəng vurur və onlar uzun-uzadı söhbət edirlər; bir subay qardaş ərli bir bacı ilə hər həftə xidmətdə xeyli vaxt keçirir. Bu evli məsihilər bunu pis niyyətlə etmirlər. Lakin onların belə hərəkəti həyat yoldaşlarına necə təsir göstərir? Bu cür vəziyyətlə üzləşmiş bir qadın belə deyir: «Ərim yığıncaqdakı başqa bir bacıya çoxlu vaxt ayıranda bu, mənə yaman yer eləyir. Özümü alçaldılmış hiss edirəm».

14. a) Yaradılış 2:24 ayəsinə əsasən, ərlə arvad üçün həyatda ən vacib insan kimdir? b) Özümüzdən nəyi soruşmalıyıq?

14 Bu bacı kimi nikahda qəlbisınıq digər məsihiləri çox yaxşı başa düşmək olar. Onların həyat yoldaşları Allahın nikahla bağlı əsas göstərişini qulaqardına vururlar: «Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq» (Yaradılış 2:24). Sözsüz, kişi ilə qadın valideynlərinə hörmət göstərməyə davam edirlər. Lakin Allah istəyir ki, ər və arvad üçün ən vacib insan onların həyat yoldaşı olsun. Buna bənzər tərzdə, məsihilər həmimanlılarını da səmimi qəlbdən sevirlər. Ancaq ilk növbədə öz həyat yoldaşını sevməlidirlər. Ona görə də evli məsihi həmimanlılara həddindən artıq  çox vaxt ayıranda, xüsusilə də əks cinsdən olanlarla özünü çox sərbəst aparanda nikahda gərginlik yaranır. Bəlkə həyat yoldaşınla aranızdakı gərginliyin səbəbi elə budur? Özündən soruş: «Həyat yoldaşıma məxsus olan vaxtı, diqqəti və məhəbbəti kimə ayırıram: onun özünə, yoxsa başqalarına?»

15. Mətta 5:28 ayəsinə əsasən, nəyə görə evli məsihilər əks cinsin nümayəndələrinə həddindən artıq diqqət yetirməməlidirlər?

 15 Bundan əlavə, evli məsihi əks cinsin nümayəndələrinə həddindən artıq diqqət yetirirsə, sanki, odla oynayır. Əfsuslar olsun ki, bəzi evli məsihilərdə çox sərbəst davrandıqları adamlara qarşı romantik hisslər oyanmışdır (Mətta 5:28). Nəticədə, bu hisslər nikahı rüsvay edən nalayiq davranışa gətirib çıxarmışdır. Həvari Bulusun bu haqda dediklərinə diqqət yetirək.

«NİKAH YATAĞI LƏKƏSİZ OLSUN»

16. Bulus nikahla əlaqədar hansı göstərişi yazıb?

16 «Qoy hər kəs nikaha hörmət etsin» məsləhətinin ardınca Bulus xəbərdarlıq edir: «Nikah yatağı ləkəsiz olsun, çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbranilərə 13:4). Bulus burada «nikah yatağı» deyərkən cinsi münasibətləri nəzərdə tutur. Bu münasibətlər yalnız və yalnız nikah daxilində olanda «ləkəsiz», yəni əxlaqi cəhətdən təmiz sayılır. Buna görə də məsihilər «Cavanlığında aldığın arvadından kam al» çağırışına əsasən yaşayırlar (Məsəllər 5:18).

17. a) Nəyə görə insanların zinaya münasibəti məsihilər üçün meyar deyil? b) Əyyubdan nə öyrənə bilərik?

17 Həyat yoldaşından başqa digər adamla cinsi yaxınlıq edən şəxs Allahın əxlaq qanunlarına böyük hörmətsizlik göstərir. Düzdür, bu gün əksəriyyət zinanı günah saymır. Lakin insanların zina haqqında nə düşündükləri məsihilərin bu günaha münasibətini dəyişməməlidir. Onlar bilirlər ki, nəticədə «əxlaqsızları və zinakarları» insan yox, Allah mühakimə edəcək (İbranilərə 10:31; 12:29). Buna görə də məsihilər bu məsələyə Yehovanın gözü ilə baxırlar. (Romalılara 12:9 ayəsini oxu.) Keçmişdə yaşamış Əyyubun sözlərini  xatırlayaq: «Gözlərimlə əhd bağlamışam» (Əyyub 31:1). Bəli, zinaya aparan yola ayaq basmamaq üçün məsihilər gözlərinə nəzarət edir və həyat yoldaşından savayı heç kimə ehtirasla baxmırlar. («Əlavələr» bölməsinin 219—221 səhifələrinə bax.)

18. a) Yehovanın gözündə zina nə dərəcədə ciddi günahdır? b) Zina ilə bütpərəstlik arasında hansı oxşarlıq var?

18 Yehovanın gözündə zina nə dərəcədə ciddi günahdır? Tövrat Yehovanın bu məsələyə münasibətini açıqlayır. İsraildə zina və bütpərəstlik üstündə insana ölüm hökmü kəsilirdi (Lavililər 20:2, 10). Bu iki hərəkət arasındakı oxşarlığı görürsən? Bütə sitayiş edən israilli Yehova ilə bağladığı əhdi pozurdu. Zinakar israilli isə öz həyat yoldaşı ilə bağladığı əhdi pozurdu. Hər iki halda əhdə xəyanət edilirdi (Çıxış 19:5, 6; Qanunun təkrarı 5:9; Məlaki 2:14 ayəsini oxu). Hər iki adam sadiq, vəfalı Allah Yehovanın qarşısında günahkar idi (Zəbur 33:4).

19. Məsihinin zinadan qaçmaq qətiyyətini nə möhkəmlədəcək və nə üçün?

19 Əlbəttə, bu gün məsihilər Tövratın tabeliyində deyillər. Lakin yadımızdan çıxarmayaq ki, qədim İsraildə zina çox ciddi günah idi. Bu, bizi belə günahdan qaçmağa daha da qətiyyətli edəcək. Bir nümunəni nəzərdən keçirək: heç ibadətgaha girib, büt qarşısında diz çöküb səcdə qılardın? Deyəcəksən: «Ömrümdə bunu etmərəm!» Bəs sənə çoxlu pul təklif etsələr necə? Qətiyyətlə cavab verəcəksən: «Yox!» Doğrudan da, bütə səcdə qılıb Yehovaya xəyanət etmək fikri həqiqi məsihidə ikrah oyadır. Eynilə, zina edib Yehovaya və öz həyat yoldaşına xəyanət etmək fikri də məsihidə ikrah hissi oyatmalıdır. Zinaya  heç nə ilə bəraət qazandırmaq olmaz (Zəbur 51:1, 4; Koloslulara 3:5). Biz heç vaxt Şeytanı sevindirən, Yehovanı və müqəddəs nikah ittifaqını isə rüsvay edən işi görmək istəməzdik.

NİKAH BAĞLARINI NECƏ MÖHKƏMLƏNDİRMƏK OLAR?

20. Bəzi ailələrdəki vəziyyəti təsvir edin.

20 Nikahı şərəfsiz edən hərəkətlərdən çəkinmək çox yaxşıdır, bəs həyat yoldaşına hörmət etməyi necə öyrənmək olar? Təsəvvür et ki, nikah bir evdir. Xoş söz, düşünülmüş hərəkət və ərlə arvad arasındakı digər hörmət əlamətləri isə evi yaraşığa gətirən bər-bəzək əşyalarıdır. Əgər ərlə arvad can deyib, can eşidirlərsə, belə nikah yaraşıqlı, bər-bəzəkli, səliqə-sahmanlı evə bənzəyir. Bir-birindən soyuyanda isə evdəki bəzək əşyaları sanki yoxa çıxır, nikah bəzəksiz ev kimi solğun, çılpaq görünür. Sən Allahın əmrinə riayət edib nikaha hörmət bəsləməyi arzuladığın üçün vəziyyəti düzəltmək istəyəcəksən. Məgər qiymətli, gərəkli bir şey xarab olsaydı, sən onu düzəltməzdin? Bunu necə edə bilərsən? Allahın Kəlamında deyilir: «Ev hikmətlə tikilər, bəsirətlə möhkəmlənər. Bilik sayəsində otaqlar dolar qiymətli, göz oxşayan xəzinələrlə» (Məsəllər 24:3, 4). Gəl görək bu sözləri nikaha necə tətbiq etmək olar?

21. Nikahı tədricən necə möhkəmləndirmək olar? (131-ci səhifədəki  çərçivəyə də bax.)

21 Ailələri xoşbəxt edən qiymətli xəzinələrin sırasına saf məhəbbət, Allah qorxusu və möhkəm iman daxildir (Məsəllər 15:16, 17; 1 Butrus 1:7). Bu keyfiyyətlərin sayəsində nikah möhkəmlənir. Fikir verdin, bu  məsəldə otaqlar qiymətli xəzinələrlə necə dolur? «Bilik sayəsində». Bəli, Müqəddəs Kitabdan alınan bilik tətbiq ediləndə, insanların düşüncəsini dəyişməyə, nikahda sönmüş məhəbbəti yandırmağa qadirdir (Romalılara 12:2; Filippililərə 1:9). Buna görə də birlikdə Müqəddəs Kitabdan sakit-sakit bir parçanı, məsələn, gündəlik ayəni, «Gözətçi qülləsi» və ya «Oyanın!» jurnalından nikaha aid bir məqaləni araşdıranda, sanki, evinizi yaraşığa gətirəcək bir bəzək əşyasına baxırsınız. Yehovaya məhəbbətdən irəli gələrək, bu məsləhətləri tətbiq edəndə siz o bəzək əşyasını, sanki, evinizin otaqlarına gətirirsiniz. Nəticədə, nikahınızda vaxtilə hökm sürmüş mehribanlıq və səadət yenidən evinizə qayıda bilər.

22. Nikahımızı möhkəmləndirmək üçün əlimizdən gələni edəndə hansı hissləri duyacağıq?

22 Düzdür, itirilmiş bəzək əşyalarını yerinə qaytarmaq üçün xeyli vaxt və qüvvə tələb olunacaq. Ancaq sən öz tərəfindən səy göstərib Müqəddəs Kitabın «hörmət göstərməkdə bir-birinizi qabaqlayın» əmrinə riayət edəndə böyük məmnunluq duyacaqsan (Romalılara 12:10; Zəbur 147:11). Ən başlıcası isə, nikahına hörmət göstərmək üçün sərf etdiyin qüvvə səni Allahın məhəbbətindən ayrılmağa qoymayacaq.

^ abz. 6 Həvari Bulus nikahla bağlı məsləhəti başqa şeylərə aid məsləhət verərkən vermişdi (İbranilərə 13:1—5).

Əlavə məlumat

Qoy Yehova nikahınızı hifz etsin!

Əxlaqsızlıqdan və onun acı nəticələrindən uzaq durmaq üçün hansı addımları atmaq olar?