Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 10

Nikah Allahın hədiyyəsidir

Nikah Allahın hədiyyəsidir

«Üçqat ip tez qırılmaz» (VAİZ 4:12).

1, 2. a) Təzə ailə quranlarla bağlı bizdə hansı sual yarana bilər və nə üçün? b) Bu fəsildə hansı sualları araşdıracağıq?

TOY bir şənlikdir. Çox adam bu şənliyə getməyi xoşlayır. Bəs sən necə? Toya getməyi xoşlayırsan? Toy günü bəylə gəlin çox gözəl görünür, onların sifətindən xoşbəxtlik yağır. Üzləri gülür, gələcək onlara bol səadət vəd edir.

2 Lakin etiraf etmək lazımdır ki, indi nikah quruluşu acınacaqlı vəziyyətdədir. Hərçənd bəylə gəlinə ürəkdən ailə səadəti arzulayırıq, amma bir sual bizi rahat buraxmır: görəsən, bu nikah xoşbəxt və möhkəm olacaq? Bu sualın cavabı bəylə gəlinin Allahın nikahla bağlı məsləhətlərinə etibar və əməl edib-etməyəcəklərindən asılıdır. (Məsəllər 3:5, 6 ayələrini oxu.) Allahın məhəbbətindən ayrılmamaq üçün bu, yeganə yoldur. Gəl Müqəddəs Kitabın aşağıdakı dörd suala verdiyi cavaba diqqət yetirək: insan nə üçün evlənir? Evlənmək istəyirsənsə, münasib həyat yoldaşını necə seçə bilərsən? Nikaha necə hazırlaşmalı? Ərlə-arvad nəyin sayəsində xoşbəxt ola bilərlər?

İNSAN NƏ ÜÇÜN EVLƏNİR?

3. Nə üçün düşünmədən evlənmək ağılsızlıqdır?

3 Bəziləri elə düşünür ki, nikahsız xoşbəxtlik mümkün deyil, insan ailə qurmasa, heç cür xoşbəxt ola bilməz.  Bu, qətiyyən belə deyil! Özü subay olmuş İsa subaylığı qabiliyyət adlandırırdı və bacaranları subay qalmağa çağırırdı (Mətta 19:11, 12). Həvari Bulus da subaylığın üstün cəhətlərindən yazırdı (1 Korinflilərə 7:32—38). Ancaq nə İsa, nə də Bulus evlənməyi qadağan etmirdi. Əslində evlənməyə qadağa qoymaq «cinlərin təlimlərinə» aiddir (1 Timutiyə 4:1—3). Amma subaylıq diqqətini heç nəyə yayındırmadan Yehovaya xidmət etmək istəyən adam üçün əlverişlidir. Buna görə də götür-qoy etmədən, məsələn, həmyaşıdlarının təsiri altına düşüb ailə qurmaq ağılsızlıq olardı.

4. Uğurlu nikah övlad böyütməkdə hansı mühüm rolu oynayır?

4 Bəs görəsən hansı səbəblərə görə evlənməyə dəyər? Nikah Allahın verdiyi bir hədiyyədir. (Yaradılış 2:18 ayəsini oxu.) Buna görə nikahın öz üstün cəhətləri var və əlbəttə, insanı xoşbəxt edə bilər. Məsələn, uğurlu nikah ailə həyatı üçün möhkəm təməldir. Ailədə sabit mühit olmalıdır. Uşaqlara hər iki valideynin məhəbbəti, öyüd-nəsihəti və rəhbərliyi lazımdır (Zəbur 127:3; Efeslilərə 6:1—4). Bununla belə, biz ailəni yalnız övlad böyütmək məqsədilə qurmamalıyıq.

5, 6. a) Vaiz 4:9—12 ayələrinə əsasən, möhkəm dostluğun hansı faydası var? b) Nikah üçqat ipə necə bənzəyə bilər?

5 Gəl bu fəsil üçün götürülmüş əsas ayənin kontekstinə nəzər salaq: «İki nəfər bir nəfərdən yaxşıdır, çünki çəkdikləri zəhmətin mükafatı gözəl olacaq. Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq. Amma kimsə yıxılanda qaldıranı olmasa, halı necə olar? İki nəfər bir yerdə yatarsa, bir-birini isindirər. Bəs tək yatan necə isinsin? Tək adamı kimsə məğlub edə bilər, iki nəfərsə onun hücumuna tab gətirər. Üçqat ip tez qırılmaz» (Vaiz 4:9—12).

 6 Bu parça ilk növbədə dostluğun dəyərini vurğulayır. Sözsüz, ən yaxın dostlar isə ərlə arvaddır. Bu ayələrdən bəlli olur ki, nikah hər iki tərəfə dayaq, təskinlik və müdafiə verə bilər. Amma sadəcə iki adamın bir-birinə bağlılığı ilə nikah möhkəm olmur. Bu ayə göstərir ki, ikiqat ip qırıla bilər. Üçqat ipi isə qırmaq hələm-hələm asan deyil. Ərlə arvad Yehovanı sevindirməyi həyatda ən ümdə vəzifə sayırlarsa, onların nikahı üçqat ipə bənzəyir. Yehova bu ailənin əsas üzvünə çevrilir, ona görə də belə ittifaq çox möhkəm olur.

7, 8. a) Cinsi istəklərlə çarpışan subay məsihilərə həvari Bulus nə məsləhət görürdü? b) Müqəddəs Kitab nikaha açıq gözlə baxmağa necə kömək edir?

7 Yalnız nikah cinsi istəkləri düzgün yolla təmin etməyə imkan verir. Məhz nikah daxilində cinsi yaxınlıq həzz mənbəyi adlandırılır (Məsəllər 5:18). Bəzi subaylar Müqəddəs Kitabda «gəncliyin qaynar çağı» adlanan dövrü, cinsi istəklərin xüsusilə coşğun dövrünü keçəndən sonra da bu istəklərlə çarpışmalı olurlar. Vaxtında cilovlanmasa, bu istəklər natəmiz və ya nalayiq hərəkətə gətirib çıxara bilər. Bulus Allahdan ilham alıb subaylar üçün bu məsləhəti yazmışdı: «Özlərini saxlaya bilmirlərsə, qoy evlənsinlər, çünki ehtiras içində qovrulmaqdansa, evlənmək yaxşıdır» (1 Korinflilərə 7:9, 36; Yaqub 1:15).

8 İnsanın hansı məqsədlə evlənməsindən asılı olmayaraq, o, həyata real baxmalıdır. Bulus yazırdı ki, ailə quranlar «həyatda yeni çətinliklərlə üzləşəcəklər» (1 Korinflilərə 7:28). Evli adam subayların heç vaxt qarşılaşmadığı çətinliklərlə qarşılaşır. Bəs evlənmək istəyirsənsə, bu çətinlikləri minimuma endirmək və xoşbəxtliyə nail olmaq üçün nə edə bilərsən? Həyat yoldaşını ağılla seçmək bu məsələdə mühüm rol oynayır.

 YAXŞI HƏYAT YOLDAŞINI NECƏ SEÇMƏLİ?

9, 10. a) Bulus qeyri-məsihilərlə sıx münasibətin təhlükəli olduğunu hansı nümunə vasitəsilə göstərmişdi? b) Qeyri-məsihi ilə ailə qurmamaq məsləhətini qulaqardına vurmaq nəyə gətirib çıxarır?

9 Həvari Bulus Allahdan ilham alaraq, evlənmək istəyənlər üçün vacib bir prinsip yazıb: «İmansızlarla eyni boyunduruğa girməyin» (2 Korinflilərə 6:14). Bu nümunə kənd təsərrüfatından götürülüb. Çəkidə və gücdə bir-birindən olduqca fərqlənən iki heyvanı bir boyunduruğa qoşanda hər iki heyvan əzab çəkir. Eynən, məsihi də qeyri-məsihi ilə nikah bağlayıb bir boyunduruğa girirsə, onların ailəsində mütləq gərginlik və mübahisə olacaq. Əgər onlardan biri Yehovanın məhəbbətini qorumaq istəyir, digərini bu, heç maraqlandırmırsa, həyatda onların məqsədləri bir-birilə uzlaşmayacaq və bu, istər-istəməz çətinliklərə gətirib çıxaracaq. Məhz elə buna görə Bulus məsihiləri «Ağanın yolunda» olan adamla ailə qurmağa səsləyir (1 Korinflilərə 7:39).

10 Bəzi subay məsihilər elə qərara gəliblər ki, tənhalıq yükünü çəkməkdənsə, qeyri-məsihi ilə bir boyunduruğa girmək daha yaxşıdır. Onlar Müqəddəs Kitab məsləhətini qulaqardına vuraraq Yehovaya xidmət etməyən adamla ailə qurmuşlar. Bir qayda olaraq, belə nikahlar uğursuzluqla nəticələnir. Bu adamlar bir zaman ayılıb görürlər ki, ömür-gün yoldaşı ilə həyati vacib şeylər barəsində söhbət edə bilmirlər. Bunun nəticəsində yaranan tənhalıq hissi subaylıq zamanı keçirdikləri tənhalıq hissindən qat-qat güclüdür. Nə yaxşı ki, Allahın nikahla bağlı verdiyi məsləhətlərə etibar edən və sədaqətlə əməl edən minlərlə subay məsihi var. (Zəbur 32:8 ayəsini oxu.) Onlar Yehova Allaha ibadət edənlər arasından həyat yoldaşı tapanadək subay qalırlar.

11. Həyat yoldaşını ağılla seçməkdə sənə nə kömək edə bilər? (114-cü səhifədəki  çərçivəyə də bax.)

 11 Əlbəttə, bu, o demək deyil ki, Yehovaya xidmət edən hər adam həyat yoldaşı olmağa yarayır. Əgər evlənmək qərarına gəlmisənsə, Yehovanı ürəkdən sevən, keyfiyyətləri və ruhani məqsədləri səninkilərlə üst-üstə düşən adam seç. Sadiq nökər nəşrlərdə bu məsələ ilə bağlı çoxlu məlumat dərc etdirir. Yaxşı olardı ki, Allahın Kəlamından götürülmüş bu məsləhətlərin üzərində dua edərək yaxşıca düşünəsən və bu vacib məsələ ilə bağlı qərar verərkən onları nəzərə alasan *. (Zəbur 119:105 ayəsini oxu.)

12. Bir çox ölkələrdə ailə qurmaqla bağlı hansı adət mövcuddur və Müqəddəs Kitabda buna aid hansı nümunə var?

12 Bir çox ölkələrdə, adətən, övladları üçün həyat yoldaşını valideynlər seçir. Bu yerlərdə belə qəbul edilib ki, ailə qurmaq kimi ciddi məsələdə valideynlərin həyat təcrübəsi və hikməti daha çoxdur. Çox vaxt valideynlər tərəfindən razılaşdırılmış nikahlar qədimdəki kimi möhkəm olur. Belə valideynlər İbrahimin nümunəsindən çox şey öyrənə bilərlər. O, İshaqa arvad almaq üçün öz nökərini uzağa göndərmişdi. İbrahimi var-dövlət və şan-şöhrət maraqlandırmırdı. Əksinə, o, əlindən gələni etmişdi ki, İshaqa Yehova Allaha ibadət edən qız alsın * (Yaradılış 24:3, 67).

 UĞURLU NİKAHA NECƏ HAZIRLAŞMALI?

13—15. a) Məsəllər 24:27 ayəsindəki prinsip evlənmək istəyən kişiyə necə kömək edə bilər? b) Qız nikaha necə hazırlaşa bilər?

13 Əgər evlənmək haqqında ciddi düşünürsənsə, özündən soruş: «Doğrudan da, evlənməyə hazıram?» Hazır olmaq insanın sevgi, seks, dostluq və uşaqların tərbiyəsi barəsində nə düşündüyündən asılı deyil. Əksinə, gələcək ərlə arvad öz konkret vəzifələri barəsində düşünməlidirlər.

14 Evlənmək istəyən kişi «çöl işlərini sahmana sal, tarlada hər işini gör qurtar, sonra evini tik» prinsipi üzərində dərindən düşünməlidir (Məsəllər 24:27). Bu, nə deməkdir? Keçmişdə ailə qurmaq istəyən kişi özündən soruşmalı idi: «Mən arvadımın və gələcək uşaqlarımın qayğısına qala biləcəyəm?» O, ilk növbədə işləməli, zəmisini və ya məhsulunu becərməli idi. Bu prinsip indi də qüvvədədir. Evlənmək istəyən kişi üzərinə məsuliyyət götürməyə hazır olmalıdır. Nə qədər ki, qolunda qüvvət var, o işləməlidir. Allahın Kəlamı göstərir ki, ailəsinin fiziki, emosional və ruhani tələbatlarını təmin etməyən kişi imansızdan da betərdir. (1 Timutiyə 5:8 ayəsini oxu.)

15 Ərə getmək qərarına gəlmiş qız da üzərinə bir neçə ciddi məsuliyyət götürməyə razılaşır. Müqəddəs Kitabda ərinə kömək etmək və ailəsinin qeydinə qalmaq üçün qadına lazım olan bəzi bacarıq və keyfiyyətlərindən söz açılır (Məsəllər 31:10—31). Üzərinə məsuliyyət götürməyə hazırlaşmadan evlənməyə tələsən kişi və ya qadın xudbinlik göstərir. Belə adam gələcək həyat yoldaşının istək və tələbatları haqqında düşünmür. Ancaq insan nikaha ilk növbədə ruhani cəhətdən hazır olmalıdır.

16, 17. Evlənməyə hazırlaşanlar Müqəddəs Kitabın hansı prinsipləri üzərində düşünməlidirlər?

 16 Nikaha hazırlaşmaq üçün həmçinin Allahın ailədə kişi və qadına ayırdığı vəzifələr barəsində düşünmək lazımdır. Kişi bilməlidir ki, məsihi ailəsinin başçısı olmaq nə deməkdir. Ailə başçısı qətiyyən qəddar olmamalıdır. Ər başçılıq etməkdə İsadan nümunə götürməlidir (Efeslilərə 5:23). Məsihi qız da arvadın icra etdiyi şərəfli vəzifəni başa düşməlidir. O, ərinin qanununa tabe olmağa hazırdır? (Romalılara 7:2). Qız artıq Yehovanın və Məsihin qanunu altındadır (Qalatiyalılara 6:2). Ərin başçılığı isə tamam başqa qanundur. O, qeyri-kamil insanın başçılığına tabe ola biləcək? Ərinə dayaq olacaq? Əgər qız bunu bacarmayacağını düşünürsə, onda yaxşı olardı ki, ərə getməyə tələsməsin.

17 Bundan əlavə, həm ər, həm arvad bir-birinin xüsusi ehtiyaclarını ödəməyə hazır olmalıdır. (Filippililərə 2:4 ayəsini oxu.) Bulus yazırdı: «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin». Allahdan gələn ilham sayəsində Bulus dərk edirdi ki, kişi üçün arvadının ona hörmət bəslədiyini bilmək xüsusilə vacibdir. Qadının isə sevilməyə böyük ehtiyacı var (Efeslilərə 5:21—33).

Tanışlıq müddətində müdrik gənclər görüşərkən çalışırlar ki, yanlarında kimsə olsun

18. Görüşənlər tanışlıq dövründə nə üçün özlərinə hakim olmalıdırlar?

18 Tanışlıq dövrünə əyləncə kimi baxmaq olmaz. Bu dövrdə oğlanla qız bir-biri ilə rəftar etməyi öyrənir, evlənib-evlənməməyi götür-qoy edirlər. Tanışlıq dövründə özünə hakim olmaq xüsusilə vacibdir! Fiziki yaxınlıq istəyi çox güclü ola bilər, çünki bu istək təbiidir. Lakin həqiqətən sevən insan sevgilisinə hər hansı bir ruhani zərər vuracaq əməldən çəkinəcək (1 Salonikililərə 4:6). Ona görə də əgər sən kiminləsə görüşürsənsə,  özünə hakim olmağı bacar. Ailə qursan da, qurmasan da, bu keyfiyyət ömür boyu sənə fayda gətirəcək.

SARSILMAZ NİKAH NECƏ QURULUR?

19, 20. Məsihinin nikaha baxışı dünyadakı təsəvvürlərdən necə fərqlənməlidir? Nümunə çək.

19 Möhkəm, sarsılmaz nikah qurmaq istəyənlər bu ittifaqa düzgün yanaşmalıdırlar. Bədii romanlar, telefilmlər adətən xoşbəxt nikahla başa çatır. Həyatda isə ayrı cürdür; nikah Yehovanın əbədiyyət üçün yaratdığı ittifaqın başlanğıcıdır (Yaradılış 2:24). Əfsuslar olsun ki, bu gün hamı nikaha bu cür baxmır. Bəzi xalqlarda nikah bağlamağı həm də «düyün vurmaq» adlandırırlar. Bu ifadə nikahla əlaqədar geniş yayılmış təsəvvürü çox dəqiqliklə təsvir edir. Bu nə deməkdir? Əlbəttə, yaxşı düyün lazım olan müddət ərzində bağlı qalmalıdır. Amma düyün asanlıqla bağlandığı kimi, eləcə də açıla bilər.

20 Bu gün çoxları nikaha tələbatlarını təmin edəcək müvəqqəti bir şey kimi baxırlar. Ona görə də düşünmədən, tələm-tələsik evlənir, çətinlik yarananda isə dərhal ayrılırlar. Xatırladaq ki, Müqəddəs Kitabda nikah telləri iplə müqayisə edilir. Gəmi üçün toxunan ip və ya kəndir çox möhkəm olur, ən güclü fırtınaya belə davam gətirir, hələm-hələm qırılmır. Nikah da bu cür möhkəm olmalıdır. Yadındadırsa, İsa demişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:6). Evlənməyə hazırlaşan adam nikaha bu cür baxmalıdır. Bu cür sədaqət olan yerdə nikah heç vaxt yük olmayacaq.

21. Ər-arvad bir-birinə necə münasibət bəsləməlidir və bu işdə onlara nə kömək edər?

21 Ərlə arvad bir-birilərinə düzgün münasibət bəsləməlidirlər.  Əgər onlardan hər biri digərinin yaxşı keyfiyyət və cəhdlərinə fikir versə, nikah onlar üçün sevinc və təravət mənbəyi olacaq. Məgər qeyri-kamil insanın yaxşı cəhətlərini görmək mümkündür? Yehova hər şeyə real baxır, bununla belə, biz çox istəyirik ki, O, yaxşı cəhətlərimizə fikir versin. Məzmurçu soruşurdu: «Ey Yah, ancaq səhvlərimizi görsəydin, kim dayana bilərdi, ey Yehova?» (Zəbur 130:3). Ər və arvad da bir-birinin  yaxşı cəhətlərinə fikir verməli, bir-birini bağışlamalıdırlar. (Koloslulara 3:13 ayəsini oxu.)

22, 23. İbrahimlə Sara ailəlilər üçün hansı yaxşı nümunəni qoyub?

22 İllər ötdükcə, nikah daha çox sevinc gətirə bilər. Müqəddəs Kitabda artıq qocalmış İbrahimlə Saranın ailəsindən danışılır. Demək olmaz ki, onların həyatı qayğısız olub. Yaşı altmışı haqlamış Sara üçün varlı Ur şəhərində rahat evini buraxıb ömrünün qalan illərini çadırlarda yaşamağın nə demək olduğunu bir təsəvvür et. Amma Sara öz ərinə tabe oldu. O, əri İbrahim üçün əsil dost və köməkçi idi, ərinin qərarlarını hörmətlə dəstəkləyirdi. Saranın itaətkarlığı süni deyildi. O, «ürəyində» də ərinə «ağam» deyirdi (Yaradılış 18:12; 1 Butrus 3:6). Sara İbrahimə ürəkdən hörmət bəsləyirdi.

23 Əlbəttə, İbrahimlə Saranın da arasında söz-söhbət olurdu. Bir dəfə Saranın irəli sürdüyü təklif İbrahimə pis təsir etmişdi. Ancaq İbrahim Yehovanın göstərişi ilə arvadına təvazökarlıqla qulaq asdı və bu, bütün ailə üçün xeyirli oldu (Yaradılış 21:9—13). İllərlə evli olan kişi və qadınlar da Allahdan qorxan bu ər-arvaddan çox şey öyrənə bilərlər.

24. Hansı nikah Yehova Allaha şərəf gətirir və nə üçün?

24 Məsihi yığıncağında minlərlə xoşbəxt ailə var. Bu ailələrdə qadın ərinə hörmət bəsləyir, ər arvadını sevir və onunla ləyaqətlə davranır. Onların hər ikisi Yehovanın iradəsini yerinə yetirməyi həyatda birinci yerə qoyur. Əgər evlənmək qərarına gəlmisənsə, onda həyat yoldaşını ağılla seç, ailə həyatına yaxşı hazırlaş və ailəndə sülh və məhəbbətin hökm sürməsi üçün əlindən gələni et. Belə nikah Yehova Allaha şərəf gətirəcək. Həmçinin sənə Allahın məhəbbətini qoruyub-saxlamağa kömək edəcək.

^ abz. 11 Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Ailə xoşbəxtliyinin sirri» kitabının 2-ci fəslinə bax.

^ abz. 12 Qədimdə yaşamış bəzi mömin kişilərin bir neçə arvadı olmuşdu. Yehova həmin mömin insanların və İsrail xalqında kişilərin çox arvad almasına yol verirdi. Bununla belə, çoxarvadlılığı O təsis etməmişdi, amma qayda-qanunlar verib ona nəzarət edirdi. Ancaq məsihilər yadda saxlamalıdırlar ki, Yehova bu gün xidmətçiləri arasında çoxarvadlılığa yol vermir (Mətta 19:9; 1 Timutiyə 3:2).

Əlavə məlumat

Qoy ailəniz xoşbəxt və möhkəm olsun!

Xoşbəxt və möhkəm nikah «tikmək» üçün beş «daşdan» istifadə edin.