Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 ƏLAVƏLƏR

Allah boşanmaya və ayrı yaşamağa necə baxır?

Allah boşanmaya və ayrı yaşamağa necə baxır?

Yehova ər və arvadın nikah əhdinə sadiq qalacaqlarını gözləyir. İlk kişi ilə qadının nikahını bağlayanda Yehova demişdi: «Kişi... arvadına bağlanacaq və onlar bir bədən olacaq». Bir müddət sonra İsa Məsih də bu sözləri təkrarlamış və əlavə etmişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Yaradılış 2:24; Mətta 19:3—6).  Beləliklə, Yehova Allah və İsa Məsih nikaha ömürlük, yalnız həyat yoldaşlarından biri vəfat edəndə sona yetən bir ittifaq kimi baxırlar (1 Korinflilərə 7:39). Nikah müqəddəs quruluşdur, ona görə də boşanmaya yüngül yanaşmaq olmaz. Yehova Onun Kəlamında əsası olmayan səbəblərə görə boşanmaya nifrət edir (Məlaki 2:15, 16).

Müqəddəs Kitab nə vaxt boşanmağa yol verir? Yehova zinaya və əxlaqsızlığa nifrət edir (Yaradılış 39:9; 2 İşmuil 11:26, 27; Zəbur 51:4). Əxlaqsızlıq Yehovanın gözündə o qədər iyrəncdir ki, O, bu səbəbə görə boşanmağa icazə verir. (Əxlaqsızlığın özünə nələri daxil etdiyi barədə 9-cu fəslin 7-ci abzasında müzakirə olunur.) Yehova günahsız tərəfə boşanıb-boşanmamaq qərarını verməyə ixtiyar verir (Mətta 19:9). İşdir, günahsız tərəf boşanmaq qərarına gəlirsə, Yehova belə boşanmaya nifrət etmir. Bununla bərabər, məsihi yığıncağı heç kimi boşanmağa təhrik etmir. Müəyyən səbəblər ucbatından, ələlxüsus günahlı tərəf dərin peşmançılıq çəkirsə, günahsız tərəf ailəni dağıtmamaq qərarına gələ bilər. Boşanmağa Müqəddəs Kitaba əsaslanmış səbəbi olan adam boşanıb-boşanmamaq qərarını özü verməli və bu qərarın nəticəsini qabaqcadan ölçüb-biçməlidir (Qalatiyalılara 6:5).

Həyat yoldaşı əxlaqsızlıq etməsə də, bəzi məsihilər müəyyən çıxılmaz vəziyyətlərdə ayrı yaşamaq və ya boşanmaq qərarına gəlmişlər. Belə hallar üçün Müqəddəs Kitabda ayrılan tərəf üçün vacib şərt var: «Əgər ayrılsa, onda ərə getməsin [yaxud evlənməsin], ya da əri [yaxud arvadı] ilə barışsın» (1 Korinflilərə 7:11). Belə məsihi özü üçün yeni həyat yoldaşı axtara bilməz, çünki o, nikah əhdindən azad deyil (Mətta 5:32). Gəl bəzilərinin ayrı yaşamaq üçün səbəb kimi götürdükləri bir neçə müstəsna halı nəzərdən keçirək.

Ailə başçısı qəsdən ailəsini dolandırmır. Sağlam kişi ailəsini dolandırmırsa, ailə korluq çəkib, ən zəruri şeylərə ehtiyac duya bilər. Müqəddəs Kitabda deyilir: «Kimsə... ailəsinin qeydinə qalmırsa, o, imanı inkar edib və imansızdan da betərdir»  (1 Timutiyə 5:8). Bu adam dəyişmirsə, onda arvad özünün və uşaqlarının xoş güzaranı üçün ayrı yaşamaq qərarına gələ bilər. Əlbəttə, məsihi ər ailəsini dolandırmaqdan imtina etməkdə ittiham olunanda yığıncaq ağsaqqalları bu məsələyə ciddi yanaşmalıdırlar. Belə şəxs yığıncaqdan kənar edilə bilər.

Zorakı davranış. Bəzən bir həyat yoldaşı digəri ilə elə qəddarlıqla rəftar edir ki, onun sağlamlığı və həyatı təhlükə altına düşür. Zorakılıqda ittiham olunan şəxs məsihidirsə, yığıncaq ağsaqqalları bunun doğru olub-olmadığını araşdırmalıdırlar. Qəzəb hallarına və zorakılığa görə adam yığıncaqdan xaric edilə bilər (Qalatiyalılara 5:19—21).

İbadətə ciddi maneə törədiləndə. Bəzən bir həyat yoldaşı o birinin ibadətinə daima və qəti şəkildə mane olmağa, hətta müxtəlif yollarla onu Allahın əmrlərini pozmağa məcbur etməyə çalışır. Belə olduqda təhlükəyə məruz qalan bəzi məsihilər insanlara yox, hökmdarımız Allaha itaət etməyin yeganə yolunu ayrı yaşamaqda görürlər (Həvarilərin işləri 5:29).

Araşdırdığımız bu ciddi, müstəsna hallarla əlaqədar heç kim günahsız tərəfi ayrılmağa və ya həyat yoldaşı ilə qalmağa təhrik etməməlidir. Ruhani yetkin dostlar və yığıncaq ağsaqqalları Müqəddəs Kitab əsasında məsləhət verib onlara dayaq olsalar da, ərlə arvad arasında baş verənləri ətraflı bilmirlər. Yalnız Yehova hər şeyi görür. Əlbəttə, ər və ya arvad ayrı yaşamaq üçün evdə baş verən hadisələri qəsdən şişirdirsə, o, Allahı və nikah quruluşunu hörmətdən salır. Həyat yoldaşlarından kimsə ayrı yaşamaq məqsədilə fənd qurub onu ört-basdır etsə də, Yehovadan heç nəyi gizlətmək olmaz. Doğrudan da, «hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik» (İbranilərə 4:13). Əgər təhlükəli vəziyyət son həddə çatıb və məsihi yeganə çıxış yolunu ayrı yaşamaqda görürsə, onu heç kim bu qərarına görə tənqid etməməlidir. Əvvəl–axır «hamımız Allahın hökm kürsüsü qarşısında duracağıq» (Romalılara 14:10—12).