Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 16

İblisə və onun hiylələrinə qarşı dur

İblisə və onun hiylələrinə qarşı dur

«İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (YAQUB 4:7).

1, 2. Vəftiz kimlər üçün sevincli hadisədir?

ƏGƏR sən Yehovaya uzun illər ərzində xidmət edirsənsə, çox güman, toplantılarımızda vəftiz olunanlar üçün söylənilən xeyli məruzə dinləmisən. Bununla belə, hər dəfə qabaq cərgələrdə oturanların ayağa qalxıb natiqin suallarına cavab verdiyini görəndə yəqin ki, bərk təsirlənirsən. Həmin vaxt dinləyicilər arasında xoş bir canlanma yaranır və sonra zal gurultulu alqışlara qərq olur. Yehovanın tərəfinə keçmiş bu əziz adamlara baxanda, ola bilsin, gözlərin də yaşarır. Belə anlarda ürəyimiz fərəhdən dağa dönür!

2 Əgər biz vəftiz kimi xoş hadisənin ildə bir neçə dəfə şahidi oluruqsa, mələklərə belə şərəf daha tez-tez nəsib olur. Bütün dünyada hər həftə minlərlə adamın Yehovanın təşkilatının görünən hissəsinə qoşulduğunu müşahidə edən mələklərin necə sevindiyini təsəvvür edirsən? (Luka 15:7, 10). Şübhəsiz, mələklər bu artımı görəndə çox şadlanırlar (Həqqay 2:7).

İBLİS NƏRİLDƏYƏN ŞİR KİMİ GƏZİR

3. Şeytan nəyə görə «nərildəyən şir kimi» gəzir və onun məqsədi nədir?

3 Lakin bəzi ruhani varlıqlar vəftizi qəzəblə müşahidə edirlər. Minlərlə adamın bu pozğun dünyaya arxa  çevirdiyini görəndə Şeytan və cinlər bərk hirslənirlər. Nəyə görə? Şeytan sinəsinə döyürdü ki, heç bir insan Yehovaya sidqi-ürəkdən, təmənnasız xidmət etmir və bərk sınağa düşəndə Ondan mütləq üz döndərəcək. (Əyyub 2:4, 5 ayələrini oxu.) Hər dəfə kimsə özünü Yehovaya həsr edəndə Şeytanın yalançı olduğu üzə çıxır. İl ərzində, sanki, Şeytanın üzünə hər həftə minlərlə şillə çəkilir. Təəccüblü deyil ki, o, «nərildəyən şir kimi gəzib udmağa adam axtarır»! (1 Butrus 5:8). Bu «şir» bizi ruhani cəhətdən udmaq, Allahla münasibətimizə xətər yetirmək və hətta dağıtmaq üçün dəridən-qabıqdan çıxır (Zəbur 7:1, 2; 2 Timutiyə 3:12).

Hər dəfə kimsə özünü Yehovaya həsr edib vəftiz olunanda Şeytanın yalançı olduğu sübut edilir

4, 5. a) Yehova Şeytanın təsirini necə məhdudlaşdırıb? b) Məsihi nəyə əmin ola bilər?

 4 Düşmənimiz nə qədər azğın olursa-olsun, biz ondan qətiyyən qorxmuruq. Nə üçün? Çünki Yehova nərildəyən şirin təsirini məhdudlaşdırıb. Necə? Birincisi, Yehova qabaqcadan bildirib ki, məsihilərdən ibarət böyük izdiham qarşıdan gələn «böyük müsibətdən» sağ çıxacaq (Vəhy 7:9, 14). Yehovanın dediyi söz heç vaxt boşa çıxmır. Buna görə də Şeytan yaxşı bilir ki, Allahın xalqını bütövlüklə uda bilməyəcək.

5 İkincisi, Allahın qoyduğu məhdudiyyət sadiq peyğəmbər Əzriyanın Asa padşaha və xalqa dediyi danılmaz bir həqiqətdən aydın olur: «Nə qədər ki siz Yehova iləsiniz, O da sizinlədir» (2 Salnamələr 15:2; 1 Korinflilərə 10:13 ayəsini oxu). Keçmişdəki bir çox nümunələrdən bəlli olur ki, sadiq adamlar Allaha bağlı qalanda Şeytan onları udmağa müvəffəq olmamışdı (İbranilərə 11:4—40). Bu gün Allaha bağlı qalan məsihi İblisə qarşı dura, hətta ona qalib gələ bilər. Allahın Kəlamı bizi əmin edir: «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaqub 4:7).

«ŞƏR RUHİ QÜVVƏLƏRƏ QARŞI MÜBARİZƏ APARIRIQ»

6. Şeytan hər bir məsihiyə qarşı necə mübarizə aparır?

6 Şeytan bu ruhani müharibədə qalib gələ bilməyəcək, lakin sayıqlığı əldən versək, o, bizi ayrı-ayrılıqda ruhani cəhətdən tələf edə bilər. Şeytan bilir ki, Yehova ilə aramızdakı telləri zəiflətsə, bizi aşırmağa müvəffəq olacaq. O, məqsədinə nail olmaq üçün nə edir? Bizə aramsız hücum edir, bizimlə təkbətək mübarizə aparır və məkrli fəndlərdən istifadə edir. Gəlin Şeytanın bu üç əsas metodunu nəzərdən keçirək.

7. Nəyə görə Şeytan Yehovanın xalqına aramsız hücum edir?

 7 Aramsız hücum. Həvari Yəhya yazmışdı: «Bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). Məsihilər bu xəbərdarlığa ciddi yanaşırlar. Şeytan allahsız bəşəriyyəti artıq bütövlüklə udduğu üçün, indi bütün fikrini bu vaxta qədər onun pəncəsindən qaçmağa müvəffəq olmuş Allahın xalqına cəmləşdirib və onlara hücumunu gücləndirib (Mikə 4:1; Yəhya 15:19; Vəhy 12:12, 17). Şeytan vaxtının az olduğunu bildiyi üçün bərk qəzəblənir. Bu səbəbdən o, təzyiqini daha da gücləndirib. Bu gün o, bütün gücünü toplayıb Allahla münasibətimizi məhv etmək üçün vəhşicəsinə son cəhdlərini edir.

8. Həvari Bulus «şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq» sözlərilə nəyi nəzərdə tuturdu?

8 Təkbətək mübarizə. Həvari Bulus həmimanlılarını xəbərdar edirdi: «Biz səmavi aləmdəki şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq» (Efeslilərə 6:12). «Mübarizə» kimi tərcümə olunmuş yunan sözü güləş və ya əlbəyaxa döyüş mənasını daşıyır. Bulus bununla vurğulayırdı ki, şər qüvvələrlə hər birimiz şəxsən mübarizə aparırıq. Yaşadığımız ərazidə şər ruhlara inancın geniş yayılıb-yayılmamasından asılı olmayaraq, biz yaddan çıxarmamalıyıq ki, özümüzü Yehovaya həsr etdiyimiz gün, sanki, güləş xalçasının üzərinə çıxdıq. Həsr olunduğu andan etibarən heç bir məsihi yarış meydançasını tərk edə bilməz. Təəccüblü deyil ki, Bulus Efesdəki məsihiləri dönə-dönə möhkəm durmağa çağırırdı (Efeslilərə 6:11, 13—15).

9. a) Nəyə görə Şeytan və cinlər müxtəlif hiylələrə əl atırlar? b) Şeytan nə üçün düşüncəmizi korlamağa çalışır və biz onun cəhdlərinə qarşı necə dura bilərik? (192 və 193-cü səhifədəki  çərçivəyə bax.) c) Biz indi hansı hiyləni müzakirə edəcəyik?

9 Məkrli fəndlər. Bulus məsihilərə Şeytanın «hiylələrinə» sinə gərməyi tövsiyə edir (Efeslilərə 6:11). Fikir ver ki,  həvari «hiylə» sözünü cəmdə işlədir. Şər ruhlar müxtəlif fəndlər işlədirlər. Bunun səbəbi var. Belə ki, bəzən müəyyən sınaqlara sinə gərmiş məsihilər bir müddətdən sonra digər sınağa tab gətirə bilmirlər. Buna görə də İblis və cinlər bizim zəif yerlərimizi tapmaq üçün hərəkətlərimizi diqqətlə izləyir, sonra ruhani zəifliyimizdən öz çirkin məqsədlərində istifadə edirlər. Xoşbəxtlikdən, biz İblisin hiylələrindən bixəbər deyilik, çünki Müqəddəs Kitab onları bizə tanıtdırır (2 Korinflilərə 2:11). Bu kitabda artıq Şeytanın materializm tələsi, zərərli ünsiyyət və cinsi əxlaqsızlıq kimi fitnələrindən bəhs edilib. İndi isə gəl onun daha bir hiyləsini — cindarlığı müzakirə edək.

CİNDARLIQLA MƏŞĞUL OLMAQ XƏYANƏTDİR

10. a) Cindarlıq nədir? b) Yehova cindarlığa necə baxır, bəs sən cindarlığa necə baxırsan?

10 Cindarlıqla məşğul olan insan şər ruhlarla birbaşa əlaqəyə girir. Falçılıq, cadugərlik, ovsunçuluq və ölüləri çağırmaq cindarlığın bəzi növləridir. Biz bilirik ki, cindarlıq Yehovanın gözündə «iyrənc» əməldir (Qanunun təkrarı 18:10—12; Vəhy 21:8). Buna görə də biz pislikdən ikrah etməli və heç bir vəchlə şər ruhi qüvvələrlə təmasda olmamalıyıq (Romalılara 12:9). Cindarlıq səmavi Atamız Yehovaya qarşı böyük və iyrənc xəyanətdir!

11. Şeytan bizi cindarlığa cəlb edə bilsə, nəyə görə bu, onun üçün qələbə olacaq? Nümunə gətir.

11 Şeytan bilir ki, cindarlığa ötəri maraq göstərməyin özü də Yehovaya qarşı böyük xəyanətdir. Buna görə də o, bəzilərimizi cindarlığa cəlb etmək üçün inadla çalışır. Hər hansı bir məsihini bu tora salanda Şeytan qələbə çalır. Niyə? Bir nümunəni nəzərdən keçirək: bir əsgər öz hərbi hissəsinə qarşı xainlik edib düşmən tərəfə keçsə, düşmən komandirin sevinci yerə-göyə sığmaz. Əsgərin keçmiş komandirini alçaltmaq üçün o, xaini qənimət  kimi hamıya nümayiş etdirər. Eynilə, məsihi cindarlığa baş qoşursa, deməli, o bilə-bilə Yehovaya xainlik edir və birbaşa Şeytanın komandanlığı altına keçir. Yehovanı təhqir etmək məqsədini güdən Şeytanın sevincini təsəvvür et! Məgər biz Şeytana qələbə qazandırmaq istərdik? Heç vaxt! Biz xain deyilik.

ŞÜBHƏ OYADAN SUALLAR

12. Bizim cindarlığa olan münasibətimizi dəyişmək üçün Şeytan hansı üsula əl atır?

12 Nə qədər ki, biz cindarlıqdan ikrah edirik, Şeytan onu bizə qarşı müvəffəqiyyətlə işlədə bilməyəcək. O bilir ki, bunun üçün düşüncəmizi dəyişməlidir. Bəs o, bunu necə edir? Şeytan məsihilərin fikirlərini müxtəlif fəndlərlə elə dolaşdırır ki, nəticədə bəziləri «pisə yaxşı, yaxşıya pis» kimi baxırlar (Əşiya 5:20). Buna nail olmaq üçün o, zamanın sınağından çıxmış üsullarından birinə — şübhə oyadan suallara əl atır.

13. Şeytan şübhə oyadan suallardan keçmişdə necə istifadə etmişdi?

13 Şeytanın bu üsuldan keçmişdə necə istifadə etdiyinə baxaq. O, Ədən bağında Həvvadan soruşmuşdu: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?» Əyyubun dövründə Şeytan Allahın və mələklərin qarşısında belə bir sual qaldırmışdı: «Məgər Əyyub Allahdan elə-belə qorxur?» İsa yerdə xidmətinə başlayanda isə ona belə demişdi: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün». Təsəvvür edirsən, Şeytan cürət edib Yehovanın cəmi altı həftə əvvəl dediyi «bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» sözlərinə rişxənd etmişdi! (Yaradılış 3:1; Əyyub 1:9; Mətta 3:17; 4:3).

14. a) Şeytan insanlarda cindarlıqla bağlı şübhələri necə oyadır? b) İndi nəyi müzakirə edəcəyik?

14 İblis bu gün də keçmişdəki üsulundan istifadə edərək  insanları əmin edir ki, cindarlıq heç də pis iş deyil. Əfsuslar olsun ki, o, bəzi məsihilərin zehnində şübhə oyatmağa müvəffəq olmuşdur. Onlar cindarlığın müəyyən formalarının həqiqətən də pis olmasına şübhə etməyə başlamışlar. (2 Korinflilərə 11:3) Belələrinə düşüncələrini dəyişməkdə necə kömək edə bilərik? Biz necə əmin ola bilərik ki, özümüz də Şeytanın toruna düşməmişik? Bu suallara cavab verməzdən əvvəl, gəl iki sahəni — Şeytanın hiyləgərcəsinə cindarlıq ünsürlərinə bulaşdırdığı əyləncə və müalicə sahələrini müzakirə edək.

ŞEYTAN İSTƏK VƏ TƏLƏBATLARIMIZI ÖZ MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ EDİR

15. a) Qərbdə bir çoxları cindarlığa necə yanaşır? b) Cindarlıqla bağlı geniş yayılmış baxışlar bəzi məsihilərə necə təsir etmişdir?

15 Xüsusən qərbdə okkultizm, sehrbazlıq və cindarlığın digər formaları çox adi hal alıb. Kinolarda, kitablarda, televiziya verilişlərində və kompüter oyunlarında demonik əməllər ağıllı, məzəli və zərərsiz bir şey kimi qələmə verilir. Əsas süjeti okkultizm olan bəzi film və kitablar elə məşhurlaşıb ki, onların pərəstişkarları fan klublar yaratmışlar. Göründüyü kimi, cinlərin okkultizmin təhlükəsini ört-basdır etmək cəhdləri uğurla nəticələnib. Bəs cindarlıq məsihilər üçün də adiləşib? Təəssüf ki, dünyada geniş yayılmış bu əhval-ruhiyyə bəzilərinə öz təsirini göstərib. Necə? Tipik bir nümunəni götürək. Bir məsihi okkultizm məzmunlu filmə baxdıqdan sonra demişdi: «Nə olsun ki, bu filmə baxdım, özüm ki, cindarlıqla məşğul olmuram!» Bu cür düşüncə tərzi nə üçün təhlükəlidir?

16. Okkultizm məzmunlu əyləncələr nə üçün təhlükəlidir?

16 Düzdür, cindarlıqla məşğul olmaq və həmin mövzuda kinoya baxmaq fərqli şeylərdir. Amma biz düşünməməliyik ki, cindarlığa tamaşa etmək zərərsizdir. Nəyə  görə? Gəl fikirləşək: Allahın Kəlamından aydın olur ki, Şeytan və onun cinləri fikirlərimizi oxuya bilmirlər *. Buna görə də artıq qeyd edildiyi kimi, fikirlərimizi bilmək və zəif yerlərimizi müəyyən etmək üçün şər ruhlar hərəkətlərimizi, o cümlədən əyləncə seçimimizi diqqətlə müşahidə edirlər. Məsihi öz davranışı ilə ruhçağıranlar, ovsun, cadu, cintutma halları və buna bənzər demonik məzmunlu filmləri və kitabları xoşladığını göstərəndə, bu, cinlər üçün siqnaldır. Məsihi sanki cinlərə deyir: «Baxın, budur mənim zəif yerim!» Cinlər isə bunu görəndə təzyiqi daha da gücləndirir, həmin məsihinin kürəyini yerə vurana kimi onun zəif yerindən basırlar. Özünə okkultizm elementləri daxil edən əyləncələrin vasitəsilə cindarlığa maraq göstərən bəzi məsihilər axırda özləri də cindarlıqla məşğul olmağa başlamışlar. (Qalatiyalılara 6:7 ayəsini oxu.)

Xəstəlik zamanı Yehovanın yardımından bəhrələn

17. Şeytan hər hansı bir xəstəliyə tutulmuş məsihini hansı hiylə vasitəsilə tovlaya bilər?

17 Şeytan təkcə əylənmək istəyini yox, səhhətin qayğısına qalmaq tələbatını da öz məqsədlərində istifadə edir. Necə? Məsihi uzun müddət hər hansı bir xəstəlikdən müalicə olunur, lakin bu, heç bir səmərə vermirsə, o, ruhdan düşə bilər (Mark 5:25, 26). Bu vəziyyət Şeytan və cinlər üçün əla fürsətdir. Cinlər elə edə bilərlər ki, ümidini hər şeydən üzmüş məsihi sehrli qüvvələr, yəni cindarlıq istifadə olunan müalicə və prosedurlar seçsin (Əşiya 1:13). Cinlərin bu hiyləsi baş tutarsa, xəstə məsihinin Allahla münasibəti korlana bilər. Nə üçün?

18. Məsihi hansı prosedurları rədd edəcək və nə üçün?

 18 Yehova «sehrli qüvvələrə» üz tutan israilliləri xəbərdar etmişdi: «Siz əllərinizi göyə qaldıranda gözlərimi yumuram. Nə qədər dua edirsiniz edin, sizi eşitmirəm» (Əşiya 1:15). Əlbəttə, biz həmişə, ələlxüsus xəstə olarkən dualarımıza və Yehovadan aldığımız yardıma mane olacaq hər bir şeydən uzaq durmaq istəyirik (Zəbur 41:3). Buna görə də hər hansı müayinə proseduru və ya müalicə üsulunda cindarlıq elementləri varsa, həqiqi məsihi onu rədd edəcək * (Mətta 6:13). Beləliklə, o arxayın ola bilər ki, Yehova ondan köməyini əsirgəməyəcək. (194-cü səhifədəki « Bu, doğrudan da cindarlıqdır?» adlı çərçivəyə bax.)

CİNLƏRDƏN ÇOX DANIŞILANDA

19. a) İblis öz qüvvəsi barəsində çox adamı nəyə inandırıb? b) Məsihilər necə hekayələri yaymırlar?

19 Əgər qərbdə Şeytanın qüvvəsini ciddi qəbul etmirlərsə, dünyanın digər hissələrində bunun tam əksi baş verir. İblis orada yaşayan insanları inandırıb ki, həqiqətdə olduğundan daha böyük qüvvəyə malikdir. Bəzi  adamlar şər ruhlardan qorxa-qorxa yaşayırlar. Cinlərin qüdrətli işləri barəsində rəvayətlər geniş yayılıb. İnsanlar belə əhvalatları şövqlə danışır, digərləri cinlərin qüdrətindən heyrətə gəlirlər. Biz də belə hekayələri yaymalıyıqmı? Xeyr, Allahın xidmətçiləri bunu iki mühüm səbəbə görə etmirlər.

20. İnsan özü də bilmədən Şeytanın propaqandasının yayılmasında necə iştirak edə bilər?

20 Birincisi, insan cinlərin «şücaətindən» bəhs edən hekayələri yaymaqla Şeytanın maraqlarına qulluq edir. Bu nə deməkdir? Allahın Kəlamında Şeytanın qüdrətli işlər görməyə qadir olduğu təsdiq olunur. Eyni zamanda bu kitabda deyilir ki, o, bunları «saxta əlamətlər» və yalanla edir (2 Salonikililərə 2:9, 10). Şeytan baş yalançı olduğu üçün cindarlığa meyilli adamların ağlına necə təsir etməyi və onları yalana inandırmağın üsullarını yaxşı  bilir. Ola bilsin, belə adamlar nəyisə gördüklərinə və ya eşitdiklərinə sidqi-ürəkdən inanır və başqalarına danışırlar. Vaxt ötdükcə, bu rəvayətlər dildən-dilə düşərək şişirdilir. Əgər məsihi belə hekayələri yayırsa, onda o, yalanın atası İblisin iradəsini yerinə yetirir. O, Şeytanın propaqandasının təbliğçisinə çevrilir (Yəhya 8:44; 2 Timutiyə 2:16).

21. Söhbətlərimizdə əsas yeri nəyə vermək istəyirik?

21 İkincisi, əgər məsihinin keçmişdə doğrudan da şər ruhlarla əlaqəsi olubsa, o, həmimanlılarını əyləndirmək üçün belə hekayələri təkrar-təkrar danışmamalıdır. Nə üçün? Müqəddəs Kitabda tövsiyə edilir: «Gözümüzü imanımızın Öndəri və kamilləşdirəni İsadan ayırmayaq» (İbranilərə 12:2). Bəli, biz diqqətimizi Şeytana yox, Məsihə cəmləşdirməliyik. Qeyd etmək lazımdır ki, İsa yerdə yaşayanda şər ruhlar barəsində hekayələr danışmaqla şagirdlərini əyləndirmirdi, halbuki Şeytanın qabiliyyətləri barəsində onlara çox şey danışa bilərdi. Əksinə, İsa diqqətini Padşahlıq haqqında xəbərə yönəltmişdi. Biz də İsadan və həvarilərdən nümunə götürərək söhbətlərimizdə əsas yeri «Allahın əzəmətli işləri»nə vermək istəyirik (Həvarilərin işləri 2:11; Luka 8:1; Romalılara 1:11, 12).

22. Göydə sevincin daima davam etməsi üçün biz nə edə bilərik?

22 Bəli, Yehova ilə münasibətimizi məhv etmək üçün Şeytan bir çox hiylələrə, o cümlədən cindarlığa əl atır. Lakin pislikdən ikrah edib, yaxşılığa sarılmaqla biz cindarlığın bütün formalarını qətiyyətlə rədd edir, İblisin əlinə fürsət vermirik. (Efeslilərə 4:27 ayəsini oxu.) Təsəvvür edirsən, İblis yox olana qədər onun hiylələrinə sinə gərsək, göydə necə sevinəcəklər! Bu mübarizədə mətin olsaq, bu sevinc əbədi olacaq (Luka 15:7; Efeslilərə 6:11).

^ abz. 16 Şeytanı xarakterizə edən təsviri adlardan heç biri (Əleyhdar, Böhtançı, Fırıldaqçı, Yoldan Çıxaran, Yalançı) onun insanın ürəyini və zehnini tədqiq etmək qabiliyyətinə malik olduğunu göstərmir. Bunun əksinə olaraq, Müqəddəs Kitabda Yehova haqqında deyilir ki, O, ürəyi araşdırır, İsa Məsihin isə insanın ən gizli fikirlərini və ürəyini tədqiq etdiyi deyilir (Məsəllər 17:3; Vəhy 2:23).

^ abz. 18 Əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 1994-cü il 15 dekabr sayının 19—22 səhifələrindəki «Səhhətin müayinəsində sənin üçün bütün üsullar məqbuldurmu?» adlı məqaləyə (rus.) və «Oyanın!» jurnalının 2001-ci il 8 yanvar sayının «Müqəddəs Kitabın nöqteyi-nəzəri: Tibbi müalicə üsulları — hansını seçirsiniz?» adlı məqaləyə (rus.) bax.

Əlavə məlumat

Sərvaxt ol, Şeytan səni udmaq istəyir!

Şeytanın üç xüsusiyyəti onu xüsusilə təhlükəli düşmən edir.