Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 13

Allaha məqbul olmayan bayram və adətlər

Allaha məqbul olmayan bayram və adətlər

«Rəbbə nəyin məqbul olduğuna daima əmin olun» (EFESLİLƏRƏ 5:10).

1. Yehova Özünə necə adamları cəlb edir və onlar nəyə görə ruhani cəhətdən ayıq olmalıdırlar?

İSA demişdi ki, «Ataya düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır» (Yəhya 4:23). Yehova belə adamları tapanda onları Özünə və Oğluna cəlb edir. Onlardan biri də sənsən (Yəhya 6:44). Bu, necə də böyük şərəfdir! Lakin Müqəddəs Kitab həqiqətini sevənlər «Rəbbə nəyin məqbul olduğuna» daima əmin olmalıdırlar, çünki Şeytan mahir yalançıdır (Efeslilərə 5:10; Vəhy 12:9).

2. Yehova həqiqi dinə yalan qatanlara necə münasibət bəsləyir?

2 Müqəddəs Kitabdan bir nümunəyə baxaq. İsraillilər Sina dağının ətəyində dayananda Harundan onlara allah düzəltməsini tələb etdilər. Harun etiraz etmədən bir qızıl dana düzəltdi və dedi ki, bu dana Yehovanı təmsil edir. O elan etdi: «Sabah Yehovaya həsr olunmuş bayramdır». Görəsən, Yehova həqiqi dinə yalan qatılmasına biganə qaldımı? Xeyr. O, danaya pərəstiş edənlərdən təxminən üç min nəfəri öldürtdürdü (Çıxış 32:1—6, 10, 28). Biz bundan nə öyrənirik? Allahın məhəbbətini itirməmək istəyiriksə, murdar şeylərə toxunmamalıyıq və həqiqəti ləkədən qeyrətlə qorumalıyıq (Əşiya 52:11; Hizqiyal 44:23; Qalatiyalılara 5:9).

3, 4. Ərazimizdə geniş yayılmış adət-ənənələri və bayramları araşdırarkən nə üçün Müqəddəs Kitab prinsiplərinə ciddi diqqət yetirməliyik?

3 Əfsuslar olsun ki, dönüklüyün qarşısını alan həvarilərin ölümündən sonra özünü məsihi adlandırıb, əslində həqiqətə  məhəbbəti olmayanlar baş qaldırdılar. Bu adamlar bütpərəstlərin adət-ənənə, bayram və şənliklərini mənimsəyib onları məsihi mərasimləri kimi qələmə verməyə başladılar (2 Salonikililərə 2:7, 10). Bu bayram və şənlikləri araşdırarkən görəcəksən ki, onlar Allahın yox, dünyanın ruhunu əks etdirir. Ümumiyyətlə bütün bu mərasimlər eyni xüsusiyyətə malikdir: onlar cismani istəkləri təmin edir, «Böyük Babil»dən gələn yalan dini təlimlərin və cindarlığın yayılmasına xidmət edirlər * (Vəhy 18:2—4, 23). Yadda saxla ki, bu gün geniş yayılmış adətlərin çoxu iyrənc bütpərəst dini ayinlərdən əmələ gəlmişdir. Yehova həmin ayinlərin necə və harada yarandığını Öz gözlərilə görüb. Şübhəsiz, belə ayinlərdən gələn adətlər də Yehova üçün iyrəncdir. Məgər Allahın fikri bizim üçün hər şeydən üstün olmamalıdır? (2 Yəhya 6, 7).

4 Biz, həqiqi məsihilər bilirik ki, müəyyən bayram və şənliklər Yehovaya məqbul deyil. Bu mərasimlərə qarışmamaq üçün bizdən böyük qətiyyət tələb olunur. Belə bayramların Yehovaya nə üçün məqbul olmadığını araşdırmaq bizi daha əzmli edəcək. Bu əzm bizə Allahın məhəbbətini qorumağa mane olan cüzi şeylərdən belə qaçmağa kömək edəcək.

YENİ İL VƏ MİLAD BAYRAMI

5. Yeni il bayramının və şam ağacının bəzədilməsi adətinin kökü haradan gəlir?

5 Yeni il bayramı Müqəddəs Kitaba əsaslanmayıb. Bu bayramın kökü qədim Romadan gəlir. Bir ensiklopediyada deyilir ki, Roma imperatoru Yuli Sezar eramızdan əvvəl 46-cı ildə yanvarın birini yeni təqvim ilinin birinci günü təyin etmişdi. Yanvarın birində Romada yalan allah Yanusun şərəfinə bayram qeyd edilirdi. Yanvar ayının adı da Yanusun adından götürülüb. Təsvirlərdə bu allahın bir üzü keçmişə, o biri üzü gələcəyə baxırdı. Romalılar inanırdılar ki, yanvarın birini  şənliklə və bol süfrə arxasında qarşılayanların il boyu güzaranları xoş keçəcək («The World Book Encyclopedia»). Bəs Yeni ildə şam ağacının bəzədilməsi adəti haradan gəlib? Vatikanda dərc olunan bir qəzetdə deyilir ki, qədimdə insanlar bir çox həmişəyaşıl ağacların, məsələn «pirkal, quşqonmaz, dəfnə, küknar və şam ağaclarının budaqlarının sehrli və şəfaverici qüvvəyə malik olduğuna və onları xəstəliklərdən qoruduğuna inanırdılar» («L’Osservatore Romano»). «Yeni Britaniya ensiklopediya»sına əsasən, ağaclara sitayiş Avropadakı bütpərəst xalqlar arasında geniş yayılmışdı. Onlar Şeytanı hürküdüb qaçırtmaq üçün Yeni il günü evlərini həmişəyaşıl ağaclarla bəzəyirdilər. Gördüyümüz kimi, bu adət də bütpərəst ayinlərlə bağlıdır *.

6, 7. a) Milad bayramının kökü haradan gəlir? b) Bayramlarda hədiyyə bağışlamaq adəti ilə məsihilərin hədiyyə verməyi arasında hansı fərq aydın nəzərə çarpır?

6 İsa Məsihin doğum günü kimi qeyd edilən Milad bayramı da Müqəddəs Kitaba yaddır *. Bu bayramın kökü qədim bütpərəst şənliklərinə, məsələn, Romada kənd təsərrüfatı allahı Saturna həsr edilən Saturnaliya bayramına gedib çıxır. Bir ensiklopediyada deyilir ki, Mitra allaha sitayiş edənlərin hesablamalarına görə dekabrın 25-i «məğlubedilməz günəşin doğum günü idi» və onlar bu günü bayram kimi qeyd edirdilər («New Catholic Encyclopedia»). Milad bayramı Romada günəşə sitayişin xüsusilə vüsət aldığı dövrdə — Məsihin ölümündən üç əsr sonra yaranmışdır.

Məsihilər məhəbbətdən irəli gələrək hədiyyə verirlər

7 Bütpərəstlər bayramlarda bir-birinə hədiyyələr verir, ziyafət məclisləri qururdular. Bu adət Yeni il və Milad bayramlarında  da saxlanılmışdır. Nə keçmişdə, nə də indi hədiyyə bağışlamaq adəti 2 Korinflilərə 9:7 ayəsinin ruhunu əks etdirmir. Burada deyilir: «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir». Həqiqi məsihilər hədiyyəni ürəkdən verir, xüsusi bir tarix və verdikləri hədiyyənin əvəzinə hədiyyə alacaqlarını gözləmirlər (Luka 14:12—14; Həvarilərin işləri 20:35 ayəsini oxu). Məsihilər bayram hədiyyəsi almaq, süfrə açmaq üçün vurnuxmur, nahaq yerə borca girmir və özlərini stressdən qoruyurlar. Onlar bu ağır yükdən azad olduqları üçün Yehovaya çox minnətdardırlar (Mətta 11:28—30; Yəhya 8:32).

8. Münəccimlər hədiyyələri İsaya doğum günü münasibəti ilə vermişdilər? İzah et.

8 Kimsə etiraz edə bilər: «Məgər münəccimlər hədiyyələri İsaya doğum günü münasibətilə bağışlamamışdılar?» Xeyr. Keçmişdə görkəmli şəxslərə hədiyyə vermək hörmət əlaməti idi (1 Padşahlar 10:1, 2, 10, 13; Mətta 2:2, 11). Həmin  münəccimlər də məhz bu adətə riayət etmişdilər. Onu da qeyd edək ki, münəccimlər İsanın yanına onun doğulduğu gün gəlməmişdilər. Onlar gələndə İsa axurda yatan körpə deyil, təxminən yaş yarımlıq uşaq idi və evdə yaşayırdı.

MÜQƏDDƏS KİTABDA AD GÜNLƏRİ BARƏSİNDƏ NƏ DEYİLİR?

9. Müqəddəs Kitabda xatırlanan ad günü mərasimləri zamanı nə baş vermişdi?

9 Uşağın dünyaya gəlməsi fərəhli hadisədir, lakin Müqəddəs Kitab Allahın xidmətçilərinin nə vaxtsa öz doğum günlərini qeyd etməsi barəsində heç bir məlumat vermir (Zəbur 127:3). Bəlkə, bu haqda məlumat sadəcə buraxılıb? Xeyr, çünki bu kitabda iki ad günü mərasimindən bəhs edilir. Onlardan biri Misir fironunun, digəri Hirod Antipanın doğum günü mərasimidir.  (Yaradılış 40:20—22; Mark 6:21—29 ayələrini oxu.) Qeyd etmək lazımdır ki, hər iki mərasim, xüsusən ikincisi mənfi tərəfdən işıqlandırılır. Hirod Antipanın ad günündə Vəftizçi Yəhyanın boynu vurulmuşdu.

10, 11. İlk məsihilər ad günü mərasimlərinə necə baxırdılar və nə üçün?

10 Bir ensiklopediyada deyilir ki, «ilk məsihilər ad gününün qeyd edilməsini bütpərəstlik adəti hesab edirdilər» («The World Book Encyclopedia»). Qədim yunanlar inanırdılar ki, hər bir insanı müdafiə edən ruh var. Bu ruh insan doğulanda onun yanında olur və ömrü boyu onun keşiyini çəkir. Bir kitabda deyilir ki, guya bu ruh «insan hansı allahın ad günündə doğulurdusa, həmin allahla xariqüladə şəkildə əlaqədə idi» («The Lore of Birthdays»). Ad günləri ta qədimdən astrologiya və ulduz falı ilə də bağlıdır.

11 Allahın keçmişdə yaşamış xidmətçiləri ad günü mərasimlərini yalnız bütpərəstlik və cindarlıqla bağlılığına görə rədd etmirdilər. Bu təvazökar, sadə adamlar özlərinin dünyaya gəlişində bayram ediləsi bir şey görmürdülər * (Mikə 6:8; Luka 9:48). Əksinə, onlar Yehovanı şərəfləndirir və misilsiz həyat bəxşişi üçün Ona minnətdarlıq bildirirdilər * (Zəbur 8:3, 4; 36:9; Vəhy 4:11).

12. İnsanın ölüm günü doğum günündən hansı mənada yaxşıdır?

12 Vəfat edən sədaqətli insan Allahın yaddaşında qalır. Allah onun gələcəyinə zəmanət verir (Əyyub 14:14, 15). Vaiz 7:1 ayəsində deyilir: «Yaxşı ad əla yağdan, ölüm günü də doğum günündən yaxşıdır». «Yaxşı ad» Allaha sədaqətlə xidmət etməyin sayəsində qazanılır. Qeyd etmək lazımdır ki, məsihilərə yeganə  hadisəni — İsa Məsihin doğum gününü deyil, ölüm gününü qeyd etmək buyrulub. İsanın sahib olduğu üstün ad bizə xilas gətirir (İbranilərə 1:3, 4; Luka 22:17—20).

PASXA DONU GEYDİRİLMİŞ MƏHSULDARLIQ BAYRAMI

13, 14. Xristian Pasxasının kökü hara gedib çıxır?

13 Məsihin dirilməsi günü kimi qələmə verilən xristian Pasxa bayramının kökü əslində yalan dindən gəlir. Bəzi ölkələrdə bu bayramın şəninə yumurta boyadılır və kuliç adlanan şirin çörək bişirilir. Bir ensiklopediyada deyilir ki, yumurta «yeni həyat və dirilmənin rəmzi hesab edilirdi», digər ensiklopediyada isə deyilir ki, kuliç fallik (cinsiyyət orqanı) simvol idi. Deməli, Məsihin dirilməsi donu geydirilmiş Pasxa əslində bütpərəst məhsuldarlıq mərasimidir * («Encyclopædia Britannica» və «Религии мира» ensiklopediyaları).

14 Sizcə, Yehova Öz Oğlunun dirilməsini qeyd etmək üçün iyrənc nəsilartırma ayinlərini qəbul edərdi? Əsla! (2 Korinflilərə 6:17, 18). Əvvəla, Müqəddəs Kitabda İsanın dirilməsini qeyd etmək göstərişi verilmir. Üstəlik, Məsihin adından istifadə edib bütpərəst bayramı qeyd etmək Allaha qarşı böyük xəyanətdir.

BÜTPƏRƏSTLİKDƏN GƏLƏN DAHA BİR BAYRAM

15. a) Novruz bayramının kökü haradan gəlir? b) Müasir bayramlarda keçmişin bütpərəst ayinlərini necə görmək olar? Haşiyəyə bax.

15 Baharın gəlişi münasibətilə qeyd edilən Novruz bayramı haqqında nə demək olar? Alimlərin fikrincə, bu bayramın tarixi qədim Mesopotamiyadan başlayır. Bu bayram insanın təbiət qüvvələrinə sitayişini xarakterizə edirdi. Novruz sonralar Zərdüştlükdə özünə yer tapmışdı. Atəşpərəstlərin yeddi əsas bayramından biri olan Novruz yaz gecə-gündüz bərabərliyindən  əvvəlki gecəyə təsadüf edir, qışın sonu, yazın başlanğıcı və əcdadların ruhunun yad edilməsi ilə bağlı idi (E. A. Doroşenko, «Zərdüştlər İranda»). Bir Britaniya alimi qeyd edir ki, zərdüştlükdə bu bayram, həmçinin onların güc və qüvvə mənbəyi hesab edib sitayiş etdikləri odla əlaqəli idi. Qədim Azərbaycan ərazisində Novruz günü məbədlərdə oda sitayiş mərasimləri keçirilərdi (M. Boys, «Zərdüştlər. Etiqad və adətləri»). Evlərin damında məşəl, həyətlərdə tonqal, süfrələrdə şam yandırılardı. Zərdüştlərin bir çox başqa adətləri də günümüzə qədər saxlanılmışdır *.

TOYUNUZU YALAN ADƏTLƏRLƏ LƏKƏLƏMƏYİN

16, 17. a) Evlənməyə hazırlaşan məsihilər nəyə görə ərazilərində qəbul edilmiş adətlərə Müqəddəs Kitab prinsipləri prizmasından baxmalıdırlar? b) Güzgü tutmaq və digər adətlərlə bağlı məsihilər nəyi bilməlidirlər?

16 Bir azdan «bəy-gəlin səsi... [Böyük Babildə] eşidilməyəcək» (Vəhy 18:23). Çünki Böyük Babil başqa əməllərlə yanaşı, cindarlıqla bağlı adətlərin də mənbəyidir. Belə adətlər isə nikahı artıq toy günündə ləkələyə bilər (Mark 10:6—9).

17 Hər ölkənin toyla bağlı öz adət-ənənələri var. İlk baxışdan zərərsiz görünən bəzi adətlərin kökü Babil ayinlərinə gedib çıxır. Babillilər hesab edirdilər ki, müəyyən ayinlərin icrası bəylə gəlinə və qonaqlara uğur gətirəcək (Əşiya 65:11). Bu ayinlərdən biri bəxt güzgüsünü xətərdən qorumaq adətidir.  «Azərbaycan Toyu» kitabında deyilir ki, «güzgü onun önündə aparıldıqda... [gəlin] “cəmi-xəta bəladan, bədnəzərdən” qorunur... Su ilə yanaşı işıqlı gələcək, saflıq, duruluq və aydınlıq rəmzi sayılan güzgü uzun zaman ilahi əhəmiyyətə malik olmuşdur... Dədə-babalarımız “güzgü çatdağı qəbul etməz, onun sınması bədbəxtlik gətirər” demiş və inanmışlar ki, toy günü bu güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar, ya qız ölər, ya oğlan». Buradan aydın görünür ki, Allahın məhəbbətini qorumaq istəyənlər yalan dini inanclarla ləkələnmiş adətləri icra etməməlidirlər. (2 Korinflilərə 6:14—18 ayələrini oxu.)

18. Bəylə gəlin və qonaqlar Müqəddəs Kitabdan hansı prinsiplərə diqqət yetirməlidirlər?

18 Yehovanın xidmətçiləri məsihi toylarını ləyaqətsiz edən və başqalarının vicdanını ləkələyən adətlərdən çəkinirlər. Məsələn, onlar toyda söz alıb şit, abırsız, kinayəli sözlər söyləmirlər, bəylə gəlini və qonaqları xəcalətli edən zarafatlar etmirlər (Məsəllər 26:18, 19; Luka 6:31; 10:27). Onlar məsihi təvazökarlığına uyuşmayan həddən ziyadə böyük dəm-dəsgah, təmtəraqlı məclis qurmur, lovğalanmırlar (1 Yəhya 2:16). Yehova istəyir ki, Onun xidmətçiləri əlamətdar gün olan toy gününü peşmançılıqla yox, sevinclə xatırlasınlar *.

SAĞLIQ SÖYLƏMƏK ADƏTİ DİNİ MƏRASİMDİR?

19, 20. Bir kitabda sağlıq demək adətinin kökləri barəsində nə deyilir və nəyə görə məsihilər bu adəti icra etmirlər?

19 Toy mərasimlərində və digər məclislərdə badə qaldırıb sağlıq söyləmək geniş yayılıb. Bir kitabda belə deyilir: «Sağlıq söyləmək adəti... çox güman, qədim qurbanlıq ayinlərindən qalıb. İnsanlar allahlara müqəddəs içki təqdim edirdilər, əvəzində arzularına çatacaqlarına ümid edir, “uzun ömür!” və ya “sənin sağlığına!” sözləri ilə dua edirdilər» («The 1995 International Handbook on Alcohol and Culture»).

20 Düzdür, bu gün insanların çoxu sağlıq deməyin dini və  ya mövhumi bir adət olduğunu heç ağıllarına da gətirmirlər. Lakin badə qaldırmaq adəti «göydən» — fövqəlbəşər qüvvədən xeyir-dua diləməyi bildirir. Allahdan bu yolla nə isə təvəqqe etmək Müqəddəs Kitaba uyğun deyil (Yəhya 14:6; 16:23) *.

«EY YEHOVANI SEVƏNLƏR, PİSLİYƏ NİFRƏT EDİN!»

21. Məsihilər dinlə bağlılığı olmayan hansı populyar kütləvi mərasimlərdə iştirak etmirlər və nə üçün?

21 Bəzi ölkələrdə hər il karnaval şənlikləri keçirilir. Bu karnavalların səciyyəvi atributu pozğun rəqslərdir, orada həmçinin homoseksual və lesbian həyat tərzi mədh edilir. Belə karnavallar bütün dünyada sürətlə aşağı düşən əxlaq normalarını əks etdirir, birbaşa və ya dolayısı ilə Böyük Babil tərəfindən dəstəklənir. Yehovanı sevən adama belə karnavallarda iştirak və ya ona tamaşa etmək heç yaraşar? Səncə, bu onun həqiqətən də pisliyə nifrət etdiyini göstərəcək? (Zəbur 1:1, 2; 97:10). «Qoyma gözüm fani şeylərə baxsın» deyə dua edən məzmurçunun əhval-ruhiyyəsi necə də təqdirəlayiqdir! (Zəbur 119:37).

22. Məsihi hər hansı bir şənlikdə iştirak edib-etməməyə vicdanı əsasında nə vaxt qərar verə bilər?

22 Bayram günlərində məsihinin davranışı elə olmalıdır ki, ətrafdakılarda onun da bu şənlikdə iştirak etdiyi təəssüratı oyanmasın. Həvari Bulus demişdi: «İstər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 Korinflilərə 10:31; 158 və 159-cu səhifədəki « Müdrik qərarları necə qəbul edim?» adlı çərçivəyə bax). Digər tərəfdən əgər hər hansı bir adət və şənlik dini məna kəsb etmir, siyasi, yaxud milli bayrama aid deyil və Müqəddəs Kitabın heç bir prinsipini pozmursa, məsihi belə mərasimdə iştirak edib-etməyəcəyini özü qərarlaşdırmalıdır. Amma qərar qəbul edərkən o, başqalarının da hisslərini nəzərə almalı, heç kimin imanına xələl vurmamalıdır.

 ALLAHI SÖZDƏ VƏ ƏMƏLDƏ ŞƏRƏFLƏNDİRİN

23, 24. Biz Yehovanın adil normaları haqqında necə şahidlik edə bilərik?

23 Bir çoxları bayram günlərinə ailə və dostları ilə birlikdə yığışmaq üçün əla bir fürsət kimi baxırlar. Kimsə səhvən bizim Müqəddəs Kitaba əsaslanan mövqeyimizin çox sərt olduğunu düşünürsə, biz nəzakətlə izah edə bilərik ki, Yehovanın Şahidləri öz ailələrini və dostlarını çox sevir, sağlam ünsiyyəti qiymətləndirirlər (Məsəllər 11:25; Vaiz 3:12, 13; 2 Korinflilərə 9:7). Biz əzizlərimizlə il boyu ünsiyyətdən həzz alırıq, lakin Allaha və Onun saleh prinsiplərinə olan məhəbbətdən irəli gələrək bu xoş anları Allahı təhqir edən adət və ayinlərlə ləkələmək istəmirik. (156-cı səhifədəki « Həqiqi ibadət böyük sevinc mənbəyidir» adlı çərçivəyə bax.)

24 Bəzi məsihilər səmimi insanlarla söhbətdə «Müqəddəs Kitab əslində nə öyrədir?» * kitabının 16-cı fəslindən müvəffəqiyyətlə istifadə edirlər. Sən də belə söhbətlər zamanı hörmətcil, mülayim ol, qoy sözlərin həmişə duzlu, ürəkaçan olsun (Koloslulara 4:6). Unutma ki, bizim məqsədimiz mübahisələrdə qalib gəlmək deyil, insanların ürəyini qazanmaqdır.

25, 26. Valideynlər uşaqlarının imanını və Yehovaya olan məhəbbətini necə möhkəmləndirə bilərlər?

25 Yehova Öz xidmətçilərinə yaxşı təlim verir. Biz nəyə və nə üçün inandığımızı və nələrdən çəkinməyin vacibliyini yaxşı bilirik (İbranilərə 5:14). Ona görə də, əziz atalar və analar, uşaqlarınıza Müqəddəs Kitab prinsipləri üzərində düşünməyi öyrədin. Bu yolla siz onların imanını möhkəmləndirir və onları Allahın məhəbbətinə əmin edirsiniz. Bunun sayəsində uşaqlarınız Müqəddəs Kitab vasitəsilə etiqadlarını müdafiə etməyi bacaracaqlar (Əşiya 48:17, 18; 1 Butrus 3:15).

26 Yehovaya «ruha və həqiqətə uyğun» ibadət edənlər nəinki Müqəddəs Kitaba zidd bayramları qeyd etmir, həmçinin həyatın hər bir sahəsində dürüst olmağa çalışırlar (Yəhya 4:23). Bu gün bir çoxlarına dürüstlük əl vermir. Ancaq növbəti fəsildən Allahın normalarının həmişə faydalı olduğunu görəcəyik.

^ abz. 3 148 və 149-cu səhifədəki «Bu bayramda iştirak edim-etməyim?» adlı çərçivəyə bax. Konkret bayram və şənliklərlə bağlı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Gözətçi qülləsi nəşrlərinin indeksi»nə müraciət etmək olar.

^ abz. 5 Yeni il bayramının və şam ağacının bəzədilməsi adətinin kökü barəsində ətraflı məlumatı «Gözətçi qülləsi»nin 2006-cı il 1 yanvar sayının 4—8 səhifələrində tapmaq olar.

^ abz. 6 Müqəddəs Kitab xronologiyası və dünya tarixinə əsasən, İsa çox güman ki, eramızdan əvvəl 2-ci ildə müasir təqvimin sentyabr-oktyabr aylarına düşən yəhudilərin etanim ayında anadan olmuşdu. (Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının 2-ci cild, 56 və 57-ci səhifəsinə (ing.) bax.)

^ abz. 11 150-ci səhifədəki «Bayramlar və Şeytana pərəstiş» adlı çərçivəyə bax.

^ abz. 11 Musanın Qanununa görə, qadın doğandan sonra Allaha günah qurbanı təqdim etməli idi (Lavililər 12:1—8). Bu tələb israillilərə günahın valideynlərdən övlada keçdiyini xatırladır və onlara uşağın dünyaya gəlməsinə tarazlı yanaşmağa kömək edirdi. Çox güman ki, bunun sayəsində israillilər başqa xalqlardan ad günü ilə bağlı ayinləri mənimsəmirdilər (Zəbur 51:5).

^ abz. 13 Katoliklərin qeyd etdikləri Pasxa anqlo-saksonlarda məhsuldarlıq ilahəsi olan Eostre (və ya Eastre) ilə bağlıdır. Maraqlıdır ki, ingilis dilində Pasxa bayramının (Easter) adı bu ilahənin adından götürülüb. «Mifoloji lüğət»ə əsasən, «bu ilahənin ayda yumurta sevən dovşanı var idi. Bəzən bu ilahə dovşan başı ilə təsvir olunurdu».

^ abz. 15 Küpəgirən qarıları, cinləri, xortdanları və digər dekorasiyaları ilə məşhur olan və oktyabrın 31-i qeyd edilən Hellouin bayramı qərbdə geniş yayılmışdır. Keçmişdə kelt tayfaları noyabrın 1-nə yaxın bədr gecəsində Samhein adlanan bayramı qeyd edirdilər. Onların inancına görə, bu gecədə insan və ruhlar aləmi arasındakı pərdə götürülür, xeyir və şər ruhları yer üzünü dolaşır, ölülərin ruhu evlərinə qayıdırdı. Ona görə də qohumlar «o dünyadan» gəlmiş qonaqlarının qəzəbini soyutmaq üçün evdə yemək və içki qoyurdular. Bu gün qərbdə Hellouin bayramı zamanı uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirni yığır, ev sahibləri heç nə verməyəndə onlara hədə-qorxu gəlirlər. Bu bayramın iştirakçıları qədim Samhein ayinlərini icra etdiklərini heç ağıllarına da gətirmirlər.

^ abz. 18 «Gözətçi qülləsi»nin 2006-cı il 1 noyabr sayının 8—1217—21 səhifələrindəki toya və dostluq görüşlərinə həsr edilmiş məqalələrə bax.

^ abz. 20 «Gözətçi qülləsi»nin 2007-ci il 15 fevral sayının 30 və 31-ci səhifəsinə (rus.) bax.

^ abz. 24 Yehovanın Şahidləri tərəfindən dərc edilib.

Əlavə məlumat

Padşah öz xalqını ruhani cəhətdən saflaşdırır

Milad bayramı və xaçdan istifadənin ortaq cəhəti nə idi?