Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

«Allahın məhəbbətindən ayrılmayın»

 FƏSİL 6

Allaha məqbul əyləncəni necə seçə bilərik?

Allaha məqbul əyləncəni necə seçə bilərik?

«Hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 KORİNFLİLƏRƏ 10:31).

1, 2. Əyləncə ilə bağlı hər birimiz hansı seçimi etməliyik?

TƏSƏVVÜR ET Kİ, dadlı bir meyvəni yemək istəyirsən. Amma görürsən ki, meyvənin bir hissəsi çürükdür. Belə halda nə edərdin? Meyvəni çürük hissəsi qarışıq bütöv yemək olar, onu tullamaq da olar, çürük yerini kəsib qalanını yemək də olar. Bəs sən hansı variantı seçərdin?

2 Əyləncəni də bir növ belə meyvə ilə müqayisə etmək olar. Hərdən adam dincəlmək istəyir, amma bu gün dünyada populyar əyləncə növlərinin çoxu əxlaqi cəhətdən pozğun, «çürükdür». Belə vəziyyətdə nə etməli? Bəziləri pis şeylərə göz yumur və bu dünyanın təklif etdiyi istənilən əyləncəni qəbul edirlər. Digərləri əyləncələrdən tamamilə imtina edib özlərini cüzi zərərdən belə qorumaq istəyirlər. Bir başqaları isə zərərli əyləncələrdən cidd-cəhdlə qaçırlar, amma hərdənbir nisbətən zərərsiz əyləncələrlə əylənirlər. Bəs Allahın məhəbbətini itirməmək üçün hansı seçimi etmək lazımdır?

3. Biz hansı məsələni nəzərdən keçirəcəyik?

3 Əksəriyyətimiz üçüncü variantı seçərdik. Biz istirahətin lazım olduğunu başa düşürük. Bununla belə, yalnız əxlaqi cəhətdən sağlam əyləncələri seçməliyik.  Buna görə də nəyin faydalı, nəyin zərərli olduğunu müəyyənləşdirməliyik. İlk növbədə, gəlin seçdiyimiz əyləncənin ibadətimizə necə təsir etdiyini nəzərdən keçirək.

HƏR ŞEYİ ELƏ ET Kİ, ALLAH ŞƏRƏFLƏNSİN

4. Allaha həsr olunmağımız əyləncə seçiminə necə təsir göstərməlidir?

4 1946-cı ildə vəftiz olunmuş Yehovanın qocaman bir şahidi belə demişdi: «Mən hər vəftiz məruzəsində iştirak etməyi və diqqətlə dinləməyi özümə adət etmişəm, sanki, mən də vəftiz olunacağam». Nə üçün? Qardaş izah edir: «Allaha həsr olunduğumu yaddaşımda daima təzələmək mənə sadiq qalmaqda çox kömək edir». Bu sözlərlə razılaşmamaq olmur. Hər birimiz Yehovaya söz vermişik ki, həyatımızı Ona xidmətə sərf edəcəyik. Verdiyimiz bu vədi özümüzə vaxtaşırı xatırlatmaq bizi dözümlü olmağa təşviq edir. (Vaiz 5:4 ayəsini oxu.) Doğrudan da, Allaha həsr olunmağın mənası üzərində düşünmək, yalnız ibadətə deyil, həyatın bütün sahələrinə, o cümlədən əyləncəyə münasibətimizə təsir edəcək. Həvari Bulus öz dövrünün məsihilərinə yazdığı məktubda bu həqiqəti belə vurğulayır: «İstər yeyəndə,  içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 Korinflilərə 10:31).

5. Lavililər 22:18—20 ayələri Romalılara 12:1 ayəsindəki xəbərdarlığı başa düşməyə necə kömək edir?

5 Həyatda atdığımız hər bir addım istər-istəməz Yehovaya ibadətimizlə əlaqəlidir. Bulus bu həqiqəti Romadakı həmimanlılarına çatdırmaq üçün onlara yazdığı məktubda çox güclü bir ifadə işlətmişdi. Bulus onları sövq edirdi: «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş olacaqsınız» (Romalılara 12:1). Bədənə ağıl, qəlb və güc daxildir. Bunların hamısını Allaha xidmətdə istifadə edirik (Mark 12:30). Bulus bu cür can-dildən edilən xidməti qurban adlandırır. Buradakı qurban sözündə eyni zamanda üstüörtülü xəbərdarlıq var. Musanın Qanununa görə, Allah qüsurlu heyvanlardan gətirilmiş qurbanı qəbul etmirdi (Lavililər 22:18—20). Eynilə, məsihinin ruhani qurbanı da qüsurludursa, Allah onu qəbul etməyəcək. Məsihinin qurbanı necə qüsurlu ola bilər?

6, 7. Məsihi bədənini necə ləkələyə bilər və bunun nəticəsi nə ola bilər?

6 Bulus Romadakı məsihilərə tövsiyə edirdi: «Bədəninizi haqsızlıq silahı kimi günaha təqdim etməyin». Bulus onlara həmçinin cismani əməlləri öldürməyi tapşırmışdı (Romalılara 6:12—14; 8:13). Həmin məktubun əvvəlində o, cismani əməllərin bəzilərini sadalamışdı. Həvari günahlı bəşəriyyət barəsində belə yazırdı: «Ağızları lənətlə doludur». «Ayaqları qan tökməyə tələsir». «Onların gözündə Allah qorxusu yoxdur» («Müqəddəs Kitab şirkəti», 2009) (Romalılara 3:13—18). Məsihi bədən üzvləri ilə bu cür qəbahətli işlər etsə, bədənini qüsurlu edər. Məsələn, məsihi bu gün bilərəkdən pornoqrafiya  və ya vəhşi zorakılıq kimi pozğun materiala baxırsa, gözlərini günaha təqdim edir və bununla bədənini büsbütün ləkələyir. Onun ibadəti artıq müqəddəs və Allaha məqbul qurban sayılmır (Qanunun təkrarı 15:21; 1 Butrus 1:14—16; 2 Butrus 3:11). Zərərli əyləncə məsihiyə çox baha başa gəlir!

7 Buradan görünür ki, məsihi əyləncə seçiminə çox ciddi yanaşmalıdır. Biz istəyirik ki, seçdiyimiz əyləncə Allaha gətirdiyimiz qurbanı ləkələməsin, əksinə, onu bəzəsin. İndi isə gəl nəyin sağlam, nəyin zərərli olduğunu müzakirə edək.

PİSLİKDƏN İKRAH ET

8, 9. a) Əyləncələri hansı iki kateqoriyaya bölmək olar? b) Biz hansı əyləncələri rədd edirik və nə üçün?

8 Ümumiyyətlə, əyləncələri iki kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya daxil olan əyləncələri bütün məsihilər qətiyyətlə rədd edirlər. Digər kateqoriyaya isə bəzi məsihilərin məqbul, bəzilərinin isə qeyri-məqbul saydıqları əyləncələr daxildir. Gəl əvvəlcə birinci kateqoriyanı, yəni məsihilərin rədd etdikləri əyləncələri nəzərdən keçirək.

9 Birinci fəsildə qeyd edildiyi kimi, elə əyləncələr var ki, orada Müqəddəs Kitabın birmənalı şəkildə ittiham etdiyi işlər təqdim edilir. Misal üçün, zorakılıq, şeytani əməllər, pornoqrafiya və iyrənc, əxlaqsız işlər tərənnüm etdirən musiqi, İnternet səhifələri, kinofilmlər və televiziya verilişlərini götürək. Həqiqi məsihilər Müqəddəs Kitab prinsip və qanunlarına zidd gedən əməlləri yaxşı bir şey kimi qələmə verən bu cür pozğun əyləncə növlərini rədd etməlidirlər (Həvarilərin işləri 15:28, 29; 1 Korinflilərə 6:9, 10; Vəhy 21:8). Belə zərərli  əyləncələri rədd etməklə sən həqiqətən də pislikdən ikrah etdiyini və daima şərdən çəkindiyini Yehovaya göstərirsən. Bu yolla sən riyasız imana sahib olursan (Romalılara 12:9; Zəbur 34:14; 1 Timutiyə 1:5).

10. Əyləncə ilə bağlı hansı fikir təhlükəlidir və nəyə görə?

10 Amma bəziləri düşünür ki, əxlaqsızlıq nümayiş etdirilən əyləncələrin heç bir zərəri yoxdur. Onlar deyə bilərlər: «Belə şeyləri göstərən filmlərə və televiziya verilişlərinə baxsam da, özüm ömrümdə belə şey etmərəm». Bu cür düşünmək son dərəcə yanlış və təhlükəlidir. (Ərəmya 17:9 ayəsini oxu.) Əgər Yehovanın ittiham etdiyi şeylər bizi əyləndirirsə, onda demək olarmı ki, biz pislikdən ikrah edirik? Zərərli əyləncələrə aludə olsaq, hissiyyatımız kütləşəcək (Zəbur 119:70; 1 Timutiyə 4:1, 2). Belə vərdiş digərlərinin qəbahətli əməllərinə olan münasibətimizə, eləcə də öz əməllərimizə təsir göstərə bilər.

11. Qalatiyalılara 6:7 ayəsinin əyləncə seçiminə hansı aidiyyəti var?

11 Bu tora çox adam düşüb. Bəzi məsihilər tez-tez baxdıqları səhnələrin təsiri altında əxlaqsızlığa yol vermişlər. Yalnız başları daşdan-daşa dəyəndən sonra onlar dərk ediblər ki, «insan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7). Lakin belə bir aqibətdən qaçınmaq olar. Əgər ağlına sağlam şeylər əkirsənsə, onda həyatında da sevinclə xeyirli şeylər biçəcəksən. (67-ci səhifədəki « Hansı əyləncəni seçim?» adlı çərçivəyə bax.)

MÜQƏDDƏS KİTABA ƏSASLANMIŞ ŞƏXSİ QƏRARLAR

12. Qalatiyalılara 6:5 ayəsi əyləncə seçimi ilə necə bağlıdır və şəxsi qərarlar vermək üçün köməyi haradan ala bilərik?

12 İndi ikinci kateqoriyanı — Allahın Kəlamında nə birbaşa ittiham edilən, nə də təriflənən əməllərdən  ibarət əyləncələri nəzərdən keçirək. Burada məsihi özü üçün nəyin yararlı, nəyin yararsız olduğunu şəxsən qərarlaşdırmalıdır. (Qalatiyalılara 6:5 ayəsini oxu.) Müqəddəs Kitab bu məsələdə də köməyimizə çatır. Allahın Kəlamında Yehovanın düşüncə tərzini dərk etməyə kömək edən prinsiplər, yəni fundamental həqiqətlər vardır. Bu prinsipləri nəzərə almaqla biz hər şeydə, o cümlədən əyləncə seçimində də Yehovanın iradəsini qavrayacağıq (Efeslilərə 5:17).

13. Yehovanın bəyənmədiyi əyləncə növlərindən uzaq durmağa bizə nə kömək edəcək?

 13 Əlbəttə, məsihilərin hamısında əxlaq məsələlərində qavrayış və ya anlayış eyni dərəcədə inkişaf etməyib (Filippililərə 1:9). Bundan əlavə, məsihilər başa düşürlər ki, zövq müxtəlifliyi əyləncəyə də aiddir. Buna görə də onlar hamının eyni qərar qəbul edəcəyini gözləmirlər. Bununla belə, Allahın prinsiplərinin ürəyimizə və ağlımıza təsir etməsinə nə qədər çox yol veririksə, Yehovanın bəyənmədiyi əyləncə növlərindən uzaq durmağa bir o qədər qətiyyətli olacağıq (Zəbur 119:11, 129; 1 Butrus 2:16).

14. a) Əyləncə seçərkən hansı amili nəzərdən qaçırmamalıyıq? b) Nəyin sayəsində Padşahlığın maraqlarını həyatda hər şeydən üstün tuta bilərik?

14 Əyləncə seçərkən çox vacib bir amili — vaxtı da nəzərdən qaçırmamalıyıq. Seçdiyin əyləncə nəyi məqbul hesab etdiyini üzə çıxarır. Əyləncəyə sərf etdiyin vaxt isə sənin üçün nəyin birinci yerdə durduğunu göstərir. Sözsüz, məsihilər üçün ən vacibi ruhani işlərdir. (Mətta 6:33 ayəsini oxu.) Elə isə, Padşahlığın maraqlarını həyatında hər şeydən üstün tutub-tutmadığını necə bilə bilərsən? Həvari Bulus deyirdi: «Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin və... vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16). Bəli, əyləncəyə ayırdığın vaxta hədd qoysan, ruhani rifahına kömək edən daha vacib şeylər üçün vaxtın qalacaq (Filippililərə 1:10).

15. Əyləncə seçərkən nəyə görə son dərəcə ehtiyatlı olmaq lazımdır?

15 Yaxşı olardı ki, əyləncə seçərkən ehtiyatı əldən buraxmayaq. Bu, nə deməkdir? Yenidən yuxarıdakı meyvə misalına qayıdaq. Meyvənin çürük hissəsini təsadüfən yeməmək üçün onun ətrafını da kəsib  götürürlər. Bu prinsipi əyləncə seçiminə də tətbiq etmək olar. Müdrik məsihi yalnız Müqəddəs Kitab prinsiplərinə açıq-aydın zidd gedən əyləncələrdən uzaq durmur, həmçinin şübhəli, özünə ruhani cəhətdən zərərli elementləri daxil edən əyləncələri də rədd edir (Məsəllər 4:25—27). Allahın Kəlamındakı məsləhətlərə cidd-cəhdlə əməl etməklə biz özümüzü zərərli əyləncələrdən qoruyacağıq.

PAK ŞEYLƏRİ DÜŞÜN

Əyləncə seçimində Müqəddəs Kitab prinsiplərinə əməl etmək bizi ruhani zərərdən qoruyur

16. a) Əxlaq məsələlərinə Yehovanın gözü ilə baxdığımızı necə göstərə bilərik? b) Müqəddəs Kitab prinsiplərini həmişə tətbiq etməkdə sənə nə kömək edəcək?

16 Əyləncə seçərkən məsihilər ilk növbədə Yehovanın baxışlarını nəzərə alırlar. Müqəddəs Kitabda Yehovanın hissləri, həmçinin normaları açıqlanır. Misal üçün, Süleyman padşah Yehovanın zəhləsi getdiyi bir neçə şeyi sadalayır: «Yalan danışan dil, günahsız qan tökən əllər, fitnə quran ürək, şər üçün tələsən ayaq» (Məsəllər 6:16—19). Yehovanın belə şeylərə münasibəti sənə necə təsir etməlidir? Məzmurçu oxuyur: «Ey Yehovanı sevənlər, pisliyə nifrət edin!» (Zəbur 97:10). Yehovanın nifrət etdiyi şeylərə sənin də nifrət etməyin əyləncə seçimindən bəlli olmalıdır (Qalatiyalılara 5:19—21). Unutma ki, aşkarda gördüyün işlərdən  çox, təklikdə gördüyün işlər əslində necə insan olduğunu üzə çıxarır (Zəbur 11:4; 16:8). Əgər sən həyatının bütün sahələrində Yehovanın əxlaq məsələlərinə münasibətini əks etdirməyi ürəkdən istəyirsənsə, qəbul etdiyin qərarlar həmişə Müqəddəs Kitaba əsaslanacaq. Bu, sənin həyat yolun olacaq (2 Korinflilərə 3:18).

17. Hər hansı bir əyləncəni seçməzdən əvvəl özümüzdən nəyi soruşmalıyıq?

17 Əyləncə seçimində Yehovanın düşüncə tərzinə uyğun hərəkət etdiyinə daha necə əmin ola bilərsən? Özündən soruş: «Bu, mənə və Allahla münasibətimə necə təsir edəcək?» Məsələn, hər hansı bir filmə baxmazdan əvvəl düşün: «Bu filmin məzmunu vicdanıma necə təsir göstərəcək?» Gəl bu məsələ ilə bağlı bir neçə prinsipi nəzərdən keçirək.

18, 19. a) Filippililərə 4:8 ayəsindəki prinsipin köməyilə seçdiyimiz əyləncənin Allaha məqbul olub-olmadığını necə müəyyənləşdirmək olar? b) Sağlam əyləncə seçimində daha hansı prinsiplər bizə kömək edə bilər? (Haşiyəyə bax.)

18 Əsas prinsiplərdən biri Filippililərə 4:8 ayəsində yazılıb: «Doğru, vacib, saleh, pak, sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, bunlar haqda düşünün». Düzdür, Bulus burada əyləncədən yox, qəlbimizdəki düşüncələrdən danışırdı və deyirdi ki, onlar Yehovanın bəyəndiyi şeylərə cəmlənməlidir (Zəbur 19:14). Lakin Bulusun sözlərini əyləncələrə də aid etmək olar. Necə?

19 Özündən soruş: «Baxdığım filmlər, kompüter oyunları, dinlədiyim musiqi və digər əyləncə növləri zehnimi “pak” şeylərlə doldurur? Misal üçün, filmə baxandan sonra yaddaşımda hansı səhnələr qalır?» Əgər bunlar təmiz və xoş səhnələrdirsə, onda demək  olar ki, bu film zərərsizdir. Yox, əgər onlar səni natəmiz şeylər haqqında düşünməyə təhrik edirsə, deməli, bu, zərərli əyləncədir (Mətta 12:33; Mark 7:20—23). Çünki natəmiz düşüncələr qəlb rahatlığını pozur, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanı qabalaşdırır. Bu cür düşüncələr hətta Allahla münasibəti dağıda bilər (Efeslilərə 5:5; 1 Timutiyə 1:5, 19). Bu növ əyləncə məsihiyə pis təsir göstərdiyindən onu qətiyyətlə rədd etmək lazımdır * (Romalılara 12:2). Yehovaya dua edən məzmurçu kimi ol: «Qoyma gözüm puç şeylərə baxsın» (Zəbur 119:37).

BAŞQALARININ XEYRİNİ DÜŞÜN

20, 21. 1 Korinflilərə 10:23, 24 ayələri Allaha məqbul əyləncə seçimi ilə necə bağlıdır?

20 Şəxsi qərar qəbul edərkən Bulusun yazdığı daha bir prinsipi nəzərə almaq çox vacibdir. O demişdi: «Hər şeyə izin var, ancaq hər şey insanı ruhən möhkəmləndirmir. Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:23, 24). Bu prinsipin əyləncə seçiminə nə dəxli var? Özündən soruş: «Seçdiyim əyləncə başqalarına necə təsir göstərəcək?»

21 Sənin vicdanın sənə məqbul görünən əyləncə ilə əylənməyə yol verir. Lakin başqa həmimanlılarına bu əyləncə məqbul deyilsə, sən bu əyləncədən imtina etməyi qərara ala bilərsən. Çünki sən qardaşlarına qarşı günah etmək, yəni Allaha sadiq qalmaqda həmimanlılarına maneə törətmək istəmirsən. Yoxsa Bulusun dediyi kimi, «Məsihə qarşı» günah işlədərdin. Sən  heç kim üçün iman yolunda maneə olmaq istəmirsən (1 Korinflilərə 8:12; 10:32). Bu gün məsihilər Bulusun müdrik məsləhətinə əməl edib izin verilən, lakin ruhən möhkəmləndirməyən əyləncələrdən uzaq dururlar (Romalılara 14:1; 15:1).

22. Vicdan məsələlərində öz istəklərimizin yerinə yetirilməsinə nə üçün təkid etməməliyik?

22 Ancaq başqalarının xeyrini düşünməyin digər bir tərəfi də var. Vicdanı çox şeyi qadağan edən məsihi əyləncə seçimində öz məhdud baxışlarını bacı-qardaşlarına təlqin etməməlidir. O, belə etsə, şossedə başqa sürücülərdən maşınlarını özünün getdiyi sürətlə sürməyi tələb edən sürücüyə bənzəyər. Bu, ağlasığmaz tələbdir. Bu cür vicdanı olan məsihi məhəbbətdən irəli gələrək, əyləncə məsələlərində baxışları onunkundan fərqlənən, lakin məsihi prinsipləri çərçivəsindən qırağa çıxmayan bacı-qardaşlarına hörmətlə yanaşacaq. Beləcə, hamı onu dərrakəli adam kimi tanıyacaq (Filippililərə 4:5; Vaiz 7:16).

23. Seçdiyin əyləncənin Allaha məqbul olduğuna necə əmin ola bilərsən?

23 Xülasə, seçdiyin əyləncənin Allaha məqbul olduğuna necə əmin ola bilərsən? Allahın Kəlamında açıq-aydın ittiham edilən pozğun, əxlaqsız işləri bütün çılpaqlığı ilə nümayiş etdirən əyləncələri rədd et. Allahın Kəlamında adı konkret çəkilməyən əyləncələrə aid Müqəddəs Kitab prinsiplərinə əməl et. Özünün və başqalarının, ələlxüsus bacı-qardaşlarının vicdanına xələl gətirən əyləncələrdən uzaq dur. Qoy bu məsələdə tutduğun qəti mövqe Allaha şərəf gətirsin və sən də, ailən də Allahın məhəbbətindən heç vaxt ayrılmayasınız.

^ abz. 19 Əyləncə ilə bağlı bir neçə prinsipi Məsəllər 3:31; 13:20; Efeslilərə 5:3, 4 və Koloslulara 3:5, 8, 20 ayələrində tapmaq olar.

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Görün necə insan olmalısınız

Şeytan Allahın rəğbətini qazanmağımızı istəmir. Yehova ilə münasibətlərimizi qorumaq üçün nə edə bilərik?

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Ürəyin niyyətlərindən özünüzü gözləyin

Bəzən ürəyimiz düzgün olmayan bir yola qədəm qoyur. Ürəyimizdə həqiqətən nələrin baş verdiyini bilməyimizə nə kömək edə bilər?